20 yaşlı XƏZƏR
Müasir Azərbaycan mətbuatı
tarixində, son dövr mili mətbuatımızın təşəkkül
tapmasında və formalaşmasında müstəsna xidmətləri
olan “Xəzər” jurnalının 20 yaşı tamam olur. Öz dəsti-xətti
ilə seçilən bu jurnal daim sıravi oxucuların və
ziyalı elitasının diqqətində olub. Onlar zaman-zaman
bu jurnal barədə fikirlərini və təəssüratlarını
bölüşüblər. “Xəzər” müəyyən
maddi səbəblərə görə bu gün əsl qiyafəsində
görünə bilməcə də oxucularıyla ünsiyyətini
kəsmir. Belə ki, jurnal mütəmadi olaraq
oxucularıyla öz internet versiyası vasitəsilə (xezer.az) görüşür.
Yubileyi münasibətilə Azərbaycanın dəyərli ziyalılarının jurnalla bağlı fikirlərini təqdim edirik.
Elçin:
Belə bir çətin vaxtda “Xəzər” kimi ciddi ədəbi nəşrin varlığını mən müasir ədəbi həyatımızın çox əhəmiyyətli bir hadisəsi hesab edirəm və Afaq xanım başda olmaqla, Tərcümə Mərkəzinin bütün yaradıcı kollektivini, jurnalın redaksiyasını bu yubiley münasibəti ilə həm təbrik edirəm, həm də bir oxucu kimi təşəkkürümü bildirirəm. Mən o “çətin” sözünü maddi mənada işlətmədim, söhbət, bədii-estetik meyarların aşağı düşdüyü, ədəbi makulaturanın hegemonluq etdiyi, anti-ədəbiyyatın ədəbiyyatı, primitiv (bəzən də qərəzli!) həvəskar mühakimələrin tənqidi fikri üstələdiyi bir dövrün (dövrümüzün!), gerçəkliyimizi səciyyələndirən çətinlikdən gedir və belə bir boğucu ədəbi mühitdə, xüsusən də, əlaqədar təşkilatların ədəbi biganəliyi və gözəl bir mürgü içində olduğu bir zamanda “Xəzər”in nəşrini – qaranlıq içində adda-budda sayrışan işıq parçası sanmaq olar.
Mənim bəyəndiyim əsas cəhət odur ki, “Xəzər”-in ümumi mündəricatı yaxşı zövqdən xəbər verir və orası da çox mühümdür ki, jurnalın həm coğrafi, həm də estetik əhatə dairəsi də genişdir. Konkret nümunələrə gəldikdə, mənim üçün – görünür, yaşdandır – esselər, məqalələr, məlumatlar daha maraqlıdır. Serqey Dovlatovun Amerika etüdlərini, Cəmil Mericin, de Unamunonun esselərini, Heminqueyin və Tomas Vulfun məktublarını, Reyfildin qeydlərini, Pamukun İstanbulla bağlı kitabından parçaları, “Prust anketi”- ni, Darrel qardaşları ilə bağlı yazını və digər bu səpkili materialları maraqla oxudum. “Xəzər”- dəki bədii yazıların çapı da çox vacib bir işdir. Cavanlıq çağlarımda mən Leonid Andreyevi və onunla bağlı nə vardısa – tapıb oxuyurdum və “Yeddi məhbusun hekayəsi”-ni də elə o vaxtlar əlçatmaz, ünyetməz bir həvəslə tapıb oxumuşdum. Bu əsərləri “Xəzər”- də Azərbaycan dilində görmək mənim üçün çox xoş oldu. Yaxud, “Şekspir yaddaşı”-nı Afaqın gözəl tərcüməsində (özü də nostalji bir ovqatla) oxudum.
Dilin səlistliyi, bədiiliyi hər bir yazı üçün ilkin şərtdir və çox da zəhmət (və istedad!) tələb edən bir işdir. Xüsusən də, tərcümənin dili. Bu mənada “Xəzər”- də vəziyyət daha da mürəkkəbdir, çünki onun səhifələrində bədii təfəkkürlə bərabər, elmi təfəkkür də öz ifadəsini tapır.
Mənim üçün tərcümə – kəşfdir. Yeni hisslərin, tanımadığım koloritin, estetik özünüifadələrin kəşfi.
Mərkəzin fəaliyyətinin daha bir üstün cəhəti də odur ki, nəşr etdiyi tərcümə kitabları arasında əhəmiyyətsizi yoxdur.
