SƏS

(Esse-kollaj)

Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

(Əvvəli ötən şənbə sayımızda)

 

“Zabul-segah”da bir dövrə vurdun. Ağacın ətrafına dolanan kimi. Dünyanı dolaşıb başladığın yerə qayıtdın. Günəşə gedib geri döndün. Nə fərq edər ki? Bir dövrə, bir sonsuzluq keçdin. Gözlərin ilan gözlərinə nə qədər bənzəyir sənin. Kədərli və sevən gözlərinlə; ilan gözlərin, ilan surətin, ilan əlçatmazlığın və ilan məhəbbətinlə.

Yox, Sənin içindəki çətin, ağır bir yükdür. Çox çətin Alim bəy, sən olduğun qədər də mürəkkəb bir təbiətsən. Sənin səsində sənin bilmədiklərin bir dünya qədər çoxdur. Bilmədiklərin günahın deyil, qismətindir. Göndərilən əmanətdir. Ruhun əmanəti. Haqqa çatmalıdır. Haqqa gedən yolda çata bildiyi qədər də insana çatmalıdır. Daşın gücünü bilməyə nə var? Çiçəyin gücünü duymaq lazım. Otun gücünü kim biləcək? Suyun gücü yerə, göyə bəllidir. Odun gücü göz önündə. Bir nəfəsin gücünü bilən varmı?

Dünyada xaos və kosmos qarşıdurması var. Alimin səsi xaosdan hərəkət, kosmosa çıxışdır. Dolanbacların, qarışıqlıqların, qaranlıqların düzümə, sıraya, harmoniyaya çıxışdır, qovuşmasıdır; daha doğrusu, o sərhəd, o hüduddur.

Dünyada ən böyük zülm qulun qula işgəncəsidir. Dünyada ən böyük zövq yaratdığından aldığın zövqdür. ən uzun yol gözün yolu, ən dərin quyu özünə qazdığın quyudur. Ən böyük güc öz gücünü bilməyənin gücüdür. Alimin səsi qul ağrısını, yaradılmışın vəcdini, göz yolunu ən dərin quyunun əvəzsiz gücü birləşdirən tənha bir dünyadır.

Alimin səsi Azadlıqdır. Ruhun azadlığı.

Apollon başlanğıcı sayılan yük – zəriflik, zəiflik gücü. Dionis başlanğıcı sayılan sərxoşluq – sənət sərxoşluğu, Yaradanın adı ilə oxunan müqəddəs Quran, Füzuli əzabı, sonsuz sevgi – ilahi məhəbbət, Alim Tanrısının, çevrilməsinin təməli, əsasıdır.

Alimin səsinin əks-sədası dinləyənin ürəyidir. Bu səs o ürəkdə öz rəngini alır, axtardığını tapır və ona qovuşur. Nitşe buna qarşılıqlı əzab duymanın harayı, fəryadı deyir. Deyir: “Bu fəryad sənin fəryadındır, mən gətirmişəm”.

İnsanın ən çox unutduğu, unutmaq istədiyi şey yaşıdır.

İnsan zamanı aldatmaq istəyir, mənasızdır. Zaman amansızdır. O heç kəsə güzəşt etmir.

Bir aylı gecədir. On dördlük ay doğmuş yaz gecəsindəyəm. Bu dünyada əbədi qalacağıma inanıram. Ölümümü sevdiyim qədər inanıram. Alimi dinləyirəm. Bu mənim dünyamdır. Şükürlər olsun.

Heç çiçəyin səsini

eşitdinmi?

“Mən şair deyiləm, sadəcə şeirin qəlibindən istifadə etdim” deyən Mevlanə dünyaya səs kimi gəldi, dünyada Şəmsin səsini tapdı və onunla vəhdətləşdi və dünyadan səs kimi də getdi.

Zaman-zaman olduğum kimi olmadığımın da əzabını yaşayıram.

 “Ah... Əslində yazı yazmaq deyil, uzun-uzun inləmək istəyirəm”

“Necə ah eyləməyim? Ah... yanıbdır cigərim” – deyən Füzulinin ahını verə bilən səs axtarıram, tapa bilmirəm.

Bədbinlər həmişə haqlı çıxar, nikbinlər həmişə pul-para qazanarsa, mən də bədbinlərin içindəyəm.

 “Qılıncla hər şeyi tapa bilərsən, amma onun üstündə otura bilməzsən” deyən sərkərdə haqlıdır.

Əbədi ahəngi, kosmik uyumu qılınc gücünə necə tapa bilərsən?

Zülmün ümidsizliyə sürüklədiyi

Nəsibim həqiqətdir

könül qapısını açdı və heç vaxt o qapını qapatmadı.

Bilmədiyini- bilmək

Bədənin arzularından qurtarıb ruha səsləndi.

Mən qul olaraq Allahımı, ümmət əhli olaraq peyğəmbərimi, ər olaraq xanımı, ata olaraq övladlarımı sevirəm.

Bu kor düyünü aça bilmirəm ki, bilmirəm.

