NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

Toplayanı, ərəb əlifbasından

latın qrafikasına çevirəni

lüğətin tərtibçisi:

Şirməmməd Hüseynov

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ORDAN-BURDAN

Bizə dair

Müsəlmanların “igid”ləri çoxdur. Yəni müsəlmanlar içində “igid” və “nəcib” adam az degil.

Məsələn: əgər bir dəstə haman “igid” və “nəcib” adamlardan ola və hərəsinin də belində bir danə əfsərski pişto ola. Bir gün gələlər şəhər bağına və orada bir urus uşağına sataşalar, əgər urus uşağı durub onların birinə bir tərs şapalax vura ki, şaqqıltısından qulaq tutula, “haman igid”lər heç vəqt qorxub qaçmazlar və sonra da qorxularından haman rus ilə dost olub qol-qola gəzməzlər.

lll

Müsəlmanların mehmannəvaz adamları da çoxdur. Yəni müsəlmanlar içində çox qonaqsevən və qəribi dost tutan adamlar vardır. Məsələn, əgər bir kişi gəlib bunların birisinin evində qonaq ola, səhər yerdən duranda görər ki, cibi sağ və səlamətdir və bir qəpiyi də oğurlanmayıbdır. Və yainki bir qərib gəlib birisinin qonşusu ola-heç vaxt onun evini daşa basmazlar və heç vaxt onun evini yarmazlar.

Müsəlmanlar içində xain, tamahkar adam yoxdur. Yəni müsəlmanlar bir-birinə o qədər mehribandırlar ki, heç vaxt bir-birinin xainliyini çəkməzlər və istərlər ki, özlərinə nəf olan kimi özgələrə də olsun. Məsələn, əgər bir müsəlman dükançısı görə ki, bir ayrısı da gəlib onun yanında dükan açıbdır-heç vaxt ona kağız yazdırıb deməz ki, əgər burdan təşrif aparmasan dükanını dağıtdıracağam və özünü də öldürəcəyəm.

Qərəz, camaatımız içində “gözəl” sifətli adam çoxdur. Ancaq mən bu¬ra¬da hamısını demək istəmirəm. Çünki öz-özümüzü tərifləmək bir az yaxşı degil.

lll

İrana dair

Bizə belə xəbər gəlibdir ki, bu saat İranın cəmi adamları üç böyük partiya olubdurlar.

Bu partiyalardan biri diyor ki, gərək İran “məşrutə” olsun.

O biri partiya diyor ki, xeyr, İran “məşruə” olsun.

Üçüncü partiya diyor ki, yox, gərək İran “məşrubə” olsun.

Hökumət dəxi qalıb əli qoynunda. Bilmir ki, bunların hansına qulaq versin. Ancaq Avropa padşahlıqları ona məsləhət görürlər ki, görsün bu üçüncü partiya ilə əlbir ola bilərmi?

lll

Firəngistana dair

Bu saat Firəngistanın aşağı tərəfində bir “vur çatlasın”dır ki, gəl tamaşa elə. Buna da səbəb odur ki, Firəngistanın haman yerlərində xalqın dolanacağı çaxır qayırıb satmaqladır. Amma di gəl ki, bu il orada çaxır boldur, amma alan yoxdur. Ona görə xalq da güzərandan düşüb hökuməti qısnayıblar ki, ya bu saat bizə çörək ver, ya da çaxırımızı sat.

İndi Firəngistan hökumətinin cəmi ümidi ondadır ki, bəlkə İran “məşrutədən” dönüb “məşrubə” ola və Firəngistanda satılmayan çaxır boçkalarını oradan yumalıyalar düz İrana.

Filankəs

“İrşad”, 1 iyun 1907, ¹ 102

Felyetonda birinci bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 266 –267; 2-ci c. 2005, səh. 346 –347).

məşrutə-konstitusiyalı, konstitusiya

məşruə-plan, layihə

məşrubə-içiləcək şey, suvarılmış

ORDAN-BURDAN

“Molla Nəsrəddin”

Dövlət dumasını bağladılar...