Sabir Rüstəmxanlı:
“Xəzər” jurnalına qiymət verməmişdən əvəl, ilk növbədə Tərcümə Mərkəzinin işinə qiymət verməliyəm. Tərcümə Mərkəzi Azərbaycanda çox ağır ictimai-siyasi bir dövrdə yarandı. Və o yaranışda rəhmətlik Aydın Məmmədovun xidməti çox oldu. Ancaq bu ideya çoxdannan mövcud idi. Mərkəz uzun, keşməkeşli bir dövrü öz gücünə, heç bir dövlət vəsaiti və maddi yardım almadan yaşadı. İndinin özündə də Mərkəzin də, “Xəzər” jurnalının da işi göz qabağındadı. Mən Mərkəzin bu günəcən qorunub saxlanılmasında və bu günkü müqəddəs məramlı fəaliyyətində tanınmış, orijinal yazıçımız Afaq Məsudun rolunu xüsusilə qeyd etmək istəyirəm. Onun inadkarlığı, ədəbiyyata sevgisi və ardıcıl mübarizəsi nəticəsində Tərcümə Mərkəzi, digər nəşriyyatlar və qurumlar kimi dağıdılmadı, əksinə, özünü qoruyub saxladı və püxtələşdi. “Xəzər” jurnalı həm də mənim çox sevdiyim ziyalı, rəhmətlik Natiq Səfərovun adı ilə əlaqəlidir. Natiq Səfərovun tərcümələrini, ardıcıl olmasa da, jurnalın saylarında izləyirəm. Sevinirəm ki, bu jurnal Azərbaycanın mənəvi həyatına nüfuz etməyi bacarır. Bu gün “Xəzər” artıq öz dəsti-xətti ilə, ədəbiyyat seçimi ilə Azərbaycanın bədii tərcümə tarixində, çağdaş ədəbiyyatımızda çox ciddi bir mövqe qazanıb.
Küll halında Tərcümə Mərkəzinin də, “Xəzər” jurnalının da fəaliyyətini yüksək qiymətləndirirəm. Belə bir qurum əslində çoxdan yaranmalıydı. Sovet dönəmində bir çox respublikalarda bu sayaq mərkəzlər mövcud olsa da, bizdə yox idi. Bizim fikrimizcə, hələ o dövrdə Tərcümə Mərkəzi təkcə bədii ədəbiyyatın tərcüməsi ilə yox, həm də Azərbaycanda və dünyada baş verən elmi, ictimai-siyasi prosesdə işlənən mətnlərin də tərcüməsi ilə məşğul olmalıydı. Lakin, məlum səbəblərdən, 90-cı illərdən bu yana ölkədə gedən dəyişkən ictimai-siyasi proseslərin yaratdığı ağır iqtisadi durumdan Mərkəz dövlətin nəzər-diqqətindən kənarda qaldı və nəzərdə tutulan bu mühüm işləri həyatı keçirə bilmədi. İndi kifayət qədər özəl tərcümə xidmətləri yaransa da, onların qeyri-peşəkar səviyyəsi, bədii tərcüməni, terminalogiyanı bilməmələri bir çox neqativ hallara gətirib çıxarır, dilimizə yad sözlərin keçməsinə səbəb olur. Tərcümə Mərkəzi, əslində bütün bu prosesləri özündə cəmləşdirən dövlət əhəmiyyətli bir qurum olmalıdır. Yəni Mərkəzin texniki, elmi, ictimai-siyasi sahələri əhatə edən müvafiq şöbələri olmalıdır. Hətta qanunların tərcüməsi sahəsi də bu peşəkar quruma həvalə edilməlidir. Bunun dilimizə də, ədəbiyyatımıza da xeyli müsbət təsiri olar.
Bədii tərcüməsiz millətlər mənəvi cəhətdən çox kasıb olar. Bu baxımdan, Azərbaycanda tərcümə sənətinin yaşı ədəbiyyatımızın yaşı qədərdi. Azərbaycanın bugünkü ədəbiyyatı mənəvi, elmi, bədii səviyyəsinə görə həm də tərcümə ədəbiyyatına borcludur.
Yaxşı ki, Tərcümə Mərkəzində və “Xəzər” jurnalında əsas meyar keyfiyyətdir. Sözü gedən dərgidə Nobel mükafatı almış və müxtəlif ədəbi ödülləri olan yazarların, həmçinin, dünya populyarlığı qazanmış, lakin azərbaycan dilinə çevriləməmiş yazarların da əsərləri çap olunur. Jurnal həmçinin Cənubi və Şimali Amerika, Almaniya, Fransa və digər ölkələrin seçmə ədəbiyyatlarını da dilimizə çevirir. Bu, çox önəmli məqamdı. Bu səbəbdən, “Xəzər” jurnalı əslində bizim ədəbiyyata gələn gənc yazarlar üçün də bir növ örnəkdi və mən deyərdim ki, belə getsə, “Xəzər” jurnalı bir məktəbə çevriləcək.
