Mərd ziyalı, yenilikçi nasir
Azərbaycan dilçilik
elminin, ədəbiyyatının,
dramaturgiyasının və
esseistikasının görkəmli
nümayəndəsi Kamal
Abdullanın 60 yaşı
tamam olur. İlk baxışdan ensiklopedik məlumatı xatırladan bu sətirlərin arxasında
böyük bir ziyalımızın ömürlüyü
dayanır. Mən
bəzi epizodlarda həmin ömürlüyə
şahidlik eləmişəm
və bundan xeyli məmnunam.
Kamal Abdullanı ilk dəfə
televizorda görmüşəm, adar-madar bir
telekanalımız olan Az.TV-də. Diktor yaraşıqlı,
eleqant geyimli bu cavanı elmlər doktoru kimi təqdim
edəndə heyrətlənmişəm, həsəd hissi
keçirmişəm və ürəyimdə
fikirləşmişəm ki, böyüyəndə mən
də ədəbiyyatşünaslıq sahəsini seçim. Deməli, mənim ədəbiyyatla ciddi məşğul olmağımda
Kamal müəllimin danılmaz xidmətləri
var. Həyatda isə onu ilk
dəfə Hökümət
evilə üzbəüz
ofisində görmüşəm.
O zaman Kamal Abdulla Azərbycan Mədəniyyət Fondunun
rəhbəriydi. Mən
Praqaya “Azadlıq” radiosuna işləməyə
dəvət olunmuşdum
və radionun tapşırığına əsasən
demokratik düşüncəli
bir neçə ziyalıdan müsahibə
götürməliydim. Onun
birincisi Kamal Abdulla oldu.
Bu
yaxınlarda isə Kamal müəllimin mənə xeyli
öncələr bağışladığı
“Qəribədir, deyilmi” şeirlər toplusunu arxivimdən tapdım.
Keçmişiylə öyünən və daim nostaljiylə yaşayan birisi üçün yaxın adamının on iki il əvvəl
bağışladığı əşyanı tapmaq sözlə ifadə olunmayan bir hissdir.
Mən Kamal Abdullanı bir də
Gənclər Teatrının foyesində gördüm. 2000-ci ilin əvvəllərində.
Həmin vaxt rəhmətlik və unudulmaz rejissorumuz Hüseynağa Atakişiyev
onun “Səni sevənlərin hamısı
burdadır” adlı peysini tamaşaya qoymuşdu. Çox gözəl də alınmışdı. Həm
müəllif işi,
həm də rejissor yozumu maraqlıydı. O zaman bəndəniz bu barədə kiçicik bir yazı da yazdı.
Sonralar... Sonralar isə Kamal müəllim mənim yadımda mərd ziyalı, yenilikçi nasir və dramaturq kimi qaldı, onunla canlı təmaslarımız davam
elədi və mən fərəhlənirəm
ki, belə bir çağdaş yazarımızla eyni zamanda yaşayıram.
Kamal Abdullanın dartışmalara
səbəb olan “Yarımçıq əlyazma”sını
“Ulduz”un təşəbbüsilə Natəvan klubunda
müzakirəyə çıxardıq, sonra “Sehirbazlar
dərəsi” romanından mənim təqdimatımla
parçaları nəşr elədik. Kamal
Abdulla canrından asılı olmayaraq qələmə aldığı
hər əsərə
yeni və fərqli düşüncə,
özünəxas təhkiyəylə
yanaşır. Son oxuduğum və hissə-hissə “Ulduz”da nəşr etdiyimiz, sonradan isə kitab halında çıxan “Dilçiliyə giriş”
əsərini oxuyanlar
dediklərimə əyani
şahidlik edə bilərlər. Elmi mövzunu oxucuya çatımlı şəkildə
qələmə alması
bu sahədə yaxşı bir yenilikdir.
Kamal Abdulla Slavyan Universitetinin timsalında bir industriya yaradıb. Mətbuat mütəmadi olaraq universitetdə yeniliklər
barədə məlumat
verir. Onun rəhbərlyilə “dünya
kitabxanası”nın inciləri Azərbaycan dilinə tərcümə
olunur, oxucuların gözlərini sevindirir, rəflərini bəzəyir.
Bu böyük qələm qardaşımız
onlarla istedadlı nəsildaşımızı başına
yığıb, onların
əlindən tutub, sosial gərginlikdə yaşayan bir çox insana himayədarlıq edib. O, qapısına gedən bir kəsi əliboş
geri qaytarmayıb. Gücü nəyə çatıbsa, onu da edib. Hər
halda mən özüm bunun şahidi olmuşam, çoxlarının dilindən
də onun mərdliyi haqqında eşitmişəm.
Kamal Abdulla
özünəinamlı və qürurlu bir insandır, onun
şax yerişi də, duruşu da kimsəyə əyilməməyin
ifadəsidir. Kamal Abdullanı
qənimət ziylılarımızdan
biri kimi tanıyır və qəbul edirəm, düşünürəm ki,
bu cür insanları qoruyanlar, onlara sayğı ilə yanaşanlar özlərini qoruyurlar. Mən həmişə bilirəm və xatırlayıram ki, arxalanmağa böyük bir ziyalımız var.
Mən dəyərli
həmkarımızın, böyük qələm
qardaşımızın altıncı onilliyini qutlayır,
ona can sağlığı, tükənməz enerci və
yenilməz ruh arzulayıram.
Elçin
HÜSEYNBƏYLİ
yazıçı-dramaturq
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.19.