“Molla Nəsrəddin” jurnalını dəxi bağladılar...

Dövlət dumasını bağlayan hökumət oldu...

“Molla Nəsrəddin”i də bağlayan hökumət oldu...

Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar, padşah əmri ilə, amma, “Molla Nəsrəddin” jurnalını-danos ilə!...

Bəli, aləmə məşhur olan qədim Molla Nəsrəddini dəxi müstəbid və müstəbidlər xadimləri haqq və haqqaniyyəti üstündə sevməyib, o qədər incitdilər ki, yazıq axırda özünü dəliliyə vurdu...

“Molla Nəsrəddin”in bir o qədər “siyasi töhməti” yox idi ki, hökumət əhlinin xatirinə dəyə və onu da “müzürr məsləkinə görə” bağlaya idi. Xeyr! “Molla Nəsrəddin”in rus hökuməti ilə bir o qədər işi yox idi. Bəlkə onun işi bizim öz “hökumətimiz” ilə idi. Yəni “Molla Nəsrəddin” haqq söz danışırdı.

Və haqq və həqiqət acı olduğuna görə biz həmişə “şirni” yeməyə öyrənmiş “hökumətimiz”in xoşuna gəlmədi və gəlməyən surətdə “hökumət” hökumətə danos verib, haqq və həqiqət ağzını yumdurdu...

Lakin yumdura bildimi?

Bu özgə məsəldir. Bunu get cəmaətdən xəbər al, desin!!

Durnovonun bijligi

Stolıpindən qabaq Vitte ilə iş görən “məşhur” Durnovonu oxucularımız yaxşı tanıyorlar.

Bu günlərdə xəbər çıxmışdı ki, guya Durnovonu genə Stolıpinin yerinə qoyacaqdırlar. Bu xəbəri təhqiq eləmək üçün Durnovo bu cürə bir kələk qurur:

Hökumətə diyor ki, mənə izn ver çıxım gedim zaqranitsaya, çünki, kələkbaz özü bilir ki, hərgah bu xəbər doğru olsa, hökumət izn vermiyəcəkdir.

Hökumət isə diyor: buyura bilərsiniz! Durnovo üzə düşüb çıxır gedir...

lll

Telfon ilə söhbət

–Salam əleykim!

–Əleykəssalam, sabahın xeyir olsun!

–Sənin də gözün aydın olsun.

–Necə?

–Axtarıbdırlar?

– Ba, hamısını?

–Hə, hamısını!

–Çox gözəl. Bəs nə tapıbdırlar, kimi Sibirə göndərirlər, hansını boğazından asacaqdırlar, bir tez nəql elə görüm. Əşi, səni xeyir xəbər olasan!

–Balam... Utanıram deməgə heç zad tapmıyıbdırlar ...

–Mən ölüm??

–Sən öl!

–Bə, bu olmadı ki... Bəs kimi tutublar?

–Genə heç kəsi... Sonra tutsalar da bir saətdən sonra buraxarlar ...

–Yox, aşna, bu olmadı ... Mən belə demirdim ...

–Nə eləmək? Bu səfər belə oldu, Allah qoysa gələn səfər özgə cürə olar. ...

–(Bir az fikirdən sonra)-Mən ölüm məni tovlamırsan ki?

– (Tələsik) Bıy, bu sən öl, arxayın ol, bu nə sözdür tovlasam, mən gərək namərd olam!

–Xudahafiz.

Filankəs

“İrşad”, 12 iyun 1907, ¹ 109

Felyetonda ikinci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 275; 2-ci c. 2005, səh. 351)

 

ORDAN-BURDAN

“İran xəzinəsində pul yoxdur”

Qəzetələrdən

Əmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söylənməgə:

– “Bəli, gedək pul dilənək!... Qəribə işdir, vallah, İranın rəiyyəti də dilənsin, vəziri də!... Amma ... zərər yoxdur, mənə də “Süpəhsalari-külli-qoşuni-İran, vəziri-hərb Əmiri Bahadırı Cəng” deyərlər ki, bu saat mənim adım dünyanın hər tərəfində söylənir!!”.

