Baş nazirin xanımı

 

Ailə gizlinləri... Onlara baş vurmaq hər zaman maraqlıdır.

Xüsusən söhbət tarixi şəxsiyyətlərdən, dövlət adamlarından gedəndə bu maraq qat-qat artır. Həm də ictimai əhəmiyyət kəsb edir. Bizə yol göstərənlərin özlərinin şəxsi həyatda hansı yolu təqib etdiklərini bilmək hər kəsin ilgisini çəkir. Tarix yaradanların öz tarixçələri-ailə daxilindəki yaşamları, özəl münasibətləri, özlərinin və övladlarının pərdə arxasında qalan sirləri bu şəxslərin portret cizgilərini tamamlamağa, onlara fərqli rakursdan baxmağa imkan yaradır.

Yəqin çox az adam bilir ki, Azərbaycandakı ən fəal bolşevik liderlərindən birinin – Mirzə Davud Hüseynovun (1894-1938) xanımı ilk Cümhuriyyətimizin qurucularından olan Fətəli xan Xoyskinin qızı idi.

Görünür, məğlub hökmdarın arvadını, yaxud qızını cariyəyə çevirmək təkcə nağıllara, yaxud qədim dövrlərin tarixinə xas olay deyildi.

Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski 1920- ci ilin iyun ayında Tiflisdə erməni terrorçularının əli ilə qətlə yetiriləndə ailənin böyük övladı, 18 yaşlı Tamara Xoyskaya nəyin bahasına olursa olsun özünü atasının dəfn mərasiminə çatdırmaq istəmişdi.

O zaman Gürcüstan hələ sovetləşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu.

Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutmuşdu. Azərbaycan Hərbi-İnqilab Komitəsi sədrinin müavini, 26 yaşlı M.D.Hüseynovun qəbuluna düşmüşdü.

Təbii ki, devrilmiş hakimiyyət liderinin qızına kömək edən tapılmamışdı. Tiflisə getmək mümkün olmamışdı. Fətəli xanı şəhərdəki İran konsulluğu Botanika bağında, M.F.Axundovun məzarı yanında dəfn etmişdi.

M.D.Hüseynov isə bir müddət sonra Tamara Xoyskaya ilə evlənmişdi.

İnsanlıq tarixində neçənci dəfə Şekspirin böyük ustalıqla təsvir etdiyi Montekki-Kapuletti olayı yaşanmışdı.

Yəqin ki, unudulmaz “Komsomol poeması”nın müəllifi, xalq şairi Səməd Vurğunun bu qeyri-adi izdivacdan xəbəri vardı.

Fətəli xan həyatda olmasa da, onunla Gəray bəy, Tamara ilə Humay, Mirzə Davudla Cəlal arasında müəyyən bənzərlik sezməmək mümkün deyil.

Səməd Vurğunun poemasında komsomol Cəlalı Gəray bəy öz əli ilə cəzalandırır. Sinfi tabuları pozan M.D.Hüseynova isə qurucularından olduğu rejim eyni amansızlıqla divan tutdu.

Azərbaycanın faciəsini şəxsi faciəsi kimi yaşayan N.Nərimanov Leninə, Trotskiyə və Stalinə ünvanladığı “Milli ucqarlarda partiyanın siyasətinə dair” adlı məktubda Ə.H.Qarayev, M.D.Hüseynov kimi neobolşevik liderlərin özlərini inqilabın ərköyün övladları kimi apardıqlarından, yazılmış və yazılmamış qanunları pozduqlarından, milli və partiya əxlaqına sayğı göstərmədiklərindən şikayətlənirdi. Konkret nümunə kimi M. D. Hüseynovun yanına şəxsi məsələsi ilə əlaqədar gəlmiş gənc bir xanıma ədəbsiz təklifdə bulunmasından bəhs edirdi.

Düşünmək olar ki, söhbət Fətəli xanın qızı haqqında getmir. Çünki Mirzə Davud Tamara Xoyskaya ilə qanuni nikaha girmiş və 17 il birlikdə yaşamışdılar. Hər ikisini Moskvada eyni gündə həbs etmiş, hətta eyni “voronkada” həbsxanaya aparılmışdılar. Molotovlarla ailəvi dostluq da işlərinə yaramamışdı. Mirzə Davud ölümə, Tamara xanım sürgünə yollanmışdı.

Xidmətində canla-başla dayandığı rejim M.D.Hüseynovu 1938-ci il martın 21-də (Novruz bayramı günü!) qətlə yetirmişdi.

