Yusif Səmədoğlu –
böyük nəsr ustası kimi
Hardan başlayım?
Son kitabındakı şəklindən...
Yusif Səmədoğlunun
əksi olan bir çox fotolar görmüşəm.
Atası Səməd Vurğun, anası Xavər
xanım, bacısı Aybəniz, qardaşı Vaqiflə
birgə çəkilən fotoda qayğısız uşaq
sevinci ilə qarşılaşmışam.
Yenə atası ilə
birgə çəkdirdiyi bir cavanlıq fotosu. Gənc Yusif
“qoca” Səməd Vurğunun cavanlığını
xatırladır. Birinci şəkildə
gördüyüm körpə Yusif gur dalğalı
saçlı bir gəncdir.
Sonra başqa bir foto. Bu, əllinci illərin
sonlarına aiddir- atasının ölümündən bir il keçib. Qarabəniz
Vəkilov Yusif o şəkildə qəmgin və
dalğın görünür.
Sonra “Yeddi oğul
istərəm” filminin çəkilişi ilə bağlı
verdiyi müsahibədəki foto. Yaşı otuzu
keçib. Şəkildən gözəlliyi-
yaraşığı həsəd doğuran cavan bir kişi boylanır.
Sonra 1984-cü ilin
fotosu-”Qətl günü” kitabının ikinci
səhifəsində. Artıq Yusif burada Səməd Vurğun
yaşına çatıb, saçları
çallaşıb, üz-gözündən ciddilik
yağır. Nədənsə o fotoya baxanda Azərbaycan
ziyalılarının böyük bir pleyadası
gözlərim qarşısında canlanır – Axundov,
Vəzirov, Mirzə Cəlil, Haqverdiyev, Məmməd Əmin
Rəsulzadə, Zərdabi, Çəmənzəminli...
Amma son kitabındakı
fotosu Yusifin körpəliyini də,
uşaqlığını da, gəncliyini də
ahıllığını da özündə əks etdirir. Yusifin bütün
dünyası – həm daxili, həm də zahiri
gözəlliyi, müdrikliyi və alicənablığı,
bəy şəcərəli Vəkilovlardan gələn
ləyaqəti, böyük ziyalılığı, məhz Yusif
Səmədoğluya məxsus təbəssümü həmin
fotoda əks olunub.
Bu foto haçan çəkilib, onu kim
çəkib, deyə bilmərəm – amma o şəkil
çəkiləndə Yusif Səmədoğlu bəlkə
də ömrünün ən gözəl anlarından birini
yaşayırmış, onu lentə fotoqraf da yəqin ki,
ən ilhamlı çağındaymış...
Bu foto Yusif
Səmədoğlunun son kitabının (“Deyilənlər
gəldi başa”) üz qabığındadır.
İnsanın, xüsusən
də tanınmış bir sənətkarın
şəklinə baxıb nəyi isə açıqlamaq,
çözələmək, bu şəkillə bağlı
nəsə bir fikir söyləmək kimin ağlına
gələ bilər? Bəlkə də,bu tamamilə
təsadüfi bir məqamdır. Məsələn,
mən Mirzə cəlinin müxtəlif illərdə
çəkdirdiyi və xüsusən də
dərsliklərdə və ədəbiyyat tarixi
kitablarında gördüyüm şəkillərində
yalnız onun böyük ziyalılığından, bir insan
ciddiliyindən qopub gələn cizgilər görürəm.
Sabirin fotosunda da onun “Arizi-qəmlər əlindən”
şişən ürəyinin fəryadını hiss
eləmirəm, o fotodan çox sadə, amma bu sadəlikdə
dərinliyi görünən bir insan boylanır.
Yusif Səmədoğlunun
fotosunda isə öncə qeyd etdiyim daxili və zahiri
gözəlliyi, müdrikliyi və alicənablığı,
ləyaqəti, ziyalılığı, saf və təmiz
uşaq təbəssümü ilə yanaşı, bir
ayrı görünüş də diqqəti cəlb edir. Zahirən
adama elə gəlir ki, Yusif gülür, bu gülüş
sevincdən, nəşədən başqa bir şey deyil.
Amma yox! Bu təbəssümdə sanki bir ironiya da hiss
edirsən.
Və bir də bu təbəssümdə bir qəm
də var...
“Qətl günündə”ki
iki frazanı xatırlayırsan.
