Tanınmış pianoçu Gülşən Mirzəbəyovanın yubileyi qeyd olunub

 

Azərbaycan Yaradıcılıq Fondunda mahir pianoçu Gülşən Mirzəbəyovanın 70 illik yubileyilə bağlı mərasim keçirilib. Tədbiri Yaradıcılıq Fondunun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq Gülşən Mirzəbəyovanın yaradıcılığından bəhs edib. Onun “Ər və arvad” operettasının musiqi notlarının yenidən bərpa edilməsində göstərdiyi xidmətlərindən danışıb, Fondun idarə heyətinin təbrik məktubunu səsləndirib. Xalq artisti Flora Kərimova öz çıxışında bildirib ki, onun yenidən səhnəyə qayıtmasına Gülşən Mirzəbəyovanın da çox böyük təsiri olub: “Hər bir insan istedadlı sənətkar ola bilər. Ancaq həm yaxşı insan, həm də istedadlı sənətkar olmaq hər adama qismət olmur. Gülşən Mirzəbəyova çox istedadlı musiqiçi olmaqla yanaşı, eyni zamanda da səxavətli dost, mehriban insan, gözəl anadır”. Tədbirdə çıxış edən əməkdar artist Rəsmiyyə Sadıqova Gülşən Mirzəbəyova yaradıcılığında, onun musiqilərində hər zaman bir fərqlilik duyulduğunu qeyd edib. Daha sonra Əbilov adına Mədəniyyət evinin direktoru Mirəhməd Əsgərov öz nitqində G.Mirzəbəyovanın çox istedadlı bir pianoçunun davamçısı olduğunu önə çəkib: “Gülşən Mirzəbəyova ilk dəfə Azərbaycan muğamlarını, xalq mahnılarını pianoya gətirən Rüxsarə xanımın qızıdır. Düşünürəm ki, onu, Rüxsarə xanımdan sonra Azərbaycanda ikinci gözəl istedada malik pianoçu xanım hesab etmək olar”. “Sönməyən Ulduzlar” teatrının aktyoru, əməkdar artist Firuz Xudaverdiyev bu fikri vurğulayıb: “Gülşən Mirzəbəyova elə bir musiqiçidir ki, onun barmaqları səsi olmayan insanı da oxumağa vadar edir”. Yubiley mərasimində iştirak edən əməkdar incəsənət xadimi Azər Dadaşov, “Sönməyən Ulduzlar” teatrının aktyoru Zakir Məmmədov, əməkdar artist Raziyə Şükürova, xanəndə Səmayə Hüseynova, Opera və Balet Teatrının solisti Elşad Məmmədov da yubilyarı 70 yaşı münasibətilə təbrik edib, onun haqqında düşüncələrini bölüşüblər.

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 2 dekabr.- S.7.