Afaq Məsud və... ilahi
izlər
Evdən çıxıb metroya tərəf gedəndə bozumtul, çiskinli, isti, yoxsa soyuq olduğu dəqiq bilinməyən hava yadıma ilk dəfə Gənc Ədiblər Məktəbinin tədbirinə qatılıb onlarla tanış olmağımı saldı. Hiss etdim ki, bu bir ildə çox şeylər dəyişib, ən azından mən universiteti bitirmişəm, bir az böyümüşəm, anlamışam ki, həyat pəncərədən göründüyü kimi deyil. İndi hər şeyi öz rəngində görməyə başlamışam.
...bu bir ildə 12 ildir uşaq gözləyən qonşumuz ümidini hər şeydən kəsib meylini pişiklərə saldı, küçədə gördüyü bütün evsiz pişikləri qucağına yığıb evinə apardı.
...haqqında bir vaxt şeir yazdığım o dilənçi uşaq da bu bir ildə öldü, indi onun yerində başqa uşaq dilənir...
...qonşu evdən qoca pianoçunun daha musiqi bəstələrinin səsi də gəlmir, barmaqlarında duz var deyirlər...
Bu bir il ərzində mən həm də hiss etdim ki, həyatdan fərqli olaraq, Bakının gecələri əslində elə evlərin pəncərələrindən göründüyü qədərdi – qalanı mənasız, rəngsiz və maraqsızdı...
Söhbəti çox uzatmayıb mətləbə keçmək istəyirəm. Bu bir ildə Gənc Ədiblər də çox dəyişiliblər- onlarla görüşə gələn qonaqdan, ədəbiyyatdan nə istədiklərini dəqiq bilirlər, özlərinə də inamları artıb, kitab çıxardırlar, inkişaf etmək istəyirlər. Əlbəttə, elə də olmalıdılar – bir neçə günə diplomlarını alıb Gənc Ədiblər Məktəbinin ilk məzunu olacaqlar.
Bu dəfə Gənc Ədiblərin qonağının yazıçı, dramaturq Afaq Məsud olacağı xəbərini eşidəndə çox sevinmişdim. Ona görə yox ki, o mənim sevimli yazıçım idi və nədənsə onun hekayələrində öz dünyamı tapırdım. Ona görə ki, mən, mənim olan bu dünyanı hər hekayəsində “başıma yıxan” bu “qəzəbli” İlahə ilə görüşməyi çox istəyirdim.
Əslində qızdırma və boğaz ağrıları bir neçə gündü məni narahat edir, elə hey başım fırlanaraq sanki bunu bilmirəmmiş kimi dünyanın döndüyündən xəbər verirdi. Amma heç nəyə baxmayaraq “getməliyəm!” deyib, “Palsüd”ümü (öskürəyin azalması üçün) və Nərmin Hüseynzadəni (özü demiş, gənc və istedadlı yazar) qoltuğuma vurub Milli Kitabxanaya gedirdim.
Afaq Məsudun gəlişi ilə, onun Gənc Ədiblərin görüşünə gələn ilk qadın yazar olduğunu vurğulayıb tədbirə başladıq.
Rəşad Məcid uzun illər tanıdığı Afaq Məsud və onun yaradıcılığı haqqında xeyli danışdıqdan sonra söhbətarası “Aysun” hekayəsinə də toxundu. Bu hekayənin onu necə təsirləndirdiyini də qeyd edib, sözü Afaq Məsuda verdi.
Hə, indi qayıdaq Afaq xanımın söhbətlərinə. İlk hekayəsini 2-ci kursda yazdığını söyləyən Afaq xanım yazıçı, şair olmaq üçün ilk növbədə ilahi biliyə və bu biliyi doğru ifadə etmək bacarığına malik olmağın vacibliyini qeyd etdi: “Yazıçının, şairin məktəbi olmur”.
Afaq Məsud danışdıqca yadıma 1-2-ci kursda oxuduğum vaxtlar düşdü. Bu yazara rəğbətim elə o vaxtlar təsadüfən elektron səhifələrin birində rast gəldiyim “Cəhənnəmi adamsız təsəvvür edəndə, ora bir o qədər də vahiməli görünmür” fikri ilə başlamışdı.
Afaq Məsud yazıçı qadınların həyat tərzi məsələsinə toxundu. O yazıçılıq şövqünün qadın psixikasında dəyişikliklər etdiyini, qadınların bəzən bu səbəbdən tənhalığı seçməsini söyləsə də, bir yazıçı kimi xoşbəxtliyini yazı prosesində tapdığını da vurğuladı.
Amma nədənsə mənə görə yazıçılar, şairlər bir növ Tanrının yer üzündəki zərrələri olduğu üçün onların xoşbəxtliyi də tam sığortalı, ürəkaçan deyil. Adi insanlar qayğılı həyatlarını olduğu kimi qəbul edib yaşasalar da, yazarlar, üstəlik, daim Tanrı ilə əlaqədədir. Məsələn, televizora baxdığın an, küçədə getdiyin yerdə, dostunun sağlığına badə qaldırdığın zamanda, elə lap yuxunun şirin anında sanki gözlənilmədən beyninə hardansa fikirlər damır... və o fikirləri əlinə keçən hər hansı bir kağız parçasına, telefonun “qeydlər” bölümünə qeyd etməyincəyə qədər rahatlıq tapa bilmirsən. Bu mənada onların xoşbəxtliyini qısa qapanma, səhradakı gözə görünən ilğım və N sayda müxtəlif obrazlı ifadələrlə müqayisə etmək mümkündür.
