Lap əvvəldən
varmış Kamal
Jurnalistlərin
çox işlənməkdənmi, ya yersiz yararlanmaqdanmı
yıpranmış bir sualı var. Adətən,
ünlü müsahiblərinə yönəldirlər.
“İki-üç kəlmə ilə özünüzü
necə tanıdardınız?” sualını
nəzərdə tuturam. İndi bir anlıq həmin sualı,
xəyalən də olsa, Kamal Abdullaya verib, onun
əvəzindən cavab eşitmək istərdim.
Təbii ki, çox qısa, o adamı tanıdan, onu
bildirən və ona yaraşan bir cavab umuram. Varmı ola?
Və bu qısa cavabın axtarışı üçün
Kamal Abdullanı tanıdığımdan bəri başlayan
və nə gözəl ki, bitməyən uzun bir yola baş
vururam.
Aspirant Kamal Abdulla deyəcək ki:
–-Hər hansı elmi nəticəm
ilkin nəticə olacaq!
Alim Kamal Abdulla cavab verəcək ki:
–-Son nəticəm daha bir ilkin
nəticədir!
Yazar Kamal Abdulla bildirəcək ki:
–-Unutmağa səbəb yox!
İnsan Kamal Abdulla
söyləyəcək ki:
–-Unutmağa səbəb çox!..
Bu virtual
intervü, çox güman, gerçək Kamal Abdullanın
cavabından uzaqdır, amma nə qədər uzaq olsa belə,
yalana çox da yaxın deyil. Bəyəm
həyatda da doğru ilə yalan arasında
var-gəlləməzmiyik? Bu “müdrik aforizm”imdən
sonra o dəqiqə yubilyarın virtual reaksiyasını
görürəm: “Uşaqlıq uçdu, bir az ciddi
olmağa çalış”...
Öncə iki teleproqram
Ötən
əsrin 80-ci illəriydi. Hələ
“yenidənqurma” başlanmamışdı. İxtisasca telejurnalist olduğumdan Kamal Abdullanın
“Azərbaycan dili” proqramında aparıcılığı
həmən diqqətimi çəkmişdi. “Dilçi alimdir, amma görək, təkcə
sözün yox, bədən dilinin, danışıq tonunun da
özəlliklərinə bələddirmi?” – deyə
onun guya yol verəcəyi yanlışlardan guya alacağım
ləzzəti göz önünə gətirmiş və ilk
proqram efirə getmədən bu virtual “ləzzəti” ortaq
dostumuz Niyazi Mehdi ilə də paylaşmışdım. “Bədbəxtlikdən” xam xəyallarım
alt-üst oldu və dostarası məzələnmə
qıtlığını kompliment bolluğu
əvəzlədi. Efirdəki Kamal Abdulla
eynən həyatdakı Kamal qədər özgüvənli
və bilgin, diri və duyğuluydu. Örnək
nitqi vardı. Səsi, intonasiyası
yerli-yerində, həm teletamaşaçı, həm də
müsahibləriylə göz təması lap
dərsliklərə salınasıydı. O,
bənzəyənlərdən yox, olanlardan idi və
şəxsə deyil, şəxsiyyətə
çevrilmişdi!.. Və
bu özəlliyi “Qoşma”da doyum nöqtəsinə
çatdı.
Yazıçı
Ənvər Məmmədxanlıyla müsahibəsi
indiyədək yadımdadır. Kamalın
“empatiya” qabiliyyəti – özünü müsahibin yerinə
qoyub, onun sevdiyi və sevmədiyi özəllikləri
öyrənmək bacarığı, müsahibində
“ərimək” istedadı, yalan olmasın, fantastik
səviyyədəydi. İndi TV-də
veriliş aparan həmkarlarım müsahiblərini anlamaq,
onların ləyaqətinə toxunmamaq şərti ilə
çətin suallar vermək vərdişləri qazanmaq üçün
həmin “Qoşma”dan dərs vəsaiti kimi yararlana
bilərlər. Sözügedən
müsahibənin başqa parlaq özəlliyi də “empati”
ilə yanaşı, aparıcının müsahibə
bəslədiyi “sempati” (rəğbət)
duyğularını nəzarətdə saxlamaq (və bunu
heç bir halda yarınmağa çevirməmək)
bacarığıydı. Bu, Kamal
haqqında onun bəzi paxıllarının uydurduğu mifi –
“nə olsun, çox ağıllı və savadlıdır,
niyə bizdən biri olmaq istəmir?” mifini alt-üst
etməyə yetdi. O, doğrudan da “bizdən biri”ydi, amma
onun “biz” anlayışı bəlli bir ərazi və milli
kimliklə hüdudlanmırdı. Kamal Abdulla
dünyanı dindirməyin, dünyanı Azərbaycana
gətirməyin və bu anlamda “biz”ə sərhəd
tanımamanın ardıcıl tərəfdarıydı.
