“Əli və Nino” ətrafında: mübahisələr və faktlar
Dünya ədəbiyyatında nadir hallar göstərilə bilər ki, kiminsə bütövlükdə yaradıcılığı bir yana dursun, səs-küy salmış bir əsərin müəllifliyi barədə uzun illər mübahisə getsin, Şekspir barədə, Şoloxovun “Sakit Don” romanı ətrafında mübahisələr hamıya məlumdur...
Bizim günlərdə isə, ötən əsrin sonunda Bakıda ilk dəfə çap olunandan bəri lirik-dramatik süjeti ilə oxucuları ovsunlamış “Əli və Nino” romanının müəllifinin kim olması barədə mübahisələr gah sakitləşir, gah da yenidən qızışır. Lakin Əsəd bəy və Qurban Səid adları altında kimin gizləndiyini müəyyən etmək əvvəldə olduğu qədər çox çətindir.
Bu haqda dörd versiya mövcuddur:
Birincisi – amerikalı
jurnalist Tom Ris israr edir ki,
Əsəd bəy və Qurban Səid adından nəşr olunmuş bütün kitabların müəllifi Lev Abramoviç
Nussimbaumdur;
İkincisi – həmyerlimiz,
Almaniyada yaşayan xanım Nuridə Atəşi hesab edir ki, əsərin
əsl müəllifi
azərbaycanlı Məhəmməd
Əsəd bəydir;
Üçüncüsü – azərbaycanlı
professor Həsən Quliyev
belə nəticəyə
gəlmişdir ki, Qurban Səid və Lev Nussimbaum əslində azərbaycanlı
iş adamı İbrahim Arslan oğlunun oğlu, sonralar xalasının əri Bakıda yaşayan Abram Nussimbaumun oğulluğa götürdüyü
Məhəmməd Əsəd
bəyin təxəllüsləridir;
Dördüncüsü – ABŞ-da
nəşr olunan “Azərbaycan İnterneşnl”
jurnalının baş
redaktoru xanım Betti Bleyer Əsəd
bəyin başqa müəlliflərin, məsələn,
Yusif Vəzir Çəmənzəminlinin “işləmələrindən”
istifadə etməsi barədə azərbaycanlı
siyasi mühacirlərin
və Bakıdan olan bir sıra
alimlərin fikirlərinə
şərik çıxır.
Betti Bleyer ciddi araşdırmalar
aparmış və xarici arxivlərlə yanaşı Bakıda, Tbilisidə və Kiyevdə yeni sənədlər aşkara
çıxarmışdır. Mənim fikrimcə, xanım Betti Bleyerin gəldiyi nəticələr
daha inandırıcıdır.
Mənə gəlincə, mən bu mövzuda nəşr olunan materialları izləməyə
çalışıram və
maraqlı saydığım,
indi sizinlə məmnuniyyətlə bölüşəcəyim
faktları toplayıram.
1. Mənim
kitabxanamda italyan dilinə “Əli Xan “ və “Asiyade” adları altında tərcümə
olunmuş “Əli və Nino” və “ Qızıl Buynuzdan olan Qız” kitabları var. Onlar Mussolininin vaxtında mövcud olmuş Roma Şərq Ədəbiyyatı
İnstitutu tərəfindən
nəşrə hazırlanmışdır.
Nəşrin təşəbbüskarı Əsəd bəyin dostu Cəmil Vakka-Mazara (əsl adı – Bello Vakka) olmuşdur.
Bu iki kitab üzərində onların orijinal adları göstərilmişdir
– “Əli Xan” və “Sarı saçlı qız” və Əsəd bəyin bioqrafiyası haqqında məqaləsində
Cəmil Vakka qeyd etmişdir ki, müəllif azərbaycanlı iş adamı İbranim Arslanın oğludur. Buradan belə nəticəyə
gəlmək olar ki, Azərbaycan dilində əlyazmalar vardır və müəllif azərbaycanlıdır.
Lakin Əsəd bəyin milliyyətini araşdıran
zaman bəzi tədqiqatçılar Cəmil
Vakkanın fikrinin birinci hissəsinin, yəni orijinalın olmasının üzərindən
ötüb keçərək,
bunun ikinci hissəsinə istinad edirlər.
Beləliklə, onlar özlərinə sərf edən variantı əsas götürür və guya kəşf etdiklərini bildirirlər. Əslində
isə Əsəd bəyin Azərbaycan dilində heç bir əlyazması, Azərbaycan Dövlət Arxivində isə iş adamı İbrahim Arslan oğlu haqqında bir sətir belə yoxdur. Onun haqqında inqilaba qədərki Bakıda buraxılmış telefon
soraq kitabçasında
da məlumat yoxdur. Onun oğlu Məhəmməd
Əsəd haqqında
da heç bir məlumat yoxdur, onun Abram Nussimbaum tərəfindən
oğulluğa götürülməsi
barədə də heç bir sənəd yoxdur.
Lev Abramoviç Nussimbaumun özü haqqında isə Bakıda, Kiyevdə və Tbilisidə çoxlu maraqlı məlumatlar (valideynlərinin nikahı,
atasının doğum
tarixi, Levin Bakıda ibtidai məktəbdə oxuması və s. haqqında şəhadətnamələr)
aşkar olunmuş. Bu materiallarla
xanım Betti Bleyerin tədqiqatlarından
“Əli və Nino”nun alman dilində ilk və sonrakı nəşrlərində
Cəmil Vakkanın çıxardığı nəticələrə
istinad edilmir. Onda belə bir sual
meydana çıxır:
nə üçün
o, italyan nəşrində
belə yazmışdır?
