San-Xose
Universitetinin professoru Namiq Sultanov: “Klassik musiqi
Azərbaycanın tanıdılmasında əvəzsiz rol
oynaya bilər”
Dekabrın 6-dan 10-dək Bakıda Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara
Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq
müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev
yaradıcılığında” I Beynəlxalq
elmi-ifaçılıq konfransı keçirilir. Konfrans
Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta
ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə
həsr olunub. Müsabiqə və konfransın
2010-cu ili “Mədəniyyətlərin beynəlxalq
yaxınlaşması ili” elan edən UNESCO-nun himayəsi
altında keçirilməsi ilə əlaqədar olaraq
müsabiqənin şərtlərindən biri
iştirakçılar tərəfindən Qara Qarayevin
əsərləri ilə yanaşı, öz
ölkələrinin musiqi əsərlərini də ifa
etmələridir. Müsabiqənin
keçirilməsində əsas məqsəd ABŞ, Rusiya,
Gürcüstan, Türkiyə, Qırğızıstan,
Küveyt, Tatarıstan, Özbəkistan və
Türkmənistandan olan pianoçular sayəsində Qara
Qarayevin fortepiano musiqisinin interpretatorları və
tədqiqatçılarının sayının
artırılmasıdı. Müsabiqə iki turdan ibarətdir.
Birinci turda iştirakçılar ifa
etdikləri əsərlərin obraz və emosiya
cəhətdən məzmununu, əsərə qarşı
şəxsi münasibətlərini və nöqteyi-nəzərlərini,
ifa interpretasiyası məsələlərini əks
etdirən məruzə ilə çıxış
edirlər, ikinci turda isə həmin musiqi əsərlərini
ifa edirlər. İştirakçıların
çıxışlarını qiymətləndirən
münsiflər heyətinin tərkibində San-Xose
Universitetinin professoru Namiq Sultanov da var. N.Sultanov
9 ildir ki, ABŞ-ın Kaliforniya ştatının San-Xose
şəhərində fəaliyyət göstərir. 1991-ci
ilə kimi Bakı Musiqi Akademiyasında müəllim kimi
çalışan N.Sultanov elə həmin il dəvət əsasında
Türkiyəyə gedib və Bilkənt Universitetində
kafedra müdiri və dekan müavini kimi fəaliyyət
göstərib. 2002-ci ildən isə ABŞ-a fəaliyyət
göstərir. Artıq neçə ildir ki, San-Xose
Universitetində müəllim kimi çalışan N.Sultanov
mütəmadi olaraq sözügedən şəhərdə
konsert proqramı ilə çıxış edir. Artıq 8
ildir ki, San-Xose şəhərində keçirilən
Beynəlxalq Piano Müsabiqəsində münsiflər
heyətində Azərbaycanı təmsil edir. N.Sultanov
kiçik yaşlarından fortepianoya, musiqiyə böyük
maraq göstərib: “Bizim ailədə musiqiçi yox idi və
heç vaxt da olmayıb. Yadımdadır ki, 5
yaşımda valideynlərim qardaşım üçün
piano aldılar və bundan sonra o, evdə musiqi dərsləri
almağa başladı. Mən də dərslərdə
qardaşımın yanında oturaraq ona verilən
dərsdən nəsə öyrənməyə çalışırdım.