Afaq Məsud yazıçının istedadlı yazmaq bacarığını “işıqlı bir otağa malik olmaq” bənzətməsi ilə qiymətləndirsə də, “Sərçələr”, “Şənbə gecəsi”, “Dovşanın ölümü”, “Duyğular imperiyası”, “O məni sevir” və başqa əsərləri məndə, qəribə də olsa, tamamilə əks bir fikir yaradırdı: elə bil, Afaq xanım bu əsərləri özünün dediyi kimi “işıqlı otaqda” yazmır, əksinə qaranlıq otaqda işığı axtarır və bu axtarışlar zamanı keçirdiyi hissləri, özünü, hərfbəhərf sətirlərə düzürdü...
Gənclər arasından kimsə “Afaq xanımın duyğuları nə rəngdədir?” deyə sual verdi. O an yanımda əyləşən Nərminə: “Baxarsan, bozumtul deyəcək” deyə işarə edirdim ki, Afaq Məsud “bozumtul və mavi” cavabını verdi. Bu cavabı isə mənə “Duyğular imperiyası”nın gözlərim qarşısında sərgilədiyi tablolar çoxdan demişdi. Yazıçılıq prosesinin fərqli bir hadisə olduğunu qeyd edən Afaq Məsud onu belə izah etdi: “Fikir ilğımları sanki ətrafında toz kimi dolaşır. Zəif mehin havayla axıtdığı yüngül toz dənəcikləri kimi hardasa başımın, qulağımın ətrafında üzür”. Bir dəfə Tanrının ona göndərdiyi fikirləri müəyyən səbəblərdən zamanında qələmə ala bilmədiyi üçün hələ də peşman olduğunu söylədi. O, bunu qapağı açıq qalan ətirlə müqayisə edib hər bir yazını zamanında yazmağı da tövsiyə etdi.
Bir sual tədbirin sonuna kimi düşüncələrimə rahatlıq vermədi: “Maraqlıdır, şairlər üçün gözəl-göyçək, tayı-bərabəri olmayan ilham pərisinin cinsi olurmu?.. Qadın yazarlar üçün də xüsusi ilham pərilərimi göndərilir?..” Sualı verə bilməsəm də, hələ də cavabını gözləyirəm.
Tədbirin sonunda Afaq Məsudla xatirə şəkli çəkdirib evə tələsdim. Amma bu bozumtul, kədər qoxulu şəhər əl-qolumu bağlayıb “Bir az da məni sev” deyə küçələrində dolaşmağa, qayğısız adamların üzündə cavabsız suallarımı axtarmağa məcbur etdi. Ətrafımda qulağıma, yanağıma toxunan fikir ilğımlarını hiss edirdim. Hərflər indi lap “Sərçələr” hekayəsindəki kimi sözbəsöz mən istəmədən ətimə batır, damarlarıma keçir, ordan ətimi çərtə-çərtə, qanımı sıçrada-sıçrada bədənimdə dolanıb ağ vərəqlərin üstünə püskürməyə tələsirdi... Roma filosofu Fomanın söylədiyi ilahi izlər qarşımda cığır açıb məni həmin qaranlıq otağa işıq axtarmağa aparırdı. İnsafsız Sezen Aksu isə qulaqcıqlarda çılğıncasına oxuyurdu: “Bir başka dünyanın insanısın, yavrucağım, /Sen kendi dünyanın toprağında büyüyorsun...”
Otağıma keçəndə isə, reallıqdan kənar səslənsə də, mənə elə gəldi ki, “Şənbə gecəsi”ndəki qadın çarpayımda oturub çarpayımın üstündəki ağ vərəqlərə nəsə yazır. “Sərçələr”dəki anam isə o biri otaqdan: “Xəstə-xəstə nə var küçələrdə? Gəl bura görüm qızdırman var?” deyə qışqırırdı. O hekayədəki uşaq da elə mən özüm idim. Yorğanımdakı qələm izləri isə “Şənbə gecəsi”ndəki qadını daha da doğmalaşdırmışdı.
Bütün yazılarımı çarpayıda yorğanın üstündə əvvəlcə ağ vərəqlərə yazdığım üçün dostlarım hələ də “Camaat birbaşa kompüterə yazır, sən hələ yorğan əsrindəsən?” deyə sataşırlar. Görünür, Afaq Məsud doğmalığı burdan qaynaqlanırdı.
Bayaqdan birnəfəsə
yazdığım cümlələri saxlayıb ayağa
qalxdım. Otaqda
özümə yer tapa bilmirdim. Hər yerdə
gözümə hərflər görünürdü, hər
tərəf sözlər pıçıldayırdı.
Axı heç tədbirdə də ürək
sözlərimi deməmişdim. Elə
sakitcə oturub ona qulaq asmışdım. Axı o
düz deyirdi:
“Bir qədər diqqətli olsaq, əlacsız
dərəcədə tənha olduğumuzu, tənha
olmadığımız məqamlarda belə – ən yaxın,
doğma adamlarımızın əhatəsində də hiss
edərik. Bu sayaq isti, doğma cəmiyyətlərdə
belə, guya kimlərəsə dediyimiz ən səmimi
sözlərimizi, duyğularımızı əslində
özümüzə dediyimizi anlayırıq...”
Yeganə
CANSAİL
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.22.