Biri: “Yandım, kül oldum, a dağlar...”
Biri də: “Tfu sənin təxtinə, ey çərxi
fələk!”
Nə isə fotodan
ayrılıram. Qayıdıram kitaba.
Müxtəlif illərdə yazdığı
hekayələri, məşhur “Qətl günü” romanı,
yarımçıq qalmış “Deyilənlər gəldi
başa” romanı... vəssalam, Yusif Səmədoğlunun
bütün nəsr əsərləri bunlardan ibarətdir.
Bu kitab XX əsr Azərbaycan
nəsrinin ən zəngin seriyalarından biridir. Mirzə Cəlil, Haqverdiyev,
Çəmənzəminli, Ordubadi, Süleyman Rəhimov,
İsa Hüseynov nəsri ilə yanaşı duran bir kitab –
zəngin Azərbaycan nəsri seriyasının bir davamı.
lll
“Dərd də azar kimi
gələndə batmanla gəlir” – “Qətl günü”
romanı bu fraza ilə başlayır. “Dünya duracaq yer deyil, ey
can, səfər eylə...” (Nəsimi).
Yusif Səmədoğlunun bu
məşhur romanı dünya və insan haqqındadır. Dünyada
isə əsrlərdir ki, lokal və qlobal
müharibələr, hakimiyyət uğrunda amansız
çarpışmalar, ölüm-dirim savaşları baş
verir – “Dünya yaşıyor hərb ilə qovğalar
içində” (M.Hadi). Tanrının
yaratdığı insanlar bir-birinə qənim
kəsilirlər – “Yalnız deyil insanlara,
vəhşilərə sorsan, Onlar belə insandakı
vəhşiliyə heyran” (H.Cavid). Bəşəriyyət
tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan
zəkasının yaratdığı nəsnələr
çox şeyi dəyişdirir, ancaq isandakı əzəli-əbədi
xasiyyətlərin bir çoxu dəyişilməz qalır.
Dünya yenə gücün, zorun,
mənən-mənəmliyin, işğalçı
müharibələrin cəngində inləyir. “Qətl günü” romanı bu mənada bir
çağırış-haray təsir
bağışlayır. İnsan
həyatındakı ahəngdarlıq, ritm və harmoniya
pozulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur.
Şərqin böyük mütəfəkkiri
Cəlaləddin Rumi (1207-1272) yazmışdı ki: “Nəfs
üçkünclü bir tikandır, nə
vəziyyətdə qoyursan qoy, yenə sənə
batacaqdır”.
Romanda əbədi
Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu
mübarizə bəlkə elə dünyanın
yaranışından üzü bəri
gələ-gələ bitmək bilmir. İctimai
quruluşlar, cəmiyyətlər və saysız-hesabsız
insan nəsilləri bir-birini əvəz edir, amma
mübarizə davam edir. Hər
dövrün, hər epoxanın, bəlkə də hər
günün öz Hörmüzü və Əhriməni
olmuşdur. Bu əbədi
döyüşdə Şər həmişə güclü
olmuş, amma bəşəriyyət Xeyirə,
İşığa inam bəsləmişdir. “Qətl günü” də bu mənada istisna deyil
və bu mövzu – Xeyir-Şər mübarizəsi onun da
başlıca konflikti kimi müəyyənləşə
bilər.
Ancaq romanın mahiyyətini
yalnız bu istiqamətdə aramaq doğru olmazdı. Doğrudur, romanda
şər həmişə aparıcı qüvvədir –
yazıçı sanki bir-birini təkrar edən üç
dövrdən söz açır – hər dəfə
məmləkətin ən gözəl insanları məhv
olur, şairlər edam olunur, kütləvi insan qırğınları
baş verir, şər meydan sulayır – sanki Dünyanın
Xeyir-Şər mübarizəsi elə bu model
üzərində qurulubmuş. Ancaq
Şərin törədiciləri olan qüvvələr
bircə-bircə tarixin yaddaşından silinir, gözəl
insanlar isə tarixə, yaddaşa köçürlər.
Yusif Səmədoğlunun “Qətl
günü”ndə eyni model təkrar olunur.
Bəs əgər təkrar
olunursa, onda bu əsər hansı bədii
özəlliyilə seçilir? Həmin əbədi
mövzuya Y.Səmədoğlu orijinal tərzdə
yanaşıbmı? Dünyanın
əbədi modelində yeni olan nədir?
