Sözü təzələyən istedad

Kamal Abdulla- 60

 

Elə bil dünən idi: filologiya fakültəsinin koridorlarında, kommunist küçəsinin səkilərində qayğısız-qayğısız gəzib söhbətləşər, mübahisələr edər, oxuduğumuz kitablardan danışardıq, fakültənin gözəllərini müzakirə edərdik. Onlar Kamalın yaraşıqlı qamətinə, təmiz təbəssümünə göz qoymadan ötməzdilər. Həyat ümidlər və təzəliklərlə dolu idi. Gəncliyin gözəlliyi bəlkə də onun həyatı bu gün kimi təsəvvür etməyindədir. Demə həyat uzun imiş, onun tənha, boğucu günləri də, 60 yaşı da var imiş. Hə, Kamal, adamın da altmış yaşı olar? Bundan da amansız həqiqət olar?

Görünür olarmış... Bir qədər əvvəl tələbə dostlarımız – polkovnik Eldar Eyvazovun da, professor İkram Qasımovun da, mənim də bu yaşım tamam oldu. Geriyə baxanda adama elə gəlir ki, bu illər yuxu kimi uçub gedib. Amma xoşbəxtlikdən biz söz sənətini seçmişdik və həyatın kədərli həqiqətləri qarşısında bizim bir silahımız, qalxanımız var: bu bizin qələmimizdir. Bir dayağımız da var: ana dilimizin söz xəzinəsi.

60 yaşı bayram saymaq çətindir, bu hesabata bənzədilə bilər. Amma bu yaşa çatan dostum, gözəl yazıçı və alim, şair Kamal Abdullanın təskinlik üçün hər şeyi vardır. O, öz orijinal istedadını, bənzərsiz şəxsiyyətinin ən yaxşı keyfiyyətlərini yaradıcı zəhmətə çevirməyi bacarıb. Bu zəhmətin nəticələri bu gün müasir ədəbi elmi fikrimizin də nailiyyətləridir. Kamal Abdullanın qırxa yaxın bədii və elmi kitabı çıxıb, bu kitablar Fransada, Braziliyada, Polşada, Rusiyada, Türkiyədə və başqa ölkələrdə də çıxıb, ədəbiyyatımızın başını uca edib, elmimizin şöhrətini artırıb. O, ölkəmizin ən qabaqcıl universitetlərindən birinin rəhbəridir, akademiyamızın müxbir üzvüdür, başqa çoxlu titulları var.

Amma ən başlıcası odur ki, Kamal Abdulla öz şəxsiyyətinin ən qiymətli keyfiyyətlərini də saxlayıb: gənclik səmimiyyətini, tələbəlik xəyallarımıza və dəyərlərimizə sədaqətini, hətta sinif yoldaşlarına qarşı uşaqlıq məhəbbətini də qoruya bilib. Onu harada görsən, yanında orta məktəb dostlarından biri olacaq, tələbə dostlarından biri görünəcək. Bu pis zəmanədə Kamal Abdulla mənim tanıdığım ən təmənnasız, maddiyyata laqeyd, öz xeyirxahlığında mənəvi güc tapan insanlardan biridir. Sayıram ki, Kamal Abdulla bugünkü təhsil sistemində böyük bir mənəvi və əxlaqi mövqeyi olan ziyalımızdır. Bu mövqe bizim oxuduğumuz Bakı Dövlət Universitetinin, onun filologiya fakültəsindəki müəllimlərimizin insani və pedaqoji prinsiplərinin davamıdır.

Buz tələbə olanda da hər şeydən razı deyildik. Amma o vaxt da bilmirdik ki, bizə dərs deyən Mir Cəlal, Məmməd Cəfər, Bəxtiyar Vahabzadə, Əkbər Ağayev, Xədicə Ağalarova, Səlim Cəfərov, Musa Adilov, Muxtar Hüseynzadə, Yusif Seyidov, Ağamusa Axundov, Yusif Şirvan, Samət Əlizadə və başqaları ilə ünsiyyətdə olmaq bir qismət idi. Onlar başqa bir dünyadan idilər: o dünyada mədəniyyətə və əxlaqa xidmət hər şeydən uca idi. Kamal Abdulla bu prinsipləri davam etdirir, həm də sözdə yox, əməldə, bir müəllim kimi, hətta deyərdim ki, bir xalq müəllimi kimi hər gün davam etdirir. O tələbələri ilə ünsiyyətdə olanda xoşbəxt olur, qanad açır, üzü işıqlanır və mən şəxsən bunu müşahidə etmişəm.

