Sənətdə fədakarlıq
örnəyi
Beynəlxalq festivallar laureatı “Qarabağ bülbülləri” ansamblının rəhbəri və yaradıcısı, respublikanın xalq təhsili əlaçısı, SSRİ-nin qabaqcıl maarif xadimi Murad Rzayevin adı Azərbaycanın hər bir musiqisevərinə tanışdır. Eli-obası kimi yurd-yuvasından qaçqın düşən bu ansambl bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq, fəaliyyətini davam etdirir, musiqi mədəniyyətimizə, tamaşaçılara xidmət göstərir. Qeyd edək ki, Ağdamda fəaliyyətə başlayan “Qarabağ bülbülləri” ansamblı hazırda Azərbaycanın 40 bölgəsini, o cümlədən Güney Azərbaycanı əhatə edir.100-ə qədər diplom və fəxri fərmanı, 40-a qədər medalı olan ansamblın fəaliyyətinə həsr olunan neçə-neçə sənədli film çəkilib. Ansambl müxtəlif beynəlxalq festival və müsabiqələrdə Azərbaycanın muğam sənətini uğurla təmsil edib. Ağdamın 1993-cü ildə ermənilər tərəfindən işğal edilməsindən sonra ansambl fəaliyyətini Bakıda davam etdirib. Hazırda ansamblın 200-dən çox üzvü var. Azərbaycan musiqi sənətinə onlarla tanınmış xanəndə, dəyərli musiqiçi bəxş etmiş “Qarabağ bülbülləri”nin bugünkü tərkibi də ümidverici gənclərdən təşkil olunub. Murad müəllim yenə də öz tələbkarlığı, musiqiyə, sənətə ürəkdən bağlılığı ilə cavanlara rəhbərlik edir, onların yetişməsinə, püxtələşməsinə can qoyur. M.Rzayev qırx ildir istedadlı uşaqların tapılıb üzə çıxması yolunda yorulmadan, usanmadan, həvəslə çalışır. 1988-ci ildə Ağdam rayon Mədəniyyət Sarayında M.Rzayevin 40 illik yubileyi, 2007-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanın görkəmli ziyalıları, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Bugünlərdə özünün növbəti doğum gününü qeyd edən sənətkarı ürəkdən təbrik edir, ona xoş arzularımızı ünvanlayırıq. Bu təbrikə sənətkarın rəhbərlik etdiyi yaradıcı kollektivin üzvləri də qoşulurlar.
S.QARAYEVA
525-ci qəzet.-
2010.- 8 dekabr.- S.8.