“Qətl günü”
romanı barədə söz açan müəlliflər
təbii ki, bu əsərin Azərbaycan nəsrində
maraqlı bir ədəbi hadisə olduğunu qeyd
etmişlər. Mən Anarın bu fikri ilə tam razıyam ki: “Mənim
fikrimcə, bu romanın meydana çıxması ədəbi
fakt çərçivəsindən qat-qat böyük
əhəmiyyətə malikdir. “Qətl
günü” – müasir ədəbiyyatımızın
həqiqət günündür”.
Bu fikirdə mənim
demək istədiyim həqiqətin özəyi var. “Qətl
günü” doğrudan da ədəbi fakt çərçivəsindən
qat-qat əhəmiyyətlidir. Y.Səmədoğlu
yeni tipli Azərbaycan romanı yaratmışdır. Burada Qərb epik romanına məxsus
monumentallıqla Qərb romanlarına xas olan polifonizm
vəhdətdir.
Yenilik ondadır ki,
yazıçı əbədi Xeyir-Şər sücetinə
orijinal təfəkkür tərzilə yanaşır. Yusif
Səmədoğlunun yalnız bir hekayəsində – “220 ¹li
otaq”da “yazıçı mövqeyi” deyilən bir məqamla
qarşılaşmaq olar. Qalan heç bir
nəsr əsərində bu mövqe bilinmir və
ümumiyyətlə, yazıçının işi
“mövqe” nümayiş etdirmək deyil.
Yazıçı mövqeyi onsuz da əsərin ümumi
ruhunda hiss olunmalıdır. Bunu plakata
çevirmək doğru deyil. “Qətl
günü”ndə növbənöv insan faciələri
gözlərimiz qarşısında canlanır, Xeyir və
Şəri təmsil edən qüvvələrin kimliyi və
tənasübü də məlumdur. Y.
Səmədoğlu öz böyük ustadı Mirzə
Cəlilə məxsus bir soyuqqanlılıq nümayiş
etdirir. O, Şəri pisləmir, Xeyiri də təbliğ etmir
– o, oxucuya ancaq həqiqəti şərh edir. Bu
baxımdan Y.Səmədoğlu dünyanın ən
nəhəng sənətkarlarının yolunu davam etdirir.
lll
“İncə dərəsində yaz çağı”
hekayəsinin sonluğunu xatırlayıram: “Sayalı arvad...
elə bu vaxt başı üzərində səhərki
uğultunu eşitdi. Başını yuxarı
qaldırıb seyrək buludlardan aşağıda uçan
səhərki vertolyotu gördü. Əgər
Qara dağ yerindən qopub Sayalı arvadın
üstünə gəlsəydi belə qorxmazdı. İçi-içalatı, sümükləri
birdən don tutub, onu qara qızdırmalılar kimi
titrəməyə saldı. Əlini
qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı
qaçmağa başladı. Sayalı arvadın
müsibətli səsi vertolyotun uğultusuna
qarışdı:
– Əylə, başına dönüm, əylə, ay
doxtur! İncəli Çərkəz
ölüm ayağındadır. Başına
dönüm, ay doxtur. O da hökumət adamıdır,
kolxoz qurub, bandit tutub! Əylə!...
Sayalı arvad çox
qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu
çəmənliyə yıxıldı”.
Bu səhnə mənim
fikrimcə, analoqu olmayan bir səhnədir.
Hekayə yetmişinci
illərin sonlarında dərc edilib. Elə bir vaxtda ki,
sovet quruluşu hələ ən böhranlı
çağına gəlib çatmamışdı. Doğrudur, daha Xruşşov dövründə
olduğu kimi kommunizm illuziyaları, ideal cəmiyyət
arzuları insanları məşğul eləmirdi, amma
sosializm deyilən quruluşa inam hələ
sarsılmamışdı. Sosializm bir
SİSTEM kimi dünyaya meydan oxuyurdu. Ancaq
bu sistemin və quruluşun gec-tez dağılacağına,
hətta yerlə-yeksan oldacağına inanlardan və bunu
gözləyənlərdən biri də Yusif
Səmədoğlu idi. “Böyük kommunizmin sabahına
mən, Sadə xatirə tək gəlməyəcəyəm”
deyən Səməd Vurğunun oğlu Yusif
Səmədoğlu...
lll
Yusif Səmədoğlunun “Astana” hekayəsi belə bir
proloqla başlayır: “Ölüm var ölümdü,
ölüm də var zülümdü”. Bu fikrin
yazıçının əsərlərində tez-tez
təsadüf olunan ölümlərə, qətllərə
bilavasitə dəxli var.
