Çingiz Əlioğlu
–çərçivənin çərçivəsizliyi,
yaxud çərçivəsizliyin çərçivəsi
Suyun çərçivəsi buzdur, ancaq əriyənə qədər... Və buxarlanana qədər...
Çingiz Əlioğlunun poeziyası da su kimidir, onu ancaq uca dağların başında çərçivəyə salmaq, enini-uzunu ölçmək olar. Elə ki, əridi, yaxud buxarlandı, gərək təzyiqini ölçəsən... Və bir də enerjisinin miqdarını...
Önümdə lümlüt sükut,
Axır çılçılpaq bulaq.
Suda cilvə şıltaqlıq,
Sükutda işvəyə bax.
Seyr elə təbiəti,
Gümüldəşən bulağı.
Sükutda qız ülfəti,
Suda övrət qılığı...
Çingiz Əlioğlunu ilk dəfə min doqquz yüz yetmiş yeddinci ildə Bakının indi heç cür xatırlaya bilmədiyim kiçik bir parkında şeir oxuyanda görmüşəm. Əvvəl iki rus şairi və ya rusca yazan iki şair şeir oxudu. Əl çaldılar. Dinləyicilərin çoxu parka yığışmış yaşlı ruslar idi. Biz –qəbul imtahanına gəlmiş üç-dörd kənd uşağı əl çalmadıq... Sonra Çingiz Əlioğlu ana dilində, ancaq adət etmədiyimiz bir intonasiya ilə şeirlərini oxudu. Və mən kəndçilərimə dedim ki, gəlin bərkdən əl çalaq, hər halda öz dilimizdə yazır... Necə alqışladıqsa, dönüb təəccüblə bizə baxdılar... Çingiz Əlioğlu həvəslənib bir-iki şeir də oxudu. Hər şeirdən sonra alqışlarımızı, əksəriyyətin etirazına baxmayıb, patriarxal stixiyamızla təkrar elədik. Şairlər səhnədən düşəndə Çingiz Əlioğlu bizə yaxınlaşdı, “mən Çingiz Əlioğluyam, siz də şeir yazırsınız?” deyə soruşdu... Və key-key baxdığımızı görüb əlavə elədi:
–Mən “Gənclik” nəşriyyatında işləyirəm, buyurun gəlin... Çox sağ olun!..
Orta məktəbi qurtarıb ilk dəfə Bakıya ali məktəbə sənəd verməyə gəlmiş kənd uşaqlarına nə nəşriyyat lazım idi, nə də Çingiz Əlioğlu...
Gülümsündü... Və getdi...
Mən Universitetin filologiya fakültəsinə daxil oldum. Kəndçilərimin hərəsini həyat bir yana atdı... Ədəbi aləmlə ilk tanışlığımda üç adın adətən yanaşı çəkildiyini gördüm: Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu... Sonralar onları da, tale necə birləşdirmişdisə, o cür də hərəsini bir yana atdı. Müxtəlif üslublar, yaradıcılıq maneraları üzərində kökləndilər. Ancaq bu bir həqiqətdir ki, hər üçü müasir Azərbaycan poeziyasında ən nihilist mövqedən belə danılması mümkün olmayan iz qoydular.
Nüsrət Kəsəmənli dünyadan, çox təəssüf ki, tez getdi, bununla belə onun adamın iliyinə işləyən, həyatın özü qədər təbii lirikası o qədər canlıdır ki, müəllifin fiziki yoxluğuna bugünə qədər inanmaq çətindir.
Sabir Rüstəmxanlı elə gəncliyindən gələn xarakteri ilə nə qədər ictimai-siyasi, ideoloji polemikalara qoşulsa da, bu sahədə nə qədər parlaq görünsə də, özünəməxsus böyük şair obrazını yarada bildi... Və bu obraz onun yaradıcı şəxsiyyətinin, genişmiqyaslı fəaliyyətinin, elə bilirəm ki, mərkəzində dayanır.