Bu dar keçidi keçə bilmirəm ki, bilmirəm.

Oxuyuram, bəlkə səsim mənə yar oldu, pənah olub o işıqlı yolun aydınlığına çıxardı.

Məşəqqət dolu yolda sevdanın adı cəhənnəmdirsə, cəhənnəmi belə sevdim.

Qulağıma şairin küləklərə qarışmış səsi gəldi:

– Sən vurdun da mən ölmədimmi?

– Sən çağırdın da, mən gəlmədimmi?

...Leyliyə Məcnun gözüylə baxmasan o eşqi necə səsə çevirəcəksən?

...Harun əl-Rəşid əmr edir Leylini onun hüzuruna gətirirlər. Qara-qura bir qızcığazda bir gözəllik görməyən Harun sorur:

          Leyli deyilən o məşhur gözəl sənmsən?

          Mənəm, fəqət sən Məcnun deyilsən.

Çiləxanədə deyil, bu işıqlı dünyada özünü əzaba məhkum edənlər Leylini görərlərmiş...

İanna şumerlərdə eşq və savaş tanrısıdır. O əbədidir. Çünki nə qədər insan var eşq də var, savaş da.

Səs insanın bitməzliyinin, tükənməzliyinin ifadəsi olduğu üçün eşqi tərənnüm etmişdir.

Din öz yerində. Miflər və sənətin bütün növləri də bu ehtiraslarla alışıb-yanmış və bu çılğınlığı ifadə etməyə çalışmışdır. Ehtirasından əzəb çəkən qadını ifadə etməmək günah deyilmi?

İlk məhəbbətinin sancılarını balaca ürəyində yaşayan gəncin hisslərinin sərgüzəştini, macərasını daşa həkk etməmək, sözə, səsə, rəngə çevirib əbədiləşdirməmək dünyanın ən böyük haqsızlığı olardı.

Yarəb!

Füzuli yazır:

Müxalif devrdən gülgün

şərabı qana dəğşirdim.

Sürüdun cengü udun

navəvü əfğana dəğşirdim...

“Mən müxalif olan fələyin üzündən

onu qana dəyişdirdim,

Cəngin və udun tərənnümlərini

inləməyə, fəryada dəyişdirdim”.

Göründüyü kimi, şair fələkdən şikayət edir. Prinsipcə bir Haqq aşiqinin fələkdən şikayət etməsi doğru olmasa da, unutmayaq ki, insan ət və sümükdən ibarətdir. Yəni maddədən yaranıb. İnsan ruh halını maddi dəyəri dəyişə də bilər, sənətkar hiss və həyəcanları bir qütbdən başqa qütbə ata bilər. İnsanın içində olduğu bir hal, həsrətini çəkdiyi bir aləm var. Bəzən şairlər həsrətində olduqlarını tərənnüm edirlər. Füzuli də elədir. İlahi eşq, platonik eşq onun idealıdır. Böyük şair bəşəri zövqdən də məhrum deyil və ya onun şerində ilahi-maddi paralellik də gözlənir. Şeirin dolanbac yollarında bu tamamilə təbiidir. Füzulinin məcaz qatları çoxdur və bu qatlar həm məntiq, anlamca bağlıdır. Səs, ifadə gözəlliyi bu anlam dərinliyini qanadlandırır və əvəzsizləşdirir.

Fələk öz arzusuna görə dönüb dolanmaz. Maddi aləmdəki gül rəngli şərabı qan içməyə çevirmək şair üçün elə çətin bir şey deyil.

Mən hər dəfə “Fələklər yandı ahimdən...” deyib hayqıranda bir şeyin mənim öz içimdə çatır-çatır yandığını hiss edirəm, fiziki şəkildə eşidirəm.

Zaman-zaman Füzuliyə dönəcəyik, dönməyə məcburuq, doğrusunu desəm, hətta buna məhkumuq.

Sovet adamının sürü alışqanlığı xassəsinə etiraz edənlər yoxdur desək, yalan olar.

Ancaq biz 3-5%-dən deyil sürü əxlaqına öyrəşmiş 95-97% nəzərdə tuturuq. Təəssüf, min təəssüf ki, bu xassə də sovet adamlarının varislərini hələ tərk etməmiş və ya tərk etdirilməmişdir. Bu yerdə Darvinin də atasına lənət oxumaq yerinə düşər. Ay kişilər, nə qədər gözləmək olar ki, lənətüllah bir meymun adama çevrilsin. Əksi oldu ki, düzü olmadı ki, olmadı.

 “Hər günü yenidən başlamayan bizdən deyil” (Hz. Məhəmməd)

Bu hikmətdə dünyanın sirri yaşayır. Şairlər bu fikri “hər gün yenidən doğulmaq”, “günəşlə bərabər doğulmaq” kimi də ifadə edirlər.

