Ekrandakı
nişanə
Tanınmış
publisist,vaxtilə “Aydınlıq” qəzetinə və
AzTV-yə rəhbərlik etmiş unudulmaz Babək
Hüseynoglunun vəfatından 5 il keçir. Hazırda
Xəzri nəşriyyatında Babək müəllimin
dostları və yaxınlarının xatirələrindən
ibarət kitab nəşrə hazırlanır. Professor
Q.Məhərrəmlinin həmin kitabda yer almış yazısını
oxuculara təqdim edirik.
Babək Hüseynoğlu haqqında düşünəndə həmişə gözlərimin önünə dünyanın çox səmimi, saf və istiqanlı adamlarından biri gəlir. Olduqca zəhmətkeş, sadə, tutduğu yoldan dönməyən bir məslək adamını, dostlara sədaqətli, amma yetərincə qiymətləndirilməyən, çəkdiyi zəhmətin bəhrəsini lazımınca görməyən, müəyyən mənada həyatdan nisgilli getmiş bir insanı xatırlayıram... Ağır həyat yaşamışdı, uşaqlıq, gənclik illəri hamar keçməmişdi, çox çətinliklər görmüşdü, amma bu çətinliklər onu əyib-sındıra bilməmişdi. Əksinə, ömür sınaqlarından keçə-keçə çoxlarına nəsib olmayan bir kişilik və mərdlik mərtəbəsi qazanmışdı.
Həmişə, hər addımında özünü şax tutmağı, bütün şəraitlərdə ləyaqətlə davranmağı bacarırdı. O, daim çalxalanan həyatının bütün məqamlarında – ac-susuz qaldığı tələbəlik illərində də, Ermənistandan Bakıya köçüb iş axtaranda da, bir qarnı ac, bir qarnı tox yaşayanda da belə idi. İctimai həyata atılandan sonra – xalq hərəkatına qoşulub sərt burulğanlara düşəndə də, məsləkdaşlarını başına yığıb mətbuat tariximizdə xüsusi yeri olan “Aydınlıq” kimi bir qəzet çıxaranda da, AzTV kimi mürəkkəb bir quruma rəhbərlik edəndə də, nəhayət, yüksək vəzifədən çıxıb övladları ilə bir damın altında öz sadə həyatını sürüb, bir tərəfdən iş axtarıb, digər tərəfdən amansız xəstəliyi ilə mübarizə aparanda da mənliyini, ləyaqətini hər şeydən üstün tutmağı bacarırdı...
Bəzən yaxşı tanımadığın, fərqli situasiyalarda görmədiyin insanlar zahirən sənə mələk təsiri bağışlayırlar. Sanki həssas, nəzakətli, ətraflarına sayğılı olurlar, başqa insani dəyərləri nümayiş etdirmək də öz yerində. Amma təsadüfən gördüyün bircə epizod, üzləşdiyin bircə an həmin adamı rentgen kimi sənə göstərə bilir. Odur ki, insanları o zaman yaxşı tanımaq mümkündür ki, bir yerdə çalışır, yaxın təmaslarda olur, dəyişən situasiyalarda onu müşahidə edirsən. Mən Babək Hüseynoğlu ilə televiziyada uzun müddət bir yerdə çalışmışam, yaxşı münasibətlərimiz olub, yoldaşlıq eləmişik, bir-birimizi bərkdə-boşda görüb tanıya bilmişik.
Biz onunla televiziyada dostlaşmışdıq. 80-ci illərin əvvəllərində Babək müəllim bir xeyli maraqlı verilişləri olan “Hərbi-vətənpərvərlik proqramları” redaksiyasına, mən isə “Beynəlxalq həyat” redaksiyasına rəhbərlik edirdim. Otaqlarımız üzbəüz idi. Tez-tez görüşüb dərdləşə bilirdik. Onun otağı həmişə gurluq olardı, arı pətəyi kimi səhərdən-axşamacan qaynayardı. Yanına təkcə ordenli-medallı müharibə veteranları yox, tanınmış yazıçı və şairlər də gəlib- gedirdi. Onların arasında o vaxtlar xeyli məşhur olan (“Axırıncı aşırım” filmindən sonra) yazıçı Fərman Kərimzadənin Babəkə çox səmimi dost münasibətini xatırlayıram. Onda Fərman müəllim həm də azərbaycanlı döyüşçülər haqqında silsilə verilişlər yazırdı. Bir də onu xatırlayıram ki, Babək yamanca çayxor idi, daim buğlanan iri çay fincanı əlindən, siqaretsə damağından düşməzdi...