Kamal Abdullanın şəxsiyyətini onun çoxtərəfli istedadı tamamlayır. Onun istedadı tələbəlik illərində görünür və seçilirdi. O, istəsəydi şair də, rejissor da, jurnalist də, filosof da, Avropa ədəbiyyatı mütəxəssisi də, psixoloq da ola bilərdi. Amma Kamal Abdulla bizim tanıdığımız Kamal oldu. Çünki o, həmişə ürəyinin səsi ilə, istedadının yönümü ilə yaşayıb. Tələbə vaxtlarında gözəl şeirlər yazırdı, amma buna özünə xas yumorla yanaşırdı. Ona görə professional şairlik yolunu seçmədi. Amma qələmini də atmadı və bu qələm bu gün də, gələcəkdə də Kamal Abdullaya həyat gücü verən, mənasızlıqla mübarizə edən əsas silahıdır. Füzuli demiş:

“Ver söz əhya ki, tutduqca səni xabi əcəl...”

Kamal hələ tələbə vaxtlarında həyatın darıxdırıcı ovqatlarını sözlə işə çevirə bilirdi. Onda fenomenal bir qabiliyyət vardı: darıxanda kitab götürüb oxuya bilirdi. Ona görə hələ tələbəlik illərindən mütaliəsinə görə hamımızdan zəhmətkeş idi. Professor Musa Adilov onu Dədə Qorqud dünyasına, bizin ana dilli sözümüzün bu möcüzə ələminə yönəltmişdi. O zamanlar Dədə Qorqud indiki qədər geniş tədris olunmurdu. Kamal tələbəlik illərindən “Dədə Qorqud” dastanlarını araşdırmağa və sevməyə başladı. Nəticədə onun elmi fəaliyyətinin ən fundamental əsərləri meydana çıxdı: bir dilçi kimi “Dədə Qorqud” sintaksisinin möcüzələrini axtardı və bu axtarışlar onun namizədlik və doktorluq dissertasiyalarının həm fakt, həm nəzəri bazasını təşkil etdi. Otuz beş yaşında Kamal Abdulla filologiya elmləri doktoru oldu. Bizim müəllimlərimiz bu yaşdan sonra namizədlik müdafiə etmişdilər.

80-ci illərin sonlarından Kamal Abdulla ədəbi yaradıcılıqla daha müntəzəm məşğul olmağa başladı. Görünür elmi planlarının əsas hissəsini gerçəklətmişdi. O biri tərəfdən isə onun naturasındakı, düşüncə tərzindəki bədii özül özünü hiss etdirirdi. Heç kim öz qabığından çıxa bilmir. Kamal bir-birindən gözəl pyeslər yazmağa başladı. Azərbaycan dilinin sintaksisinin gözəl bilicisi bizin dram dilində islahatlar aparmağa, səhnə sözünü, səhnə replikasını şeir deklamasiyasından, sentimental və romantik kitab ştamplarından təmizləməyə başladı. Ədəbi tənqid, xüsusilə bizdə çox köməksiz vəziyyətdə olan teatr tənqidi bunu nə gördü, nə də qiymət verə bildi. Dramaturgiyanın yüksəlişi isə ancaq teatrda mümkündür. Kamal Abdullanın dramaturgiyası öz teatrını tapmadı. Amma bu dramaturgiyadakı yeni keyfiyyətli kolliziyalar, psixologizm, fikir təzəliyi mütləq öz teatrını tapacaqdır.

