Duyğular imperiyasının sultanı...

   

“Gənc Ədiblər Məktəbi”nin üzvləri ilə birgə İctimai Televiziyanın canlı efirindən çıxandan sonra atama zəng etdim. Ən sərt və sevimli tənqidçimin çıxışım barədə fikrini bilmək istəyirdim. Onun müsbət rəyini eşidib sakitləşəndən sonra sevinə-sevinə dedim: “Bir azdan Milli kitabxanada gənclərin Afaq Məsudla görüşü olacaq. Ora gedəcəyəm...”

... Sonra bütün yol boyu öz səsim qulaqlarımda cingildəyirdi. Nə idi bu sevincə səbəb? Bunu anlamağa çalışırdım. Görüşün sonunda sevincimin səbəbini dəqiq başa düşdüm. Mənasızlıqdan, bişməmiş, duzsuz mövzulardan yorulmuş beynim Afaq Məsudun ağıllı, mənalı və dərin söhbətlərindən dincələcəkdi... 

Cavid Zeynallını sevdiyi işdən – tədbirlər barədə yazmaqdan məhrum etməli olsam da, bu görüşə aid fikirlərimi yazıya köçürmək qərarına gəldim.

... Tədbiri AYB-nin Gənclər üzrə katibi Rəşad Məcid, amma biz gənclər üçün sadəcə Rəşad müəllim açaraq gənclərə Afaq xanımı belə təqdim etdi: Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, “Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Keçid”, “Tək”, “İzdiham”, “Azadlıq”, “Yazı” kitablarının müəllifi. Bunları dinləyəndə düşündüm ki, daha arxayın, rahat dincəlmək üçün bundan artıq nə lazımdı? Amma qadın yazar ifadəsini qəbul etməyən lakin bütün görünüşündən, səsindən, jest və mimikalarından kübar qadınlıq yağan xanımın çıxışından sonra mənim yanıldığım bəlli olacaq...

Rəşad müəllim Afaq xanıma “Gənc Ədiblər Məktəbi” barədə məlumat verdi. Məktəbin iki illik fəaliyyəti və bu dövr ərzində görülmüş işlər haqda danışdı. Arada biz gənclərə də özünəməxsus atmaca atmağı unutmadı. 8 dekabrda 50 nəfər Gənc ədibin diplomlarla təltif olunacağından danışdı və dedi: “Maşallah diplomlar universitet diplomundan seçilmir. Bunları alandan sonra Siz olacaqsız dahi klassiklər...” Rəşad müəllimin belə zarafatlarına öyrəşmiş zal gülüşdü. Hə, yadıma düşmüşkən deyim, Kəramət Böyükçölün “Çöl”, Cavid Zeynallının “Günəşi gözləyənlər” romanlarının təzəlikcə çapdan çıxması barədə də məlumat verib təbrik etdi. Və virtual mikrofon uzadıldı qonağımıza...

Afaq Məsud da öz növbəsində kitabı çıxmış yoldaşlarımızı təbrik etdi və söhbətə başladı. Qonağımızın yazarları bir sözlə – qələməsarılmışlar adlandırması olduqca orijinal və qeyri-adi idi... Hətta bu sözü eşidən kimi mənim gözümün önünə bəlkə də heç mövzuya aidiyyatı olmayan səhnə gəldi: Bir sərxoş adam. Hansının ki ayaqları onu saxlamaqdan imtina edir. Güclə bir-iki addım atıb bir işıq dirəyi tapır. Bərk-bərk o dirəyə sarılıb dayanır. İndi bu dirək onun bədəninin dayaq sistemini əvəz edir. Gözümün önünə gələn bu səhnədən gülmək məni tutsa da, eyni zamanda bunun fəlsəfəsini anladım. Bəlkə elə yazarların da ayaqları imtina edəndə Afaq xanım dediyi kimi qələmə bərk-bərk sarılıb dururlar. Sərxoşun sarıldığı dirəklə, yazarın sarıldığı qələm arasında bənzərlik də var. Hər ikisi işıq ötürür...

Afaq xanım yazıçılığın necə böyük xoşbəxtlik olmasından, yazarları Allahın seçilmişlərindən hesab etməsindən danışdı. Bu arada gənc qələm yoldaşlarına məsləhətlər də verməyi unutmadı... Yazıçının yaxşı yazmaqdan əlavə, həm də yaxşı ixtisar etməyi bacarmalı olduğunu vurğuladı.

