Darıxan adam haqqında bir neçə fraqment

 

...Bir tərəfdə adam özü dayanır, bir tərəfdə ölüm, bir tərəfdə kəhər at. Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa. Elə ki ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən. Yox, elə ki ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qalacaqsan pay-piyada, öz balaca dünyanda dolaşa-dolaşa, axırda da çərləyib öləcəksən...

Ramiz Rövşən

Qəzet-jurnalın sevilə-sevilə oxunub, oxuna-oxuna sevildiyi, kitabın əl-əl gəzdiyi o qəzet-jurnalda, o kitabda şerin, sözün, yazının çap olunması, imzanın görünməsi adamı, az qala, xoşbəxt elədiyi iyirminci əsrin yetmişinci-səksəninci illərində bu sözü ilk dəfə Kamaldan eşitdim: “Bax, çap olunmaq istəyirdim, olundum, yazım çıxdı, amma nolsun, adam darıxır...”

Bəli, bu həmin vaxtlar idi ki, biz çap olunmağın həsrətində ikən, Kamalı çap olunmaq artıq darıxdırırdı... Bu, o əyyamlar idi ki, şeytanın qıçını qırıb dörd şerimi “Azərbaycan” jurnalında çap etdirmişdim Kamal da öz yazılarının birində mənim adımı gələcəyin ümidverici şairləri sırasında çəkib daha da ümidləndirmişdi Aydın Məmmədov da məni dəhlizdə görən kimi həmişə ərklə başımın üstünü kəsdirirdi: “Yazdıqlarını talvara yığıb saxlama, get mənim adımdan ver Əkrəmə, Yusifə çap eləsinlər

Amma ilin-günün belə bir vaxtında Kamalın o bircə kəlmə “darıxmaq” sözünü vallah unuda bilmirdim; o bir kəlmə söz beynimi oyuq-oyuq eləyirdi.

Dəhliz adi dəhliz deyildi: Akademiyanın məşhur Dilçilik İnstitutunun dəhlizi idi. O dəhlizin bir ucu adamı aparıb dünyada yeganə türkoloji nəşr olan “Sovetskaya türkologiya” jurnalının redaksiyasına çıxarırdı mən Kamalı ilk dəfə məhz bu dəhlizdə gördüyümü xatırlayıram: cavan, ötkəm, eyni zamanda sayılan seçilən Kamal.

Kamal haqqında “ötkəm” sözünü təsadüfən işlətmədim; bu ötkəmlik zahiri deyil, içəridən gələn bir ötkəmlikdir; mən o vaxtdan bu vaxtacan onu bir dəfə olsun qısılan-sıxılan görmədim – qapıların, adamların, titulların qarşısında. Elə o vaxt hamımızın “professor” dediyimiz (Kamalın işlədiyi Dilçilik İnstitutunun direktoru, mənim işlədiyim, Kamalın çap olunduğu jurnalın baş redaktoru) Şirəliyevin qapısını da ən ürəklə açan üç adam vardısa, onun biri Kamal idi...

Amma hər necə olsa, bəs bu xoşbəxtlər xoşbəxtini (bu sözü qəribçiliyə salmayın) darıxdıran idi, görəsən? Xoşbəxtlər xoşbəxti necə olur axı – Kamal bütün kollektivin sevdiyi, yaxşı mənada həsəd apardığı, hamıdan gözəl danışmağı bacaran, televiziyada maraqlı verilişlər aparan, hər yerə məmnuniyyətlə dəvət olunan, çox erkən yaşlarında doktorluq dissertasiyası müdafiə eləmiş, nəşriyyatlarda, redaksiyalarda üzünə yaşıl işıq yandırılan, ədəbi, elmi diskussiyaların mərkəzində duran, sözünün çəkisi olan, ən adlı-sanlı ziyalılarla, yazıçılarla, alimlərlə oturub-duran, ürəkdə paxıllıq doğuracaq qədər uğurlara imza atmış bir gənc idi. Amma vallah darıxırdı mən Kamala harda, hansı şəraitdə rast gəlirdimsə, gözümə sataşan birinci şey onun darıxmağı olurdu: bu adam: toyda da, iclasda da, dostlarla bir məclisdə , qatarla gedəndə , getdiyi yerə çatanda da darıxırdı...

imiş onu darıxdıran?