Babək xarakter etibarilə təbiət adamıydı, elə-obaya, torpağa bağlıydı. Bir dəfə Məzahir Abbasov (vaxtilə S.Vurğunun şeir həsr edib öydüyü təyyarəçi, müharibə qəhrəmanı Məzahir Həmidoğlu) bizi Bilgəhdəki bağına qonaq çağırmışdı. Mayın axırları olardı, bağın da əla vaxtı idi. Uzun bir yol getdiyimizdən bərk acmışdıq, o səbəbdən çoxumuz manqalın başına toplaşmışdıq. Babək isə yamyaşıl bağı addım-addım gəzir, ona yeni və maraqlı görünən ağaclar, güllər, kollar haqqında soruşurdu. Xoşuna gələnlər haqqında “adamın babat həyəti olsaydı, bax bunlardan əkərdi” deyirdi.
...Onda
Babək böyük ailəsi ilə darısqal bir yerə
sığınmışdı. Bakıya, adamlara yeni-yeni isinişirdi. Təzə yurda
köçmüş adam kimi çoxlu
problemlərinin olduğunu bilirdik. Ailənin
böyüklüyü, maddi ehtiyaclar, şübhəsiz ki,
onu sıxırdı, amma içindəki həyat eşqini,
işığı azaltmırdı, ən əsası ona xas
olan şirin yumoru və bir də ədalət hissini
qətiyyən zədələmirdi.
Onunla qəbul
otağının qapısında üzləşdik. Gecə saat
12-yə işləyirdi. Evə
getməyə hazırlaşırdı, mənsə 12-də
efirə çıxacaq “Xəbərlər”in gecə
buraxılışının qovluğunu gətirmişdim ki,
köməkçi sədrə qol çəkdirsin. Üzləşəcəyimiz heç ağlıma
gəlmirdi. Gözləmədiyim halda (vəzifə
adamı tez dəyişir axı) məni çox isti dindirdi:
– Xoş gördük, ay Qulu
müəllim, niyə görünmürsən, belə
etibarsızlıq olar? – deyə Babək
heç cavab gözləmədən məni bağrına
basdı.
– Vallah, bir az
başım qarışıqdı, amma
hazırlaşırdım ki, yanınıza gəlib Sizi
təbrik edim- bunu dedim və yalnız indi bu qədər diqqətsiz
olduğuma görə özümü qınadım.
Cavabımın
xeyli mənasız olduğunu o da duydu, şaqqanaq
çəkib güldü. Təbii ki, yumorundan da qalmadı:
– Yox əşi,
əziyyət çəkmə,hələ
qoy 1-2 ay keçsin, sonra gəlib təbrik edərsən!
Deməyə
sözüm qalmadı, zarafat o qədər incə idi ki, bu
dəfə məni gülmək tutdu. Nə deyəcəyimi
axıracan dinləmədən geriyə döndü,
keçdik sədrin otağına. Bir az
sıxılırdım, çünki bir həftə idi ki,
o, sədr təyin olunmuşdu, mənsə gəlib
görüşməmişdim. Əslində
cəhdim olmuşdu, sadəcə bizimkilərin uzun növbəsinə
hövsələm çatmamışdı.
O danışırdı,
planlarını açıqlayırdı, televiziyada
görəcəyi işləri anladırdı. Əhvalı xeyli yaxşı idi, mən susub onu
dinləyirdim. Çoxdanıydı
görüşməmişdik, saçları azacıq
ağarmışdı, amma ruhən heç
dəyişməmişdi, həmin Babək idi: səmimi,
istiqanlı, işgüzar... Səsindəki qətiyyət
artmışdı, bir az
sərtləşmiş, codlaşmışdı...
Babək
Hüseynoğlu ictimai arenaya daha çox “Aydınlıq”
qəzetinin baş redaktoru kimi çıxmışdı. Artıq
90-cı illərin əvvəllərində həm bu
qəzetin dəst-xəttinə, həm də özünün
kəskin publisist yazılarına görə o, yaxşı
tanınırdı. Hakimiyyəti ciddi tənqid
etdiyinə, ictimai problemlərə diqqət yetirdiyinə, bir az günün, bir az da kütlənin
nəbzini tuta bildiyindən bu qəzet arada ən
aparıcı nəşrləri belə
üstələmişdi. Bir çox səbəblərə,
xüsusən Heydər Əliyevi müdafiə etdiyinə
görə qəzet bəzi dairələrdə çox
populyar idi. Ona görə də Babəkin
televiziyaya sədr təyin olunması heç kimi
təəccübləndirmədi. Əksinə, kollektiv
öz yetişdirməsinin gəlişini az
qala bayram etdi. Çox mürəkkəb bir
zamanda sədr təyin olunmuşdu, amma ona
güvənənlərin etimadını doğruldaraq
ağıllı, təmkinli, düşünülmüş
televiziya siyasəti apara bildi. Ən başlıcası
isə kadrları düzgün seçməyi bacardı...