O köhnə müsahibələrindən birini yadına salıb “Mən yazanda Can üstə oluram...” – dedi. Bu cümlədən o qədər məna çıxarmaq olar ki... Beynimdə müxtəlif, rabitəsiz fikirlər bir-biri ilə mübahisələr etməyə başladı: adətən adam can üstə olanda nə istəyir? Mövsümü olmayan meyvə. Dəfələrlə can üstə olan valideyni üçün mövsümü olmayan meyvəni kilometrlərlə məsafə qət edərək tapıb gətirməsi barədə ağız dolusu, fəxrlə danışan övladlar görmüşəm. İndiki zamanda isə bu artıq sorun deyil. Çünki bütün mövsümlərə aid meyvələri il boyu bazarlarımızdan almaq olar. Deməli, valideyni üçün nə isə etmək zövqünü onun son nəfəsinə saxlayan övladlar bu səadətdən də məhrum ediliblər. Bəs başqa nə istəyə bilər can üstə olan kəs? Hansısa səbəbdən doğması ilə küsülü olan adam ömrün sonuna sayılı günlər qaldığını hiss edəndə məhz həmin qohumunu, övladını, qardaşını, bacısını, nə bilim kimini arzulayır. Qohum-əqrəba yığışıb gedirlər o arzulananın yanına: “Tərslik eləmə... O can üstədir. Səni arzulayır... Get bir baş çək!” – deyirlər. Çox zaman can üstə olan adamın bütün səhvləri bağışlanır ona. Halallığı verilir. Yaxud da Allahın qanunlarından bir az xəbərdar adam can üstə olanda həyatı boyu etdiyi günahları xatırlayır və bağışlanmasını istəyir. Deyirlər insan can üstə olanda arzuladığını əldə etmədən canını tapşıra bilmir.

Afaq xanım isə can üstə olanda yazmaq istəyir. Bu istəyinə nail olur. Amma canını tapşırmır. Əksinə, öz canından bu əsərlərin hər birinə bir az nəfəs, bir az qan, bir az da ruh verir... Beləliklə, əsərlərini aram-aram nəfəs alan, ciddi və sakit-sakit danışan, hərdən də oxucusunun üzünə mehriban təbəssümlə baxan Afaqa çevirir... Bəlkə də əslində Afaq Məsud çoxlarının axtardığı ölməzlik eliksirinin reseptini tapıb . . .

Hə... Tapıntı dedim yadıma düşdü... Tədbirin ən maraqlı məqamlarından biri Rəşad müəllimin Afaq xanıma verdiyi – ilahi vəhy, ilham, işıq varmı?-sualından sonra oldu. Deyəcəksiniz, tapıntının bura nə aidiyyatı var? Tələsməyin. Mənim kimi səbrsiz olmayın. İndi deyirəm: Məncə Afaq xanım bu sahədə də ideal bir tapıntı edib. O, ilhamı bir şüaya bənzətdi. Amma o şüanın əsirinə çevrilməyin təhlükəli olduğunu da vurğuladı. Və Allahın insana verdiyi bütün nemətlər kimi, bu şüa ilə də düzgün davranış qaydalarının olduğunu dedi. Düzgün istifadə olunsa, o şüanı böyüdüb-böyüdüb bir otaq işığa çevirmək olarmış. Bunu qonağımız öz şəxsi təcrübəsinə əsasən izah etdi. Çoxlarının ona qibtə edəcəyi şübhəsizdir. İndiki zamanda kimin bir otaq ilhamı var ki?! Afaq xanım istənilən an məişətdən, mətbəx qayğılarından ayrılıb o otağa keçə bildiyini dedi. Bir yazıçı üçün yaşadığı evi, şəhəri, ölkəni bir otaq böyütmək tapıntı deyilmi?!