Özünə bu cürə təsəlli verib, Əmir Bahadır bir qapını dögdü, səs gəldi: kimsən? Cavab verdi ki, “Süpəhsalari-külli-qoşuni-İran, vəziri-hərb, Əmir- Bahadıri-Cəngəm!”.

Qapı açılıb daxil oldu...

Barı heç olmasa yarımca milyon versəniz, bizim işimizi düzəldərsiniz. Haman pul ilə biz İranı sakit edərik və Siz də gəlib əvvəlki kimi İranda alış-veriş edib, on qat mənfəət qazanarsınız!

–Bəs girov nə qoymaq istiyorsunuz?

–Girov?... Nə girov?

–Haman o girov ki, şah rus bankına qoyub bir az pul götürdü!

–Çox gözəl!... Papağımı girov qoyaram!

–Xan, sizin papağınızın qiyməti, ha özünü öldürə, on beş manatdan yuxarı olmaz, halbuki yarım milyon pul istiyorsunuz!

–Xeyr!... Siz məni başa düşmədiniz. Papaqdan məqsud mənim bu başımdakı papaq degil, bəlkə mən “Süpəhsalari külli-qoşuni-İran, vəziri-hərb, Əmiri-Bahadıri –Cəngin” namusudur. Yəni əgər sizin pulunuz geri verilməsə, onda mən gərək binamus olam və bu papaq ki, bu saat başımdadır, çıxardam və başıaçıq gəzəm. Hərçəndi sizdə başıaçıq gəzmək ayıb degil, amma bizdə böyük binamusluqdur.

–Yox xan, biz o sövdaya girişə bilmərik!

–Yaxşı, “Süpəhsalari-küllü-qoşuni-İran, vəziri-hərb, Əmiri-Bahadıri- Cəng” Sizdən borc pul istiyor, –Siz də vermirsiniz?!

–Yox, verə bilmərik!

–Yaxşı, İran padşahı ki, ona Zillüllah və Şahənşah-Məmaliki-Məhrumeyi-İran deyirlər, o, “Süpəhsalari-küllü-qoşuni-İran, vəziri-hərb, Əmiri-Bahadıri-Cəngini” göndərib sizdən yarımca milyon pul istiyor, vermirsiniz?!

–Yox, vermirik.

–Di onda bari bir qədər cib xərcliyi verin... Məsələn, üç yüz min!

–Olmaz xan!

–İki yüz min!

–Olmaz!

–Yüz min!

–Olmaz!

–Əşi, zərafət eləmə!

–Yox, bizərafət, olmaz.

–Di əlini cibinə sal, gör nəyin var?

–Cibim yanımda degil...

–!!?...

–Verdilərmi?

–Bəli verdilər!... Bir qəpik də vermədilər!

–Bəs nə tövr olsun?

–Nə tövr olacaq? Sən də, mən də yığaq görək qızıldan-mızıldan nəyimiz var, aparaq tökək bu kafirlərin qabağına, soxsunlar gözlərinə, pul versinlər! Ayrı əlac yoxdur.

Müxtəlif fikirlər

–Görəsən bu sərbazın əlində tüfəng qapının ağzında durub bizi gözləməkdən məqsədi nədir? Yoxsa bizi pişiklərdən qorumaq istiyor?

İran xəzinəsində sakin olan siçanlar.

lll

–Əşi, əvvəllər hardan olsa, genə İran qərib-qürəbasının ciblərini iyləyib bir şey tapırdıq, amma indii.... hapçixi!-Yəni bir az səbr elə!

Əmir Bahadır Cəngin burnu.

lll

–Gəldim İranə

Qoydum viranə!

Lyaxovun gordası

lll

–Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir. Sabahadək subaşına getməkdən yoruldum.

