AYBƏNİZİN
FƏDAKARLIĞI
(“duyğular”
silsiləsindən)
Bu silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım,
öləziməyə qoymadığım
hisslərdən hörəcəyəm.
O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən;
siyasi quruluş üzündən, tuş gəldiyim haqsızlıqlardan,
evsizlikdən, əsəb
gərginliyindən, vaxt
məhdudluğundan qələmə
ala bilməmişəm.
Amma onları dəfn edə, özümlə qara torpağın altına apara bilməzdim, xalqım üçün
qoruyub saxlamalı, yazıya köçürüb
ona da təhvil
verməliydim. Bunun üçün səni həmdəm seçdim əziz oxucum. Olsun ki, bu
silsiləm ucbatından
qınağına, tənqidlərinə
də məruz qalam. Axı milli mentalitetimizin bu üzü də var ki,
gərək yaşadığın
duyğuların böyük
bir qismini dilinə gətirməyəsən.
Əlbəttə, bəzi
məqamlar var ki, mən də
üstündən keçəcəm.
Amma ümumilikdə götürəndə, yox.
Silsiləmin baş məqsədi belədir: düzü düz, əyrini əyri. Yəni səmimi.
Mən onu tanıyandan belə görmüşəm
– arıq, çəlimisiz.
Ömrün 50-ci pilləsinə
yaxınlaşsa da elə o çəkisində,
o biçimindəcə
qalıb. Tanıyanlardan
ona Ayka deyənlər də var, Aybəniz xanım deyənlər də. Mənsə onu sadəcə Aybəniz deyə çağırıram və
bu onun xanımlığına
zərrə qədər
əskiklik gətirmir.
O özü yaxşı
bilir ki, mən onun xatirini
özünə zorla xanım dedizdirənlərin
elliyindən də artıq istəyirəm. Və bunun bir
sıra səbəbləri
var. Aybəniz Məmmədəliyevanı əslində xanım rütbəsinə qaldıran
onun sənətdə
təmənnasızlığıdır,
sənətinin vurğunu,
hədsiz məsuliyyət
hissinin olmasıdır
və bir də dost yolunda,
övladlarının, ailəsinin,
qohum-əqrəbasının səadəti, firavanlığı
yolunda fədakarlığı, özünü
oda-közə vurmasıdır.
Mən bunu ona görə inamla qeyd edirəm
ki, öz timsalımda şahidi olmuşam. Bəzən ən yaxın bildiyim qohumlardan, kişi dostlardan umub da görmədiklərimi
Aybəniz sarıdan görmüş, duymuş,
hiss etmişəm. Uğuruma ürəkdən
sevinib, kədərimə
candan, qəlbdən şərik olub, itkilərimə istər aşgarda, istər gizlində ağlayıb. Mənim ta əzəldən
nə bacım olub nə qardaşım.
Aybəniz mənim jurnalist həyatımda rast gəldiyim nadir qadın jurnalistlərdəndir ki, özlüyümdə onu
həmin titula layiq bilmişəm- o mənə həm bacı, həm qardaş olub.
Yeri gəlmişkən qadın
jurnalistlərimiz barədə.
Ötən əsrin
70-ci illərindən üzü
bəri mən onların bəziləri ilə həmkarlıq etmiş, təmasda olmuşam. “Azərbaycan
qadını” jurnalında
Svetlana Nəcəfova,
“Azərbaycan gəncləri”
qəzetində Sona Bağırova, Azərbaycan
Dövlət Teleradio Verilişləri Komitəsində
Mailə Muradxanova, Fəridə Aslanbəyova,
Lətafət Axundova,
Gülşən Salmanova,
Gülbəniz Hüseynova,
Zöhrə Əliyeva,
Şəfəq Əlixanlı,
Almas Cəfərova,
Sədaqət Turabova,
Sevil Nuriyeva, çox-çox sonralar, artıq sənətdən
uzaqlaşıb pedaqoji
fəaliyyətlə məşğul
olan Svetlana İsmayılova ilə, “Ədalət” qəzetinin redaktoru İradə Tuncayla. Bunların hər biri özəl
xüsusiyyətləri, sənət
yönləri, jurnalistikamıza
gətirdikləri yeniliklərlə
həmişəlik olaraq
yaddaşıma həkk
olunub. Aybəniz Məmmədəliyevanın adını
mən məmnuniyyətlə
əvvəlincilər sırasına
qoyardım. Aybəniz
jurnalistikamızda sıra
nəfəri deyil, öndə gedənlərdəndir.