Bunun cavabını mən rus mühacirlərinin Parisdə nəşr olunan “Russkaya mısl” qəzetində tapdım. İtaliyanın Pozitano şəhərində
yaşamış rus mühacirləri haqqında
məqalədə yerli
polis idarəsinə Əsəd
Bəyin keçmiş
arvadı Erika Lovendalın
(nikahda – Erika Nussimbaum
Əsəd bəy) şikayəti haqqında məlumat verilir. O, yazır ki, keçmiş əri Lev Nussimbaum özünü azərbaycanlı kimi qələmə verir. Iki kitabının Azərbaycan
dilində orijinallarının
olduğunu uyduraraq Cəmil Vakkanın dostunu italyan polisindən müdafiə
etmək istəyi məhz bu halda
bəlli olur.
2.Mənim toplumdan
daha bir sənəd. Rusiya Dövlət Hərbi-tarixi
arxivindən 1924-cü ildə
İstanbulda yaradılmış
mühacirətdə olan
“Azərbaycan Milli Mərkəzi”n hesabatlarını
aşkar etdim. Onun tərkibinə birinci Azərbaycan Respublikasının keçmiş
liderləri – Əlimərdan
bəy Topçubaşov,
Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Əkbər Ağa Şeyxülislamov, Mustafa Vəkilov,
Miryaqub Mehdiyev və başqaları daxil idi.
21 mart 1933-cü il tarixli hesabatda
Mərkəzin son nəşrləri
kimi Hilal Münşinin “Azərbaycan
Respublikası” adlı,
1000 nüsxə tirajla
5 çap vərəqi
həcmində Berlində
alman dilində nəşr olunmuş kitabı göstərilir.
Bu bənddə bir qeyd var: “... Əsəd bəyin uydurmalarına cavab olaraq nəşr”.
Beləliklə azərbaycanlı
mühacirlər hesab edirdilər ki, Əsəd bəy özünün 1928-ci ildə
“Der Döyçe Şpiqel” qəzetində nəşr olunmuş “Azərbaycan Respublikası”
məqaləsində,”Şərqdə neft və qan”
(1929) və “Qafqazın
12 sirri” (1930) kitablarında
Azərbaycanın tarixini
saxtalaşdırmışdır. Görünür, bu səbəbdən
də mühacirət
mətbuat və nəşrlərində Əsəd
bəy adlı yazıçı haqqında
məlumata rast gəlmirik.
Qeyd etmək lazımdır ki, əslində Əsəd bəyin bütün kitablarında
nöqsanlara yol verilmişdir. Mən rus mühacirət
tarixini pis bilmirəm və bu səbəbdən onun rus dilində
Bakıda nəşr olunmuş “Belaya Rossiya” adlı mühacirlər haqqında
kitabı məndə
qəribə təsir
yaratmışdı. Mənim
qeyd aldığım
səhvləri və qeyri-dəqiqlikləri əslində
iki cür izah etmək olar: ya müəllif,
ya da anonim
tərcüməçi o illərin
hadisələrini pis bilirmiş.
Yeri gəlmişkən, tərcüməçilər
haqqında. İlk dəfə romanı
alman dilindən Azərbaycan dilinə ötən əsrin 70-ci illərində “Azadlıq”
radiostansiyasının Azərbaycan
şöbəsinin əməkdaşı
Məcid Musazadə Münhendə tərcümə
etmişdir. Radio diktorları
da bir il müddətində
Bakıda dinləyiciləri
bu romanla
İkinci dəfə tərcüməni
həmin radionun əməkdaşı Mirzə
Xəzər etmişdir. Məhz onun
tərcüməsi 1990-cı ildə “Xəzər” jurnalında çap olunmuşdu. “Əli və Nino”nun Azərbaycan dilində başqa nəşrlərinə baxdıqda
naşirlərin mətni
haradan götürdükləri,
tərcüməni alman
dilindən kimin etdiyi bilinmir. Bakıda rus dilindəki nəşrlərdə isə,
tərcüməçinin adı göstərilib, amma hansı dildən edildiyi göstərilməyib. Moskvada isə
“Əli və Nino”nun rus dili
nəşrində alman
dilindən tərcüməçi
Mirzə Hüseynzadə
göstərilir. Halbuki o, alman
dilini bilmir. Bütün bunlar romanın ilk tərcüməçilərinə hörmətsizliyi, daha geniş mənada isə nəşriyyat məsələlərində mədəniyyətin
olmamasını göstərir.
3. Daha bir neçə fakt:
a) bəzi tədqiqatçılar
Əsəd bəyin guya “Əli və Nino”nun birinci nəşrindən götürdükləri fotoşəklini
verirlər. Əslində orada onun heç bir fotoşəkli yoxdur.
b) arxivdə keçən
əsrin əvvəllərində
uşaqların Aşurbəyovlar
ailəsində qonaqlıqda
çəkilmiş şəkli
var. Rəhmətlik Sara xanım
Aşurbəyli şəkildəki
şəlpəqulaq uşağı
göstərib deyərdi:
“Leva Nussimbaum budur”. Lakin bəzi alimlərə
görə bu, altı yaşlı Əsəd bəydir.
Və, nəhayət.
Qərbdə Əsəd bəyi ədəbiyyat Qudinisi adlandırırlar. Gəlin apardığımız tədqiqatlarda dəqiq olaq və çalışaq
ki, istər-istəməz
görkəmli illüzionistin
ədəbiyyatda davamçısına
çevrilmiş bir kəsin mistifikasiyalarına
deyil, arxiv materiallarına istinad edək.
Dekabr, 2010
Ramiz ABUTALIBOV
525-ci qəzet.- 2010.- 7 dekabr.-
S.7.