Həyatının neçə ili məhbəs və sürgünlərdən keçən Tamara Xoyskaya isə 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı bir otaqlı mənzildə dünyadan köçmüşdü.

Atasının və Azərbaycan Cümhuriyyətinin siyasi bəraətini, ərinin və sovet Azərbaycanının (və sovet sisteminin!) iflasını görmək ona-Cümhuriyyətin sonuncu xarici işlər nazirinin qızına və Azərbaycan SSR-nın ikinci xarici işlər nazirinin xanımına qismət olmuşdu.

lll

Azərbaycan Cümhuriyyətinin ikinci (və sonuncu!) baş naziri Nəsib bəy Yusifbəylinin (1881-1920) ailə həyatı da eyni dərəcədə dramatik çalarlarla zəngin idi. Fətəli xan kimi onun da yalnız siyasi idealları, yalnız şəxsi yaşamı deyil, ailə həyatı da kədər və faciə ilə sonuclanmışdı.

Taleyin qəribə təsadüfi nəticəsində öz dövrünün azərbaycanlısı üçün bəlkə də gözlənilməz bir ailə həyatı quran Nəsib bəy Yusifbəyli türk dünyasının iki ünlü soyu-Qaspralı və Akçurinlərlə qohum olmuşdu. Onun xanımı Şəfiqə Qaspralı “Tərcüman” qəzetinin naşiri, türk dünyasını dil, fikir və əməl vasitəsi ilə birləşdirmək ideyasının müəllifi İsmayıl Qaspralının (1851-1914) qızı idi. Qayınanası Zöhrə xanım isə digər böyük fikir adamının-türkçülük ideologiyasının öncüllərindən sayılan, sonralar Atatürkün yaxın silahdaşına çevrilən və Türk Tarix Qurumunun ilk başqanı seçilən Yusif Akçuranın (1876-1935) doğma bacısı idi.

XX əsrin əvvəllərində fəaliyyət göstərmiş məşhur tatar maarifçisi Riza Fəxrəddin milli duyğulara sədaqət və ictimai fəallıq baxımından Zöhrə xanımın İsmayıl Qaspralıdan əsla geridə qalmadığına diqqəti çəkərək yazırdı: “Zənginliyi, sərvəti və böyük rahatlıqları tərk edərək qələmindən başqa mal-mülkü olmayan bir şəxslə ailə qurması onun maarif yolundakı fədakarlığının dəlilidir. Adı heç vaxt qəzetin səhifələrində görünməsə də, xidmətləri və maarif sahəsindəki himməti çoxlarına bəlli olduğundan vəfatı zamanı müxtəlif vilayətlərdən ərinə üç yüzdən çox başsağlığı məktubu göndərilmişdi”.

Beləliklə, hələ müstəqil Azərbaycan Cümhuriyyətinin qurucuları sırasında yer almamışdan əvvəl Nəsib bəy türkçülük amalın öncülləri, türk dünyasını bütünləşdirmək qayəsi ilə mübarizəyə qoşulan insanlarla təkcə siyasi deyil, həm də yaxın qohumluq əlaqələri yaratmışdı.

Şəfiqə xanım İsmayıl Qaspralı ilə Zöhrə Akçurinanın 8 övladından ikincisi idi. 1886-cı ildə Bağçasarayda doğulmuşdu. Həm Krım-tatar türkcəsi, həm də rus dilində özəl müəllimlərdən mükəmməl ev təhsil almış, bir müddət isə rüşdiyyə məktəbində oxumuşdu. Gələcəkdə də şəxsi məktublarını, məqalə və qeydlərini paralel şəkildə dərindən yiyələndiyi bu dillərin hər ikisində qələmə almışdı. 15 yaşından etibarən böyük qardaşı Rüfətlə birlikdə “Tərcüman”ın hazırlanmasında, müxbir və müəlliflərlə yazışmaların aparılmasında yaxından iştirak etmişdi.

Nəsib bəy Yusifbəyli ilə ailə qurduqdan sonra isə yalnız ünlü bir insanın ömür-gün yoldaşı olmaqla kifayətlənməmişdi. Həm də Krım tatarlarının, Rusiya imperiyasındakı türk xalqlarının mədəni-ictimai fikir tarixinə öz adını həkk edə bilmişdi. Həyatının böyük bir hissəsini yaşadığı Türkiyə Cümhuriyyətində ictimai xadim, pedaqoq, tərcüməçi, jurnalist, qadın haqları uğrunda mübarizənin öncül nümayəndələrindən biri kimi tanınmışdı.