Mir Haşımın aftafası

–Bir zaman var idi ki, istiyordum tac olam, amma qorxurdum ki, başımı əzib beynimi çıxarda!

Zillisultanın papağı

–O qədər həram yedik ki, axırda ishal azarına düşdük.

Osmanlı sabiq vəzirlərinin cibləri.

Filankəs

“Tərəqqi”, 17 avqust 1908, ¹ 31

Felyetonun mətnində ixtisar yoxdur. Ancaq bəzi ciddi xətalar var. Məsələn, “Sizdən borc pul istiyor” – “Sizdən pul istiyor”, “Di əlini cibinə sal” – “Bir əlini cibinə sal”, “Di ondan bari” – “Di bundan bari”, “Zillisultanın papağı” – “Zillisultanın palazı” kimi və s. Bu isə fikir və mətləblərin müstəqilliyinə xələl gətirmişdir. Qəzet mətnində olduğu kimi verilir (bax. 4-cü c. 1968, səh. 27 –28; 2-ci c. 2005, səh. 18 –19).

ÜSULİ-TƏBİİ

(Müxtəsər cavab)

Müəllim Əli cənablarına

Əfəndim, məqalənizdə başdan-ayağa qədər zərrəcə məntiq yoxdur. Əvvəlcə “Üsuli –təbii”nin əcnəbi bir dili ögrənmək üçün “ən təbii və ən asanraq olduğunu” özünüz iqrar ediyorsunuz. Bədə “Üsuli –təbiini” pisləyib məktəblərimizdə (öz təcrübəniz göstərdiyi üzrə!) yaramaz olduğunu isbata çalışırsınız. Axırda da hər iki üsulun tətbiqini müəllim özü yaxşı bilər və bu yolda danışmaq müəllimin haqqına təcavüzdür-məalində sözlər deyib, ən başda özünüz “əhəmm” adlandırdığınız məsələnin üstünü örtmək istiyorsunuz! Görünür ki, məqalənizin axırını yazdıqda, başda nə yazmış olduğunuzu xatirinizdən çıxardıbsınız.

Bədə əzcümlə yazırsınız ki, “Üsuli –təbii” o halda yarar ki, uşaq ögrəndiyi dildən başqa özgə bir dil ögrənməsin.

Xeyr! Üsuli-təbii hər yerdə və hər halda yarar. Ancaq bəzi halda-verəcək olduğu səməri tez bir zamanda verər, bəzi halda da haman səməri gec zamanda verər.

Məsələn: mən yapon dilini üsuli-təbii ilə Bakı şəhərində iki-üç il ərzində ögrənərsəm, haman dili haman üsul ilə Yaponiyanın özündə beş-altı aya qədər ögrənərəm.

Əcəba, bu iş bunu isbat edirmi ki, haman yapon dilini Bakıda mən tərcümə üsulu ilə iki-üç il ərzində-məsələn bir il və ya ilyarımda ögrənərəm?!

Öylə olan surətdə bəs nə üçün yeddi-səkkiz il fars və ərəbcə tərcümə üsulu ilə dərs alan tələbələr ən asan bir cümləni fars və ərəbcə söyləmək üçün dörd saət hıqqanırlar?!

Buyrursunuz ki- uşaq əcnəbi dilindən üsuli-təbii vasitəsilə ögrənmiş bir-iki sözü “dörd tərəfdən əsən bu yellərin (yəni ana dilinin) qabağında xatirində saxlaya bilərmi?! Rəfiqim, sizin bu sözləriniz üsuli-tərcüməni müdafiə degildir.

Bəlkə haman üsuli daha da heç məqamına gətirməkdir. Çünki, üsuli-təbii vasitəsilə ögrənilmiş sözləri xatirində saxlaya bilməzsə, üsuli-tərcümə ilə tədris edilmiş sözləri bilkülliyyə unudar.

Səbəbini qabaqda ərz etmişəm. Görünür ki, öylə mühüm yerlərə diqqət yetirmək istəmiyibsiniz.

