“Ruhlar şəhəri”ndə
qalan ləpirlər
VAHİD QAZİNİN ESSELƏRİ
HAQDA DÜŞÜNCƏLƏR
Qarabağ tarixi dərdlərimizin
ən böyüyüdür. Bu dərdin baş səbəbi
başsız qalmağımız olub. Başqa
bir dərdimiz də var – tariximiz zamanında, canlı
şahidlər sağkən qələmə alınmayıb,
kitablara, yazılara köçürülməyib.
Vahid Qazinin yenicə çıxmış “Ruhlar şəhəri” kitabının əsas dəyəri ondadır ki, burada toplanan on beş essenin hər biri müəllifin canlı müşahidələrinin məhsuludur, “Ruhlar şəhəri” adlandırdığı Ağdamın xoşbəxt və bədbəxt günlərinin sintezidir. Ədəbi-publisistik janr kimi essenin üstünlüyü hadisələrin canlı verilmə imkanıdır. Müəllifin dediyi kimi, onun “orada qalmış ləpirləri”nin hər biri elə mənim də canlı xatiratımdır, mənim də ləpirlərimdir və onları oxuduqca kövrək duyğular məni ağuşuna alıb qəhərləndirmişdi (Sadıq Murtuzayev 1980-1990-cı illərdə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi olub – red.).
Ramiz Rövşənin kitaba yazdığı ön sözdə dediyi kimi, ölçüyəgəlməz “Ağdam qüruru” ilə mən də on il yaşamışam, “Ruhlar şəhəri”nin hər qarışına bələdəm, Ağdamın fədakar adamlarına arxalanıb böyük işlərə imza atmışıq. Orada görülən böyük tədbirlərin hər biri çox şeyə qadir olan birinci katib kimi həm də mənim uğurlarım olsa da, bunların hamısı ilk növbədə Ağdamın öz ruhundan qidalanırdı, ağdamlıların fədakarlığı ilə baş tuturdu.
Azərbaycanın üç böyük rayonuna (Zaqatala, Abşeron, Şəki) uzun illər rəhbərliklə qazandığım zəngin təcrübədən sonra Ağdama gələndə məndə böyük qənaət yarandı ki, işgüzar adamlarla dağı dağ üstünə qoymaq olar. Və bu inamla da bir-birinin ardınca böyük uğurlar qazanırdıq. Bu tədbirlərin bir çoxuna Vahid Qazinin esselərində toxunulub, özünə yer tapa bilməyənlərə də kaş elə bu səpkidə işıq sala...
Esselərin hər biri bitkin əsər olub o gözəl şəhərin, o əsrarəngiz diyarın xoşbəxt və bədbəxt günlərini tarixə köçürür, əbədiləşdirir. Hər bir əsərin qiyməti onun tarixi-ictimai, həm də bədii dəyəri ilə ölçülür ki, bu da Vahid Qazinin esse yaradıcılığında öz yerini tapıb. Müəllif neçə-neçə sadə adamın yadda qalan real obrazlarını yaradıb. Bir vaxtlar mövcud olmuş şəhəri adamları ilə birlikdə bir vaxt yenə mövcud olacağı zamana daşıyıb.
Müəllifin bir cümlə ilə toxunduğu Ağdam bazarı haqqında hər yerdə gəzib-dolaşan, əfsanəyə çevrilən söhbətləri mən də xatırlayıram. Məsələn, “atom bombası varsa, demək Ağdam bazarında tapmaq olar”. Bu şan-şöhrətin ümdə səbəbi ancaq ağdamlıların işgüzarlığı ilə bağlı idi.
Xatırlayıram, Ağdam bazarı elə gündə idi ki, orada şeytan da ayağını sındıra bilərdi. Buna göz yummağı isə ancaq dözülməz laqeydlik kimi qiymətləndirmək olardı. Bazara əl gəzdirməklə problem həll olunası deyildi. Odur ki, ona bitişik sahədə böyük bir ticarət mərkəzi inşa etdik.