Gəncədə
4 iyun qiyamı ilə başlayan proseslər Azərbaycanın
xəstə bədənində şiddətli ağrılar
verirdi. Mustəqilliyə xəyanət olan bu qiyamın
arxasında dayanan böyük və kiçik aktyorlar kol
dibindən üzə çıxaraq fincanda fırtına
yaratmağa çalışırdılar. Azərbaycan müasir tarixinin ən qara
günlərini yaşayırdı. Çoxları
nə baş verdiyini anlaya bilmirdi. 1-2 il
əvvəl hayqırtısı bütün dünyanı
bürümüş bir ölkə elə bil can verirdi. Cəmiyyət büzüşmüş,
süstləşmiş, sanki hipnoz edilmişdi. İnsanlar cınqırlarını
çıxarmadan baş verən hadisələrə pis
təşkil olunan teatr tamaşası kimi baxırdı.
1993-cü ilin qızmar yayında təkcə
beyinlər quruyub, düşüncələr
daralmırdı, həm də Azərbaycanın
əraziləri kiçilirdi, siyasət adamları balacalaşırdı,
söz və mətbuat azadlığı
sıxılırdı, əxlaqi dəyərlər
gücdən düşürdü. Hamı
Şərə təslim olurmuş kimi
görünürdü. Ölkənin
siyasi həyatında da, ictimai əxlaqda da, adamların
düşüncəsində də əsl böhran
başlamışdı. Cəmiyyət göz
qabağındaca başqalaşırdı, bəlkə də
elə özü olurdu... Heç kim
heç kimə inanmırdı, hamı sanki xoflu idi. Bir-birinə zidd olan xəbərlər
dolaşırdı mətbuat səhifələrində.
Bu şəraitdə diri qalan, canlı olan,
adamlara xəbər oksigeni verən yalnız televiziya idi.
Hamının gözü kiçik ekrana
zillənmişdi həmin günlərdə.
Təcrübəli
Heydər Əliyev televiziyanın gücünü
yaxşı bilirdi. Ən aşağısı Naxçıvan
təcrübəsi var idi və o, ustad şahmatçı
kimi Gəncə hadisələrinin kiçik fiqurlarını
– piyada partiyaçıları, əldəqayırma
polkovnikləri, gözünü qisas hissi tutmuş dar
düşüncəli siyasətçiləri,
yaranmış situasiyada başqa çıxış yolu tapa
bilməyən rəqiblərini, həm də televiziyanın
mistik gücü ilə sıradan çıxarırdı. Ölkədə yeni ab-hava yaranırdı. Gücsüzlüyünü dərk edən
cəmiyyət dəyişdirə bilmədiyi reallığa
uyğunlaşırdı. Qısa
müddətdə böyük ərazilər itirmiş
Azərbaycanın qarşısında hakimiyyəti
qoruyub-saxlamaq, dövləti gücləndirmək, tarixi
fürsət kimi ələ düşmüş
müstəqilliyi möhkəmlətmək vəzifəsi
dayanırdı. Bax, belə bir
çətin şəraitdə Babək Hüseynoğlu
AzTV-nin rəhbəri təyin olunmuşdu. Onun
vəziyyəti heç qibtəediləsi deyildi...
Pis-yaxşı
bir jurnalist kimi ekrana çıxıb tanınmağım
üçün mən televiziyada iki sədrə –
Məmməd Murada və Babək Hüseynoğluna borcluyam. 1991-ci ildə televiziyada
əsaslı islahatlar aparmağa nail olmuş M.Murad
təkidlə bir çoxları kimi məni də
xəbər proqramı aparmağa, demək olar ki, məcbur
elədi. Əvvəl gecə xəbərlərini
aparırdım, 1992-ci ilin mayından isə əsas proqrama
çıxdım. Nədənsə Məmməd
müəllim hesab edirdi ki, mən yaxşı aparıcı ola bilərəm, çünki
“tamaşaçını inandırmaq qabiliyyətin var”
deyirdi. Əlbəttə, bunlar mənim
davamlı efir həyatımın, necə deyərlər, üvertürası
idi.
