Elegiya
(qrup yoldaşım Nurlananın ölümünə)
Bu səhər fakültəmizin qulağına külək kimi bir xəbər əsdi: Nurlana canını yer üzündən çəkib apardı. Çəkib apardı deyəndə ki, yəni yerini dəyişdi, yeniləşdi. Ölümü nəzərdə tuturam. Ölüm mənim üçün bir yeniləşmə, insanın bir haldan başqa bir hala keçməsidir.
Xəbər alnıma daş kimi dəydi. Bəzən, göz yaşları insan kədərini, qəmini olduğu kimi ifadə edə bilmir. Ona görə də ağlamağın xüsusi bir istedad olduğunu düşünüb və Allahdan məni istedadsızlığıma bağışlamasını diləyərək, durumumu göz yaşları ilə yox, bu cür ifadə etməyimi daha məqbul sayıram: Elə bil ürəyimi qulağımın içindən çəkib çıxardılar. Əllərimi havada qoşa gül kimi cütləyib, bir xeyli üzümdə saxladım. Elə əllərim üzümdə də səkinin qırağında oturdum. Bir anın içində bütün dilçilik duyumumu işə salıb, gördüm ki, Nurlana, sən artıq felin keçmiş zamanındasan, əllərin, saçların, üzün gözlərimin qarşısında mücərrəd isim kimi görünməz olub.
Gördüm ki, dostlardan biri deyir, onu dünən görəndə sanki, harasa hazırlaşırdı, elə bil yol üstündəydi, nə bilim qatar gözləyirdi. Ardınca o biri əlavə edir ki, mənim də gözümə son vaxtlar qəribə görünürdü, elə bil öləcəyini qabaqcadan hiss eləyirdi. Ortada söz arası dostlardan başqa biri dedi, ölümdən yaman çox danışırdı son zamanlar, elə bil ölümün kodlarını bilə-bilə dartıb özünə yaxınlaşdırırdı. Sonra əlavə etdi ki, dünən kövrəlmişdi, qarşısına ağ vərəq qoyub nəsə cızmaqara eləyirdi. Lap axırda başqa birisi isə söhbətə yekun vurub qeyd elədi ki, mən onu sonuncu dəfə görəndə dedi, bu gecə yuxu görmüşəm, Allah məni çağırırdı. Nə bilim, bəlkə də, belə deyildi, bunların heç biri olmamışdı, ancaq adətən insan itkisi yaxın dostlar tərəfindən bu cür xatırlanır. Əsası isə odur ki, sıramızdan bir işıq apardılar. Özü də gur, enerjili bir işıq!
Bəs mən Nurlananı
necə xatırlayım? Onu son dəfə harda gördüm? Necə
gördüm? Nə danışdım
onunla? Bu yerdə yaddaşımı vərəqləyib
görürəm ki, Nurlana ilə axırıncı
dəfə ölümündən beş
gün öncə, yəni doğum günüdə
qarşılaşmışam. Mən onu
təbrik elədim. Həmişəki kimi
sevincli və şən idi. Dedim ki, doğum gününü
ürəkdən qutlayıram. Hələ bir
xeyli güldürdüm də onu. Yarızarafat
əlavə elədim ki, sənə Atlantik okeanının
üzərində təyyarə ilə 16 saatlıq
səyahət, Havay adalarında bir həftəlik istirahət,
İsmət İnönü stadiyonunda
Qalatasaray-Fənərbaxçə oyununa ön cərgədən
bir bilet və Avropaya roman yazmağı öyrədən
türk yazıçısı Orxan Pamukla bir süfrə
arxasında çay içməyi arzulayıram. Əslində, bunlarım hamısı mənim
arzularım idi, ona deyirdim. Vəssalam.
İndi bu sözləri mən öz
aləmimdə Nurlana ilə vida mərasimi kimi xatırlayıram.
Kitabxanaçı qadının semestrin axırında
deyəcəyi söz qulaqlarımda indidən
cingildəməyə başlayıb:
– Sizdə bir qız oxuyur, Nurlana adında, ona de ki,
götürdüyü kitabları qaytarsın.
Bax, o səsin içində sənin yoxluğun var,
Nurlana!
Biz tələbələr və
müəllimlər xəbəri eşidən kimi
əvvəlcə Nurlananın keçmiş ünvanına –
evlərinə yolda düşdük. Yolda fikirləşdim
ki, bəlkə yalandı. Bəlkə
zarafatdı. Olur da arada. Bəlkə
elə burdaca Nurlana çıxacaq qarşımıza və
deyəcək ki, mən ölməmişəm,
yaşayıram!!! Ancaq saçlarını
küləyə verən ananın fəryadını
eşidəndə qəhər qoz kimi yumrulanıb
boğazımda tıxandı. Sonra
Nurlananın yeni ünvanına öyrənib, birbaşa
yollandıq oraya. Qəbri elə bil balaca
bir qayıq kimi aramıza sərilmişdi. Təsəvvür edin, sanki dəniz quruyub, qayıq
adamların arasında qalıb. Nurlanın
qəbri də özünə oxşayurdu. Özü kimi gur, işıqlı idi və bu
işıqlı torpaq yorğanın altında yumruq boyda,
balaca bir ürək susurdu. Məzar
başında ürək ölümünə ən çox
yanan isə hələ ağlamaq bacarığı olmayan,
ağlamağın çəmini, yolunu bilməyən
başqa tələbə ürəklər – qrup
yoldaşlarımız idi.
Külək göz yaşlarını yanaqlarda balaca top
kimi o yana, bu yana
dığırlayırdı, sonra bulaq suyu kimi yanaqdan
süzülüb torpağa tökülürdü. Bu göz yaşından qəbir elə bil dinmək,
danışmaq istəyirdi. Ayağa durub
yerimək üçün canında hərəkət
axtarırdı sanki.
Nurlananın ölümü
ilə təkcə cərgəmizdən bir insan azalmadı. Bir stəkan
sındı, bir boşqab çilikləndi və ən
əsası bir gəlinlik paltarı da öldü. Bu dünyada bir yer də boş qaldı.
O günü dərsə gedirəm, gördüm ki,
partalar ayağa qalxıb, qapılar üzə durub. Sinif jurnalı ağaca dönüb, qatı
açılmır. İndi o jurnalda
sahibsiz bir ad yaşayır. Məncə,
dünyada bundan kədərli heç nə yoxdur.
Jurnal dedim, yadımda düşdü. Nurlana qrup nümayəndəsi idi. Jurnalda onun xətti ilə yazılmış ie-lərə nəzər saldım, adının qarşısına yazılmış qiymətlərə baxdım. Hamısı sanki, başdaşına dönmüşdü. Həmişə dərsdə iştirak etməyən tələbələrə qayıbları da Nurlana yazardı. Bu gün isə o özü bizim aramızda, bu dünyada iştirak etmir. Həyatda iştirak etmədiyinə görə, görəsən ona qayıbları kim yazır bəs? Allahmı?
Kəramət Böyükçöl
525-ci qəzet.- 2010.- 4 dekabr.- S.30.