NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ”
EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ (1906-1915)
Üzeyir HACIBƏYLİ - 125
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq başlanmışdır.
Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı
kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə tanış
etmək istədim.
Toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni və lüğətin tərtibçisi:
(Əvvəli ötən şənbə
saylarımızda)
ORDAN-BURDAN
Müxtəlif qəzetələrimiz
Əgər əhalimizdən hər sinifin özünə
məxsus bir qəzetəsi olsa idi, onda onların hərəsinin
məzmunu bu yolda olardı ki, ərz olunur:
Ruhanilər qəzetəsi
Teleqraf – Tehran. Ağayi-əcəlli-əkrəm balaca, ... damət təyidatühüm, bugünki günlərin şərəfli günlərindən bir günüdür və o günün şərafəti barəsində əazimi-şüərayi-islamdan çox kimsələr gözəl qəsidələr inşad buyurubdurlar. Balai-mənbərə süud buyurub müsəlmanlığın əvvəliminci əlamətlərindən olan saqqala nə vəzndə həna yaxmaq və nə miqdarda rəng sürtmək keyfiyyətini tamam hüzzarə fəsih və bəliğ bir zəban ilə təbliğ buyurdular və tamam hazıruni feyziyab etdilər.
Məqalə – O vaxtdan ki Allah-tala insanı yaratdı, insan cəmi məxluqatın əfzəli oldu.
Məsələn, əgər sizin içinizdən birisini götürüb at, eşşək, qoyun, xoruz və sair bu kibi heyvanlar ilə bərabər tutsaq, yəni tərazuyi-mənəvi ilə çəksək və adamı tərazu daşı məqamində qoyub cəmi heyvanatı da o biri gözə sığışdıra bilsək, onda görərik ki, haman insan bunların hamısından ağır gəldi.
Yəni ağır gəldi, nəinki bu mənada ki, insanın cismi dəmirdən yaranıb ağır çəkir: xeyr, bəlkə əqli, zəkavət, bəlaqət, fəsahət, həmaqət, kəmalat cəhətincə insan sair məxluqatdan artıqdır və o səbəbdəndir ki, dünya yaranandan bəridir ki, o vaxtdan yetmiş min il keçib və bundan sonra da yetmiş yeddi min il keçəcəkdir. Heç yerdə və heç bir vilayətdə görünməyib ki, bir at və ya bir eşşək insanı yəhərləyib onun üstünə minsin. Bəlkə hər yerdə və hər zamanda insan at ilə eşşəyin üstünə minibdir. Bəs belə olan surətdə, o kəsləri ki, diyorlar insana elm lazımdır, nə üçün bu boş sözlər ilə insanı zəlalətə salırlar? Halbuki insan oxusun-oxumasın cümlə məxluqatdan əfzəldir. Və qeyri əzin əlavə, əgər bütün insanlar elm dalısına düşüb biz həqirlər kimi elm yolunda otuz-qırx il sərf etsələr, aya o surətdə kim bizim üçün hammallıq eylər, kim bizim üçün başmaq tikər, kim bizim üçün xörək hazır edər? Heç kim! Çünki hamı diyor ki, mən mollayam, axundam və hamı molla və axund olan surətdə-mən ağa, sən ağa bəs inəkləri kim sağa-məsəli-məşhuri üz verib dünya bərbad olar.
İntellegentlər qəzetəsi
Teleqraf – Peterburq. İntellegentlər klubunda klub çlenlərinin birisi ikicə saatın prodoljeniyasında iyirmi üç min səkkiz yüz doxsan dörd manat pul vıqrat eyləyib, gecə poyezdilə Amerikaya otpravitsə oldu. O pulu proiqrat eləyən əvvəlcə istəyib zastrelitsə olsun, amma sonra istəməyibdir.
