“Qrafoman” Polşada
Bu günlərdə
Polşada, Vroslavın
“ATUT” nəşriyyatında tanınmış yazıçı
Əjdər Olun “Qrafoman” adlı hekayələr kitabı nəşr olunub. 10 hekayənin daxil olunduğu kitabın tərcüməçiləri, son illər Azərbaycan-Polşa ədəbi
əlaqələri, tərcümə
və qarşılıqlı
mübadilə sahəsində
diqqətəlayiq işlər
görmüş Vüsalə
Mustafayeva, Sonya Piriyeva və Helena Karetinadır. Kitabın Azərbaycan tərəfindən redaktoru
Agnieszka Raczka, Polşa tərəfindən
isə tanınmış
polyak ədəbiyyatşünası
Maciej Zalewskidir. Nəşriyyatın direktoru
Witold Podedwornydır. Nəşrin koordinatoru “Dünya ədəbiyyatı”
jurnalının baş
redaktoru Səlim Babullaoğludur. Kitabda müəllif haqda
müfəssəl avtobiqrafik
məlumatla yanaşı
“Tənqid.net” jurnalının baş redaktoru, doktor Tehran Əlişanoğlunun
Əjdər Ol haqqında yazısından
fraqment, habelə müəllif haqqında “İzvestiya” (Rusiya), “Orta Doğu” (Türkiyə) kimi ciddi nəşrlərdə
yer almış rəylərdən parçalar
yerləşdirilmişdir.
Kitabdakı tərcümələr
“Dünya ədəbiyyatı”
jurnalının “Azərbaycan
ədəbiyyatını təbliğ
proqramı” çərçivəsində
hazırlanmışdır. Səlim Babullaoğlu bizimlə söhbətində
bildirdi ki, Əjdər Olun kitabının Polşada uğur qazanacağına inanır. Onun fikrincə, Aşağı
Sileziyanın mərkəzi
olan Vroslav, Varşava və Krakov kimi bütövlükdə
Polşanın mədəni-intellektual
mərkəzlərindən biridir: “Bu şəhər
Tadeuş Rujeviçin,
Urşula Kozelin şəhəridir. Bu şəhərin sakinləri
Polşanın ən çox mütaliə edən insanları sırasındadırlar. Əjdər
Olun kitabı isə çağdaş nəsrimizi xaricdə təmsil etməyə layiq olan dəyərli
kitabdır. Onun Milli Kitab Müsabiqəsinin əsas
qaliblərindən olması
faktı ilk əvvəl bizim naşirlərlə danışıqlarımızda
əhəmiyyətli rol
oynadı. Sonradan, onlar əsərləri oxuyanda bizim seçimimizin təsadüf
olmadığını dəfələrlə
təsdiq elədilər.
Ədəbiyyat tariximiz
üçün bir maraqlı fakt da məhz
bu şəhərlə
bağlıdır. Hələ
1948-ci ildə böyük
şairimiz Səməd
Vurğunun şeirlər
kitabı da məhz bu şəhərdə
nəşr olunub. Ümumiyyətlə, ATUT nəşriyyatı,
onun rəhbərləri
milli ədəbiyyatımıza
sayğı duyurlar və bu çox
vacibdir. Nəşriyyat
təkcə Polşanın
deyil, ümumavropa mədəni həyatında
aktiv iştirak etməyə çalışır,
demək olar bütün regional, beynəlxalq kitab yarmarkalarında iştirak
edir. Düşünürəm,
bu kitabın populyarlaşmasında az rol oynamayacaq”. Kitabın tərcüməçilərinin
kitab haqqında maraqlı təəssüratları
və fikirləri var, onlardan parçaları
diqqətinizə çatdırmağı
lazımlı bilirik. Məsələn, Vüsalə
Mustafayeva deyir:
“Əjdər Olun əsərləri
zəmanəmizin reallıqlarını göstərir, belə
əsərlər çox olsa, yaxşı olar. Bu əsərləri
oxuyanda gülüşlə kədərin sərhədində
hiss edirsən özünü, elə həyatdakı kimi. Məsələn,
“Fa...” hekayəsindən ağlımda ilişib qalan adı bir
cümlə: “..hamının qonşuluğunda,
tanışlardan, qohumlardan qaçqın və ya
köçkün ailəsi yaşayır, çətin vəziyyətdə,
haradasa, hansısa daxmada, vaqonda, baxçada sıxışıb
közərən ümidlə yaşayır...” Əsərləri
oxumağa başlayanda dayanmaq olmur, lakin tərcüməyə
keçəndə bu artıq adekvat çətinlik deməkdi.