Tərcümə Mərkəzinin yayımladığı bütün əsərləri oxumağa çalışıram. Mərkəzin nəşrlərindən olan Qabriel Markesin, Frans Kafkanın, Tomas Vulfun, eləcə də Mərkəz tərəfindən Azərbaycanda ilk dəfə nəşr olunan digər dünya yazıçılarının kitablarını oxumuşam və bu kitabların tərcümələrini yüksək qiymətləndirirəm. Həmçinin “Xəzər” jurnalının bərpasından sonra çıxan saylarını maraqla oxuyuram. Ən ürəyimə yatan odur ki, jurnalda çap olunan bədii əsərləri ilə bərabər, böyük yazarların ədəbiyyat haqqında fikirləri, məktub və müsahibələri də dərc edilir. Bu yazıları maraqla mütaliə edirəm. Bu, azərbaycan oxucularının dünya ədəbiyyatı haqqında təsəvvürlərini genişləndirir.
Azərbaycan balaca bir dövlətdir. Dünyada gedən qloballaşma və digər siyasi proseslər üstümüzə, çirkablardan xali olmayan böyük bir informasiya axını axıdır. Belə informasiyalar içində bizləri boğmağa çalışan qüvələr də az deyil. Buna görə də Azərbaycanda güclü peşəkarlardan yaradılmış möhtəşəm tərcümə sistemi olmalıdır. Əks halda bir azdan bizlər öz dilimizi – sovetlər dövründə olduğu kimi itirəcəyik, ən yaxşı halda üçüncü-dördüncü sırada görəcəyik.
Nizami Cəfərov
“Xəzər” jürnalı artıq neçə illərdir ki, dünya ədəbiyyatının Azərbaycan oxuçusuna Azərbaycan ədəbi-ictimai mühitinə kifayət qədər ardıçıl, kifayət qədər professional səviyyədə təqdim edir. Və mən bu fikirdəyəm ki, jurnalının özünəməxsus ənənəsi, hətta məktəbi formalaşmışdır. Özünəməxsusluq yalnız tərcümələrin keyfiyyətində deyil, eyni zamanda, tərcümə olunmuş ədəbiyyatların ideya-məzmun, poetexnoloqiya baxımından dəyərliliyində, yəni tərcümə üçün seçim mükəmməlliyində görünür. Buraya jurnal ətrafında bütöv bir istedadlı tərcüməçilər qrupunun toplanmasını da əlavə etmək olar.
Hər xalq yalnız özü yazıb, yalnız özünü oxusaydı, dünya (və dünya ədəbiyyatı) ruhən bu qədər bütöv olmazdı, Homerlər, Firdovsilər, Nizamilər, Şekspirlər, Dostoyevskilər, Aytmatovlar ... yaranmazdı. Dünyaya həmişə açıq olmuş Azərbaycan yüzillər boyu ədəbi-mədəni mübadilənin maraqlı təcrübələrini vermişdir. Azərbaycan yazıçısı türk, ərəb, fars, rus və s. dillərdə yazdığı kimi, Azərbaycan oxuçusu da ən müxtəlif dillərdə oxumağı bacarmışdır. Belə bir məmləkətdə Tərcümə Mərkəzinin mövcud olması təbiidir. Lakin çox təəssüf ki, Mərkəz hələ də kifayət qədər maliyyə vəsaiti ilə təmin edilmir.
İstərdim ki, dünya ədəbiyyatının (bədii, elmi, publisistik və sairə) şah əsərləri silsilə halında dilimizə çevrilsin, məkəmməl bir dünya ədəbiyyatı kitabxanası yaradılsın... Universal (və ümumbəşəri) təfəkkürün canlı və monumental abidəsi kimi!... Və bütün dünyada populyar olan hər bir əsər (təfəkkür mətni) dərhal azərbaycandilli mühitə daxil edilsin ki, heç bir azərbaycanlı dünyadan kənarda qalmasın.
Mən Tərcümə Mərkəzinin imkanlarının maksimum genişləndirilməsini zəruri sayıram. Elə bir şəpait yaradılmalıdır ki, Mərkəz Azərbaycanın dünyaya bədii, elmi, publisistik, rəsmi-işgüzar və sairə inteqrasiyası prosesində layiq olduğu rolu oynaya, nə qədər gurultulu səslənsə də, tarixi funksiyasını həyata keçirə bilsin.
525-ci qəzet.- 2010.- 4 dekabr.-
S.19.