İstatya – Ayə bizim musurmanlar qanmazdırlar ha! Çesnislovo, adam ruslar yanında az qalır ki, utandığından yerə girsin. Birdən sluçay olur ki, bir rus kavaleri və ya bir rus damasilə qulyaniyaya çıxırsan, bir də görürsən ki, qabağına bir adam çıxdı: başı qırxıq, saqqal qırmızı, əl hənalı, ayağındakı başmaqlarının da taqqıltısı bir verstdən eşidilir. Gəlib sənin yanından keçdiyi bəs degil, hələ arsızlığına salıb onların yanında sənə bir salam da verir. Az qalır ki, dişin bağırsağını kəssin. Bununla belə də bəzi liberallar çıxıb diyorlar ki, bizə işkol lazımdır ?Məktəb lazımdır, nə bilim elm lazımdır.?. Daha onu başa düşə bilmirlər ki, bu musurmanlar bir bədbəxt tayfadır ki, Allah həmişə bunları başı qapazlı yaradıbdır, çünki ona da laiqdirlər. Əşi ... nə deyim, vallah! Allah insaf versin Əhməd bəy Ağayevə ki, Peterburqdan belə gedib gəzməklə, adam görməklə, qəzetə yazmaqla qoymadı ki, bu qanmaz tayfanı hökumət “vıselit” eləsin “k çortu”! Nahaq yerə başımıza avaldırlar!...
Əsnaf qəzetəsi
Teleqram – İsfahan. Burada bir seyid zühur edib, bir ocaq açıb və bir ziyarətgah qayırıb. Arvad-uşaq hamısı baş açıq, ayaq yalın onun hüzuruna gedib nəzr verirlər. İki nəfər məlun bu qurban olduğuma şəkk gətirdikləri üçün, birinin gözü kor oldu, o biri də ayaq üstə qurudu.
Məqalə – Din əldən getdi, musurmanlıq məhv oldu, islam puça çıxdı, iman süst oldu. Cavanlarımız üzlərini qırxdırdı!
Himmət yox, həmiyyət
yox, namus getdi, qeyrət qalmadı. Papaq bizə haram olsun. Xalq bizi aldatdı.
İttifaq yox, ittihad yox, heç utanmırıq, heç
qızarmırıq, din əldən getdi, musurmanlıq məhv
oldu. Həmiyyət yox, namus getdi, qeyrət
qalmadı, iman süst oldu.
Papaq bizə haram olsun. Qaradavoy gəldi
qaç.
Cavanlar qəzetəsi
Teleqram – Parij. Burada tazə bir zad ... Cəmaət
yox, cəmiyyət yox, əcəmiyyət yox, yox əşi,
“obşestvo” əmələ gəlibdir. Onun zadı ...
belə nişanı yox, zad ... hə, məqsədi
yaxşı-yaxşı işlər görməkdir! Amma biz bədbəxt
musurmanlar ... daha nə deyim!
Qabaq bizim müqəddəs
vəzifəmiz odur ki, cəmaət içində
yaxşı-yaxşı işlər görək və
razı olmayaq ki, bizim cəmaət pis-pis işlərə məşğul
olsun. Biz molodyoj, yox ... biz cavanlar gərək
çoxlu-çoxlu yığılaq və orada söhbət
eləyib, cəmaətimizin dərdinə
yaxşı-yaxşı dərman hazırlayaq. Biz gərək
bu yolda çoxlu-çoxlu iş görək və razı
olmayaq ki, hamı irəlidə olsun, amma bizim bədbəxt cəmaətımız
dalda qalsın...
Bu saat bizim cəmaət bir quyunun içindədir, o quyu
ki, onun adına rus dilində “nevejestvenni”,
amma bizim dilimizdə xəcalət quyusu deyirlər. İndi
bizim borcumuz o quyunu darmadağın eləməkdir və ... və ...
İdarədən: – Və boş-boş sözlər
danışmaqdır.
Filankəs
“Tərəqqi”, 26 iyun 1909, ¹ 141
Bu yazıda bir cümlə
–”Məktəb lazımdır, nə bilim elm lazımdır”
sözləri ixtisar edilmişdi (bax. 4-cü c. 1968, səh.
