Azərbaycan anası
Əsrlər boyu doğma
xalqımızın azadlığı naminə, doğma
torpaqlarımızın qorunması, istiqlalı uğrunda
mübarizə aparan qadınlarımız az
olmayıb.
Öz mərdliyi,qeyrəti,namusuyla
dünyanın başqa qadınlarından fərqlənən
qadınlarımız zaman-zaman öz kişiləriylə, ərləriylə,qardaşlarıyla,oğullarıyla
çiyin-çiyinə vuruşub.Namusuyla bərabər ana
torpağımızı, ana dilimizi, milli-mənəvi, əxlaqi
dəyərlərimizi gözbəbəyi kimi qoruyaraq nəsildən-
nəsilə ötürüblər. Tariximizdə əfsanəyə
çevrilən, xalqımızın milli şüurunda əbədiləşən
Tomris, Nüşabə, Nigar, Həcər, Məhsəti,
Natavan və digər çox sayda olan qadınlarımız
bunun parlaq nümunəsidir. Azərbaycan qadını öz
iradəsi və mərdliyi, saflığı və sədaqəti
ilə cəmiyyətimizdə, həyatımızda,
xalqımızın milli-mənəvi dəyərlərinin
qorunub saxlanılmasında, inkişafında və
formalaşmasında əvəzsiz rol oynamışlar.
Təsadüfi deyil ki,
bir çox yazıçılarımız, şairlərimiz
öz əsərlərində Azərbaycanı qəhrəman
qadınlar vətəni adlandırıblar. Ədəbiyyatımızın
elə bir janrı yoxdur ki,orada yüksək mənəvi sifətlərlə
səciyyələnən gözəl qadın
obrazlarının bədii təsviri verilməsin. Hələ
lap qədim rəvayətlərimizdə və
dastanlarımızda, eləcə də müasir əsərlərimizdə
qadın obrazlarına xüsusi yer ayrılıb.
VII-XI əsrlərə aid olan ən
dəyərli ədəbi abidələrimizdən biri “Kitabi Dədə
Qorqud” dastanında da, oğuz qadınlarının hərtərəfli
həyatı, məişəti, adət-ənənələri,
əxlaqı, saf məhəbbəti, həyat tərzi əks
olunub. Həmçinin kişinin hər işdə yaxın
köməkçisi və dostu olan qadının xüsusi
yeri göstərilib, onun sevgisi və sədaqəti tərənnüm
edilib. Qadına məhəbbət, qadına sədaqət,
qadına müqəddəs varlıq baxışı, milli həyat
tərzimizdə, yaşayışımızda böyük əhəmiyyət
kəsb edir. Gözəlliyi, iradəsi, müdrikliyi, qətiyyəti,
hazırcavablığı ilə fərqlənən
qadınlarımız əbədi simvola çevriliblər. Müxtəlif
dövrlərdə Azərbaycan
yazıçılarının və şairlərinin
yaradıcılığında qadın obrazlarının
müxtəlif prizmalardan verilməsi müşahidə olunur. Əksər
hallarda qadınılarımız kişinin bütün hiss və
həyəcanlarını,dərdi-qəmini
bölüşdürən köməkçi,sədaqətli
rəfiqə, sevgili, müqəddəs varlıq kimi təqdim
olunur. Əzizə xanım Cəfərzadənin doğum
günü 1921-ci il dekabr ayının 29-u, Fatimeyi Zəhranın
ölüm gününə təsadüf edir. Mən
eşitmişəm ki, Şirvan tərəflərdə
qadınları “əziz” – deyə,
çağırırmışlar. Hər-halda Əzizə
sözünün kökündə əziz sözü durur. Nə
bilmək olar, bəlkə də elə bu adı
daşıdığından Əzizə xanım Cəfərzadə
xalqımızın əzizinə, sevimlisinə çevrildi. Körpəliyindən
bayatılarımızı sevdi, laylalarımıza vuruldu,
xalqımızın əzizi oldu, neçə-neçə
insanların, ümidsizlərin ümid yerinə, pənah yerinə
çevrildi. Kimsədən çəkinmədi, qorxmadı.