Vahid Qazinin bəhs elədiyi İmarət çox dəyərli tarixi-etnoqrafik abidə idi. Buranın da unudulmuş vəziyyəti heç bir sağlam məntiqə uyuşmurdu. Məşhur Qarabağ xanlarının məzarları, Xan qızı Natəvanın qəbri Ağdamın adına layiq görkəmdə deyildi. Ağdamlılar “İmarəti abadlaşdıraq” çağırışına bir himə bəndmiş kimi qoşuldular. Xan qızının qəbri üzərində abidəsi ucaldıldı. Vaxtilə cıdır meydanı olmuş, sonra şəhər stadionuna çevrilmiş yer abadlaşdırıldı, dağılmaq üzrə olan qədim memarlıq abidəsi İmarət bərpa edildi, burada Muğam-Poeziya Teatrı fəaliyyətə başladı, Natəvan qızlar bayramı bütün ölkəyə səs saldı. Hər il tədbirə Azərbaycanın minlərlə görkəmli qadını, qızı qatıldı, bayram ənənə xarakteri aldı. İmarətdə qədim daş heykəllərdən yaradılan açıq muzey böyük şöhrət qazandı.
Ağdam küçələrinin abadlaşdırılması idarə və müəssisələrə həvalə edildi. Bu tədbirlərin uğurla həyata keçirilməsinin bir səbəbi ağdamlıların işgüzarlığı, digər isə onlardakı qürur hissinin güclü olması idi. Heç kəs başqasından geri qalmaq istəmirdi.
Şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman var idi. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrilibmiş. Bura müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Çörək muzeyi yaratmaq ideyası irəli sürüləndə inanclarına qüvvət verilibmiş kimi alqışladılar.
Bunun başqa tutarlı səbəbləri vardı – Ağdamın Əfətli kurqanında yeddi min illik tarixi olan daşlaşmış buğda dənələri tapılmışdı. Məşhur taxılçı akademik İmam Mustafayev həmin dənələri özünün zəngin taxıl kolleksiyasından digər nümunələrlə birlikdə gətirib muzeyin dəyərini xeyli artırdı. Yüzə qədər xalqın çörək nümunələri əldə edildi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə verdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərildi. Muzeyə qısa müddətdə iki mindən çox eksponat toplandı.
Məlum oldu ki, bu, SSRİ-də birinci, dünyada ikinci muzeydir. Çörək muzeyinin Ağdamda yaradılmasının daha bir səbəbi də o idi ki, Azərbaycanın heç bir rayonu taxılın məhsuldarlığında Ağdamı üstələyə bilmirdi. Bu da Ağdam torpağının tayı-bərabəri olmayan bərəkətli olması ilə bağlı idi.
Ağdamın Şuşa ilə yanaşı muğam mərkəzi kimi ad-sanı da dillər əzbəri idi. Məşhur “Qarabağ bülbülləri”nin səsi Kremldən gəlirdi. Bunu nəzərə almamaq olmazdı. Odur ki, öz memarlıq dəyəri ilə seçilən Qara bəyin malikanəsində Şərqdə ilk muğam məktəbini yaratdıq və ona böyük muğam korifeyi Xan Şuşinskinin adını verdik.
Heç vaxt unutmaram, görkəmli muğam ustası Şahmalı Kürdoğlu bir erməni qadının şantajı ilə tutulub dörd il həbs cəzası almışdı. Ağdamdakı həbsxanada cəza çəkirdi. Qoruq-qadağaya baxmadan onu gətirib məşhur Ağdam Musiqi Məktəbində yaradılan muğam opera studiyasına rəhbər qoyduq, adı həbsdə gedə-gedə dərs deyirdi. Yeri gəlmişkən, düşmənin birinci “Qrad” mərmisi onun evinə, ikincisi Çörək Muzeyinə düşübmüş. Şahmalı həlak olmuş, Çörək Muzeyi də yerlə yeksan edilmişdi.
Bütün Qarabağda Ağdam məscidi yeganə açıq məbəd idi. Cümə namazına ətraf rayonlardan yüzlərlə mömin gəlirdi, dəstəmaz almağa su, çay içməyə yaxında yer tapılmırdı. Bunu nəzərə alıb sonralar Ağdamın simvoluna çevrilən Şərq üslubunda tikilmiş üçmərtəbəli Çay Evi, bir neçə yaraşıqlı bulaqla bu boşluğu aradan qaldırdıq.