Milli mədəniyyati, reallıqları, gözəl ata
sözlərimizi, deyilişləri polyak oxucularına daha dəqiq,
onların bütün gözəlliklərini, düzgün mənaları
saxlayaraq çatdırmaq gərəkdir. Əlbəttə,
bunun üçün biz çalışmışıq da.
Düzdü, bəzən çətinliklərlə üzləşirdim
– dini, mədəni, etnik fərqlər milliyyətlərimiz
çox ayrıdı, lakin çalışdım polyak
oxucusu bizi özü qədər anlasın. Hər halda, Əjdər
Ol sadə, hamının anladığı dildə yazır.
Bu onu xalqa daha yaxın edir, xalqın dostuna,
sözçüsünə çevirir. Problemləri əsərlərdə
əks etdirmək, pislikləri danmamaq, insanları
düşündürmək lazımdır. Bu lazımlı,
faydalı, gələcək nəslin formalaşmasına təsir
edəcək amildir. Bu layihədə iştirak etdiyim
üçün çox şadam, buna görə Səlim
Babullaoğluna təşəkkürümü bildirirəm”
Sonya Piriyeva deyir: “Bu kitabda 4 hekayə tərcümə
etmişəm. Hər birisi mühüm sosial problemlərə
toxunur. Məsələn, “Hərbi-səhra komandiri” hekayəsində
müharibə dövründə hərbi hissələrin vəziyyəti
göstərilir. Burada Komandirin, əsgərlərdə vətənpərvərlik
hissini güclədirmək əvəzinə, günlərini
şənlənmək, yeyib-içməklə keçirtdiyi
əks olunub.
“Ölümlə
zarafat” hekayəsi real
bir hekayədi. Hətta orada
personajların adı
dəyişdirilməyib. Bu əsərdə insanların ölüm qarşısında olan zaman özünü necə aparmaları, situasiyada özlərini faş etmələri ustalıqla göstərilib.
“Şər Nizi”
hekayəsində isə
insanların pula görə
nəyə gedə biləcəklərini, nə
üsullara əl ata biləcəkləri əks olunub. “Qəbulda” hekayəsində isə insanların
müharibədən sonrakı vəziyyəti göstərilir.
Bir sözlər ədəbiyyatın məqsədi insanı
olduğu kimi göztərmək bacarığıdı və
müəllif buna yüzə-yüz nail
olub. Bu bizim tərcüməsındə
iştirak etdiyimiz ikinci antalogiyadı. İlk
dəfə biz polyak yazıçıların əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdik. Çox sevindirici haldır ki, artıq ikinci kitab
işıq üzü gördü. Bu
kitablar Azərbaycan və Polşa xalqının
yaxınlaşmasına, bir birimizin mədəniyyətini daha
da yaxından tanımağımıza imkan yaradır. Ümid
edirəm ki, bu bizim son layihəmiz deyil...” Digər tərcüməçi
Helena Karetinanın fikri belədir: “Əsəri, kitabı
oxumamışdan əvvəl, hər bir oxucunun təsəvvüründə
onun obrazı yaranır. Əsərin adı da,
sözsüz ki, burada ən vacib rol oynayır. Əjdər Olun polyak dilinə çevirdiyim
“Qrafoman” hekayəsi bu müəllifin ilk oxuduğum əsəriydi.
