Unutmağa bir rəqəm var...
Kamal
Abdullanın 60 yaşı tamam olur.
İki ildən
sonra eyni aqibət məni də gözləyir.
İllər nə yaman
sürətlə keçdi! Cavanlıq sevdası
başımızdan çıxmamış ömrün
ahıl yaşlarına qədəm qoyduq! Necə
deyərlər, “Şair, nə tez qocaldın sən
!”
Kamalı tanıdığım
vaxtdan qırx il keçir. Bir igidin
ömrü...
Aradan bunca uzun
zaman keçəndən sonra artıq həyatımızda
hər şey yerli-yerində görünsə də,
cəmiyyətdə uğur qazanmış insanlar kimi qəbul
edilsək də, arxada qalan illərin xatirələrindən
ayrılmaq çox çətindir.
Keçmişə
tərk etdiyimiz çox şey bizə munis görünür. Bəlkə
də əslində belə deyil. Bəlkə
sadəcə öz-özümüzü aldadırıq?
Bəlkə bu günün bəzən bizə
xoş görünməyən ovqatından uzaqlaşmaq
üçün irreal dünyanın, xəyallarımızda
yaşatdığımız aləmin hüdudlarına
qapanmaq istəyirik?
Dünəndə
qalanların hamısını ideallaşdıracaq
dərəcədə sadəlövh deyiləm. Amma
yenə də 1970-ci illər universitetimizi həmişə
daxili minnətdarlıq və xoş bir nostalji hissi ilə
xatırlayıram.
Filologiya fakültəsində
bizdən iki kurs yuxarıda oxuyan Kamal, onun dostları – iri
eynəkli Niyazi Mehdi, eyni dərəcədə iri
bığlı Osman Osmanov (bu ilin sentyabrında Tiflisdə
görüşdüyüm Osman demək olar ki, dəyişməyib),
Çingiz Hüseynzadə, Mehman Musayev və başqaları
öz fəallıqları ilə təkcə
tələbələri deyil, hətta bəzi
müəllimləri də hərəkətə
gətirirdilər.
Fərqinə varmadan
yaşadığımız o dövr sonradan həyatda
az-çox nəyə nail olmuşuqsa, hamısının
təməli, özülü idi. Bir də
bəxtimiz onda gətirmişdi ki, universitetdə təhsil
alırdıq. Burada hətta indinin meyarları
ilə yanaşanda azad ruhlu insanlar, həqiqi alimlər,
axtarış ruhlu gənclik vardı. Kamal
Abdulla yadımda həmin gəncliyin öncül
nümayəndələrindən biri kimi qalıb.
O, nəyi isə
dəyişməyə, tələbə mühitinə
yenilik, canlılıq gətirməyə
çalışırdı.
Növbə
ilə qapılarını açdığımız
Bakı universiteti və Elmlər Akademiyası fikri və
mənəvi inkişafımızda müstəsna sayılacaq
dərəcədə mühüm rol oynadı.
Və heç
kimə sirr deyil ki, bu gün üzdə olan, ictimai fikrə
ton verməyə çalışan
ziyalılarımızın əksəriyyəti həmin iki
məktəbi, iki mərhələni keçən
insanlardır. Kamal da bu mənada istisna
deyildi. Universitetdən başlayan yol ilk
gənclik illərindən onda fəal həyat mövqeyi,
yüksək elmi intellekt və yaradıcılıq
istedadı formalaşdırmışdı.
Moskva məktəbi, keçmiş
SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında
təhsilini davam etdirdiyi üç il cavan
aspirantın türkoloq-alim kimi daha böyük miqyasda
tanınmasına təkan vermişdi. Bu illər
həm də onun “əbədi sevgisinə” – “Kitabi Dədə
Qorquda” həmişəlik və daha dərindən
bağlanmasının təməlini qoydu.
Qəhrəmanlıq eposumuzun dili ilə bağlı ilk
araşdırma zaman keçdikcə miqyasını daha da
genişləndirərək Oğuz türklərinin
psixologiyası, mənəviyyatı, iç dünyası,
fəlsəfəsi, estetikası, hünəri və
yanlışlıqları, ağlı və
sadəlövhlüyü haqqında elmi, bədii, mifik, amma
bütün hallarda sevgi və istedad əsəri olan bir
silsiləyə çevrildi.
“Dədə
Qorqud” Kamalın dilçiliyi ilə
ədəbiyyatçılığı, şairliyi,
yazıçılığı, dramaturqluğu, hətta
deyərdim ki, rektorluğu arasında etibarlı körpü
saldı.