128-130; 2-ci c. 2005, səh. 82 –84).
ƏHVALIMIZDAN
Tərəqqi yolu ilə mədəniyyət
sahibi olmuş məmləkətlərdə əhalinin həyat
və məişəti dəfələrcədəkindən
rahat və tərəqqiyə hali olunması aşikardır. Odur ki, o
xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə
yaşayıb da rahatca öz kəsb-karlarına məşğul
olmaları bizim üçün həsəd ediləcək əhvaldandır.
O yerlərdə hər bir kəs insanlığın və
insan kimi ömür sürməgin yolunu bilib, bu nəhv ilə
sərbəst və müstəqilən yaşayırlar. Və böylə rahat və azadə yaşamaq sayəsində
günü-gündən bir şey ixtira edirlər ki, özlərinə
və bütün insaniyyətə mənfəət yetirir.
Ora əhalisinin əqli,
insafi və sair hissiyyatı bizimki kibi daim təzyiq altında
degildir. Kimsə
kimsəyə təərrüz etməz, zirdəst və zəbərdəstlik
əhvalatı ola bilməz. Hər
kəs, böyük olsun, kiçik olsun, bir miqdarda sərbəstdir.
Bir şəxsin istifadə etdiyi hürriyyət
digərlərinin dəxi payıdır. Və hər kəsə
verilmiş olan belə bir hürriyyət bir əməl və
ya bir hadisə ilə xələldar olduğu surətdə,
bu iş istər əhalinin, istər hökumət əhlinin
son dərəcədə nifrətinə səbəb olub,
insanın rahatlığını pozan elə hadisələrin
dəfi üçün hərə var qüvvəsi ilə
çalışır. Bunun hamısına səbəb
odur ki, o yerlərdə hər kəs öz hüququnu və
özgənin hüququnu tanıyıb, öz hüququnu
müdafiəyə qadir olmağı ilə özgənin
hüququna təcavüz etməyə qüdrətsizdir.
Əlbəttə, insanınkı da odur ki, mümkün
dərəcədə sərbəst olub, heç bir təzyiq
altında qalmasın, ta ki onun əqli sərbəstanə
iş görməklə, mənfəət yetirən kimi,
insaf və vicdanı da sərbəst qalıb, fənalığı
qəbul etməsin. Yoxsa insanın əql və insafı təzyiq
altında iş görməgə məcbur olsa, elə
insanın əqli çox az səmərələr
verib, insaf və vicdanı da fənalığı qəbula məcbur
olar.
Bu gün bizim və Ümumrusiyanın içində hər
an vüqu bulan fəna və murdar hərəkətlərin
ümdə səbəbi hürriyyətsizlikdir.
Doğrudur, hürriyyətdən
sui-istifadə edən və hürriyyəti, sərbəstligi
başqa bir rəngdə anlayan adamlar çoxdur. Və ola
bilsin ki, o adamlara hürriyyəti-tammə verilsə, onlardan
daha fəna, daha dar hərəkətlər baş verər:
buna heç bir sözümüz yox. Lakin
burasını nəzər-diqqətə almalıdır ki,
öylə adamların da cahilə məsələ olub da,
hürriyyəti anlamadıqlarına səbəb, yenə
hürriyyətsizlikdir. Nə
üçün? Çünki, hərgah bir yüz əlli
il bundan əqdəm hamıya hürriyyət
verilsəydi, o halda bu gün hürriyyət kibi neməti-əzəminin
qədrini bilməyən adam qalmazdı. Necə
ki, indi Yevropada qalmıyıbdır. Yəni
o vəqt verilmiş olan hürriyyət sayəsində hər
kəs sərbəstanə öz tərəqqisi
üçün çalışıb mədəniyyət kəsb
etmiş olurdu. Cəhalət də
ortalıqdan rəf edilərdi. İnsanın
cəhaləti elmsizlikdəndir. Elm kəsb
etmək üçün də insana yol verməlidir, mane
olmamalıdır.