Mənim üçün peyğəmbərimizin kəlamı ona görə əziz və qiymətlidir ki, muğamı ifaya yenidən başlamaq həyatı yenidən başlamaqdır. Hər muğam bir başlanğıcdır, sübhdür. Sübhdən qopub qüruba gedirsən, olumdan ölümə yollanırsan və bu arada nələr yaşamırsan ilahi?! Eşq, iztirab, həyəcan, mücadilə, iftira, ümid, kədər, qırğınlıq, təlaş, sevinc, zəfər... içindən keçib gedirsən. Səsin qatları, melodiyanın min bir çaları hər muğamın öz fəlsəfəsini ifadə edir. Hər muğam hər ifada yenidən dirilir və bu mütləq yolu keçir.

Bu mütləqin içindəki nisbiyyəti müəyyənləşdirən və ifaçı kimliyini təyin edən sənin bədahət gücündür. Sən öz bədahət gücün qədərsən. Nə ondan az, nə çoxsan.

Hər ifanın başı ümid və cavanlıq ehtirasıdırsa, sonu məhzunluq, qüssə və ayrılıqdır. Mən hər muğamla doğulduğum kimi o muğamda da ölürəm. Bu ölümün həyəcanı mənə yeni sinerji gətirir, yaşadığım qüssə, kədər məni yenidən Allaha, həyata bağlayır. Bunun adı bəlkə də mifoloqların istifadə etdiyi ölüb-dirilmə formuludur. Yüz dəfə oxuduğum muğam olsa da, hər muğam başlanğıcı məni həyəcana boğur, qorxudan tir-tir əsirəm. Sona yaxınlaşdıqca gücüm, həyəcanım tükənməyə doğru gedir və hər son məni ölümün ağuşuna atır. Sonda mənim yaşadığım metamorfozu ifadə, təsvir etməkdə çətinlik çəkirəm. Barama qurdunun kəpənəyə çevrilməsi mənim bir varlıqdan başqa varlığa keçməyimin dəqiq müqayisəsidir.

Göy üzü səni çağırır,

eşidirsənmi?

Musiqi ilə mənim aramda olan münasibət Məcnunun Leyliyə, Leylinin də Məcnuna münasibəti kimidir. Məcnun Leylisiz yaşaya bilmir, Leyli də Məcnunsuz. Leylidə Allaha qovuşduqdan sonra Məcnuna, Məcnunda Allaha ucaldıqdan sonra Leyliyə ehtiyac qalmır.

Hərdən musiqi, səs mənə o qədər mane olur ki, canımı qurtarmağa cəhənnəm istəyirəm. Təki sakitlik olsun. Qəribə ifalar, əndərəbadi oxumalar, cürbəcür musiqi səsləri mənim üçün məşəqqətdən başqa bir şey deyil. Və o səslər mənə öz səsimi, öz aləmimi tapmağa dəhşətli dərəcədə mane olur.

Amma mənim üçün musiqi hər şeydir. Və bu hər şeyi heç bir məcazla, bənzətmə ilə ifadə etmək olmaz.

Hərdən mənə elə gəlir səsi elə mən özüməm. Bədənim, varlığım bu səsin içində əriyib və dünyada quruca bir səs kimi qalmışam. Buna da inanıram ki, bir daha bu dünyaya gəlsəm cisim kimi deyil, səs kimi gələcəyəm.

Və mən Məcnun – səs, Leyli – səsi tapıb onu dəlilər kimi sevəcəyəm.

Mən bu həqiqətə də inanıram ki, mənim səsim mələklər kimidir – onun cinsi yoxdur, o nə qadındır, nə kişi, o həm qadındır, həm də kişi. Eşq vadisində nə sultan var, nə gəda, nə kişi var, nə qadın. Allaha can atan, Allah eşqi ilə yanıb kül olanın nə kişisi, nə qadını...

Səs də bir canlı varlıqdır. Səsin də ruhu, canı, bizim görmədiyimiz bədəni – fiziki varlığı, ölçüsü-biçisi var.

Mən səsi yerə çırpıb çilik-çilik edirəm. Səsi öldürürəm. Sonra səsin zərrələrindən yeni bir can, ruh, bədən yaradıram. Bu yaranan varlıq hər hansı bir səs deyil, mənim səsimdir. Həmin səs mənim dünyamdır, mənim içimdə illər boyu bəslədiyim məşəqqətdir.

Dərd məni dilləndirməsə, səsim çıxmaz. Səsim daş kimi başıma düşüb məni həmişəlik susdurar. Səsimə səs verən olmasa mənim yetim səsim bayquş səsi kimi tənhalıq, kimsəsizlik içində heç olub gedər. Səs səsə həyandır. Məni həyansız qoymayın. Səs mənə bütün səsləri unutmaq üçün lazımdır. Dünyada yalnız mənim səsimin qaldığını, hər şeyi deyəcək, ifadə edəcək gücdə mənim səsimin qaldığını hiss etməsəm, bu hissimi dərk etməsəm əsla oxuya bilmərəm.

İstər inanın, istər inanmayın... İstər mənə ağlayın, istərsə də gülün.

(Əvvəli gələn şənbə sayımızda)

 

 

KAMİL VƏLİ

525-ci qəzet.- 2010.- 11 dekabr.- S.28.