Təkrar ərz edirəm:

Ancaq əvvəlcə bu bir-iki sözü diyoram ki: həqiqət aranılan yerdə ifrat və təfrit lazım degil, siz baltanı dibindən vurursunuz. Sizin o sözlərinizdən bu çıxır ki, heç dil ögrənmək mümkün degildir, çünki, “dörd tərəfdən əsən yellər (ana dili) məmaniət göstərirmiş”, bu isə müğayir həqiqətdir.

Allah-taala insanı o qədər zəif yaratmıyıbdır ki, bir dildən başqa xatirində özgə bir dil saxlaya bilməsin. Halbuki, beş-altı dil bilən adamlar çoxdur.

Mən özüm və mən ilə bərabər igirmiyə qədər yoldaşım seminariyanın axırıncı klasında olarkən gürcü məktəbində-gündə üç saət rus dili ögrənib də başqa zamanları öz evlərində ana dilinin seli içində keçirən gürcü uşaqlarına üsuli-təbii ilə bir il dərs verib də, bir ildən sonra bu uşaqların öz fikirlərini ifadə edəcək qədər rusca danışa bilmələrini görüb, zəhmətimizin yaxşı səmərə verdiyindən dolayı şad və xoşhal olduq.

Və genə mən Bibiheybət məktəbində ləzgi uşuqlarına türk dilini üsuli-təbii ilə tədris edib, uşaqların bir sənədə türkcə danışdıqlarını görüb şad olmuşam və genə haman məktəbdə türk uşaqlarına iki il tərcümə üsulilə rus dərsi verib şagirdlərimin bu iki il ərzində iki kəlmə rus sözünü bir-birinə yaraşdırıb deyə bilmədiklərini görüb məyus və mükəddər olmuşam. Deyəcəksiniz ki, ehtimal mən pis dərs vermişəm!

Bilmirəm! Hər halda mən çox çalışmışam və ana dilinin də rus dilinin tərcüməsi təsirilə xarab edilməməsinə artıq səy etmişəm.

Yuxarıdakı mətləbə qayıdaq! Siz iddia edirsiniz ki, üsuli-təbii ilə tədris olunan sözlərin mənasını uşaqlar yaxşı anlamazlarmış ...

Halbuki üsuli-təbiiyəyə ətraflıca bələd olan müəllimə böylə sözlər yaraşmaz.

Əfəndim, bilmirsinizmi ki, üsuli-təbii ilə tədris olunan əcnəbi sözlər uşaqların zehnində daha bərk yer tutur, nəinki tərcümə edilmiş kəlmələr. Çünki üsuli-təbii ilə ögrədilən kəlmələrin mənasını uşaqlar özləri tapıb həmin sözlərin nə ifadə etdigini və anna dillərində nəyin müqabil olduğunu şagirdlər özləri kəşf edirlər. Və burası da sizə məlum olmalıdır ki, bir şey kəşf edilən surətdə daha yaxşı yadda qalar. O səbəbdəndir ki, əfəndim, didaktika tələb edir ki, bir qaydanı (məsələn, hesabdan, sərf-nəhvdən və hər nədən olursa –olsun)-uşaqlara tədris edən zaman əvvəlcə qaydanı şagirdlərə deməməlidir. Ancaq dərsi elə bir yola salmalıdır ki, şagirdlər özləri həmin qaydanı kəşf etsinlər. Çünki o surətdə qaydanın əzbərlənməsi şagirdlər üçün asan olar. Zira özləri kəşf etmişlər və saniyən bu kəşf etmək yolunda şagirdlərin əqli, dərrakəsi, zehni tərbiyə tapıb, getdikcə kəsbi-qüvvət edər (didaktikada və ümum pedaqojiyada “analiz”, “sintez”, “deduksiya” və “induksiya” bəhslərinə təkrar müraciət etməniz tövsiyə degil, rica olunur).

Məsələ aydındır, məsələn, “ya siju” cümləsinin mənasını müəllim desəmi uşağın yadında bərk qalar, yoxsa uşaq özü onun mənasını kəşf etsə?!

