SƏS

(Esse-kollaj) 

Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

 

Bu yazı Alim Qasımov haqqında olduğu qədər, onun haqqında deyil. Bir avtoportret, özşəkildir. Sadəcə üzümü dosta tutub yazdım.

Oxucu dost!

Esse-roman termini haqqında bir-iki kəlmə söz demək istəyirəm. Esse ədəbi-fəlsəfi janrdır. Dünya ədəbiyyatında M.Monten, D.Didro, Volter, Sent-Böv, İ.Herder, H.Heyne, A.Morua, P.Valeri, B.Şou, A.Puşkin, F.Dostoyevski, A.Beley, F.Nitşe,M.Unamuno, B.Şklovski, İ.Andronnikov, K.Pausbovski, A.Bitov esse janrında əsərlər yazmışlar. Hətta müəlliflərin bəzən janrın adını göstərmədən də esse yaratmaları təbiidir.

Subyektiv kompozisiya və yorumla, hermenevtik sərbəstliklə esse yaradıcılığı insan mərkəzli dünyabaxış, fərdi innovasiya, interpretasiya baxımından diqqəti cəlb edir.

Kollaj kəlməsi kəsib yapışdırmaq, kəsikləri birləşdirib bütövləşdirməkdir. Əslində sənətin bütün sahələri bütöv içində kəsiklər, kəsiklər içində bütövdür. Bu mənada esse və kollaj kəlmələri bir-birinə üzvi şəkildə tamamlayır.

Azərbaycan ədəbiyyatında dibaçə və risalələrdə essevarilik özünü qabarıq göstərir. Bu baxımdan Füzulinin türkcə divanının dibaçəsi örnək sayıla bilər.

Çağdaş ədəbiyyatımızda B.Çobanzadənin Füzuli, R.Rzanın Kərkük bayatıları, Anarın Mirzə Cəlil, Q.Qəhrəmanovun Aşıq Ələsgər bu sətirlərin müəllifinin Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Ənvər Paşa, A.Məmmədov, H.Matevosyan, R.Fişer, V.Məmmədov, N.Səfərov... haqqında yazıları da esse janrının prinsipləri ilə qələmə alınmışdır.

 Roman nəsrin epopeyadan sonra ən böyük janrdır. Yalnız zaman əhatəsi, xarakter çoxluğu, problemlərin mürəkkəbliyi deyil, hisslərin və düşüncələrin zənginliyi, dərinliyi romanı bir janr kimi xarakterizə edir. Bu mənada hətta tək bir essedə də roman doluluğu, dolğunluğu ola bilər.

Bədii və ya fəlsəfi əsərin oxucuda ikinci həyat tapması və yaşaması əsl romanın özüdür. İstər esse-roman olsun, istər esse-povest və ya sadəcə esse... heç fərq etməz. Bizim məqsədimiz janrın adı və ya poetik mündəricəsini müəyyənləşdirmək deyil, yaradıcı insanın paradoksal təfəkkür tərzini, hiss axınını, inamın və imanın anatomiyasını, yaradıcı insanın aldığı ilahi bilgini və sinerjini verməyə çalışmaqdır. Sirr həmişə açılmır, möcüzə də çözülmür – adını nə qoyursansa qoy...

Oxucu dost, Allah sənin də, mənim də yolumu açıq eləsin.

 

ÖN SÖZ ƏVƏZİ:

İlkin səs olmuşdur,

ey dost!

 

...Bu yazı bir müəllimlə müğənninin həm dialoqu – söhbəti, həm də monoloqu – öz-özü ilə danışmasıdır. Bəzən bu söhbətlərin hüdudunun bir-birinə qarışmasıdır.

Müəllim düşüncəni, ikinci həyat olan sənəti, elmi təmsil edir. Müğənni hissi, eşqi və həyatın özünü.

Müəllim yer adamıdır, müğənni göy adamı.

Müəllim yazandır, öyrədəndir. Müğənni duyandır, öyrənəndir.