Laəqəl, hürriyyəti-tammədən
məhrum edilmiş bir cəmaətin əhvalına
yazığı gələn başçılar öylə
etməlidirlər ki, heç olmasa cəmaət öz məişət
və güzəranını yüngüllətmək
üçün rahat və arxayın yaşaya bilsin. Yəni
heç kəsin istirahəti pozulmasın, qorunsun. Halbuki hürriyyətdən məhrum qalmış cəmaətlərin
əksəriyyəti o böyük nemətdən məhrum
olduğu kimi, hər bir müdafiə və məsuliyyətdən
də məhrumdurlar. Onların asayişi və
istirahətini mühafizə edəcək heç bir qüvvə
olmur. Odur ki, o bədbəxt cəmaətin
da ömür və məişəti onlar üçün
bir əzabi-əlim olur. Onların
içində zirdəst və zəbərdəst əmələ
gəlir, qüvvətli zəifi basır, zəif də
fürsət məqamında qüvvətlidən intiqam
almağa başlayır. İnsanlıq
itir, insanın ömrü heç bir zada sayılmır.
Heç kəs öz malından, canından,
övladından əmin olmur. Təəccüb
deyildir ki, belə bir şərait içində keçən
məişət insanın ağlını da, insafını
da pozub heç bir yaxşılığa qoymuyor və hər
bir insanın fitrətində qoyulmuş istedad və qabiliyyəti-xariqüladəsi
itib batır, bir şeyə lazım olmuyor. Ona görədir ki, hürriyyəti-tammə
içində yaşayan yevropalılarda bir gün olmur ki,
insaniyyətə xidmət edəcək və insanın məişətini
asanlaşdıracaq bir ixtira əmələ gəlməsin.
Halbuki hürriyyətdən məhrum olan cəmaətdən
heç bir yaxşı şey çıxmır ki, onun
insaniyyətə bir mənfəəti olsun.
Xüsusi məişətə
gəldikdə Yevropada hürriyyəti-tammə üzrə
yaşamaqla mərifət qazanmış olan cəmaətin və
həm də öyləcə mərifətli olan hökumətin
nəzarəti əhalinin istirahətini, rahati-can və
malını hər bir təərrüz və təcavüzdən
məsun qılır. Orada polis əhlinin vəzifəsi
oğrunu, əgrini kənarda qoyub da xalqın əqidəsini,
fikir və məsləkini sınamaq degildir. Bəlkə
müxtəlif əqidə sahiblərinin əqidə və məsləkinə,
mal və canına təərrüz qılmaq fikrində ola, ədəbsizləri görüb tovqif və
bərkənar etməkdir.
Hürriyyət nemətindən
məhrum qalmış ölkələrdə isə bu əhvalat
tərsinədir. Əhali mədəniyyətsiz və mərifətsiz
olduğuna görə insanlığın və insan kibi
yaşamağın yoluna çıxıb axşam sağ və
salamat qayıdacağını bilmədiyi kimi, qayıdıb
da ev-eşigini öz yerində görəcəgini də
bilmiyor. Çünki bu yerlərdə hər kəs, hər
yerdə və hər bir an hər bir cürə vəhşiyanə
təərrüzlərə düçar ola
bilir.
Söz, hərəkət,
gediş, gəliş, pul, dövlət, büxl, həsəd,
din, əqidə, aclıq və bu kibi səbəblər
ucundan hər kəsin canı fənaya gedə bilir. Və böylə
fənalıqların vüquini dəf etməgə də
heç bir tədbir görən olmuyor. Odur
ki, bu yerlərdə də hər nə pis və murdar əməl
varsa, hamısı baş verməyə başlıyor.