Şəfiqə xanımla Nəsib bəyin acısı şirinindən, əzab və məhrumiyyətləri sevincindən qat-qat çox olan ailə həyatı bütün böyük sevgilərdə olduğu kimi adi təsadüf nəticəsində başlasa da, iki gəncin seçimi əslində onların izlədikləri amalın, təqib etdikləri qayə və prinsiplərin məntiqi sonucu idi.

1902-ci ildə Novorossiysk (Odecca) universitetinin Şimali Qafqazdan və Azərbaycandan olan bir qrup tələbəsi həm Krımın səfalı yerlərini görmək, həm də türk dünyasının canlı əfsanəsinə çevrilmiş İsmayıl bəy Qaspralını ziyarət etmək, nəsihət və məsləhətlər almaq üçün Bağçasaraya gəlmişdilər.

Həmin gənclərin arasında universitetdə hüquq təhsili alan Nəsib bəy Yusifbəyli (1881-1920) də vardı. Orta imkanlı, milli hiss və duyğulara mühüm önəm verilən bir ailədə doğulmuş Nəsib bəy 1900-cu ildə Gəncə gimnaziyasını bitirərək mühəndislik təhsili almaq üçün Peterburq Texnologiya İnstitutuna daxil olmuşdu. Burada az müddət oxuduqdan sonra Odessaya gəlmiş, təhsilini əvvəlcə yerli universitetin tibb, sonra isə hüquq fakültəsində davam etdirməyə başlamışdı.

Şəfiqə xanım xatirələrində gələcək həyat yoldaşının Bağçasaraya ilk gəlişini təsvir edərək yazırdı: “1902 sənəsi qanuniəvvəl (noyabr-V.Q.) ayı içində Odessa universiteti Türk Tələbələr Dərnəyinin üzvləri (Azərilər, Şimali qafqazlılar, krımlılar və s.) görüşmək, tanış olmaq, fikir mübadiləsi aparmaq məqsədi ilə Krıma gəldilər. Bağçasarayda və Ağməsciddə onların şərəfinə ziyafətlər verildi, toplantılar keçirildi. Krım gəncliyi lazım olan tərzdə hüsnü qəbuldan geri qalmadı”.

Çox güman ki, bu səfər zamanı gənc Nəsib bəy İsmayıl Qaspralıda və onun ailə üzvlərində xoş təəssürat oyatdığından növbəti ildə məxsusi olaraq “Tərcüman” qəzetinin 20 illik yubileyinə dəvət edilmişdi. Həm də bu dəfə Baxçasaraya sadəcə qonaq kimi deyil,rəsmi statusla-Novorossiysk universitetində təhsil alan müsəlman tələbələrin təmsilçisi kimi gəlmişdi.

İlk dəfə tanış olduqları zaman Şəfiqə Qaspralının 16, Nəsib bəyin isə 21 yaşı vardı. Gələcək münasibətlərin əsası da elə həmin tanışlıq zamanı qoyulmuşdu. Gənclər məktublaşmağa başlamışdılar. Nəsib bəy Yusifbəylinin gələcək həyat yoldaşına ilk məktublarından biri Qaspralılar ailəsinə üz vermiş bədbəxtlik- Zöhrə xanımın vəfatı ilə bağlıdır. Rusca yazılmış məktuba tarix qoyulmasa da, vaxtı müəyyənləşdirmək mümkündür: Zöhrə xanım 1903-cü il aprelin 14-də 41 yaşında vəfat etmişdi. Nəsib bəy kədərli hadisə ilə əlaqədar İsmayıl Qaspralıya başsağlığı teleqramı göndərməklə birlikdə Şəfiqə xanıma da ayrıca təsəlli məktubu yazmağı məqsədəuyğun saymışdı.

Həmin ilin may ayında Krıma gələn Nəsib bəy yas mərasimində, ardınca isə “Tərcüman”ın əvvəlcədən hazırlanan və təxirə salınması imkansız görünən 20 illik yubiley tədbirlərində iştirak etmişdi. Odessaya döndükdən sonra məktublaşma daha intensiv xarakter almışdı. Bəlli səbəblərdən yazışmanın Şəfiqə xanımla bağlı hissəsi mühafizə edilməyib. Nəsib bəyin isə bir sıra məktubları günümüzə qədər qorunub saxlanıb. Bağçasaraydan Bakıya, Bakıdan isə İstanbula aparılan həmin məktublar hazırda “Şəfiqə Qaspralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı fakt və sənədlərlə zəngin, maraqlı bir kitab yazmış türk tədqiqatçıları Şəngül və Nəcib Həbləmitoğlunun şəxsi arxivində saxlanır.