Cavabın tən yarısını “Kədərli seçmələr” kitabına Ramiz Rövşənin yazdığı ön sözdə tapdım, tən yarısını da özüm fikirləşdim: onun sürəti böyükdür; Kamal getdiyi yolu həmişə tərəddüdsüz gedən, dediyi sözü həmişə qəti deyən, gördüyü işi həmişə məqsədli-planlı görən mənzilbaşına həmişə hamıdan tez yetişən... yetişib mənzilbaşında tək-tənha oturmağa ( darıxmağa) məhkum birisidir...

...Yazıçılar Birliyinin qurultayından çıxıb nahar etməyə gedirik: Vilayət Quliyev, Ramiz Rövşən, Rəşad Məcid, Kamal mən (yadımdadır ki, Vilayət müəllim Polşaya səfir təyin olunmuşdu, tezliklə yola düşəcəkdi). Ayrılanda Kamal mənə dedi ki, Ramiz Rövşənə bir yazı verdim, o oxuyandan sonra, sən götür bax... (amma Ramiz Rövşəni tapmaq, tapıb da ondan yazı almaq asanmı məsələdir?!)

Tezliklə o yazı çap olundu – bu, nəsrimizin ən yaxşı ən maraqlı əsərlərindən olan “Yarımçıq əlyazma” romanı idi. mən onu Kamalın Ramiz Rövşənə verdiyi əlyazma şəklində deyil, kitab şəklində oxudum. İndi gec olsa, Kamal müəllimə deyim ki, ürəyini buz kimi saxlasın, mən o vaxt o əsəri əlyazma şəklində oxusaydım da, heç bir iradım, əlavəm olmayacaqdı: kaş əlyazmalar hamısı sənin “Yarımçıq əlyazma”n qədər bitkin olaydı!

...Anar müəllimin yubiley gecəsində Kamalla bir masaya düşürük. Təzəcə oxuyub bitirdiyim “Sehrbazlar dərəsi”inə görə təşəkkürümü bildirirəm. Səs-küylü məclisdə “Necədirsoruşur. Çox yaxşıdır, deyirəm, sadəcə, mən o dildə anlayıram, amma özüm o dildə danışa bilmirəm, deyirəm...

...Dostoyevski öz qəhrəmanlarından birinin dili ilə quşu gözündən vurmuşdu: “Gərək bu dünyada hər kəsin bir gediləsi yeri olsun...”

Mən çox çevdiyim “Sehrbazlar dərəsi”ni oxuyandan sonra Kamala görə həm sevindim: Kamal öz gediləsi yerini, açılası qapısını tapıb. İndən belə bu balaca dünyada Kamalın pay-piyada dolaşıb çərləmək qorxusu yoxdur – Kamal darıxdığı bu dünyadan, onun lazımsız iş-gücündən, qayğılarından qaçmaq üçün axtardığı kəhəri tapıb ( bu kəhərin belində çox rahat əyləşib); Kamal bu darıxdırıcı dünyanın adamlarından, sifətlərindən keçib o qapını açan kimi sehrli bir aləmə düşməyin yolunu tapıb.

Elə bir aləm ki, orda anmağa da, unutmağa da həmişə doğma bir üz, ən azından, dadlı bir bəhanə tapmaq mümkündür...

...Amma bir kədərli “seçmə” var ki, yaşın neçəliyindən asılı olmayaraq, bu aləmdə ömrün yalnız bircə fəsli olur: qış çağı...

Çöldə bəyaz qar yağır...

Rusiyanın qarı...

Daha bundan bəyazı

çətin yağa, biləsən.

Durub kimi anasan –

anmağa kimsə varmı?

Amma kimsə yoxdu

unutmağa, biləsən...

Ömrün qış çağına xoş gəldin, Kamal müəllim!

 

Mahir N. Qarayev, şair-tərcüməçi

525-ci qəzet.- 2010.- 11 dekabr.- S.18.