Və zaman-zaman onların rolu dəyişir: müğənni öyrədir, müəllim öyrənir. Bu yazıda bir səs də var. Üç dəfə zühur edir. Həmin səs təsvirin, ifadəedəbilmənin səsidir. Və nəhayət, bu yazıda “Ey insan!”deyib hayqıran, “Gözəlim insan...”- deyib pıçıldayan ilahi bir səs var. Bu Allahın səsidir, nəfəsidir. Həyatda mütləq olan yalnız Allahdır, hər şey dəyişir, haldan hala girir və hər halın öz məntiqi – məntiqsizliyi var.

Yazıda təkrar da var, təkrarsızlıq da, təkrarsızlığın təkrarı da, təkrarın təkrarsızlığı da.

Yazı nə elmidir, nə bədii, həm elmidir, həm bədii. Həm düşüncə, həm hiss axınıdır. Həm hər şeydir, həm də heç bir şey.

Yazı təsəvvüf iddiası ilə yazılmayıb. Heç bir din, fəlsəfi, ədəbi doktrin, elmi konsepsiya-filan təsirində və iddiasında da deyil.

Yazı da həyat kimi, insanın özü kimidir: ziddiyyətləri, harmoniyası və disharmoniyası ilə, fizikası və metafizikası ilə, kimyası, əl-kimyası ilə.

Əgər yazıdan uzaq ellərin və əsərlərin axıb gələn havası hiss olunursa yer üzündə bundan təbii və doğma daha nə ola bilər ki?! Hər yaradıcının bir işi də havaların havasını yaratmaq deyilmi?

Və bu yazı da bir təcrübədir.

Bu yazı görünməyən Alim Qasımovun görünən Alim Qasımova tanıtmaq və anlatmaq üçün qələmə alındı.

 

Eşitdiyin səslər bir-birinə bənzəməz, qardaş

 

Əcəl köynəyini mən özüm geymək istəyirəm. Bu köynəyin içində dünyanın rənglərini daha aydın görürəm, hiss edirəm.

Həmin köynək mənə doqquz buğumdan keçən səsin müqəddəsliyini anladır.

Bir səsdə çox səs var. Avropanın çoxsəsliliyi və Şərqin təksəsliliyi şərtidir. Bir-birini kölgələməz. Tək səs ruhani səsdir.

Əzizə Mustafazadə şərq səsini Avropa musiqisinə uyarlayıb. Avropa çoxbucaqlı, kəskin yoldadır.

Şərq şərt deyil. Sərt yol axar suyu öldürdüyü kimi musiqini, harmoniyanı da öldürür.

Hərdən mənə elə gəlir ki, çox gözələm, hərdən də çirkinliyimdən utanıram. Hərdən elə bilirəm məndən cəsur adam yoxdur, hərdən də yer üzündə ən qorxaq olmamın xəcalətini yaşayıram. Hərdən asi oluram, üsyan edib dağı-daşı yandırmaq istəyirəm, hərdən də nəinki insanları, bütün canlıları bir-biri ilə barışdırmaq istəyirəm.

Hərdən işıq oluram, hərdən qaranlıq, hərdən axar su oluram, hərdən qara daş.

 

Təbiət Allahın əsəridir. Və təbiətin gözəllikləri də sənətdir. Allah yaratdığı üçün ilahi sənətdir. İsanın yaratdığı sənət bəşəri sənətdir. Bəşəri sənətin elə örnəkləri var ki, haqq özü onu yaradır. Həmin sənətkarın əli ilə, dili ilə, nəfəsi ilə.

Sofi Loren Çində Pikassonun sərgisinə gedir və balığa bənzər bir şəkilə uzun-uzadı baxır. Pikassodan soruşur: “Bu nədir?” “Rəsmdir”. “Amma balığa bənzəyir. Balıqdırmı?” “Yox, balıq deyil, balığın rəsmidir”.

İmpessionist (izlaim) rəssam Renuer dənizi qırmızı çəkir. Etiraz edirlər ki, dəniz mavidir. “Mən özüm gördüyüm dənizi çəkmişəm, sizin gördüyünüz dənizi yox”. “Mən zaman-zaman özümü də tənqid edirəm”. Öz ruhunu qatmadığı üçün təqliddir, smilyasondur, imitasiyadır.

Sənət eşqin məğlubiyyətindən doğur.

Eşq yaşanır. Sənət yaradılır. Ruhu oxuya bilmək sənətkarlıqdır.