Məzmununa əsasən 1904-cü ildə yazıldığını söyləmək mümkün olan məktub (burada “Şərqi-rus” qəzetində qadın azadlığı ilə bağlı müzakirələrdən söhbət açılır) azərbaycanlı gənclə tatar qızının həmin dövrdə artıq münasibətlərini rəsmi çərçivəyə saldıqlarını, yəni nişanlandıqlarını göstərir. Şəfiqə xanımın arxivində mühafizə olunmuş məktubun sol tərəfində ərəb hərfləri ilə “Şərqi-rus” qəzetində qadınlara aid”, yuxarısında isə latın hərfləri ilə “Nişandan sonra” sözləri yazılmışdır. Ehtimal ki, artıq latın əlifbasından istifadə edilən Türkiyədə özünə aid sənədləri qaydaya salan Şəfiqə xanım məktubun yazılma zamanı və səbəbi ilə bağlı təqribi şəkildə də olsa izahat verməyə ehtiyac duymuşdu.

“Şefi, (həm İsmayıl bəy Qaspralı, həm də Nəsib bəy Şəfiqə xanıma adətən bu şəkildə müraciət edirdilər-V.Q.) nəhayət ki, məktubunu aldım. Yazırsan ki, İsmayıl Mirzə mənim Bağçasaraya gəlməyimin əleyhinədir. Çünki cəmiyyətdə formalaşan fikirlərə qarşı çıxmaq istəmir. Sizin cəmiyyətin də qəribə şıltaqlıqları var, Şefi! O, cavan xanımların yad kişilərlə ünsiyyət saxlamasına etiraz etmir, öz nişanlıları ilə görüşməsini isə böyük qəbahət, günah və ayıb sayır. Şəfiqə, cəmiyyətinizin baxışlarındakı bu qəribəliyi necə izah etmək olar? O, nəyə əsaslanır? Şəriətə əsaslana bilməz. Çünki ən sərt baxışlara malik əmmaməlilər də nişanlıların görüşməsini qəbahət hesab etmirlər”.

Göründüyü kimi, İsmayıl bəy bütün mütərəqqi fikirlərinə baxmayaraq hamının gözü qarşısında nişanlı qızı ilə gələcək kürəkəninin bir yerdə olmalarını məqbul saymamışdı. Dövrün şərtlərini və islam ənənələrini nəzərə alaraq bu məsələdə ona haqq qazandırmamaq mümkün deyildi.

Nəsib bəyin sevdiyi qıza məktublarında şəxsi-intim hisslərdən daha çox müxtəlif ictimai-siyasi məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi üstün yer tutur. Əsas leytmotiv türk-müsəlman xalqların mədəni qövmlərlə müqayisədə geridə qalması, oyanış və ictimai tərəqqi meyllərinin onların gündəlik həyatında zəif olması, habelə bu vəziyyəti aradan qaldırmaq üçün yollar axtarışı ilə bağlıdır.

Məsələn, çox güman ki, Gəncədən göndərilmiş 6 iyul 1904-cü il tarixli məktubunda Nəsib bəy üç tələbə yoldaşı ilə birlikdə Yelizavetpol quberniyasındakı alman kəndlərindən birinə getmələrindən və bir alman ailəsinin qonağı olmalarından bəhs edərək yazırdı: “Burada almanların qurduqları koloniyada evlər Avropadakı kimi yaraşıqlı qotik üslubda tikilib. Küçələr düm-düzdür. Adamlar bir qədər kasıb, lakin təmiz geyimdədirlər. Nə dilənçiyə, nə də cır-cındır içərisində gəzən adama rast gəlirsən. Belə birini gördüyün zaman isə təəssüf ki, sonda türk (azərbaycanlı-V.Q.) olduğu aşkara çıxır. Əhali arasında oxuyub-yazmağı bilməyən yoxdur. Mədəni və ictimai həyat çox inkişaf etmişdir. Həm varlıların, həm də kasıbların öz orkestrləri var. Məsələn, mənim alman dostlarım zəngin ailələrin uşaqlarıdır. Amma tam ciddiyyətlə orkestrin məşqlərinə davam edirlər. Geyimləri də sadə adamlarınkından çox fərqlənmir. Maddi vəziyyətləri ilə maraqlanmaq istəsən Yelizavetpol (Gəncə) quberniyasının bəlkə də yarısı onlarındır. Şərab və pivələrini Rusiyanın hər yerində satırlar”.