Sonra onun hekayələri, şeirləri, tənqidi yazıları göründü və nəhayət ədəbiyyatımızda çevriliş yaradan və müəllifini yenidən şöhrətləndirən “Yarımçıq əlyazma” romanı çıxdı və ölkəmizin sərhədlərindən çox-çox uzaqlara yayıldı. Kamal konseptual-fəlsəfi romanın ən müasir tipini yaratdı. Burada magik realizm elementləri də var idi və bunlar da bizim öz bədii düşüncəmizin bazasına bağlı idi. Bu baza isə Kamalın sevimli kitabı olan “Dədə Qorqud” mifologiyasına bağlı idi. Bu əsərlə Kamal Abdulla bizim romançılıq sərhədlərini dağıtdı, onun bəsit çərçivələrini bir kənara atdı, bizim nəsrin dünya ədəbi prosesinə qovuşmasına nail oldu. Bu ədəbiyyatımızın qələbəsi idi və bu qələbənin əks-sədası Nobel Mükafatı komissiyasına qədər gedib çıxdı. Artıq bu gün bu parlaq roman haqqında yazılan yazılar onun həcmindən on qat artıqdır.

Bu da səbəbsiz deyildir. Kamal Abdulla məhz bu əsərində sözlə, əsrarəngiz mif sferası ilə əbədi ünsiyyətin nurunu, feyzini tapıb və bizim ədəbi düşüncənin malı edib. Bircə bu roman Kamal Abdulla qələminin klassiklərimizlə bir sırada xatırlanması üçün kifayət edəcəkdir. O, təkcə bir roman arxitektoru kimi yox, həm də bir dəqiq söz, aydın üslub, elastik sintaksis reformatoru kimi də nəsrimiz tarixində şərəfli yer tutacaqdır. Bu əsərlə Kamal Abdulla dargöz, öz ailə intriqaları ilə ədəbi mühiti zəhərləyən ədəbiyyat məmurlarına da öldürücü zərbə vurdu, onların sonunu xəbər verdi, ədəbi mühitə xilasedici bir təmizlik işığı payladı.

Sonra onun “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” kimi romanları yaranmağa başladı. Bu əsərlərdə həyatın çətin və əbədi suallarını çözələyən bir yazıçının mənəvi axtarışları parlaq əksini tapir. Kamal Abdullaya xas mürəkkəb roman obrazlığı ənənəsi davam edir. Bəli, həqiqi ədəbiyyat belədir, o çoxmənalıdır, onun mənaları eyhamları, həqiqətləri okean səthində bərq vuran günəş şüaları kimi oynayır və insan yaddaşını və zövqünü qidalandırır. Bu həqiqi yazıcı istedadının əlamətidir.

Kamal Abdullanın son kitablarından biri “Dilçiliyə səyahət” adlanır. Mən bu kitabı nəzərdən keçirəndə Kamalın nəzəri düşüncəsinin itiliyinə, mücərrəd çalarlarına heyran qaldım. Dil fəlsəfəsinin ən mürəkkəb məsələləri burada yunan klassiklərinin yığcam və aydın üslubu ilə şərh edilirdi. Burada mən Kamalı həm də bir dil nəzəriyyəçisi kimi, bizim milli dilçilik məktəbinin yeni bir qolunun yaradıcısı kimi tanıdım və sevdim.

Kamal Abdullanın günlərinin bir hissəsi də onun tələbələrinə həsr olunur. O gənclərlə ünsiyyətdən yorulmur, bunu gələcəyi qabaqlamağın bir üsulu sayır. Onun Niyazi Mehdi, Rəhman Bədəlov, Zeynal Məmmədov kimi də nisbətən təcrübəli tələbələri vardır. Kamal Abdulla onlara daim yeni elmi ədəbiyyat verir, elmi məqalələrinin və kitablarının planlarını redaktə edir, elmi etikadan bilgi verir, onların zamanla ayaqlaşmasına çalışır.

Həqiqi istedadların əsas mübarizəsi və dialoqu zamanladır. Kamal Abdulla bu dialoqun ən ön cəbhəsindədir, yorulmaz qələmi ilə əbədi gələcəyə yol açır və saysız-hecabsız oxucularını və tələbələrini də ora dəvət edir. Ədəbi mühitimiz və fikrimiz buna görə ona minnətdardır, ona daha böyük sağlamlıq və yaradıcılıq qüvvələri arzulayır.

 

Rəhim ƏLİYEV

525-ci qəzet.- 2010.- 2 dekabr.- S.7.