Ümumiyyətlə,
Ölüm faktoru insan həyatının danılmaz və
qaçılmaz məqamıdır. Bütün yollar
ölümə aparır, amma bu yollar da müxtəlifdir
və sonu şərəfli ya şərəfsiz şəkildə
başa çatır. “Astana”dakı
ölüm labüd və qaçılmazdır (intihar olsa da
başqa çıxış yolu yox idi), “Qətl
günü”ndəki ölümlərin də bir çoxu
məntiqi sonluqlu başa çatır.
“O, çamadanı açdı. Ordaydı: səkkiz
dənə gülləsi, biri də ayaqda. Tapançanı
çıxarıb ucadan, lap ucadan dedi:
– Ay apardınız ha!
Soyuq lüləni
ağzına soxdu və tətiyi çəkdi.
Həmin anda – gecəydimi, səhərdimi,
gündüzdümü, bilmirdi- həmin anda gözlərinin
işartısından irəli düşən işıq
dairəsində öz növbəsini gözləyən
nizə vıyıltı ilə havanı yarıb harasa
uzağa süzdü, həmin anda Bakının
müsəlman qəbiristanında qara torpaq altında
kəfənə bürünmüş bir qarı elə
ufuldadı ki, o biri meyitlər də eşitdi”(“Astana”)
“Başları üzərində mis qabdanda yanan zəif
çırağın işığında divarlardakı
buz qatı da , dizdən yuxarı iki
bədəni örtmüş sal buz da
qırmızımtıl rəngə çalırdı
və qırmızımtıl buz,bədən boyu, su kimi
yuxarı axıb hülqumlarına çatanda, hökmdar daha
heç bir şey görmədi.
Dedi:
– Ölümün xeyir, Ənvər!
Xacə Ənvərin gözləri açıq
qalmışdı:
– Ölümə qənşər, hökmdar...
Lap axırda, zirzəmidə, buza dönmüş mis
qabdanda şölələnən çırağın alovu
söndü: qırmızı buz parçası
kökündən qırılıb sal buzun üstünə
düşdü və çilik-çilik oldu”(“Qətl
günü”)
“Qətl günü”ndə
Baba Kaha simvolik obrazını xatırlamaq yerinə
düşərdi. Baba Kaha dünyada ən bəd
əməllərin, pislik və murdarlıqların
ərşə qalxdığı zaman qoynundan alov
püskürür, zəlzələ yaradır.
Və Baba Kaha hər dəfə insanlar arasında
haqq-nahaq tərəzisinin gözü əyiləndə,
insaniliyə zidd əməllər baş qaldıranda,
ikiayaqlı bəndələrin allahsızlığı
başlayanda dəhşətli küləyi ilə
insanları cəzalandırır: “Baba kahanın oyusmundan
əsən o qədər güclü idi ki, bu qara və soyuq
axarın sürətinə işıq da çatmazdı.
– Kökünüz
kəsilsin sizin, ay ikiayaqlı bəndələr!”
lll
Yusif Səmədoğlu
Xarakter ustası idi. İstənilən bir nəsr
əsərinə ya da ssenariləri əsasında
çəkilən filmlərə baxın. Şəksiz
ki, istər nəsr əsəri olsun, istərsə də
bədii film – bu əsərlərdə Yusif
Səmədoğlu istedadlı bir sənətkar olduğunu
sübut edir – bütün yazıçı
mədəniyyəti, xüsusilə təsvir üsulunun
özünəməxsusluğu və rəngarəngliyi
ilə...
Bu mənada
“Qətl günü” romanını zəngin xarakterlər
qalareyasına bənzətmək olar. Bunları
çeşidləmək də olar: insan obrazları,
təbiət obrazları, rəmzi-simvolik obrazlar və bir
də sırf mifik obrazlar. Romanı oxuyanda
isə sanki fərqinə varmırsan – təbiət
obrazlarını da insan obrazları kimi qəbul edirsən.
Yəni obrazların canlımı,
cansızmı, realmı, irrealmı olduğu bir elə
əhəmiyyət kəsb eləmir.
