Mədəniyyətimizin fenomenal hadisəsi
Professor Kamal
Abdulla şəxsiyyəti
və yaradıcılığı
ilə milli mədəniyyətimizin fenomenal
hadisəsidir. Sözün geniş tarixi mənasında mədəniyyətimizin!
Bu hadisənin fenomenallığı Kamal
Abdullanın ictimai, elmi, ədəbi, pedaqoji fəaliyyətinin siqlət və əhəmiyyəti ilə
bərabər, bütün
bu aspektlərin bütövlüyündə, fikrimcə,
ümumi bir Mətn olmasındadır.
Bu Mətn sırf
elmiliyi, ədəbiliyi,
ictimailiyi ilə yanaşı, geniş mənada milli dünya mənzərəsi,
milli şüurun əzəli və əbədi mətləbləri,
qaynaqları və gələcəyi ilə bağlıdır. Ədəbi və
elmi refleksiyanın vəhdəti Kamal Abdulla Mətninə bir ahəng aşılayıb. – Bu Mətnin gətirdiyi Ahəng ədəbilikdən
və filolojilikdən
daha geniş və dərin mətləbləri ehtiva edir, – məsələ öz estetik-ədəbi məhvərini aşır,
milli-psixoloji və ictimai-mədəni çalar
qazanır.
Kamal Abdullanın durğun ənənənin total normalarına,
şablon təfəkkür
qəliblərinə, çağdaş
ədəbi mühitdəki
əyalətçiliyə müxalif olan Mətni durğun sükunəti canlandırıb
hərəkətə gətirəcək
produktiv gücə malikdir. Milli tariximizin və
mədəniyyətimizin mif
– epos – Orta çağ
– Yeni dövr və müasirliyini ehtiva edən Kamal Abdulla Mətni
kontekstində düşündükcə
bir çox ənənəvi mətləbləri
yenidən gözdən
keçirməli olursan.
Hər şeyi “bilən” hazırcavab sinədəftərlərin
biliyinə şübhə
edirsən. Hər
soruya cavabı olan total “biliyin hökmünü...” (Fuko)
deyil, canlı düşüncəyə təkan
verən “bilməmək”
səlahiyyətini, Sual
və Seçim hüququnu təsbitləyən
Kamal Abdulla öz Mətnində mütləq Cavaba maliklik iddiasından vaz keçir və oxucusunda, auditoriyasında paradoksal həqiqətə yönəlik
idraki təbəddülat,
yaradıcılıq fəallığı
oyadır.
Yaradıcılığı ilə sorğulamağa, axtarmağa və seçimə sövq edən Kamal Abdulla gələcəyə
yönəlik, Yunqun təşəbbüskar adlandırığı
şəxsiyyət tiplərindəndir. Və idraki
baxımdan perspektivə
tuşlanan Kamal Abdulla yaradıcılığı
ümummilli və ümumtürk əhəmiyyətli
mühüm bir funksionallıq daşıyır
– ictimai şüurumuzu
gerçəkliyin və
gələcəyin adekvat
dərkindən sapdıran
qeyri-adekvat mifləri sarsıtmağa yönəlikliyində,
kollektiv təhtəlşüurdan
qaynaqlanan həqiqətləri
aşkarlamağında və
Mətnində təsbitlədiyi
kreativ Ahəngdə.
Kamal Abdullanın milli şüura gətirdiyi Ahəng – onun dünya miqyasında ədəbi nailiyyət kimi təsbitlənmiş bədii əsərlərində,
məktəb yaratmış
elmi araşdırmalarında,
vətəndaş qayəli
ictimai fəaliyyətində
və həm də elm-təhsil-mədəniyyəti
və şərəf-ləyaqət-məsuliyyəti
meyar kimi təsdiqlədiyi Bakı Slavyan Univesitetinə rəhbərliyində. Bu Ahəngin
tipologiyası və məzmunu Kamal Abdulla Mətninin mühüm mövzularından
olan türklüyün
ana kitabı “Kitabi-Dədə Qorqud”dan,
milli klassikadan, dünya ədəbi-mədəni
və elmi ənənəsindən və
ilk növbədə, mütəfəkkir
yazıçı-alimimizin mənəvi-elmi-ədəbi axtarışlarının
fövqəl reflektiv fəallığından, aradığı
mətləblərin dərinliyindən,
amalına sədaqət
və səbatından
qaynaqlanır.
Əqidəsinə, amalına, sözünə
sədaqət Kamal Abdullanın xalqına, vətəninə, dövlətinə
sədaqətlə tamamlanır. Yaradıcılıq bütövlüyünü şəxsiyyət
bütövlüyü ilə
birləşdirən, əsil
və əsl ziyalılıq örnəyi
olan Kamal Abdullanı təbrik edir, getdiyi idrak
yoluna işıq arzulayıram.
Asif Hacılı,
Filologiya elmləri doktoru
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.18.