“Azərbaycan xalçaları
bütün məktəbləri
ilə” adlı layihə üzrə növbəti kitab çapdan çıxıb
Heydər Əliyev Fondunun dəstəyi ilə “Azər-İlmə” MMC-nin rəhbəri Vidadi Muradovun “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihənin növbəti kitabı nəşr edilib. “Azər-İlmə”dən APA-ya verilən məlumata görə, nəfis və yüksək poliqrafik tərtibatda nəşr olunmuş “Azərbaycan xalçaları. Qarabağ qrupu” adlı kitab Qarabağ xalçaçılıq qrupuna həsr edilib. Kitabda Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapıb. Nəşrdə Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət illüstrativ materiallar yer alıb. Materialların əsas hissəsini “Azər-İlmə” MMC-nin “Sehrli İlmələr” Qalereyasının qədim Qarabağ xalçaları təşkil edir. Kitabda beynəlxalq standartlara uyğun olaraq bütün xalçaların texniki göstəriciləri də verilib. “Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabı artıq rus və ingilis dillərində də nəşrə hazırdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihənin növbəti kitabı üzərində iş aparılır. Növbəti kitab “İrəvan xalçaları” ilə bağlı olacaq. Xatırladaq ki, illər boyu Azərbaycan xalçaçılığının bütün məktəblərini əhatə edən zəngin xalça kolleksiyası yaratmış Vidadi Muradovun bundan əvvəl “Azərbaycan xalçaları” kitabı rus və ingilis dillərində nəşr olunub.
525-ci qəzet.- 2010.- 4 dekabr.- S.17.