... Əvvəldə yazmağı unutdum. Tədbirin elə əvvəlindən Rəşad müəllim Afaq xanımın “II İohan” kitabının təqdimatını da xatırladı. Amma mənim bu təqdimat Milli kitabxanaya daxil olandan yadımda idi. Bu ilin yanvarın 9-da olmuşdu. Universitetdəki işlərimi müasir dildə desək “yola verib” qaça-qaça gəlmişdim kitabxanaya. 9 yanvar qışın ortası olmasına baxmayaraq, o gün nədənsə mənim yadımda günəşli bir bahar günü kimi qalıb. Bir gündə üç yazıçı ilə görüşmüşdük: Sabir Rüstəmxanlının ustad dərsi, Günel Anarqızı və Afaq Məsudun kitab təqdimatları olmuşdu. Həmin gün heç sual vermək istəmirdim. Sabir Rüstəmxanlının adamı ruhlandıran, ilhamlandıran Ustad dərsini dinləyəndən sonra yaxın gələcəyə aid planlar qururdum: Ya özümə yaraşan bir əsgər paltarı sifariş edib vətənin sərhədlərini qorumağa getmək, ya da dayanmadan vətənpərvərlik mövzusunda yazmaq. Yaxud da SEVMƏK... Kimi? Necə yəni kimi? Əlbəttə ki, vətəni. Həmişə sevmişəm. Amma bu dərsdən sonra daha ağıllı, daha savadlı, daha çox sevmək istədim onu. Sabir Rüstəmxanlını dinləyən adamın ağlına başqa fikir gələ bilməzdi. Amma elə həmin günün mənim üçün unudulmaz məqamlarından biri Afaq xanıma sual verməyim idi. O sualdan sonra çoxlarının yadında “Afaq Məsuda sual verən qız” kimi qalmışdım. Elə bu görüşümüzdə də bunları xatırladım və sual verdim qonağımıza. Amma nə sual verdiyimi yazmayacağam. Bir az nigaran qalsanız yaxşıdır. Axı mən simicəm...

Tədbirin ən maraqlı suallarından biri Hafiz Hacıxəlilin Afaq xanıma “Sizcə, yaradıcılığınız hansı rəngdədir?” sualı oldu. Afaq xanım da eyni sualın nə vaxtsa ona Almaniyada verildiyini xatırladı. O zaman cavabı belə olubmuş: Mavi, Səma rəngi ilə boz rəngin keçidində bir rəng. Amma yaradıcılığının ağ-qara məqamlarının olduğunu da dedi. Burda yadıma Məmməd Arazın misrası düşdü: “Vətən göyü göylüyündə duruldum...” Yəqin Afaq xanım da Səmanın rəngini duruluq, saflıq rəmzi kimi öz əsərlərinə yaraşdırıb. Boz rəngi isə daha çox ciddilik rəmzi kimi yozmaq olar. Bu rənglər barədə düşünüb qonağımızın əsərlərini yadıma salırdım. Əslində, bəlkə də Afaq Məsudun əsərlərini oxucu istədiyi rəngdə görə bilər. Bəlkə də bu əsərlər gözlərinə (bəli, yalnış oxumadınız gözlərinə!) öz oxucusunun övqatına uyğun sonsuz sayda rəngli linzalar taxır. Amma burada süni Fotoşop effekti yaranmır. Hər şey təbiidən də təbii qalır. . .

Gərək bağışlayasınız. O görüş barədə təəssüratlarımı tam yaza bilməyəcəyəm. Hamısını ifadə etmək çətindir... Amma qısa olaraq nəticə belə oldu: Afaq Məsud oxucusunu düşünən yazıçıdır. O zamanı məhdud olan oxucunu düşünüb onun üçün qısa amma bir romanlıq fikri özündə cəmləşdirən hekayə əvəzi adlandırdığı yazılar da yazır. Özü bunu balaca bulyon kublarından böyük bir boşqab dadlı şorba hazırlamaqla müqayisə etdi...

Tədbirin sonunda Rəşad Məcid özünün və gənclərin adından qonağımıza təşəkkür etdi. Afaq xanım da görüşdən razı qaldığını dedi. Gənc qələm yoldaşları onu əhatəyə alıb şəkillər çəkdirir, müsbət fikirlərini bildirirdilər. Bu arada Cavid də sobadan təzə çıxmış, hələ isti kitabını imzalayıb Afaq xanıma hədiyyə etdi. 

... Bu Gənc Ədiblərin iki il ərzində keçirilən sonuncu ustad dərsləri idi. Görəsən Duyğular İmperiyasının Sultanının danışdıqlarından sonra nələr baş verəcək? Kim qələmi qorxaraq yerə qoyub, yox yazmaq mənlik deyil – deyəcək, kim o şüanı bərk tutub böyüdərək bir otaq işığa çevirə biləcək? Cavabın zamana ehtiyacı var...

P.S. Paskal demişkən, uzun danışdığım üçün məni bağışlayın, qısa yazmağa vaxtım olmadı.

 

PƏRVİN

525-ci qəzet.- 2010.- 11 dekabr.- S.23.