Maksimalist
keyfiyyətləri ilə diqqəti cəlb edən Kamal Abdulla
ədəbi-ictimai fəaliyyətdə də
zəkasını və qələmini bütün
sahələrdə sınamaqdan çəkinmədi.
O, “dilçi
tənqidçilərin” ilk nümayəndələri
sırasında yer aldı. Özünü
tərcümədə sınadı. Rus
poeziyasının “gümüş dövrünün”
tərcüməyə çox çətin yatan
nümunələrini dilimizə çevirdi. Sonra nəsrə üz tutdu. Postmodernist
ruhlu hekayələr yazdı. Bədiilik
axtarışları “Yarımçıq əlyazma” və
“Sehrbazlar dərəsi” kimi çoxplanlı,
mürəkkəb daxili struktura və mifik-fəlsəfi
ağırlığa malik əsərlərə yol
açdı. Dramaturgiya debütü
də uğurlu oldu. Əsərləri
təkcə Azərbaycan deyil, digər ölkələrin
teatrlarında da maraqla qarşılandı. İctimai
fəaliyyətinə heç vaxt ara
vermədi. Uzun illər rəhbərlik etdiyi
Azərbaycan Mədəniyyət Fondunda bir sıra maraqlı
layihələrin müəllifi və
təşəbbüskarı kimi tanındı.
Ən
başlıcası isə elmi və pedaqoji
fəaliyyətindən uzaq düşmədi. Yaradıcılığında
elmiliklə bədiiliyin nisbətini qoruyub saxlaya bildi. Yazıçı kimi hansı ciddiyyətlə
qəbul edilirsə, alim kimi də eyni məhsuldarlığa, eyni
ağırlığa və sanbala malik olduğunu
göstərdi.
Ədəbiyyatın
janrlarını, ictimai fəaliyyətin sahələrini
dəyişsə də, dostları, yaxınlıq etdiyi
insanlar üçün dəyişməz qaldı. Bəzən
kiçik şeylərdən incisə də, bəzən
yersiz tərslik edib bəzən lüzumsuz
güzəştlərə getsə də, səmimiyyəti,
fikir və niyyətlərinin təmizliyi onu tanıyanlarda
heç zaman şübhə doğurmadı.
Təbrizdə
və Ankarada, Varşavada və Parisdə, Moskvada və
Vyanada, dünyanın neçə-neçə digər
şəhərlərində birlikdə olmuşuq. Ədəbiyyat
haqqında, qadınlar haqqında, ünlü insanlar
barəsində bitməz-tükənməz
söhbətlər etmişik. Bəzən
kiminsə dalınca danışdığımız,
kimisə bəyənmədiyimiz məqamlar da olub. Amma bununla belə həmişə Kamalın
təqdirlərində də, inkarlarında daxili inam və
bəd məramlardan uzaqlıq görmüşəm.
Məncə,
onun həm şəxsi həyatının, həm də elmi
və bədii yaradıcılığının əsas
uğur komponentlərindən biri həyatımızın,
mənəvi mühitimizin əsas bəlalarından birinə
çevrilən zərərli fenomendən –
ikiləşmədən kənarda qala bilməsindədir.
On il əvvəl
tanınmış alimlərdən biri kimi Kamal Abdullanın
bioqrafiyasında ciddi, lakin gözlənilən və
qanunauyğun bir dəyişiklik baş verdi: o, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
hələ Rus Dili və Ədəbiyyatı İnstitutu kimi
tanınan ali məktəbin rektoru təyin edildi.
İş
elə gətirdi ki, heç kəsə
təəccüblü görünməyən həmin
dəyişikliyin tezliklə baş verəcəyindən ilk
xəbər tutanlardan biri də mən oldum.
2000-ci ildə
Türkmənistanın dövlət başçısı
Saparmurad Niyazov öz ölkəsinin Bakıdakı
səfirliyinin fəaliyyətini dayandırmışdı. Guya
maliyyə çətinliklərinə görə geri
çağırılmış səfir vəzifəsini
Aşqabaddan icra edəcəkdi. Əslində
məsələ başqa idi. Xəzərin
hüquqi statusunun
müəyyənləşdirilməsində
Azərbaycanın əsaslı mövqeyi qarşısına
heç bir dəlil-sübut qoya bilməyən türkmən
lideri diplomatik təzyiq yolunu tutmuşdu.