Əslində
isə bir teleaparıcı və jurnalist kimi
populyarlaşmağım, az-çox nüfuz qazanmağım,
ictmai arenaya çıxmağım isə məhz Babək
Hüseynoğlunun qayğısı sayəsində olub. Məhz
Babəkin təkidi ilə bir vaxtlar xeyli populyar olan “7 gün”
analitik proqramını aparmışam. Onun
etimadı sayəsində rəsmi dövlət
tədbirlərindən reportajlar aparır, prezident
H.Əliyevlə xarici səfərlərə gedirdim. Məhz Babəkin dostyana təkidi ilə mən
“Səhər” proqramına rəhbər təyin olunmuşdum.
Arada qısa müddətdə
Xəbərlər baş redaksiyasına rəhbərliyi
də mənə tapşırmışdı. Siyasi icmalçı vəzifəsinə təyinat
əmrimi də o imzalamışdı.
Babək
əməkdaşlara çox böyük ürəklə
yanaşırdı, bir az qabiliyyəti
olanlara yaşıl işıq yandırmağı
bacarırdı. Yaradıcı adam
olduğundan hər kəsi anlayır, problemləri
görür, yaxşı həkim kimi dəqiq diaqnoz qoyur,
yaraları sağalda bilirdi. O, geniş ürək sahibi idi,
ən böyük üstünlüyü insanlara həssas
yanaşmasında və müdrikliyində idi. Namuslu
və ədalətli adamıydı, savadı və
idarəçiliyi yaxşı bilməsi ona kollektivi hər an
səfərbər etməyə imkan verirdi. Adamları bir-birinə qarşı qoymazdı,
xəbərçiləri, qeybətçiləri sevməzdi,
kiminsə arxasınca danışmağı
ləyaqətinə sığışdırmazdı.
Təbii ki, kiməsə acığı da tutardı, birisi
iş yarıtmayanda və ya qəbahətə yol
verəndə qeyzlənirdi, belə hallarda ən ağır
sözü “tərbiyəsiz” olurdu.
Kollektivdə
əksəriyyət onu sevirdi, vəzifəsinə deyil,
şəxsiyyətinə ürəkdən hörmət
edirdi. O da bu
kollektivə sayğısını əsirgəmirdi, layiq
olanlara meydan verirdi, uğurlarına görə heç kimi
qısqanmırdı. Əksinə, həmin adamlar
üçün dairəni bir az da
genişləndirirdi. Belə
qarşılıqlı münasibətin nəticəsində
ekrana xeyli maraqlı verilişlər çıxırdı.
Hər halda “Xəbərlər” yaxşı
baxılırdı, mənim apardığım “7 gün”,
sonralarsa “Təfsilat” müəllif proqramlarım yaxşı
rezonans doğururdu. Bundan başqa Samir
Əsgərxanovun “Postkriptum”u, Mehriban Vəzirin
“Həftəaşırı”sı, Məmməd Aslanın
“Dərədən-təpədən”i xeyli populyar idi. Daha sonra “Səhər”in efirə çıxması,
“Qəhrəmanlıq albomu”, “Bizdən demək” kimi
verilişlər də AzTV-yə üzağlığı
gətirirdi.
Onun
rəhbərliyi dövründə AzTV-nin ən böyük
qazanclarından biri “
Babək Hüseynoğlu, mənim fikrimcə, televiziyanın yerində olan sonuncu sədri idi. O, işi yaxşı bilirdi, özünə güvənirdi, qətiyyətli və xeyirxah idi. Adamlar bir rəhbər və şəxsiyyət kimi ona güvənir, dərdlərini deyə bilirdilər. O, böyük cəsarətlə televiziyanı da, burada üzdə olan adamları da qorumağı bacarırdı. Dəfələrlə onun prezident H.Əliyevlə, eləcə də digər yüksək vəzifə sahibləri ilə danışığının şahidi olmuşam. Hörmətlə, eyni zamanda məntiqlə danışır, fikirlərini əsaslandırırdı, cünki biliyi, savadı, dünyagörüşü, mənliyi vardı, heç kimin yanında gözükölgəli deyildi. Bir dəfə otağında çox yüksək vəzifəli şəxslə telefonda əsəbi danışdığını eşitdim. Deyəsən, ona hansısa tənqidi verilişi bağlamağı tapşırırdılar. Babəksə əlinin arxasını yerə qoymur, belə bir verilişin vacibliyini deyirdi. Telefon danışığı bitdikdən sonra mən onun nə edəcəyini gözləyirdim. Onu pərt görməmək üçün qalxıb getmək istədim, əli ilə oturmağımı işarə etdi. Ani sükutdan sonra qətiyyətlə əlini uzadıb prezidentin telefonunu qaldırdı, saniyələr keçdi, elə bil zaman donmuşdu və bir boşluq yaranmışdı. Bu boşluğu yalnız otaqdakı iri divar saatının aramsız taqqqıltısı doldururdu. Nəhayət, dəstəkdən ani xışıltı səsi gəldi, sonra Heydər Əliyevin gur və zəhmli səsi eşidildi. Onların dialoqu çox qısa oldu:
– İndicə xəbərlərinizə baxdım. Xarici xəbərləri yaman çox verirsiniz, nədi məlumat tapmırsınız, bir az yerli məlumatları çoxaldın.