S.Dali tablolarında həqiqəti gizlədir, pərdələyir. Detallarına getdikcə həqiqətin özünü görürsən. Fantaziya içində əridilmiş, mübhəmləşdirilmiş gerçək həqiqətin özündən də maraqlıdır. Çünki müəmması, sirri, gizlini var.

Sənət bir növ gerçəkliyin yuxusudur.

Gerçəklikdən çəkilmək və çəkildiyimiz uzaqlıqdan (və ya yaxınlıqdan) gerçəkliyi yenidən tapmaq, onu ifadə etməkdir.

İnsanın dərk etdiyi gerçək, gerçəklikdən daha qiymətlidir. Çünki dərk edilmiş gerçəklikdə bir mən var.

İçi boş söz, içi boş səs kimə lazım?

Həqiqət, vəhdət, əzab, arayış, eşqlə yoğrulmayan səs nəyə lazım, ey dost?!

Mövlanə deyir: “Eşq şərabı məst olanların fəryadı daşa da keçər, atəşə də”

Gecələrdən bir gecə

O gecə anladım ki, şərqli olub muğamatın yanından keçərək böyük fikir adamı olmaq mümkün deyil. Yalnız muğamatın içindən keçib getməklə bu böyüklük mümkündür.

Muğam bir güzgüdür. Baxıb özünü görürsən. Bəzən də görmürsən. Bir də ki, həyatın gözəlliyindən yazmaq asandır. Həyatın gücünü, sevincini yaratmaq da mümkündür. Fəqət ölümün gözəlliyini, ölümün sonsuzluğunu, ölüm sevincini yaratmaq çətindir, çox çətin. Nə isə...

Alimin 13 mart 1997-ci il Respublika Sarayındakı konserti məndə elə duyğular oyatdı ki, onların hamısını yazmağa Allah-təala mənə güc verməyib. Bəlkə də onların Söz ifadəsi yoxdur.

Orda dünyada məşhur Motodorun bir sözünü xatırladım. “Bu 200 mindən artıq tamaşaçı mənim necə ölməyimə baxmağa gəlib. Başqa bir qüvvə onları bura yığa bilməzdi”. O gün qəfəsdəki quş kimi çırpınıb, yanıb-yaxılan, səs-səs ölən Alimi gördüm. Biz də deyəsən o ölüm əzabından zövq almaq üçün yığılmışdıq. Toxluğumuzdan, dünyaya min damarla bağlılığımızdan Alimə çata bilmirdik. Amma o damarları necə bir-bir kəsdiyini görürdük.

Səhnədə üç döşəkçə qoyulmuşdu. Yerdə ortada Alim oturmuşdu. Solda tar Malik bəy, sağda kaman Emin bəy, Alimin əlində qaval vardı, həyat, kömək, qalxan o qaval idi. Vəcdin bir yerində o qaval da ağırlıq edirdi. O zaman Alim əlindəki qavalı da yerə qoyub əlinin, qolunun, barmaqlarının gücü ilə oxuyurdu. Qulağı eşitməyən adam da bu barmaqları dinləyə bilərdi. Bu gözüyumulu Məcnunun əlləri, barmaqları oxuyurdu. Baxırdım, Alimə inanırdım. Ramiz Rövşənin misraları yadıma düşdü. Doğrudan da bu qollar qanad olub. İnsan uçan olub. Yerdə çırpına-çırpına qalan bu yazıq niyə uçmasın, ilahi? Vallah bu ədalətsizlikdir, haqsızlıqdır. İnsan nə etdi ki, uçmağı yadırğadı, qanadları dönüb qollar oldu? Atın da qanadları töküldü. Dəvəquşu ət yeyib canavar oldu. İt olan qurdluğa əlvida dedi. Qurd qanadlarını göydə arayıb gecələr uladı. İt qanadsızlığa inandı. Qurd kimi yuxularında uçdu. Və Alim o gecə uçmaq üçün yanıb, yaxıldı. Qurd kimi uladı, ilan kimi qabıq qoydu, bülbül dilində nalə çəkdi, gül dilində için-için ağladı. Ölümümə sizi inandıracağam dedi, ölümümə sizi sevindirəcəyəm dedi. Dedi və inandırdı. İnandırdı ki, o buralı deyil, oralıdır. Ora haradır, ay Allah? Ora həm yerdir, məkandır, fəzadır, səmadır, göy üzüdür, ucsuz-bucaqsızdır. Ora həm zamandır, vaxtdır, min il öncədir, əxlaqa qədərki keçmişdir, yuxudakı saatdır, bir ulduz axması qədər andır, göz qırpımıdır, bir nəfəslik hərəkətdir. Ora muğamatın zamanı və məkanıdır. Ora Alimin can atdığı Vaxtdır, Çağdır, Yerdir, Məkandır.