Qaf
“Həqiqət”, 30 dekabr 1909, ¹ 5
Məqalədə “hərgah biz yüz əlli il bundan əqdəm hamıya hürriyyət
verilsəydi, o halda bu gün hürriyyət kibi neməti-əzəminin
qədrini bilməyən adam qalmazdı. Necə
ki, indi Yevropada qalmıyıbdır” –cümləsindən “Necə
ki, indi Yevropada qalmıyıbdır” sözləri
çıxarılmışdır. Bir
neçə yerdə isə ayrı-ayrı sözlərdə
ciddi yanlışlıqlara yol verilib. Məsələn,
“hürriyyəti tammə” “hürriyyətnamə” kimi
yazılıb. “Yevropa” sözü bir neçə yerdə
ixtisar edilmişdir (bax. 4-cü c. 1968, səh. 188-190; 2-ci c.
2005, səh. 123 –125)
nəhv-sayaq
təərrüz-təcavüz etmə, sataşma
zirdəst-əlaltı
zəbərdəstlik-qoçuluq
laəqəl-az da olsa
tovqif-saxlama, dayandırma
büxl-paxıllıq, xəsislik
TİCARƏT
İnsanların həyat və
məişətində ən böyük rol oynayan xüsus –
ticarətdir.
Ticarət: insanların kəsbi-rüzusi
üçün bir vasitə olmaqdan başqa, din, milliyyət,
sinif, firqə və sairə bu kibi ayrılıqlarla biri-birindən
ayrılmış olan insanlar arasında bir münasibət və
bir rabitə təşkil ediyor. Və bununla
insanları biri-birinə yaxınlaşdırır. Bundan əlavə ticarət öz-özlügündə
hər bir insanı tərəqqiyə sövq edən, əqlini
artıran, gözlərini açıq edən və
huşyar qılan bir vasitədir.
Ticarətin: insanın ruzusu üçün bir vasitə
olması aşikardır. Odur ki, ticarətləri
tərəqqi etmiş bir dövlətin və dövlətin
təbəəsi olan cəmaətin sərvət və samani,
ticarəti tənəzzüldə olan dövlət və cəmaətlərdən
qat-qat artıqdır. Zatən, ticarət
olmasa, dövlətin xəzinəsi də dolu olmaz. Odur ki, hər bir dövlət, öz cəmaətinin
ticarətini artırmaq üçün əlindən gələn
tədbirləri müzayiqə etmiyor. Dövlətlər
arasında ittifaq düşən müharibələrin bir
çoxu da ticarət üstündədir. Bu gün Amerikanın, İngiltərənin bir o qədər
sərvət və samanə malik olmalarına səbəb məhz
ticarətlərinin tərəqqisidir.
Heç bir dostluq,
aşinalıq insanları biri-birinə o qədər mərbut
edə bilməz, necə ki, ticarət. Ticarət
işində haqq və hesab düz olsa və rəqabət
öz qaydası hüdudundan xaric çıxmasa, insanlar
arasında heç bir münaziə və münaqişə
törəməz. Çünki mənafeyi-ümumiyyəni
xəlaldar edəcək hadisələrə heç bir tərəf
razı olmaz.
Tarix göstərdigi üzrə
ən qədim zamanlardaki insanlar arasında hələ ticarət
yox idi. O
vaxtlar ovçuluq, maldarlıq və köçərilik ilə
yaşayan insanlar arasında da heç bir rabitə və
münasibət yox idi. O vəqt insanlar bir-birinə biganə
idilər, yad idilər. Bir-birlərindən vahimə
edirdilər. Aralarında etibar və etimad
yox idi. Lakin insanlar köçərilikdən,
ovçuluqdan əl çəkib oturaq halda yaşamağa
başladıqdan sonra bunların arasında ticarət
başladı və getdikcə tərəqqi edib bu ticarət
sayəsində insanlar bir-birini gördü, tanıdı,
bir-birinə yaxınlaşdı. Aralarında
etibar və etimad törədi və bunun sayəsində idi
ki, şəhərlər tikildi, yollar açıldı və
insanın hər yerə yolu oldu.
Yuxarıda ərz olunduğu
üzrə ticarət insanın əqlini artırır,
huşyar edir.