Nüsrət Kəsəmənlinin lirik-psixoloji, Sabir Rüstəmxanlının lirik-publisistik üslubuna paralel olaraq üçlüyün üçüncü nümayəndəsi Çingiz Əlioğlunun lirik-metafizik üslubundan danışmaq olar. Hər üç üslub eyni dərəcədə emosional, hətta üsyankardır, ancaq üçüncü üslub həm də eksperimentaldır... Nüsrət Kəsəmənli ilə Sabir Rüstəmxanlının ilhamının obyekti, fakturası həmişə çox konkret olduğu halda, Çingiz Əlioğlunun şair ilhamı barədə bunu demək olmaz; o, çox zaman tamamilə mücərrəd, qeyri-müəyyən fakturadan – heç nədən şeir yarada bilər (və bilir)!.. O, Bilmədiyi bir əcnəbi dildən beş-on söz öyrənib həmin sözlərdən gözəl bir sənət əsəri dünyaya gətirməyi bacarar (və bacarır)!.. Çingiz Əlioğlunun şeirlərində söz-leksikon o qədər güclü, enerjilidir ki, qrammatikanı bütünlüklə sıxışdırır, ikinci, hətta üçüncü plana keçirir. O, bunu edə bilər (və edir)!..
Çingiz Əlioğlunun yaradıcılığını bir bütöv halında təqdim edən, bugünkü kitab mədəniyyətimizin səviyyəsini göstərən “Çərçivə”ni hər vərəqlədikcə birinci ağlıma o gəlir ki, doğrudan da, zahirən bir-birindən çox fərqli görünən hadisələrin çox yaxın əlaqəsi var, ancaq bu, çox-çox dərindədir.
Kim deyir ki, ağ yaylıqdır
Ağ gəmidən çıxan tüstü?!
O, qara bir ayrılıqdar,
Alım sıxım gözüm üstə.
Sənsiz hara gedim, hər vaxt
Başımda bulud
layları.
Doldurubdur efiri, bax,
Batan gəmi harayları.
“Çərçivə”dəki şeirlərin az qala hamısının, ümumiyyətlə
şairin poetik yaşantısının sxemini, modellərini
(şəklini!) təsəvvür (və təsvir)
eləmək olar. Bu kitabın ən
böyük məziyyəti də fikrimcə, ondadır ki,
dizayn öz-özlüyündə müstəqil hadisə
yox, Çingiz Əlioğlunun yaradıcı şəxsiyyətinin
obrazıdır. Hər şairin
yaradıcılığı üçün bu cür dizayn
vermək mümkün deyil. Bu cür
dizaynı yaradıcılığın özü-xarakteri,
tipologiyası diqtə etməlidir (və edir).
Çingiz Əlioğlu
Azərbaycanın çox az olan o
şairlərindəndir ki, onun şeirlərini həvəskar
tərcüməçi belə dünyanın hər
hansı dilinə kifayət qədər uğurla
çevirə bilər. Hətta elə şeirləri də
var ki, istənilən xalqın nümayəndəsi
qarşısına lüğət qoyub həmin şeirin
məzmununu, emosiyasını bütünlüklə dərk
edə bilər... Bu mənada Çingiz
Əlioğlu Azərbaycan şeir texnologiyasına universal
düşüncə tipologiyası, ümumən insan dilinin
metafizikasını gətirmiş şairdir. Və
hərdən mənə elə gəlir ki, düz xətti,
üçbucağı, kvadratı, yaxud hər hansı riyazi
və ya kimyəvi formulu bir dildən başqa dilə
“tərcümə etmək” barədə
düşünmək nə qədər absurdursa, hər
hansı ingilisin, fransızın, rusun, ərəbin,
həbəşin... Çingiz Əlioğlunu elə onun
öz dilində anlamaması da az qala o
qədər absurddur. Ana dilində
dünyanın ümumi dilində danışmaq, ana dilinin
şeirini, sözün geniş mənasında,
tərcmənin fövqünə çıxarmaq təkcə
şair yox, həm də mütəfəkkir miqyasıdır.
Hərdən elə böyüyürəm,-
Başım buluddan yuxarı!
Bəzən elə kiçilirəm,
Hər şeydən
qəlbim yuxalır.
Yuxarı – yıxılanadək,
Yuxalır – yox olanadək...
Odur, gəlir biri, baxın,
Gəlir
şellənə-şellənə.
Boyu boyundan yuxarı,
Eni
enlənə-enlənə.
...Kiçik içindən kiçilir...
Bu da belə bəxt,
qəzadır,-
Kiçik boyundan
seçilmir,
İçi
boyundan qısadır.
...Nisbi xarakter
daşıyır
Demə
çəki ölçüləri.