Adını, soyadını kökünə bağladı,
başqa cürə səslənməyinə
razılaşmadı. Müsibətlərlə üzləşdi,
dözülməz hadisələrlə, gözləmədiyi
çətinliklərlə qarşılaşdı. Amma
sözündən, yolundan, əqidəsindən, inamından,
millətə məhəbbətindən dönmədi.
Qəlbində mənsub olduğu
xalqımıza böyük sevgi, hüdudsuz məhəbbət
yaşadaraq Azərbaycan xalqının sevimlisinə,əbədi
simvoluna çevrildi. Ə.Cəfərzadənin
yaradıcılığı başqa yazıçı
qadınlarımızın yaradıcılığından
tamamilə fərqlənir. Yazıçının hələ
ilk qələm təcrübələri öz
orijinallığı ilə, təmiz, saf diliylə, zəngin
məzmunuyla diqqəti cəlb edib. Əsərlərinin əksəriyyətində
real həyatın təsvirinə üstünlük verən Ə.Cəfərzadənin
yaradıcılığında dil faktı olduqca güclüdür.
Dilin sadəliyi, axıcılığı, rəvanlığı
onu nəsrimizin gözəl yazıçısı
adlandırmağımıza əsas verir. Ə.Cəfərzadənin
əsərlərində xalq ruhu, milli kolorit, şifahi xalq ədəbiyyatına
vurğunluq, möhkəm şəkildə bağlılıq
var. Və elə buna görə də ədəbi janrlarımızın
elə bir növü yoxdur, yazıçı o janrda öz qələmini
sınamasın. Ədəbi fəaliyyətə 16
yaşında ikən başlayıb, “Əzrail” adlı ilk
hekayəsi 1937-ci ildə “Ədəbiyyat” qəzetində
çap olunub. İlk kitabı 1948-ci ildə dərc edilib,
amma Moskvanın göstərişi ilə qadağan olunub, mətbəədən
birbaşa yandırılmağa aparılıb. Əzizə
xanımın nəsr əsərlərində tarixi romanlar
mühüm yer tutur.
O, müasir Azərbaycan
nəsr tarixində bu janrı yenidən həyata gətirib. Əzizə
xanım folklorumuzun vurğunu, onun bilicisi idi, əsərlərində
Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə
bağlı yazıları, televiziya-radioda
çıxışları onu xalqın sevimlisi etmişdi. Onun
yaradıcılığı getdikcə xalqımızın
yaddaşindan az qala silinəcək dini, xalq
bayramlarımızın, ümumiyyətlə,
xalqımızın əsrlər boyu qoruyub nəsildən-nəsilə
ötürdüyü adət-ənənələrimizin yenidən
məişətimizə, bu günümüzə
qaytarılmasında böyük rol oynayıb. Adətən
insanların çoxunda sevgi, şəfqət hissi sonradan
yaranır, amma Ə.Cəfərzadənin məhəbbəti
anadangəlmə idi. Mənə elə gəlir ki, onun bu
sevgisi, xalqına, millətinə olan sevgisi, şəfqət
hissi ruh aləminə də hopub başımızın
üstündə dayanmaqdadır. Əzizə xanım
qeyri-adı xüsusiyyətlərə malik bir insan idi. Həm
danışığında, həm davranışında,
insanlara münasibətində başqalarından fərqlənirdi
Əzizə xanım. Mənə elə gəlir ki,Ə.Cəfərzadənin
vətənə,doğma yurdumuza məhəbbəti, şəfqəti,
fədakarlığı heç kəsin məhəbbəti,
fədakarlığı ilə müqayisə edilə bilməz.