Mərhum Prezident Heydər Əliyev
bu vəziyyətdə qeyri-ordinar, amma dəqiq qərar
qəbul etdi – Türkmənistanda təcili Azərbaycan
səfirliyi açılmalıdır! Tezliklə
Prezident müvafiq sərəncam imzaladı. Xarici İşlər nazirliyinə səfir
təyinatı ilə bağlı təkliflər hazırlamaq
tapşırıldı. Prezident sonda mühüm
saydığı bir məqamla bağlı
xəbərdarlıq etməyi də yaddan
çıxarmadı:
– Nəzərə alın ki, bu
səfir çox mürəkkəb şəraitdə,
Türkmənbaşı kimi çətin adamla
işləyəcək. Odur ki, biliyi, nüfuzu,
təcrübəsi, bir sözlə, bioqrafiyası olan
şəxs tapmaq lazımdır.
Hələ
Türkmənistan məsələsi ortaya
çıxmamışdan Kamalla söhbətimiz olmuşdu. İmkan
yaranarsa, türk respublikalarının birinə səfir
getmək istədiyini demişdi. Zəng
vurub fikrini soruşdum. Əvvəlki
qərarında qaldığını bildirdi.
Bir
müddət sonra Prezident səfirliyə namizəd
məsələsi ilə maraqlandı. Fəal
ictimai xadim, tanınmış türkoloq-alim kimi professor Kamal
Abdullanın bu işin öhdəsindən gələ
biləcəyini söylədim. Mərhum dövlət
başçısı bir sıra dəqiqləşdirici
suallar verdi. Sonra:
– Yaxşı, hələlik
qalsın, mən də fikirləşərəm. – dedi.
Eyni
söhbət yenidən ortaya çıxanda bir nəfərin
namizədliyinin verildiyini yada saldım. Təbii ki,
mərhum Heydər Əliyev dərhal hər şeyi
xatırladı:
– Kamal Abdulla ilə bağlı
başqa planlar var. Ayrı adam tapın, –
dedi.
Az sonra Kamal Rus
Dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin
ediləndə həmin planlar mənə aydın oldu. Prezident həmişəki kimi bu dəfə də
dəqiq və uzaqgörən seçim etmişdi.
Qısa vaxt ərzində Bakı Slavyan Universitetinə
çevrilən ali təhsil
ocağının simasının əhəmiyyətli
dərəcədə dəyişməsi, beynəlxalq
aləmə çıxması həmin seçimin
məqsədəuyğunluğunu bir daha sübut etdi.
Yanılmıramsa, bu il
yalnız Kamal Abdullanın deyil, onun tam haqla özünə
ikinci ev saydığı Bakı Slavyan Universitetinin də
yubileyidir. Artıq Avropada yaxşı tanınan bu ali təhsil ocağı yeni statusda on illiyini
qeyd edir. Aradan keçən on ildə rektorun
universitetin həyatına gətirdiyi inkişaf və
yeniliklər göz önündədir.
Azərbaycana
gələn slavyan və Şərqi Avropa
ölkələrinin dövlət və hökumət
başçıları, nüfuzlu nümayəndə
heyətləri yollarını mütləq bu universitetdən
salırlar. Və onların hər biri
burada xalqlarının tarix və mədəniyyətləri
ilə bağlı böyük sevgi ilə yaradılan və
səylə qorunan kiçik bir dünyaya səyahət
imkanı qazanırlar.
Universitetin son
altı ildə mühüm slavyan ölkələrindən
biri – Polşa ilə əlaqələrinin bütün
dinamikası gözlərim önündə cərəyan
etdiyindən bu barədə daha ətraflı
təsəvvürə malikəm. Slavyan universitetində
polonistika ixtisasına yiyələnən
tələbələr hər il
təcrübə keçmək üçün
gəldikləri
Həmin tələbələrin
orijinaldan tərcüməsində Varşavadakı
Azərbaycan Səfirliyi yeni və ən yeni nəsrimizin
antologiyası sayıla biləcək “Qırmızı
limuzin” kitabını Polşada böyük tirajla çap
etdi, təqdimat mərasimini keçirdi.
Varşava
Universiteti ilə Bakı Slavyan universiteti arasında
əməkdaşlıq sazişi imzalandı. Kamal
Abdulla paytaxt universitetinin tələbələri
qarşısında Azərbaycan ədəbiyyatı və
türk dillərinin müqayisəli tədqiqi haqqında
silsilə mühazirələr oxudu.