İlahi, bu ölüm nə qədər gözəl idi. İnsanın bədənindən axıb suya qarışan qanın açdığı qapı kimi gözəl. Ölə-ölə bu gözəlliyin dadını-tamını bizə anlatmaq istəyən Alim.

...Öncə ustadlarına salam verdi. Bunu bilənlər bildi. “Zabul-segah”ın ustadı rəhmətlik Ağabala Abdullayevə salam verdi. Segah İslamın, egah İslamın, Yaqubun, Qədirin, Rübabə xanımın, Şövkət xanımın, Ağaxanın salamını verdi. Səsinin sözlərinə büründü. Nə dedisə “idi” ilə bitirdi. Yəni olub bitən,olub indi olmayan, olub olmamış kimi yox olan...

...Sonra hamının getdiyi yolu özü dediyi kimi getdi.

Daha sonra çiçək kimi açdı, su kimi axdı, quş kimi uçdu. Çiçəyin, suyun, quşun sirrini faş etdi, açıb ağartdı.

Qəribədir, sənətin iki dahiyanə qütbü var. Bir qütbdə dahinin dediyi dildən-dilə düşüb, sanki hamının bildiyini bir kimsə ilk dəfə açıb və hamının bildiyini söyləyib. Fikri, əxlaqı, zövqü dəyişib bir addım irəli aparıb. O biri qütbdə hamının deyə bilməyəcəyi, heç vaxt təkrarlanmayanı deyəndir (oxuyandır, çəkəndir). Onlar da öz təkrarsızlıqları ilə insan əxlaqını, zövqünü, fikrini bir addım irəli aparanlardır. Bu, təkrarsızlığın bir faciəsi də (bəlkə də xoşbəxtliyi) ondadır ki, onu yazan. Oxuyan da o yazdığını, oxuduğunu bir də oxuya bilməz, yaza bilməz. Bu da bir qəzavü-qədərdir.

Sənətdə özü olmaq cəsarəti hər kəsə qismət deyil. Ustadlara verdiyi salam və düşdüyü yol (məsələn, “Zabul-segah” yolu) istisna olmaqla hər şey Alimin özüdür. Öz canı, öz qanı, öz sümüyüdür. Və başlıcası öz ruhudur. Alimin ruhu Alimə qədər kimin canında olubsa, o cavan ölüb, ömrünü yaşamayıb, yaşaya bilməyib. Və indi Alimə qədərki Alimi axtarır. Amma onu tapa bilmir ki, bilmir.

...Bu bir ilahi monoloq-etirafdır. Mən uşağam. Alışmışam, sevmişəm, oda düşmüşəm, sənə vurğunam. Sənə can atıram. Səninəm, mənim olduğun qədər səninəm. Səni istəyirəm. Sənsiz heç nəyəm. Heç nə olmaq imkansız. Hər şey olmaq istəyirəm. Sənin olmaq istəyirəm. Səni gələcəkdə, uzaq zamanlarda axtarıram. Səni keçmişdə, uzaq zamanlarda axtarıram. Səni zamansızlıqda, zamanın işığa çevrildiyi məqamda axtarıram.

Məqamda, muğamda, məndə

Səndə, hər yerdə...

Bu bir iradə deyil,

İradəsizlikdir.

Bu bir canatma deyil,

Boğulmaqdır.

Bu bir güc deyil,

Gücsüzlükdür.

Və əksinə, və əksinə.

 

Ardı gələn şənbə sayımızda

 Kamil VƏLİ

525-ci qəzet.- 2010.- 4 dekabr.- S.28.