O, şəxsən mənim üçün, elə bizim
hamımız üçün çox müqəddəs bir
insan,qayğıkeş bir ana idi.Ana öz balasının
başının üstündə dayanıb səhərə
qədər övladına keşik cəkdiyi kimi, o da bizə,millətimizə
keşik çəkən, rahatlığını,
ömrünü-gününü bizlərə sərf edən
bir ana idi. Bütün bu qayğılarına, nəcib əməllərinə,
vətənpərvərliyinə görə biz də bir vətən
xatirəsini övladı kimi onun xatirəsini əziz
tutmalıyıq. Onun qələmə aldığı tarixi
romanlar əsl fədakarlıq nümunəsidir. “Natavan
haqqında hekayələr” “Aləmdə səsim var mənim”,”Vətənə
qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”,
“Sabir”, “Eldən elə”,Bir səsin faciəsi”, “Gülüstan”dan
öncə”, “Zərrintac-Tahirə”, “İşığa
doğru”, “Bəla”, “Xəzərin göz yaşları”,
“Eşq Sultanı”, “Sahibsiz ev”, “Əllərini mənə
ver”, “Sənsən ümidim” “Xəyalım mənim” kimi əsərləri
ədəbi-milli tariximizin zəngin nümunələridir. Tale,
qismət elə gətirib ki, Parisdə işlədiyim illərdə
adlı-sanlı,məşhur qadınlarla
görüşüb,yaxından tanış olmuşam. Ümmülbanu
xanım Əsədullayeva, Leonida Qeorgiyevna Baqrationi (rus
çarının vəliəhdi Vladimir Romanovun həyat
yoldaşı), Paris Akademiyasının həqiqi üzvü
Elen Karrer-d” Ankoss, tanınmış türkşünas alim
İren Məlikoff və sairə. Azərbaycanda isə Mədinə
Gülgün, Zemfira Verdiyeva kimi tanınmış
qadınlarımızla yaxın münasibətlərim olub. Yaxından
tanıdığım və tanımadığım – Nigar Rəfibəyli,
Mirvarid Dilbazi, Hökumə Billuri, Xanımana Əlibəyli
kimi Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər
qoyan Azərbaycanın qadın şair və
yazıçıları arasında Əzizə Cəfərzadənin
xüsusi yer var. Onu yaxından tanıdığıma görə
ulu Tanrıya şükürlər edirəm. Əzizə Cəfərzadə,
eyni zamanda, bir tədqiqatçı alim kimi də Azərbaycan
elmi qarşısında təqdirəlayiq xidmətlər
göstərib. 1920-ci ildə yaradılan və uzun illər
boyu – 1991-ci ilə kimi fəaliyyət göstərən Azərbaycan
Qadınları Cəmiyyətinə rəhbərlik edən
qadınlarımızdan biri də məhz Əzizə Cəfərzadə
olub. Əzizə Cəfərzadə Azərbaycan təhsilində
də böyük xidmətlər göstərib. O, dönə-dönə
müxtəlif fəxri fərmanlar, orden və medallarla təltif
edilib, müxtəlif mükafatlara layiq görülüb. Əzizə
xanımın ən böyük mükafatı isə
xalqın ona qarşı böyük məhəbbəti idi. Bu
sevginin müqabilində o 2001-ci ildə “Azərbaycan anası”
kimi yüksək ada layiq görülüb. O insanların
problemlərinin həllinə yaxından kömək edərdi.
Hələ 20 il bundan əvvəl mənə Fransaya göndərdiyi
giley-güzarlı bir məktubunda, – Bakıda unudulmuş bir
qadın olduğunu yazırdı. O qadın Həsən bəy
Zərdabinin nəvəsi Fatmaxanim Məlikova idi. Arxivdən Həsən
bəy Zərdabiylə bağlı materialları tapıb ona
göndərməyimi xahiş edirdi. Mən də öz
növbəmdə onun ümidlərini doğrultmağa
çalışırdım. Tanıdığı insanlara,
ümumiyyətlə hamıya-balam,
övladım,oğlum,qızım deyərdi. İnsanlara belə
mehribanlıqla müraciət edən insanı ana
çağırmağa hamımızın mənəvi
haqqı var. Keçmişinə nəzər salaraq Əzizə
xanım Cəfərzadə qürurla. “Mən
yaşamışam”, deyirdi. Bəli,o, enişindən
yoxuşu, şirinindən acısı sevincindən dərdi-qəmi
qat-qat artıq olan bir ömür yaşadı,amma mənalı,
məzmunlu bir ömür, millətinə layiq bir ömür.
Ramiz ABUTALIBOV
525-ci qəzet.- 2010.- 1 dkabr.- S.7.