Və bir də, əfəndim, siz mənə bir irad tutubsunuz ki, o iradı əvvəllərdə student Mir Hidayət cənabları tutmuşdu, lakin Mir Hidayət cənablarının öylə bir iradə haqqı vardı. Çünki o kişi pedaqoq olmadığını özü təsdiq edir. Lakin sizin öylə bir iradə haqqınız yoxdur.

Əfəndim mən bir bu qədər yazdığım məqalələrimdə nə tərcümə üsulilə, nə də üsuli-təbii ilə verilən dərslərin nümunəsini yazmadım və yazmağı da lazım bilmədim. Çünki əvvəla, mənim muradım yalnız müəllim arkadaşlar ilə söhbətdir. Müəllim yoldaşlarım isə hər iki üsulu ehtimal bilirlər və zatən bilməyə də məcburdurlar və saniyən qəzetə sütununda “konspekt”lər çap edə bilmirəm. Mən ancaq tərcümə üsulunda uşağın passiv rolda və üsuli-təbiidə həmin uşağın aktiv rolda olduğunu göstərməgə çalışmışam.

Binaən əleyh “loşad bejit” sözlərinin üsuli-təbii ilə tədrisini göstərdikdə, mənim muradım şagirdlərin nə tövr ciddi surətdə dərsdə iştirakını və sözün mənasını kəşf etdiklərini göstərmək idi. Binaən əleyh “toje”, “eto”, “çelovek”, “sobaka” və i. a... sözlərinin tədrisini göstərməyə heç bir ehtiyac yox idi. Siz buyurursunuz ki... “lakin bunların mənalarını Üzeyir onlara nasıl öyrədib, yazmayıbdır?”

Xub, mən sizdən sual edirəm: əgər mən onların da tədrisini yazsaydım, o halda siz məndən “ya”, “iqrayu”, “çitayu”, “spit”, “spal” xülasə bütün rus kəlmələrinin nasıl tədris edilməsi lazım olduğunu məndən sual etməyə haqqınız olmazdımı? Əlbəttə olardı. Lakin mənim həmin sözlərin qəzetə vasitəsilə tədrisini göstərməgə iqtidarım olarmı?

Fərz edəlim olar. Fəqət bircə siz mənə deyin görüm: bu sözlərin, yəni bilkülliyə bütün sözlərin üsuli-təbii ilə nasıl tədris edilməsi lazım gəldigini məndən neçin sorursunuz? Görünür ki; ya siz özünüz bilmirsiniz, yaxud məni imtahana çəkmək istiyorsunuz? Bu iki şeydən xali degildir.

Əgər məni imtahana çəkmək istiyorsunuzsa, o halda deməli siz üsuli-təbiini qəbul edibsiniz, ancaq iş ondadır ki, görək Üzeyir də bu üsulu bilirmi. Lakin bu degil, çünki siz üsuli-təbii tərəfdarı degilsiniz. Onda görünür ki, sizin üsuli-təbiidən bilkülliyə xəbəriniz yoxdur. Çünki fövqəlzikr sözlərin üsuli-təbii ilə nə tövr tədris edilməsi lazım gəldigini bilmiyorsunuz ki, məndən soruşursunuz!

Bəs, bir halda ki, sizin üsuli-təbiidən xəbəriniz yoxdur, bəs nə əsas və nə insaf ilə meydana çıxıb: üsuli-təbii bizlərdə yaramaz diyorsunuz?! Yəni ətraflıca bilmədiginiz bir şeyi nə tövr tənqid edə bilərsiniz?

Gələk üsuli-tərcüməyə.

Əfəndim, üsuli-tərcümə ilə dərs vermək üçün hər iki dili mükəmməl surətdə bilmək lazımdır. Dilin birini yaxşı bilib o birini pis bilərsənsə, dərslərindən heç zad çıxmaz və ancaq bilmədigin dili xarab edərsən. Keçən səfər mən bu barədə müfəssəl yazmışdım. Əbəs yerə siz diqqət yetirmiyibsiniz.

Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhətincə sırf bisavaddırlar. Bədbəxtlik burasıdır ki, öz türk dilimizi öyrənmək həvəsi də biz müəllimlərdə yoxdur. [Biz türk dili üzrə böyük bir padşahlıq təsis etmiş olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə xarab olub türklük ruhunu itirmiş olan dilimizi tazədən ögrənmək əvəzinə hələ osmanlıları bəgənmiyib sərf cahili olduğumuz bu məsələ üstə onlar ilə mübahisəyə də cəsarət edirik!]

Sizin həmin bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcə yazılmayıbdır, ruscadan tərcümə edilibdir. Yəni siz (və mən) əvvəlcə rusca fikir edib sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəndir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırsınız:

“Unutmamalı ki yoldaşımız Üzeyir şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmiyor...”

Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur. Bax, ruscasını yazım, bir-birinə tutuşduraq:

“Ne nujno zabıvat, çto tovariş... etu statğö po russki prepodaet tem uçenikam, kotorıe ne znaöt znaçenie ni odnoqo slova...”

Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişlər ki, türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də diyoram ki, bu sözü tərcümə üsulilə dərs verən müəllimlər, rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar; onun istemalı dil üçün lüzumsuz bir ağırlıqdır.

Haman mətləbi bu cürə demək olardı:

“Diqqət yetirməli”: Üzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmiyorlar.

Digər bir yerdə yazırsınız: “...Mən bu əqidədəyəm ki, əgər o halətin birindən çıxmaq tərcümə üsulu ilə asanlıq olar”.

Diqqət yetirməli: “o halətin birindən çıxmaq” –yəni (vıyti iz gtoqo polojeniə).

Bəli! Yoldaşım müəllim Əli! Sizin və bənim məqalələrimiz tərcümə üsulilə verdiyimiz dərslərin nümunələridir ki, rusca “kotorıy” sözü düşəndə “hansı ki” və “vıyti iz gtoqo polojeniə” kimi sözləri də “o halətdən çıxmaq kimi” ümumi türk dilinə və bizim avamların dilinə də müqayir sözlərlə tərcümə edib dilimizi puç və xarab edirik.

Canım! Həqiqəti inkar etmək nəyə lazım? İndiki müəllimlərin tərcümə üsulilə dərs verməsi bir tərəfdən dilimizi xarab edir, digər tərəfdən uşağa ruscayı ögrətmiyor. Oylə isə, hər iki dili öz-özlüyündə ayrıca olaraq üsuli-təbii ilə öyrətmək yaxşı degilmi?

Vallah, bizim bu günkü dilsizligimizə, ədəbiyyatsızlığımıza bir tərəfdən fars və digər tərəfdən də rus dillərinin tərcümə vasitəsilə aramızda tədris edilmələri səbəb olubdu.

Və bir də, əfəndim, mənim məqaləmi tənqid edərək, bir yerində mötərizə içində olaraq deyirsiniz ki: “Bu sözlərdən özgə bir iy gəlir”. Sizdən təvəqqim budur ki, bir də mənim məqaləmi iyləməyəsiniz, əfəndim.

Üzeyir

“Tərəqqi”, 1 aprel 1909, ¹ 67

Məktubda ixtisar edilmiş parçanı əhəmiyyətinə görə qara şriftlə veririk. Məqalədə bir sıra digər xətalara da yer verilmişdir. Məsələn, sərlövhədə “Müxtəsər cavab” ixtisar edilib; “sözlər” əvəzinə “sirlər” yazılıb, bəzi sözlər ixtisar edilib, bəlkə də düşüb və i.a. (bax. 4-cü c. 1968, səh. 109 –113; 2-ci. c. 2005, səh. 72 –76).

(Ardı var)

Üzeyir HACIBƏYLİ

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2010.- 4 dekabr.- S.20-21.