– Baş üstə, cənab prezident!
Babək prezidentin yaxşı əhvalda olduğunu duyub bayaq adı çəkilən verilişlə bağlı söhbəti yığcam şəkildə ona dedi. H.Əliyevin cavabı konkret oldu:
– Sən belə şeylərə əhəmiyyət vermə, oranın rəhbəri sənsən və bu işləri də özün yaxşı bilirsən, necə olmalıdırsa, elə işlə!
Amma Babəki ürəyi istədiyi, bildiyi kimi işləməyə qoymadılar. Onun prinsipiallığı, xarakterinin bütövlüyü, yeri gələndə etiraz etməyi bacarması, prezidentin yanında olan nüfuzu çoxlarının yuxusunu ərşə çəkmişdi. Xüsusən Azərbaycan televiziyasının 40 illiyinin təntənə ilə qeyd olunması, bu proseslərdə prezidentin AzTV-yə və onun sədrinə diqqəti Babəki sevməyənləri yamanca qısqandırmışdı. Odur ki, bədxahlar hər addımda öz işlərini görür, əllərinə düşən hər fürsətdən bəhrələnir, təmiz suları bulandırmaq üçün dəridən-qabıqdan çıxırdılar. Artıq bu dövrdə parlament sədrliyindən getmiş Rəsul Quliyevlə əvvəldən yaxşı olan şəxsi münasibətləri də Babəkin xeyrinə işləmədi...
Babək AzTV-dən gedəndən sonra da mən onunla ara-sıra görüşür, amma tez-tez zəngləşirdim. Təkcə ona görə yox ki, yeni təyin olunmuş sədr üstümüzə qamçı ilə gəlmişdi və biz növbəti dəfə yaxşının qədrini indi daha dərindən bilməyə başlayırdıq. Həm də ona görə ki, Babəklə bizi yalnız onun TV-dəki sədrliyi birləşdirmirdi. Hərçənd ki, bugünün özündə də Babəklə məni televiziyada birləşdirən bəzi nişanələr var. Ən böyük nişanə isə onun çox sevdiyi və formalaşması üçün qayğısını əsirgəmədiyi “Səhər” proqramıdır. Artıq 15 yaşını keçmiş bu proqram Babəkin AzTV-də saxlanan yeganə yadigarıdır. Uzun illər tamaşaçıları sevindirmiş insanlara xoş ovqat bəxş etmiş və təbii ki, həm də televiziya sənətinin inkişafına böyük töhfələr vermiş bu proqramın ideyası da, adı da Babək Hüseynoğlunun idi. Proqram ilk dəfə 1995-ci il avqustun 14-də efirə çıxmış və yaxşı əks-səda doğurmuşdu. Odur ki, harda olurduqsa-olaq biz mütləq avqustun 14-də Babəklə zəngləşirdik...
Babək
heç nəyi yaddan çıxarmazdı, böyük
yaxşılığı da, adi diqqəti də. Tanrı ona
geniş ürək vermişdi, xeyirxah və insansevər idi.
Bağışlamağı bacarırdı, əlindən
tutub çörək verdiyi adamların nankorluğu onu
ağrıdardı, amma yenə bağışlayardı.
Çox həssas, iliyinə qədər səmimi,
istiqanlı bir insan idi Babək. Və mənim yaddaşımda
O, bir maraqlı şəxsiyyət və səmimi dost kimi
həmişə belə qalacaq.
Qulu
MƏHƏRRƏMLİ,
Xəzər televiziyasının siyasi
icmalçısı,
filologiya elmləri doktoru, professor.
525-ci
qəzet.- 2010.- 7 dekabr.- S.5.