“İnsanlar
küləkdən bezmişdi, külək də insanlardan”.
Yusif Səmədoğlunun hekayələrində
də xarakter yaratmaq ustalığının şahidi oluruq.
“Gözlər”
hekayəsindəki Şakir Səməd Vurğunun
obrazıdır. Bu obrazdakı
“220¹-li otaq”dakı obrazların adlarını
bəlkə indi xtırlamaq çətin olar, amma həmin
hekayədə vətənə, ocağa yurda bağlı bir
insanın kökünü, əslini danan cavanlara xitabən
dediyi sözlər yaddan çıxmır: “-Gedin, onları
axtarın, tapın! Onlar 220¹-li otaqda
yaşayırlar. Qorxmayın, onların
üzünə tüpürün!”
“220¹-li otaq” kitabına
toplanan hekayələr Yusif Səmədoğlunun ilk
qələm təcrübələri idi. Bu
hekayələrdə, əgər belə demək
mümkünsə, Yusif Səmədoğlu da, onun təsvir
etdiyi qəhrəmanlar da romantik gənclik dövrünü
yaşayırdılar.
“Qalaktika” hekayələr
kitabından sonra Yusif Səmədoğlunun nəsr
yaradıcılığında fasilə yaranır. Bu arada o,
yalnız bircə hekayə yazır, (“Bayatı-Şiraz”),
ancaq çap etdirməyə müvəffəq olmur.
Yalnız 1987-ci il “Ulduz” jurnalının
2-ci sayında hekayə işıq üzü görür. O
zaman çox az Adam Y.Səmədoğlunun
belə bir hekayə yazdığından xəbərdar idi. Bu, o zamana görə çox “xatalı” hekayə
idi. Çünki hekayədə QLAVLİTin asanlıqla
imtina edə biləcəyi, çapına icazə verə
bilməyəcəyi məqamlar az deyildi. Həmin hekayədə söhbət heç də
bir cümlə, bir neçə cümlə və yaxud bir
neçə abzas üstündə getmirdi, söhbət
və mübahisə bu hekayənin məzmununda idi, mahiyyətində
idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda
sovet ideologiyası hələ çox güclü idi, sistemin
arzulamadığı ədəbi qəhrəman heç
cür qəbul oluna bilməzdi.
Əsərin
qəhrəmanı Səbzəli dayı nə 30-cu illərin
inqilabçı obrazlarına, nə “kolxoz quran, bandit tutan”
personajlara, nə də zərbəçi əmək qəhrəmanlarına
bənzəyirdi. Səbzəli dayı- bu bədbəxt
insan restoran çalğıçısı idi. Hər
gün tavada bir yumurta qayğanaq edib, öz mənasız
çalğısı ilə (kontrabasda)
yeyib-içənləri əyləndirən, çox zaman
gülüş və ironiya hədəfinə
çevrilən bu qoca zavallı müharibə
illərində “Hitleri təriflədiyi üçün” (bunu
zorla onun boynuna qoyurlar) üç-dörd il
qazamatda yatır. Belə bir zavallı insan
ədəbiyyatın qəhrəmanı ola
birlərdimi? Təbii ki, sovet
ədəbiyyatının “ənənələri” belə bir
qəhrəman tipini inkar etməli idi. Əgər
“Bayatı-Şiraz” yazıldığı dövrdə-
60-cı illərin sonlarında- 70-ci illəri n
əvvəllərində çap edilsəydi, belə bir
möcüzə baş versəydi, sovet ədəbi
tənqidi onu öz artilleriyasını gur
atəşlərinə qərq edəcəkdi.
“Bayatı-Şiraz”
mürəkkəb struktura malik hekayədir. Bir
anlığa yenə “Qətl günü” romanını
xatırlayırsan. “Qətl günü”
əslində, üç mikroromanı özündə
birləşdirir, amma vahid sujet xəttinə malik bir roman kimi
qavranılır, roman içində “romanlar” onun
bütövlüyünə qətiyyən xələl
gətirmir. Maraqlıdır ki,
“Bayatı-Şiraz”da da hekayə içində kiçik
“hekayələr” görürük. Yusif
Səmədoğlu bu hekayədə obrazın demək olar ki,
bütün həyatını qələmə alıb,
(heç də uzun-uzadı təfsilatlara gedilmədən)
vahid süjet xəttinin dörd kiçik şaxəsi
nəticədə Səbzəli dayının bitkin
obrazını gözlərimiz qarşısında
canlandırır.