Nəhayət,
onun bir sıra ölkələrdə nəşr edilmiş
“Yarımçıq əlyazma” romanı Polşanın ən
böyük çap evi olan “Adam Marşalek”
nəşriyyatında işıq üzü gördü. Romanın
mütərcimi Stanislav Ulyaşekin, müqəddimə
müəllifi, türkoloq Qrajina Zayantsın, əsərə
şərhlər yazmış professor Ancey Pisovskinin iş
prosesində elektron poçtuma göndərdikləri
məktubları nəzərdən keçirərkən polyak
dostlarımızın bu əsərə nə qədər
böyük diqqət və məhəbbətlə
yanaşdıqlarına, eyni zamanda ondan həqiqi zövq
aldıqlarına bir daha şahid oluram.
Slavyan universitetində yaradılan
polonistika mərkəzi müxtəlif vaxtlarda təhsil
ocağında olmuş mərhum Polşa prezidenti Leh
Kaçinski, baş nazir Donald Tusk, Polşa Senatının
marşalı Boqdan Boruşeviç, xarici işlər naziri
Anna Fotıqa və digər polyak qonaqlar tərəfindən
yüksək qiymətləndirmişdi.
İki ölkə mədəniyyətlərinin
yaxınlaşmasındakı bu xidmətlərinə
görə mərhum Leh Kaçinski Bakı Slavyan
Universitetinin rektoru, professor Kamal Abdullanı öz
ölkəsinin ikinci yüksək mükafatı – “Polşa
qarşısında xidmətlərə görə” ordeninin
“Kavaler” dərəcəsi ilə təltif etmişdi. Eyni ilin oktyabr ayında Kamal Polşa
Respublikasının başqa bir mükafatına –
“Polşanı xarici ölkələrdə ən yaxşı
tanıtmağa görə” fəxri diplomuna layiq görülmüşdü.
Varşavadakı təntənəli
mərasimdə mükafat xarici işlər naziri R.Sikorski
tərəfindən təqdim olunmuşdu.
Təbii ki,
digər slavyan ölkələri ilə də bağlı
oxşar faktlar mövcuddur.
Bu uğurlar
sevindiricidir. Ən sevindirici hal isə
orijinal dəsti-xətti ilə seçilən şeirlər,
hekayələr, romanlar müəllifinin bütün
bürokratik əngəllərə baxmayaraq yaradıcı simasını
qorumasında, daha da təkmilləşdirməsindədir.
Kamal indi az qala
qanadlı ifadəyə çevrilmiş “Unutmağa kimsə
yox...” – misrasının müəllifidir. Əslində
çox dəhşətli psixoloji lövhə rəsm
edən bu üç kəlməyə mən
həmişə böyük Füzulinin “şair sözü,
əlbəttə yalandır !” məntiqi
ilə yanaşıram. Çünki unutmağa
bir kəsin, bir şeyin qalmadığı, dostların,
sevgilərin, xatirələrin heç bir iz qoymadan həyatdan
yox olduğu dünyada yaşamaq ən çəkilməz
dərd, ən ağır faciədir.
Sözdə “Unutmağa kimsə
yox...” desə də, Kamalın bir an da olsun
unutmadığı, hətta deyərdim ki, varlıqları
ilə nəfəs aldığı, xatirələri ilə
yaşadığı insanlar var. Təbii ki, onların önündə
kiçik nəvəsi Gövhər gəlir. Hörmətlə
yad etdiyi müəllimləri, hər zaman diqqətli
münasibət bəslədiyi dostları bu sıraya daxildir.
Ən fərqli insanların təmsil olunduğu
böyük bir kollektivi unutmaq, yaxanı onun
qayğılarından kənara çəkmək də
imkansızdır.
Unutmağa gəldikdə isə... İndiki halda unutmağa bir şey var.
Puşkinin
məşhur sözləri ilə desəm, yaşamağa da
tələsən, duymağa da can atan Kamal bəzən
özünü yaddan çıxarır, öz
qayğılarını, ehtiyaclarını unudur. Bəlkə
də bu o qədər də qorxulu unutqanlıq deyil. Ən unutmalı şey isə çox vaxt zahiri
dəqiqliyinə baxmayaraq reallıqla tərs mütənasib
gələn təvəllüd tarixləridir.
İstərdim ki, hələlik geriyə baxmağa imkanı
və ehtiyacı olmayan Kamal Abdulla ilk növbədə bu 60
rəqəmini yerli-dibli unutsun, həmişəki şövq
və ehtirasla, enerji və coşqunluqla çoxşaxəli
fəaliyyətini davam etdirsin.
Noyabr, 2010-cu il.
Vilayət QULİYEV
525-ci qəzet.- 2010.- 4 dekabr.-
S.23.