Müəllim gedəndən sonra isə oturub özüm
məşğul olurdum. Valideynlərim bu həvəsimi
görüb məni Bülbül adına Musiqi Məktəbinə
apardılar. Lakin orada piano sinfi olmadığı
üçün məni skripka sinfinə
götürdülər. Daha sonra bir daha piano sinfinə
keçmək istədim, lakin yerlər dolu olduğu
üçün fleyta sinfinə yazıldım. 1958-ci ildə
Moskvada keçirilən Pyotr Çaykovski adına birinci musiqi
müsabiqəsində amerikalı pianoçu Van Kliverin 1-ci
yeri tutması sensasiyaya çevrildi. O, Çaykovskinin fortepiano ilə
orkestr üçün 1-ci konsertini ifa etmişdi. Biz Bakıda oturaraq onun triumfal
çıxışlarına baxırdıq. Elə o vaxt mən qərara gəldim ki, dahi bəstəkarın
həmin əsərini ifa edim. Lakin 1958-ci
ildə hələ piano sinfinə getmirdim. Buna baxmayaraq, müəllimlərimə
söyləmədən gizlicə bu konserti
öyrənməyə başladım. O vaxtlar bizim
Filarmoniyanın baş dirijoru Əhəd İsrafilzadə idi
və mən əsəri onun üçün ifa etdim. İfam Əhəd müəllimin xoşuna gəldi
və o, qərara aldı ki, Filarmoniyada orkestrin
müşayiəti ilə çıxış edim. Belə də oldu, afişalar çap edildi və
konsert baş tutdu. İfam çox
uğurlu alındığı üçün məni
dərhal piano sinfinə və dəyərli müəllim,
professor Brenerin bölməsinə keçirdilər. Bir ildən sonra Moskva Konservatoriyası yanında orta
ixtisas musiqi məktəbinə girdim. Ümumilikdə
Moskva şəhərində keçirdiyim 11 il ərzində
Konservatoriyanı və onun aspiranturasını
bitirməyə müvəffəq oldum”. Artıq 30
ildən çoxdur müəllimlik edən və Azərbaycan
(sovet), Türkiyə və ABŞ tədris üsullarına
yaxşı bələd olan professorun dediyinə görə,
Türkiyənin təhsil sistemi ABŞ-da mövcud olan
sistemə daha yaxındır: “Rus (sovet) sistemi bir az
fərqlidir. Hər bir sistemin öz üstün
cəhətləri var. Sovet təhsil sisteminin mənəvi
tərəfləri daha yaxşı qurulmuşdu. Müəllimlər bizimlə çox
işləməyə çalışırdılar,
təkcə musiqi deyil, ümumən incəsənət
barədə ətraflı biliklər verirdilər. Amerikada isə tələbələri
stimullaşdırmaq üçün digər vasitələr
mövcuddur. Məsələn, bu
ölkədə çoxlu sayda müsabiqələr,
yarışlar təşkil olunur. Özü
də bu yarışlar üç mərhələdə –
yerli, ölkə və beynəlxalq miqyasda keçirilir.
Eyni zamanda ABŞ-da təhsil pullu olduğu
üçün tələbələrdə təhsil
qrantları udmağa maraq yaranır. Belə
qrantların sayı da kifayət qədərdir”. N.Sultanov qeyd edir ki, o daim San-Xose və digər
şəhərlərdə ustad dərsləri də
keçir. Bu dərslərdə iştirak
edənlərin sayı isə kifayət qədərdir:
“Mən San-Xose Universitetində də ustad dərsləri
keçirəm. Hazırda bu universitetdə
mənim çoxlu sayda istedadlı tələbələrim
var. Onlar daim regional və beynəlxalq
müsabiqələrdə iştirak edib mükafatlar, diplomlar
qazanırlar. Tələbələrimin
uğurları ilə bağlı mənə
təşəkkürnamə və minnətdarlıq
məktubları ünvanlanır. Mən
tələbələrimə Azərbaycan
bəstəkarlarının musiqisi haqqında da ətraflı
məlumat verirəm. Onlar bizim musiqiyə
böyük maraq göstərirlər”. Professor deyir ki, o, artıq bir neçə ildir ki,
ABŞ-ın Ümummilli Müəllimlər
Assosiasiyasının üzvüdür: “Bilirsiniz ki, ABŞ-da
müəllim kimi işə düzəlmək çox
çətindi. San-Xose Universitetində
müəllim kimi işə düzəlmək də
mənə asan başa gəlməyib. Bir
neçə mərhələni keçdikdən sonra 75
namizədin içindən seçilmişəm. Ən başlıcası keçdiyim ustad
dərsləri münsiflər heyyəti tərəfindən
bəyənildiyi üçün məni San-Xose
Universitetinə müəllim götürüblər”. N.Sultanov vurğulayır ki, o, mütəmadi olaraq
Sanfransisko şəhərində, San-Xose də konsert
proqramları ilə çixış edir. Konsertə
gələn dinləyiciləri Azərbaycan musiqisi ilə
yaxından
Sevinc QARAYEVA
525-ci qəzet.-2010.- 10
dekabr.- S.5.