Almanların yerli Azərbaycan türkləri ilə müqayisədə daha yaxşı yaşamaları Nəsib bəyin fikrincə, onların zəhmətsevərliyində, həyatlarının ciddi daxili intizama tabe tutulmasında idi. Məktubda bu barədə deyilirdi: “Gecə saat 11-12-yə qədər əyləndik. Amma buna baxmayaraq səhərə yaxın saat 4-də hamısı işlərinin başında idi. İndi səndən soruşuram: almanların yerinə bir bəy, yaxud murza (Krımda “knyaz” mənasında işlənir-V.Q.) olsaydı, eyni cür hərəkət edərdimi? Bizimkilər acından ölür, amma işləmək istəmirlər. Atası bəy olub, indi özü gedib fəhləlikmi edəcək? Çalışmaq lazımdır, Şefi!”

Gələcək həyat yoldaşına yazdığı məktublar Nəsib bəyin artıq Birinci rus inqilabı ərəfəsində ictimai-siyasi proseslərlə yaxından maraqlandığını, xüsusən də həmvətənlərinin maarifə yiyələnmələri işində ardıcıl mövqe tutduğunu aydın göstərir: “Keçən günlərdə bir toplantıda uşaq təhsilinin əhəmiyyəti məsələsi üzərində dayandım. Nəticədə zavallı atamın bu görüşlərimi təsvib etmədiyi, oğlunun yolunu azmış bir adam olduğunu düşündüyü mənə əyan oldu. “Necə olur ki, oğlum bizim qadınların da avropalı qadınlar kimi yaşamasını mümkün sayır?”-deyə narazılığını bildirirmiş”. O, cəmiyyətin tərəqqisi baxımından qadın təhsilinin əhəmiyyətini vurğulayaraq, bəlkə də Şəfiqə xanımın nümunəsini göz önünə gətirərək fikirlərinə belə yekun vururdu: “Qoy heç olmazsa, qızların təhsil almalarının kişilərin həyatını necə dəyişdirəcəyini gözləri önünə gətirsinlər”.

Gəncədən göndərdiyi başqa bir məktubda Nəsib bəy gimnaziyalara və universitetlərə daxil olmağa hazırlaşan 13 nəfər azərbaycanlı gənclə pulsuz dərs keçdiyindən, həmvətənlərinin isə bu hərəkəti təqdir etmək əvəzinə şübhə və istehza ilə yanaşmalarından gileylənirdi. “Sözdə hamımız qəhrəmanıq, işə gələndə isə beş qara quruşluq dəyərimiz yoxdur”. Yazışmada diqqət mərkəzində dayanan bu ciddi mətləblər hələ münasibətlərinin ilk mərhələsindən iki gəncin yalnız hiss yox, həm də fikir və əməl dostu olduğunu göstərməkdədir.

1905-ci il iyulun 16-da Gəncədən göndərdiyi məktubda Nəsib bəy sevdiyi qızın “Tərcüman” qəzetində çap olunmuş bir məqaləsi ilə bağlı fikirlərini bölüşürdü. Onun digər müəlliflərdən gətirdiyi çoxsaylı iqtibaslar arxasında şəxsi fikirlərinin, fərdi yaradıcılıq simasının, mövqeyinin yetərincə nəzərə çarpmadığını bildirirdi. Tam müstəqil şəkildə yazılmış, yalnız öz mülahizələrindən ibarət məqalələrini oxuyanda Şəfiqə xanımla daha çox qürur duyacağını etiraf edirdi.

Eyni il avqust ayının 13-də isə Nəsib bəy həyəcanlı şəkildə İsmayıl Qaspralıdan məktub aldığını xəbər verir. Məktubun mətni əldə olmasa da, məzmununu təxmin etmək mümkündür. İsmayıl bəy ata kimi Azərbaycanda yaşayacağı təqdirdə qızının gələcək həyatı ilə bağlı müəyyən narahatlıqlarını dilə gətirməsinə baxmayaraq sonda gənclərin toy mərasiminin keçirilməsinə xeyir-duasını vermişdi. “Məktubu diqqətlə oxuduqdan sonra özümü çox xoşbəxt hiss etdim,-deyə Nəsib bəy yazırdı. – Çünki İsmayıl bəyin nəzarəti altında cəmiyyətdə faydalı işlər görəcəyim və səninlə birlikdə çalışacağım mənə aydın oldu. Bir vaxtlar bütün bunları heç ağlıma da gətirə bilməzdim”.