Dar bir qəfəsdə
yaşayır
Hürr, azadlıq
elçiləri...
Mən Çingiz
Əlioğlu ilə müxtəlif məclislərdə
olmuşam. Və hər dəfə görmüşəm ki,
onun yaradıcılığı şəxsiyyətinin,
şəxsiyyəti də yaradıcılığının
birbaşa davamıdır. Hərəkətləri,
yerişi, duruşu, danışığı,
həmsöhbətləri ilə ünsiyyəti hələ
yazmadığı şeirə oxşayır...
Bir
dəfə İstanbuldan qayıdırdıq. Aeroportda
Çingiz Əlioğlu çantası çiynində
qabağa düşüb hündür boyu, zahirən
ədalı, əslində isə hər an
dayanıb səfər yoldaşlarına qarışmağa
hazır olan mütəvazö yerişi ilə gedirdi. Mən isə dörd-beş addım arxada çox
sevdiyim, ancaq məni tamam hövsələdən
çıxarmış bir xanımla mübahisə
edə-edə addımlayırdıq. Arxadan da
gələnlər vardı... Xanıma başa
sala bilmədim ki, o, haqsızdır. Axırda
bezib onu geridə qoyub Çingiz Əlioğlua
yaxınlaşdım. Sən demə, fikri bizdə
imiş... Beş-altı addım atandan sonra üzünü
mənə çevirib “neçə dəqiqədir
mübahisə edirsən, sənin kimi söz adamı üçün
bir xanımın könlünü almaqdan ötrü bircə
dəqiqə kifayət idi” dedi. Və
gördüm ki, Çingiz Əlioğlu – hörmətli
dostum xanımla aramızdakı münasibətin
korlanmasından çox, “sözün qiymətdən
düşməsi”nə təəssüflənir. O zaman
vəziyyət elə idi ki, sözün mənim
üçün heç bir dəyəri yox idi... Həm
dediyim, həm də eşitdiyim sözlərdən
zəhləm gedirdi... Çingiz Əlioğlu mənə
çox səmimi şəkildə başa saldı ki, ən
zərif (və ən gərgin) emosiyaları da dilin
formulları ilə ifadə etmək lazımdır, yoxsa
söz çürüyür, “sarvat” olur (yeyilir), vint
qaykanı tutmadığı kimi söz də fikri tutmur... Və əsəblər
dil tapmır, hər “nerv” bir meydanda oynayır.
Çingiz
Əlioğlunun “Azərbaycan” jurnalında spirtli
içkilərlə bağlı böyük bir
məqaləsini oxumuşdum. Və bu yazı məni
haqqında danışdığı içkilərdən
daha çox məst eləmişdi...
Çingiz Əlioğluda
mənim sevdiyim (və sevib sonuna çata bilməyəcəyim)
bir rahat sərbəstlik var. Atırsan çantanı
çiyninə, evdən çıxırsan... Təbiətin
qaroskopu səni hara göndərirsə, ora gedirsən... Sonra,
çox sonra kimsə sənin tərcümeyi-halını
yazır, yaxud xatırlayır... Su hara axırsa axsın, onun
tərcümeyi-halı haş iki o-dan kənara çıxan
deyil. İstər Göy göl olsun, istər Niaqara
şəlaləsi, istər Tanrı dağlarının
buzları... İstərsə də başımızın
üstündə hər an yağmağa
hazır olan buludlar...
Mən başqa şairəm,
sözüm
ayrıdır,
Gözüm qum içindən
ləli
əridir.
Sözlərdən bal əmən
ruhum
arıdır...
Əridir cismimi əzab
içində.
Üzümdən görməzsən,
əzab
içimdə,
Dişimdə sıxdığım
qəzəb
içimdə,
Gülürəm, əzmimi əzib
içimdə,
Yaxınlar, uzaqlar
azıb
içində...
Sən mənə baş qoşma,
baş
mənim deyil,
Ətəyə yığdığım daş
mənim
deyil,
Nə bu göz, nə də ki
qaş
mənim deyil,
Gəzirəm prokat
bir
can içində...
Çingiz Əlioğlunun yaradıcılığı
çərçivənin çərçivəsizliyi
və ya çərçivəsizliyin
çərçivəsidir... Bunu özü məndən
yaxşı bilir!..
Ancaq mən də nə isə bilirəm...
Nizami
CƏFƏROV
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.26.