Doğrudan da ticarətə məşğul olan adam hər yerdə öz mənafeyini güdmək,
gözləmək və artırmaq üçün cürbəcür
vasitələr, vəsilələr arayır, səyahətə
məcbur olur, görmədigini görür, bilmədigini
bilir, özündən şeylər icad ediyor. Qərəz
hər halda fikrini açıq saxlamağa vadar edilir.
Təəssüflər olsun
ki, biz hər bir işdə pəsmandə olduğumuz kimi,
ticarət işində də çox geridə
qalmışıq. Sairləri bütün fikir və əqillərini
öz ticarətlərinin tərəqqisi yolunda sərf etdigi
bir zaman, biz də başımızı puç və mənasız
xəyalət ilə doldurub, bir-birimizin canına
düşmüşük ki, filan adam,
filan yerdə belə oldu, filankəsin əqidəsi gəcdir.
Filan adam papağını düz qoymuyor və
s. Əziz olan vəqtimizi də hamamlarda keçirmişik. O səbəbdəndir
ki, ticarətimiz tərəqqi etməyibdir. Sairlərə
möhtac olmuşuq. Hal-hazırda da özgə
tayfalardan götürülmüş olan on nəfərin
beşi tacir, üçü sənətkar, ikisi alim
olduğu halda, bizdən götürülmüş on nəfərin
üçü tacir, biri sənətkar, (yarımalim)
qalanları da müftəxorlardır. Zatən
hal-hazırda da bizim tərəqqimizə mane olanlar da həmin
müftəxorlardır ki, puç və çürük
xiyalat ilə ticarət və sənətə məşğul
olan adamlarımızı da işdən-gücdən fariğ
edib qoymurlar ki, xalq öz fikirlərini öz işlərinin tərəqqisi
yolunda sərf etsinlər. O səbəbdəndir ki, bizim
tacirlərin əksəriyyətində
gözüaçıqlıq yox, şövq və həvəs
yox, kəsalət, ətalət bol-bol, rəqabət nə
olduğunu və nə yol ilə rəqabət faydalı
olduğunu əsla bilməz, buna görə də ticarəti
tərəqqi etməz.
Ən təəccüb və təəssüf ediləcək
yer burasıdır ki, aləmi-islamın hər bir taifəsində
ticarət işi tənəzzüldədir: Osmanlılar
öz başlarının milli papaqları olan fəsləri də
özgədən alırlar. İran rus, ingilis
olmasa lat-lüt və ac qalar. Bizlər də
ki, nə haldayıq-məlumdur.
Ü
“Həqiqət”, 14 yanvar 1910, ¹ 10
Məqalədə sonuncu
çox mühüm bir nəticə ixtisar edilmişdir (bax. 4-cü
c. 1968, səh. 207-208, 2-ci c. 2005, səh. 136 –137).
münaziə-mübahisə, sözləşmə
fariğ-asudə, boş
ORDAN-BURDAN
Sevinirəm...
Eşidəndə ki, filan
yerdə teatro oynadılar – xoşuma gəlir.
Eşidəndə ki, filan
yerdə məscid tikdilər – xoşuma gəlir.
Eşidəndə ki, filan
yerdə məktəb açılır – xoşuma gəlir.
Eşidəndə ki, filan
yerdə bir cəmiyyət qurdular – xoşuma gəlir.
Eşidəndə ki, filan dövlətli filan studentə
dərs pulu verdi – xoşuma gəlir.
Eşidəndə ki, filan bəg
filan toyda, ya filan vayda ehsan elədi – xoşuma gəlir.
Eşidəndə ki, məhərrəm
təziyəsində Qars fələkzədələrinə
pul yığdılar – xoşuma gəlir.
Amma bəzi xoş xəbərlər olur ki, onu eşidəndə
nəinki təkcə xoşuma gəlir, bəlkə hələ
sevinirəm də!