Bir tərəfdən, əsasən mənfi mənada
işlədilən və hətta psixiatriyada müəyyən
psixiki pozulmanın simptomlarından biri sayılan “qrafomaniya”
termini müsbət emosiyalar doğurmamışdı. Digər
tərəfdən isə, bu ad böyük maraq – qrafomanın
kim olduğunu bilmək istəyini
oyatmışdı. Məşhur rus yazıçısı
Anton Çexov əsərlərində “balaca adam”
anlayışı yaradıb. “Balaca adam” –
milyonlardan biri, digərlərdən seçilməyən,
axınla gedən, həyatını sanki əvvəlcədən
hazırlanmış şablonla yaşayan insan deməkdi. Hekayə-portret janrında yazılmış əsərində
isə Əjdər Ol böyük ustalıqla və təkrarolunmaz
yumor duyğusu ilə “balaca yazarın” surətini yaradıb.
Olun “qəhrəmanı” özünü yazar
hesab edən, ədiblər arasında dolaşan, əslində
isə çoxsaylı qrafoman kütləsinin bir vahidi olan
“balaca” yazardır. Müəllifin dili zənginliyi
ilə seçilir, o, frazeologiyalar, dialoqlar kimi ifadə
üsullardan bol-bol istifadə edir və mən tərcümədə
də bu xüsusiyyətləri birəbir ötürməyə
çalışmışam. Baş qəhrəmanın
adından yazılmış hekayədə Əjdər Ol bizi
müasir Azərbaycan ədəbiyyat aləminə daxil edir,
incəsənət xadimlərinin üzləşdiyi problemlərə
toxunur. Əsərdə eləcə də,
Azərbaycanın siyasi və ictimai həyatında son iyirmi il
ərzində baş vermiş əsas hadisələr öz əksini
tapır”.
Kitabın redaktorlarından biri olan
Agnieszka Raczkanın fikri də maraqlıdır: “Polyakların
bir çoxu üçün Azərbaycan az
tanınmış ölkədir. Onun paytaxtı, Bakı şəhəri
əsasən “Bahardan əvvəl” tanınmış polyak hekayəsinin
qəhrəmanı, Tsezarı Barıka ilə assosiasiya edilir
– bu hekayədə əhvalatlar başqa şəhərlərdə
və eləcə də Bakıda baş verir. Beləcə,
polyaklar Azərbaycanı ədəbiyyat ilə assosiasiya edirlər,
lakin bu doğma ədəbiyyatdır, çünki polyak
oxucular Azərbaycan yazıçılarının
yaradıcılığı ilə, demək olar ki, heç
tanış deyillər. Bu vəziyyətdə Əjdər
Olun hekayələr toplusu polyak oxucularını Azərbaycan nəsri
ilə tanışlığı üçün əla
fürsət olacaqdır. Toplu bir neçə qısa və fərqli
tematikalı əsərlərdən ibarətdir. Onların sadə
və plastik dili oxucunu Azərbaycanın reallığına
aparır, müasir eləcə də keçmiş
reallığa. Qorxmadan demək olar ki, müəllif Azərbaycan
ruhunu tam anlayır. Başqa mədəniyyətlə maraqlanan
oxucular üçün burada bir çox anlar var. Məncə, bu kitabın mütaliəsi müstəsna dərəcədə
maraqlı təcrübə
olacaq”.
Təxminən
bir ay əvvəl Əjdər Olun Ankarada kitabının nəşri
ilə bağlı yazılar, əsərlə bağlı
müsbət resenziyalar dərc etmişdik. O vaxt müsahibəsində
Əjdər Ol, əsərlərinin xaricdəki nəşri
ilə bağlı olduqca təvazökar, bir qədər də
soyuqqanlı fikirlər söyləmişdi. Demişdı ki,
başqa dilə çevirilmək, oxucu miqyasını
genişləndirmək hər bir qələm sahibinin arzusu
olsa da, yaradıcı kimi onun üçün öz ölkəsində,
doğma dilin hüdudlarında daha çox tanınmaq istəyi
olub: “Düzdü, nəsr kitablarının başqa ölkələrdə
çıxması hər halda məni istiləndirir, amma əgər
həmin yazılar vətəndə xoş
qarşılanıbsa, bu isə daha vacibdi, kənarda da
oxunacaq, çünki insan elə hər yerdə insandır”. Biz
isə öz növbəmizdə müəllifi təbrik edir,
ona yeni yaradıcılıq uğurları, daim genişlənməkdə
olan oxucu coğrafiyası arzulayırıq.
GÜNEL
525-ci
qəzet.- 2010.- 4 dekabr.- S.25.