Lakin məktuba həm də bir kədər qarışmışdı. Çünki Nəsib bəy bu şad xəbəri atasına çatdıranda ondan yalnız “Allah xoşbəxt eləsin. Əlimdən ayrı nə gəlir ki?” – cavabını eşitmişdi. “Oğlunun xoşbəxtliyinə layiqli bir töhfə verə bilmədiyinə görə atam taleyinə küskün idi,-deyə Nəsib bəy yazırdı. –Atam zəngin adam olmasa da, heç zaman indiki vəziyyətə də düşməmişdi. Sanki tale əl atdığı hər işdə onu uğursuzluğa düçar edirdi”. Nəsib bəy bir uşaq sadəlövhlüyü ilə həmin anlarda keçirdiyi ikili hissləri sevdiyi qızın qarşısında açıqlamaqdan çəkinmirdi. “Atamın belə çətin vəziyyətində sevinməyim nə qədər doğru olardı?”-deyə tərəddüdlərini gizlətmirdi. “Onu xərclərin içərisində batırmaq, yaxud boğazından kəsib mənə ayda 30-35 rubl ayırmasını istəmək mümkün idimi? O biri tərəfdən İsmayıl Mirzəyə yük olmağa haqqım varmı? Hər nə də olsa, özümü yaxşı tanıyıram. Az qala xəstəliyə varacaq dərəcədə bir izzəti-nəfs hissimin olduğuna bələdəm. Amma sevgi də çox güclü bir hissdir”. Bu sətirlərdəki “Verter iztirablarını”, açıqlıq və səmimiyyəti sezməmək mümkün deyildir.

Maddi çətinliklərə baxmayaraq toy 1905-ci il dekabrın 17-də təyin edilmişdi. Nəsib bəyin çox güman ki, dekabrın əvvəllərində göndərdiyi tarixsiz məktubda bu barədə məlumat verilirdi. Lakin Birinci rus inqilabının başlanması, imperiyanın hər yerində anarxiya və dərəbəylik mühitinin bərqərar olması, üstəlik də Qafqazda, xüsusən də Bakıda və Gəncədə ermənilərin törətdikləri qanlı qırğınlar əvvəlcədən cızılan planların dəyişməsinə səbəb oldu.

Əlimizdə toy günü ilə bağlı dəqiq məlumat olmasa da, ailə təntənəsinin 1906-cı ilin yazında baş tutduğunu ehtimal etmək mümkündür. Çünki həmin ilin sentyabr ayında İsmayıl Qaspralı Bağçasaraydan Bakıya, dostu Əlimərdan bəy Topçubaşova ünvanladığı məktubda yazırdı: “Şefi ilə Nəsib Yelizavetpolda qonaqdırlar. Bilmirəm, qızımın Bakını görməyə imkanı olacaqmı?”

Həyat yoldaşının vətəninə – Azərbaycana həmin səfər Şəfiqə xanım üçün daha çox tanışlıq səciyyəsi daşımışdı. Nəsib bəy gənc xanımını ailə üzvlərinə və qohumlarına təqdim etmişdi. Bir müddət Gəncədə və Bakıda qalmışdılar. Sonra isə Krıma, Bağçasaraya dönmüşdülər. Çünki Nəsib bəy universitet təhsilini başa vurmalı idi. İsmayıl Qaspralı isə həmişəki kimi “Tərcüman”ın nəşri və yayılması baxımından ən yaxın köməkçisi saydığı qızının yardımına ehtiyac duyurdu.

Yəqin ki, 1906-1912-ci illəri Şəfiqə xanımın fırtına və faciələrlə dolu həyatının ən məsud dövrü adlandırmaq olar. Sevdiyi insan və pərəstiş etdiyi atası yanında idi. Sevimli məşğuliyyəti – müəllimlik və qəzetçiliklə məşğul olurdu. Eyni dərəcədə bağlandığı iki vətənində – Krımda və Azərbaycanda milli hərəkat günü-gündən qüvvətlənirdi, türkçülük duyğusu insanların ürəyinə daha dərin kök salırdı. İki övladı – qızı və oğlu dünyaya gəlmişdi. Gələcəklə bağlı biri-birindən maraqlı və cazibədar planları vardı...

(Ardı gələn şənbə sayımızda)

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2010.- 11 dekabr.- S.24-25.