Məsələn: bugünkü nömrəmizdə
Şamaxı müxbirimiz yazan əhvalatı eşidib
çox sevindim.
Bəli! Şamaxıdaki varlılar şəhərlərindəki
fəqir-füqəranın halını nəzərə
alıb pul yığdılar və bir adamı Stavropola
göndəribdirlər ki, gedib o pula un
alsın və o unu gətirib bazarda elə bir münasib qiymətə
satsınlar ki, fəqir-füqəra ala bilsin.
Yuxarıda
sadaladığım və xoşuma gələn işlərimizin
hamısı-(məktəb açmaq da içində) hissiyat
gücü ilə əmələ gələn işlərdir. Yəni ürək
arzusu ilə meydanə qoyulan əməllərdir. Amma şamaxılıların tədbiri-hissiyatdan
başqa bir də əqli-səlim təhriki ilə icra
edilibdir. Məsələn: bir fəqir və yolçuya
pul vermək – ürək işidir, rəhmdillikdir.
Amma o fəqiri bir sənətə
qoyub pul qazandırmaq – əqli-səlim işidir.
Bu saət şəhərlərimizdə
bahalıq olduğuna görə fəqir-füqəranın və
kasıb-küsubların halı əvvəlkindən daha pis
olubdur.
Ağdam cəmaəti məhərrəmlikdə
yığılan pullardan bir qədərini bu fəqir-füqərayə
paylamağı qərar qoyubdurlar. Əlbəttə, yaxşı
iş görübdürlər.
Amma Şamaxı əhli daha
yaxşı və daha məqul tədbir görübdürlər.
Fəqir-füqəradan və kasıb-küsubdan murad –
tək bir dilənçilər və yolçular degildir ki,
onlara pul payliyasan! Çox fəqirlər və
kasıblar var ki, ənvai-məşəqqət ilə
dolanıb pis-pis günlər keçirdikləri halda, bir kəsə
əl açıb dilənməgi və ya “ehsan”
almağı özlərinə ar bilirlər. Utanırlar, şərəf və heysiyyətləri
o cürə şeyi qəbul etmiyor. Sırtıq
və sital dilənçi və yolçular kimi sədəqə
yığmağa üzləri gəlmiyor. Halbuki, dilənçi
və yolçudan əvvəl bu cürə
kasıb-küsubların qeydinə qalmaq lazımdır!
O da nə yol ilə olar?
Bax, haman Şamaxı varlıları
etdigi tədbirlər ilə, yəni un kimi ən zəruri olan
şeyi bir yerdən çoxlu-çoxlu alıb, şəhərdə
ucuz qiymətə satmaq ki, kasıb-küsubun da onu almağa məqduri
olsun!
Qəzetəmizdə
çox vəqt “kooperatif” adında söz keçir. Ola bilsin ki,
bir çox oxucularımız bunun nə söz olduğunu
bilmiyor.
“Kooperatif”in əsil məqsədi-fəqir-füqəra
və kasıb-küsubları gözləməkdir. Yəni onlara pul paylamaq,
ehsan vermək degildir! Bəlkə onların
ağır olan məişət və güzəranlarını
mümkün qədər yüngül etməkdir, şərtlərini
ələ gətirməkdir.
Şamaxı
varlılarının bu tədbirləri-”kooperatif”ə tərəf
açılan bir yoldur.
Ürək tərəfindən qəbul edilən və
baş tərəfindən də caiz və lazım
görülən böyük bir işdir ki, adına
– cəmaət işi deyirlər!
Pəs, bu cürə işlərimiz
məni çox sevindirir. Allahın altında o biri şəhərlərimizin
varlıları da şamaxılılara “təqlid” edib belə-belə
işlər görə idilər!...
Filankəs
“Yeni İqbal”,
20 noyabr 1915, ¹ 170
əqli-səlim-sağlam düşüncə
mürad-istək
ənva-növ, növlər
məqdur –imkan
Son
Üzeyir HACIBƏYLİ
Şirməmməd
Hüseynov
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.20-21.