“Mehralı bəy” dastanı ədəbi ictimaiyyətə təqdim edilib

 

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair və publisist Elbəyi Cəlaloğlunun “Mehralı bəy” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin katibi Arif Əmrahoğlu açaraq kitabın əhəmiyyətindən danışıb. Yazıçı Elçin Hüseynbəyli öz çıxışında bildirib ki, bir ömrün şəcərəsini poema şəklində yazıb, ərsəyə gətirmək çətin işdir. Onun fikrincə, “Mehralı bəy” dastan-poeması müəllifin yaradıcılığında bir dönüş nöqtəsi olacaq. Şair İlyas Tapdıq Elbəyi Cəlaloğlunun xalq ruhunda şeirlər yazdığını önəmli məqam kimi qeyd edib: “Mənə elə gəlir ki, aşıqlar bu dastanı yaxşı öyrənsələr, onu aşıq havasında da oxuya bilərlər. Bu poema doğrudan da təqdir olunmalı əsərdir. Çünki burda el ruhu, Borçalı nəfəsi var. Mən bu əsəri Elbəyi Cəlaloğlunun növbəti uğuru hesab edirəm”. Tənqidçi Vaqif Yusifli əsərdə dilin sadəliyinin açıq nəzərə çarpdığını, poema-dastanın xalq dastanlarımızın ruhunu saxlamaqla, onun strukturunu orijinal şəkildə bərpa etdiyini dilə gətirib. Kitaba ön söz yazan Rüstəm Kamal bildirib ki, E.Cəlaloğlunun təhtəlşüurunda Koroğlu arxetipi, Koroğlu mifi mövcuddur: “Elbəyi Cəlaloğlunun “Mehralı bəy” dastan-poeması göstərir ki, Azərbaycanda, Borçalıda etnik-tarixi poetik paradiqmanın formalaşması davam edir. Dəyərlərimizin aşındığı bir zamanda milləti millət edən dəyərlərdən yazan istənilən şairi mən hər zaman alqışlayıram”. Təqdimat mərasimində iştirak edən Abbas Abdulla, Məmməd Dəmirçioğlu, Elxan Zal, Oqtay Rza, Dayandur Sevgin, Fərqanə Mehdiyeva və başqa qələm adamları da kitab haqqında öz fikirlərini ifadə edib, əsərin gələcək nəsillərə çox gərəkli bir töhfə olduğunu bildiriblər.

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 2 dekabr.- S.7.