Daha sonralar – ünlü alim və yazar
pilləsinə yüksəlincə, Azərbaycanı
dünyayla bütünləşdirmə
çabalarını gerçəkləşdirəcək, əsərləri
araçılığı ilə dünyayla neçə
dildə danışacaq, artıq dünya
vətəndaşı olmuş görkəmli
şəxsiyyətlərin intellektual incilərini oz doğma
Azərbaycan türkcəsinə çevirtdirəcəkdi.
Beləcə, “biz”in civarları əyalət
qapalılığından çıxacaq, kosmik genişlik
qazanacaqdı.
Sonda iki hekayə
Yox, sizə
çox xoşladığım “Adaş” və
“Çəngəl çiçəyi” hekayələrinin
məzmununu danışmayacağam. Oxuyan
oxuyub, oxumayan da, inşallah, oxuyar. Sadəcə,
bu 2 hekayədə müəllifin unikal obyektivlik və ya
müxtəlif baxışlar arasında balans
gözləmək, dəngə yaratmaq bacarığına
diqqət çəkmək istəyirəm. Balans qurmaq —
müəllifin təkcə gizlənməsi, duyulmaması
deyil, onun oxucuları qərar sahibinə çevirmək
üçün yox ola bilməsidir.
Necə deyərlər, müəllif insanları
dilləndirməkdən ötrü yaşamalı, amma
yönləndirməmək üçün ölməlidir!.. Bu azman paradoksu çözmək
həmişə böyüklük əlamətidir. Çağdaş jurnalistikada bu, yüksək
peşəkarlığa – danılmaz ustalığa
işarədir, ədəbiyyatda isə polifoniyaya. Başqa sözlə, Azərbaycan nəsrində daim
qıtlığını yaşadığımız bir
özəlliyə — adi yazara günün birində Nobel
mükafatının qapısını açacaq sanki
önəmsiz fərqə.
“Adaş” və
“Çəngəl çiçəyi” mənim oxucu
gözümdə nəsr inciləridir. Birində
(“Adaş”da) insanın klonlaşa bilməməsinin sirri
açılıb (işə bax, klon söhbəti elmi-tibbi
baxımdan gerçəyə çevriləndən sonra!),
keçmişlə indinin və gələcəyin iç-içə-qucaq-qucağa,
amma didişə-didişə yaşadığının
düsturu verilib və beləcə, ən sıradan, ən
adi insan da necə bənzərsiz və necə
adiyəsığmaz görünüb. Sanki
birsəsliliyə bürünmüş çoxsəslilik –
TƏKin Simfoniyası üzə çıxarılıb.
Hər şey sadə,
“Çəngəl
çiçəyi”, günümüzdən uzaq
əsrlərə deyil, tərsinə poyeksiyanın
simfoniyasıdır. “Adaş”da müəllif
öz işərisində görünməz-duyulmaz
varlığa çevrilibsə, 2-ci hekayədə
özünün deyil, Tarixin içində gözdən
oğurlanıb. Nə fironun
qəzəbindən, nə baş kahinin tilsimindən, nə
qədim Misirin heç bir ktabda və heç bir
təsəvvürdə olmayan gizlinlərindən, nə
də çəngələ keçirilib
çiçəyə çevrilmə
işkəncəsindən çəkinir. Olsa-olsa, yoxa
çəkilib baxır-görür-sezir... Heç
nəyə müdaxilə etmədən gördüklərini
oxucuya yetirir: “Yolun o biri üzündəki
çəmənlikdə rəngbərəng
çiçəklər göz önündəcə bir-bir
torpaqdan ağır-ağır dikəlib al,
qırmızı, sarı libaslara bürünmüş
adamlara çevrilirdilər”... Hər şey çətin,
bilinməz, ağılalmaz və hər şey Asan, Bilinən,
Anladıcı! Tarixin
dilində-dialektində-ləhcəsində
danışdıra bilmək tək-tük yazara nəsib olur
və bu, Kamal Abdullanın danılmaz özəlliyidir.
