Niyazinin ev-muzeyində bəstəkar Azər Rzayevlə görüş keçirilib

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun növbəti tədbiri gerçəkləşib. Niyazinin mənzil muzeyində reallaşan görüş görkəmli bəstəkar, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Rzayevin 80 illik yubileyi münasibətilə təşkil edilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkar Azər Rzayevin yaradıcılığı haqqında ətraflı məlumat verib. A. Bayaramova bəstəkarın Azərbaycan musiqisinin inkişafı üçün gördüyü işlər yüksək qiymətləndirib: “Azər Rzayevin məzmunlu, mənalı dolğun əsərlərindən biri olanAtaya ithafAzərbaycanda 60-70-ci illərdə yazılan yaddaqalan əsərlərdən biridir. Burada o, əziz, təmiz bir adam simasını, kədəri ifadə edən ağır itginin ürək ağrısını musiqi dili ilə ifadə etməyə çalışıb”. Daha sonra musiqişünas, sənətşünaslıq namizədi Sədaqət Səfərova da həmçinin bəstəkarın əvəzsiz xidmətlərindən danışaraq konsert janrı bəstəkarlıq fəaliyyətinin ilk günlərindən başlayaraq A. Rzayevin əsərləri arasında nəzərləri cəlb edərək, mühüm əhəmiyyət kəsb edib: “Bəstəkar bir neçə 10 illər konsert janrına dəfələrlə müraciət edərək, təkcə skripka üçün deyil, eyni zamanda başqa musiqi alətləri üçün konsertlər bəstələyib. Onun musiqi sahəsində xidmətləri əvəzsizdir”. Görüşdə bəstəkarın həyat yaradıcılığını əks etdirən slayd şou nümayiş olunub. Bundan başqa bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 3 dekabr.- S.7.