Bizim müəllim
Öz şəxsiyyətinin, elmi
və bədii yaradıcılığının miqyası və mahiyyəti etibarilə Kamal Abdulla bu
gün Azərbaycanın
mədəni sərvətidir.
Mən bunu vicdan rahatlığı ilə söyləyirəm.
Onunla hələ Moskvada
yaşadığım vaxtlarda qiyabi tanış olmuşdum. Tələbə yoldaşım Murad
Köhnəqalanın otağında
Kamal Abdullanın “Gizli Dədə Qorqud” kitabını gördüm və oxumaq üçün götürdüm. 90-cı illərdə
milli şüurun intibahı dövrü yaşanırdı, biz Azərbaycanın etnik, tarixi-mədəni irsi ilə bağlı ədəbiyyatları acgözlüklə
oxuyur, öyrənib-bildiklərimiz
haqqında davamlı müzakirələr aparırdıq.
Qısa zamanda Kamal Abdullanın “Gizli Dədə Qorqud” əsəri azərbaycanlı və digər türkəsilli tələbələrin maraqlandığı
və sevə-sevə
oxuduğu bir kitaba çevrildi. Hələ filologiyada komparativistika haqqında təzə-təzə
nələrsə eşitməyə
başlamışdıq, Kamal
Abdulla isə, epik mətni fəlsəfi-kulturoloji aspektdən
təhlil etməklə,
Dədə Qorqud süjetləri və digər xalqların populyar epik süjetləri
arasında müqayisəli
araşdırmalar aparmaqla,
bu nadir mədəniyyət incisinin
ontoloji təbiətini
açmaqla tamam fərqli bir əsər ortaya qoymuşdu. Sonralar, onun çoxşaxəli yaradıcılığı ilə
yaxından tanış
olduqca, Kamal Abdulla dünyası haqqında qənaətlərim
daha konkret mahiyyət kəsb etməyə başladı.
Onun
hazırda təkcə Azərbaycanda deyil, ölkəmizin
hüdudlarından çox-çox uzaqlarda geniş
populyarlıq qazanmış “Yarımçıq əlyazma”
romanı haqqında, əsər hələ əlyazma
halındaykən, ilk rezensiyanı “(Yarımçıq
əlyazmalar və bütöv inanclar”) mən
yazmışdım və əsərin gələcək taleyi
ilə bağlı orada səsləndirdiyim proqnozlar
tamamilə doğrulduğu üçün çox
məmnunam. Kamal Abdullanın
bu yaxınlarda tamamladığı trilogiya
(“Yarımçıq əlyazma”,
“Sehrbazlar dərəsi”,
“Unutmağa kimsə yox” romanları) son dövr Azərbaycan
ədəbiyyatının gerçək
hadisəsidir. “Yarımçıq
əlyazma”da, bildiyimiz kimi, ol zamanlardan – Dədə Qorqud dövründən, “Sehrbazlar
dərəsi”ndə Ortaçağ hadisələrindən,
sonuncu, “Unutmağa kimsə yox” romanında isə bu günkü gedişatdan bəhs edilir.
Kamal
Abdulla bu xronoloji ardıcıllığı
gözləməklə yalnız estetik mülahizələrdən
çıxış etmir. Bu trilogiya cəmiyyətimizin
tarixi evolyusiyasının
son dərəcə maraqlı, özünəməxsus
şərhidir. Kamal Abdullanın istedadlı insanlara, bədii yaradıcılığı işıqlı
perspektivlər vəd
edən gənclərə
münasibəti onun artıq hər kəsə bəlli olan ədəbi kimliyinin bir parçasıdır. Gənclər
onu öz aralarında sadəcə
“Müəllim” deyə
çağırırlar və
bu, razılaşın
ki, onun haqqında çox şey deyir.
Mən Kamal Abdullanı 60 illik
yubileyi münasibətilə təbrik edir, öz
tükənməz enerjisi ilə yürüdüyü bu
mübarək yolda yeni-yeni uğurlar arzulayıram.
Etimad BAŞKEÇİD yazıçı
525-ci qəzet.- 2010.- 11 dekabr.-
S.19.