Onun radio yaradıcılığında
məni ta əzəldən, hələ
eyni redaksiyada çalışmazdan öncə
cəlb edən efir mədəniyyətinə
yiyələnməsi, fikrin
dəqiq məntiqlə,
yığcam çatdırılması,
səsin təmizliyi, yersiz artistizmə varmaması, hər mövzuya uyar temporitm tapması, hər dövrün, zamanın, siyasi, ictimai olayların axarında ən yeni forma
və mövzularla çıxış etməsi
olub. Ötən əsrin 90-cı illərindənsə
iş elə gətirdi ki, milli radiomuzun Gənclik və İdman redaksiyasında birgə çalışmalı
olduq. Mən baş redaktor o isə şöbə
müdiri kimi. Onunla tanışlığımın necə deyərlər ikinci mərhələsi başlandı. Yeni verilişlərin, yeni rubrikaların və təbii ki, yeni mövzularla yüklü geniş proqramların, bu günkü dillə desək layihələrin efir üzü görməsində mənimlə
birgə Aybənizin də nə qədər əmək sərf elədiyini heç zaman unutmaram. Zaman-zaman Azərbaycan efirinin bəzəyi olmuş, radionun ətrafına minlərlə dinləyici
cəlb etmiş “Dan yeri”, “Axtarış”,
“Çərxi fələk”,
“Dayaq”, “Sənin fikrin”, “Yuva”, “Yol”, “Yeni üfüqlər”,
“Tələbəlik”, “Duyğu”,
“Mövqe”, “Haydı irəli”, “Vaxt” və bu sayaq
onlarla verilişlər
böyük, inadlı,
dinləyici məhəbbətiylə
sonuclanan əməyin
bəhrəsidir.
Sonra elə bir gün
gəlib yetişdi ki, baş redaktoru
olduğum redaksiyada müavin yeri boşaldı. Qulu Ağsəs bizdən getdi. Radiomuzun o zamankı
rəhbərliyi həmin
yerə digər bir redaksiyada adi redaktor işləyən
birisini yerləşdirmək
üçün təqdimat
yazmağımı məsləhət
bildi. Özlüyümdə
Aybənizlə həmin
şəxsi tutuşdurdum,
qələm dərəcələrini
müqayisə elədim
və Aybənizin üzərində dayandım. Rəhbərliklə
aramızda bir nazik inciklik yaşansa da mən təkid etdim və son
anda Aybəniz təqdimatımla müavin
vəzifəsinə təyin
olundu. Bir müddət keçdi,
Aybəniz bir rəhbər işçi
kimi də özünü doğrultdu,
yaradıcılığında gözə çarpan digər yeni, parlaq məqamlar hamımızı sevindirdi
və radio rəhbərliyi ilə aramızdakı inciklik də öz-özünə
yoxalıb getdi.
Mən bu gün Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində işləmirəm.
2007-ci ildə 34 illik radio fəaliyyətimi başa vurub təqaüdə çıxanda
öz yerimi qadın jurnalistikamızın
istedadlı nümayəndələrindən
sandığım Aybəniz
Məmmədəliyevaya təhvil verdim. Bu
gün də ana radiomuzla, ən çox da özümə doğma bildiyim Gənclik və İdman redaksiyası ilə əlaqəni üzmür, vaxtaşırı
çıxışlar edir,
gənclərə məsləhətlərimi
əsirgəmirəm. Aybənizin
efirə çıxardığı
onlarla yeni məzmunlu, cazibəli verilişlər sırasında
vaxtilə bizim efirə gətirdiyimiz verilişlərin də efir həyatı yaşadığını görəndə
ürəyimi qürur
hissi bürüyür.
Doğrudan KİV-nin şəbəkəsi gündən-günə
genişlənsə də
radionun yerini heç nə verə bilməz. Çünki radio hər şeydən öncə SÖZ, SƏS, MUSİQİ deməkdir. Və bunlar bəşər sivilizasiyasının ilkidir,
təməlidir. Deməli
əbədidir. Və
radionu əbədiyyətə
aparan yollarda Aybəniz Məmmədəliyeva
kimi radio fədakarları durduqca efirimiz zənginləşəcək,
yeni-yeni mənalar kəsb edəcək.
Bu gün Aybəniz bacım özündən
çəkicə iki-üç
dəfə ağır,
boyca özündən
uca olan oğlanlara, qızlara “qızım”, “oğlum”, “balam” deyir. Deyəsən
sürdüyü 50 illik
ömürdə o bu səlahiyyəti qazanıb ki, “oğlum”, “qızım”, “balam” adlandırdıqları
da onu öz
anaları bilir və sadəcə olaraq onu “Aybəniz
xanım” deyə çağırırlar.
Mənsə səni ömrümün
sonunacan Aybəniz deyə çağıracam,
mənim 50 yaşlı
kiçik bacım.
İntiqam
MEHDİZADƏ
525-ci qəzet.-
2010.- 4 dekabr.- S.26.