Şuşa məktəbinin 180 illik yubileyi qeyd olunub
MİSİR
MƏRDANOV: “BUNUNLA BÜTÜN DÜNYAYA BƏYAN
EDİRİK Kİ, 180 İL ƏVVƏL İLK
DÜNYƏVİ TƏHSİL MÜƏSSİSƏSİ
MƏHZ AZƏRBAYCANDA, QƏDİM TARİXİ
ƏRAZİMİZ OLAN ŞUŞA ŞƏHƏRİNDƏ
YARADILIB”
Dünən Bakıda Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubiley mərasimi qeyd olunub. Mərasimdən öncə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin, həmçinin Şəhidlər Xiyabanında torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin məzarını ziyarət ediblər. Daha sonra mərasim Gənc Tamaşaçılar Teatrında davam etdirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bunun ardınca, Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyinə həsr olunmuş “Mənim doğma məktəbim” filminə baxış keçirilib. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov çıxış edərək, Prezident İlham Əliyevin Şuşa şəhəri 1 saylı orta məktəbin kollektivinə ünvanladığı təbriki çatdırıb. Sonra orta məktəbin yaranma tarixindən söhbət açıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə məktəbin 180 illik yubileyinin keçirilməsinin əlamətdar hadisə olduğunu da diqqətə çatdırıb: “Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra bir-birinin ardınca müxtəliftipli dünyəvi məktəblər meydana gəlib. Həmin məktəblərin birincisi təbiətin füsunkar guşəsi Şuşada həyata vəsiqə alıb. Çar hökuməti Zaqafqaziyada dövlət məktəblərini açmazdan əvvəl onun Nizamnaməsini hazırlayaraq 1829-cu il avqust ayının 2-də təsdiq edib. Həmin Nizamnamənin nəzərdə tutduğu şəhərlərdən birinci olaraq Şuşada qəza məktəbi təsis edilib. O zaman yerli əhalinin dünyəvi təhsil verən məktəb açmaq səyi və Şuşanın iqtisadi tərəqqisi ona bu sahədə birincilik qazandırıb. Azərbaycan ərazisində ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabr ayının 30-da Şuşada olub. Beləliklə Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulub. Şuşa qəza məktəbi dünyəvi təhsil verən məktəblərin qaranquşu olub. Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedib. Lakin o dövrdə böyük maraqla açılan bu və digər qəza məktəbləri az keçməmiş verdiyi təhsilin səthiliyi ilə diqqəti cəlb edib. Hökumət yeni Nizamnamə ilə maarif sahəsində təkmilləşdirmə işi aparmağı lazım bilib. Beləliklə də 1835-ci il may ayının 12-də Zaqafqaziya məktəblərinin ikinci Nizamnaməsi təsdiq edilib. Bu Nizamnamədə Azərbaycan üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa qəza məktəbini təkmilləşdirmək nəzərdə tutulub. Şuşa qəza məktəbi yeni Nizamnamə ilə işləməyə başlayıb. İkinci və üçüncü siniflərdə rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxətt, rəsm fənləri tədris edilib. Azərbaycan dili ruslar üçün də məcburi fənn kimi həftədə 6 saat keçilib”. M.Mərdanov Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbinin 1874-cü ildən etibarən Zaqafqaziyada şəhər məktəblərinin də qaranquşu olduğunu, Şuşa şəhər məktəbinə çevrildiyini bildirib. O, bu təhsil ocağının 1933-cü ildə Şuşa yeddiillik nümunə məktəbinə, 1937-38-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrildiyini bildirib: “1939-40-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olub. 1982-ci ildə isə bu qocaman təhsil müəssisəsi 150 yaşını qeyd edib. Beləki, ümummilli lider Heydər Əliyev uzaqgörənliklə 1982-ci il yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun qərarını imzalayıb ki, bu qərar əsasında da məktəbin yubileyi təntənəli şəkildə keçirilib. Olduqca əlamətdar hadisədir ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olunur. Dövlət başçısının başqa sərəncamları ilə, təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin direktoru Sevil Babayevaya “Əməkdar Müəllim” fəxri adı verilib. Həmin məktəbin müəllimləri Gülşən Əbdüləzimova və Bahar Kərimova isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Biz bununla bütün dünyaya bəyan edirik ki, 180 il bundan əvvəl ilk dünyəvi təhsil müəssisəsi məhz Azərbaycanda, qədim tarixi ərazimiz olan Şuşa şəhərində yaradılıb. İndi bütün Azərbaycan xalqının, eləcə də şuşalıların yeganə arzusu var. Bu da düşmənlərimiz tərəfindən işğal olan Şuşanı azad etmək, oradakı 1 nömrəli məktəbin binasını əsaslı surətdə təmir edib onun əvvəlki şöhrətini özünə qaytarmaq”. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan M.Mərdanov son 7-8 il ərzində ölkə ərazisində 2 mindən artıq yeni məktəb binasının tikilib istifadəyə verildiyini də vurğulayıb. O, bu məktəblərdən 300-dən artığının Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə aldığını deyib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 180 illik yubileyi qeyd olunan Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün də Bakı şəhərində yeni binanın tikintisi planlaşdırılıb. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşa şəhəri 1 saylı orta məktəbin keçdiyi inkişaf yolundan danışarkən, sovetlər birliyi dövründə təhsil müəssisəsinin yetirmələri içərisində ümumittifaq şöhrəti qazanmış elm, maarif, mədəniyyət və dövlət xadimləri, hərbi sərkərdələr olduğunu diqqətə çatdırıb. Bildirib ki, yubilyar məktəbin məzunlarının fəaliyyət dairəsi də geniş olub. Belə ki bu məktəbin məzunları Bakıda, Moskvada, Kiyevdə və digər şəhərlərin elmi laboratoriyalarında çalışırlar: “Şuşa şəhəri 1 saylı orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayına kimi Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, 2 linqfon kabineti, maşınşünaslıq kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, zəngin kitabxana, geniş idman zalı, akt zalı, yeməkxana və sair fəaliyyət göstərib. Ötən əsrin 80-ci illərində Şuşa şəhər orta məktəbini bitirən gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri isə gümüş medala layiq görülüb. Şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Sonradan Şuşadakı bu və digər məktəblərin şagirdləri, eləcə də müəllimləri arasında təşkilati işlər aparılıb. Nəticədə Şuşa şəhəri 1 saylı orta məktəbi 1992-ci ildən etibarən Bakı şəhəri Yasamal rayonu 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərib. Hal-hazırda da fəaliyyət göstərir. İndi bu məktəbdə 103 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur. Şuşa şəhəri 1 saylı orta məktəbin müəllimləri gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bütün qüvvələrini səfərbər edirlər”. Mərasimdə Şuşa şəhəri 1 nömrəli orta məktəbin direktoru Sevil Babayeva və başqaları da çıxış edərək, təhsilə göstərilən dövlət qayğısından danışıblar.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2010.- 8 dekabr.- S.2.