Ağdamın tarixi şöhrətlərindən biri olan məşhur kəhrizlərin böyük əksəriyyəti sıradan çıxmışdı. Çox qısa zamanda onlarla kəhriz bərpa edildi, ən məşhurlarının (Abdal, Əhməağalı, Qərvənd və s.) üzərində istirahət guşələri yaradıldı. Çox qiymətli qızıl balıq təsərrüfatları fəaliyyətə başladı. O zaman Dağlıq Qarabağ Muxtar Vilayətinə başçılıq edən Boris Gevorkov Şuşanın respublika əhəmiyyətli pioner düşərgələrinə, istirahət evlərinə guya vilayətin tələbatı ödənmir adı ilə embarqo qoymuşdu, respublikanın aciz rəhbərləri də ona ləbbeyk deyirdilər.
Elə bu məsələdə ağdamlıların qeyri-adi fədakarlığı özünü göstərdi. Abdal-Gülablıda, Şellidə, Şahbulaqda tayı-bərabəri olmayan istirahət mərkəzləri tikildi. Ağdam qoyunçuları üçün Kəlbəcərin məşhur Dəlidağ yaylağında əzəmətli bir mədəni mərkəz inşa edildi. Çay Evinin də, həmin mədəni mərkəzin də layihəsini xalqımızın böyük ziyalı oğlu Xudu Məmmədov vermişdi.
Ağdamın mövcud reallıqları onun potensial gücünə cavab vermirdi. Bunu nəzərə alaraq tarix boyu ilan mələyən, minlərlə hektar xam torpaqlara malik Ergi düzünün fəthi məsələsi qarşıya qoyuldu. Arazdan buraya su gətirildi, onlarla artezian quyusu qazıldı, asfalt yollar çəkildi, “Kuban” adlanan nəhəng süni yağış maşınları SSRİ-də ilk dəfə burada işə salındı, şəhər tipli qəsəbə tikildi. Heyvandarlığın inkişafı üçün sənaye tipli iri müəssisə yaradıldı. SSRİ-nin hər yerindən buraya təcrübə mübadiləsinə gəlirdilər.
Dünyanın hər yerində elmi yenilikləri toplayan “Axtarış” adlı ilk informasiya mərkəzi də Ağdamda yaradılmışdı. Bütün bu deyilənlər hələ hamısı deyildi. Və bunların hər biri o zaman insanların başı üzərində dayanan Domokl qılıncı – dövlət planlarından kənar idi, ağdamlıların fədakarlığı sayəsində ərsəyə gəlirdi.
Vahid Qazinin kitabını oxuduqca, onun böyük əməyi sayəsində ərsəyə gələn “Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisinə tamaşa etdikcə bir daha o günlərə qayıdır, həmin anları yaşayırsan.
Onun esselərinin çox böyük dəyəri həm də ondadır ki, Ağdamın gur keçən həyatı, canlı ağdamlılar, indi xarabalıqlara çevrilmiş şəhərin üfüqlərində qərib-qərib dolaşan altı mindən çox şəhid ruhları yad edilir, oxucunu həyəcanlandırıb dərin-dərin düşüncələrə qərq edir, “Bunlar mənim kitablı Ağdam xatirələrimin kiçik bir hissəsidir. Böyük hissəsi isə ruha çevrilib Ağdamı tin-tin, küçə-küçə gəzir. Daha tini, küçəsi olmayan şəhəri...” kimi.
Kitabın qiyməti həm də ondadır ki, buradakı xatirələr hər bir ağdamlınındır, hər kəs Ağdam xarabalıqları altında qalan xatirələrini üzə çıxaracaq günü artıq dözümü qurtarmış bir intizarla gözləyir. Neçə-neçə ağdamlının bu intizarı artıq ruha çevrilib, Ağdam səmasında qanad açmaqla bəlkə də nicat tapıb. Amma əsl nicat hələ qabaqdadır.
Ağdam, bütünlükdə Qarabağ təkcə bu diyarın adamları üçün deyil, xalqımızın hər bir övladının nisgilidir.
Sadıq
MURTUZAYEV
525-ci
qəzet.- 2010.- 4 dekabr.- S.24.