Hekayənin finalını
isə heç unutmaq olmaz. İki pullu şəxs
Səbzəli dayıdan kontrabasda “Bayatı-Şiraz”
çalmağı xahiş edir və o...canını
dişinə iki əlliliyin xətrinə belə bir
biabırçılığa gedir.
“Yüz manat-iki dənə
şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun
xəyalı gözləri qabağında Səbzəli
dayı yavaş-yavaş yol gedirdi.
Az getdi, üz getdi, sevindiyindən
birdən başını yuxarı qaldırdı. Qaldırdı ki, baxsın görsün
yuxarılarda nə var, nə yox?
Uca
binaların zil qara siluetləri arasından parıltılı
ulduzların əhatəsində süd yolunu gördü.
Təəccüb elədi. Çünki
əlli ildən yuxarı idi ki, süd yolunu
görməmişdi.
Dayanıb,
əlləri cibində doyunca tamaşa elədi.
Birdən Səbzəli dayını ağlamaq tutdu ta
ürəyi boşalanacan ağladı..”
Hekayə
beləcə tragikomik bir sonluqla bitir. Və
hər sətrində yazıçının öz
qəhrəmanına rəğbəti duyulan hekayədə
yaşadığımız o dövrki cəmiyyətin (lap
elə bugünkü cəmiyyətin) bütün
eybəcərlikləri böyük ustalıqla canlandırılmışdır.
Daha dəqiq: o cəmiyyətin bütün gözə
görünən və görünməyən aləmi onun
kiçik bir guşəsinə – o balaca restorana
sığışdırılmışdı...
SON SÖZ ƏVƏZİ
1987-ci ildən
Y.Səmədoğlu “Azərbaycan” jurnalına baş redaktor
təyin olundu.
O, düz 10 il baş redaktorumuz oldu.
1987-1992-ci
illərdə Yusifin kabineti qarşısında
həmişə bir canlanma görərdim. O illərin
dərdli adamları, yerindən-yurdundan didərgin
düşənlər haqqı tapdalananlar Yusif qağaya üz
tuturdular. Fikirləşirdim ki, axı, Yusif
Səmədoğlu nə qədər görkəmli
yazıçı olsa belə bu qədər adama necə
kömək göstərə biləcək? Amma Yusif Səmədoğlu iynənin ucu boyda bir
güman yeri vardısa, köməyini, qayğısını
əsirgəmirdi.
O həyəcanlı illərdə Y.Səmədoğlu Azərbaycan Xalq Hərəkatının liderlərindən və ilhamvericilərindən birinə çevrilmişdi. Azərbaycan Xalq Cəbhəsi rəsmi dairədə bir təşkilat kimi qeydiyyatdan keçəndə Y.Səmədoğlu necə də sevinirdi. Onun buna haqqı vardı. Çünki xalq meydana yığılanda Yusif Səmədoğlunu da tribunada görürdü, əslində, Xalq Cəbhəsi Yusif Səmədoğlu kimi xalqın böyük ziyalılarının dəstəyi ilə yaranmışdı. Amma sonralar Y.Səmədoğlu ilə “bəylər” arasında bir anlaşılmazlıq və soyuqluq yarandı. Bu, Yusifin təqsiri deyildi. “Qətl günü”ndə insan psixologiyasının alt qatlarının belə bədii sözün işığına çıxaran Y.Səmədoğlu üçün 5-3 liderin hansı məzhəbə qulluq eləməsi və hansı iddialar ilə yaşaması o qədər də müşkül deyildi. Ancaq Yusif Səmədoğlu siyasət meydanından çəkilmədi, Milli Məclisdə, ali kürsülərdə və beynəlxalq aləmdə öz sözünü dedi və bununla sübut elədi ki, kəskin yazıçı ağlı nəinki insanların, hətta insanlararası, dövlətlərarası münasibətlərin də dərinliklərinə baş vurmağa qadirdi.
... Yusif Səmədoğlunun vəfatı hamı kimi məni də dərindən sarsıtdı. Yüzlərlə, minlərlə, onminlərlə Azərbaycan oxucusu necə böyük bir insanı və sənətkarı itirdiyini dərk elədi.
Vaqif
YUSİFLİ
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.29-30.