Düzdür, daha önəmli və daha dəyərli olan
sanki müəllif müdaxiləsinə ehtiyac duydurmamaq, sanki
sənədli olaydan söz açmaq və sanki hər cür
uydurma və yalanlardan uzaq durmaq, amma oxucunu titrətmək, ona
ruh vermək, sanki özünü deyil, öz oxucunu
müəllifə çevirmək bacarığıdır. Fenomenal deyilmi? Bilimi və Duyumu
özündə bu dərəcədə
birləşdirmək, Azərbaycan ədəbiyyatında,
məncə, Kamal Abdulladan başlayıb.
Və lap sonda: rektorun
tələbə dostları
Belə bir
durumu göz önünə gətirin. Təsəvvür
edin ki, qalınqafalılıq (təbabət predmeti olmayan
hallarda) qalın qaftan geyinib dövri-bərimizi tutub. Bir başqa sözlə, əyalət
düşüncəsinin yoluxucu virusu sağa-sola
yayılıb. Əyalət ruhu varsa,
elmdə özünəqapalılıq, sənətdə
özünəvurğunluq, gündəlik həyatda
özünüdartma və cəmiyyətdə durğunluq
hökm sürəcək, düzdürmü? Demək, hər yanı (yəni Azərbaycanı)
özündənrazı, amma aciz, amma paxıl, amma
mısmırıqlı adamlar saracaq və elmdə də,
sənətdə də gerçək sadəlövhlər,
romantiklər, sözün yaxşı mənasında
əcaib-qəraib insanlar, sevməyi bacaranlar qəhətə
çıxacaq. Dünya lap daralacaq və
əyalətləşmə doyum nöqtəsinə
çatacaq. Neyləyəcəksiniz?
Hərə bir
çıxış yolu düşünə və yaxud
çiynini çəkə bilər. Kamal
Abdulla nə qanqaraldan təsvirləri, nə də
kefaçan uydurmaları sevir. Sadəcə,
işə dəyər verir. Başqalarından da
istədiyi budur: bilib-bacardığını
gerçəyə çevir. Beləcə, BSU-nun
neçə-neçə xarici universitetlə
bağlantıları və iş birliyi qurulub. Başqa
sözlə, əyalət buzu əriməyə,
mısmırıqlar açılmağa başlayıb.
Bütün bunlar həmin universitetin jurnalistika
şöbəsindən də yan ötməyib. Şahidi olduğum bir epizodu misal gətirim.
Ongünlük
təlim bitmişdi. Tələbələr
sevincdən uçurdular. Zarafat deyil,
vur-tut bir neçə günə kamerayla çəkməyi
və videomontajı öyrənmişdilər. Ən azı, təməl vərdişlər
qazanmışdılar. Ara-sıra
“Rektorumuz bizdən çox sevinəcək!” sözləri
qulağıma dəyirdi. Dözməyib soruşdum:
–Rektoru nə vaxt görürsünüz ki? Axı
dərs keçdiyiniz yer əsas binadan xeyli uzaqdadır.
Həmən cavab verdilər: — Ora getməyə nə ehtiyac?
Özü yanımıza gəlib görüşür də!..
BSU-da oxuyan 10 nəfər
gələcək jurnalistin az qala xorla
söylədiyi bu apadi sözlərdə yalnız
pedaqoqların anlayacağı sehr vardı.
Öyrənmək+Bilmək+Bacarmaq sevincindən
püskürən sehr! Öncələr
Kamalların olduğunu bilirdim. İndi
Kamal Abdulla var. Gələcəkdə də Kamallar olacaq.
Kamal Abdulla varsa, mütləq olacaq!..
Zeynal
MƏMMƏDLİ
525-ci
qəzet.- 2010.- 4 dekabr.- S.22.