“Ömrüm boyu çalışmışam ki, ailəmlə sənətimi qoşa qanad kimi yüksəkdə tutum”

RAMİZ QULİYEV: “ƏGƏR BİR AİLƏ SAĞLAM TƏMƏL, MƏNƏVİ ZƏNGİNLİK ÜZƏRİNDƏ QURULMAYIBSA, MADDİ İMKANIN, VAR-DÖVLƏTİN XEYRİ YOXDUR, O AİLƏ GEC-TEZ DAĞILACAQ”

 

“Şəxsiyyətin formalaşmasında ailənin çox böyük rolu var. Şəxsiyyət həm tərbiyəyə bağlıdır, həm təfəkkürə, həm milli adət-ənənəyə, həm də elmə, biliyə. Amma ən əsası, genlə əlaqədardır. Ümumiyyətlə, Azərbaycana xas ailə tərbiyəsi Yaxın Şərq ölkələrinə, Asiya və Avropaya qədər gedilən yolda nümunəvi bir anlayışdır”. Bu fikirlər layihəmizin “Ailə nümunəsi” rubrikasının növbəti qonağı – ustad tarzən, dəyərli ziyalı, xalq artisti Ramiz Quliyevə məxsusdur. R.Quliyev deyir ki, onun doğulub-böyüdüyü mühitdə yüksək səviyyəli ailə ənənələri, böyük-kiçiyə xüsusi münasibət olub, kimliyindən asılı olmayaraq, valideynə hörmət etməyi hamı özünə borc bilib: “Tərbiyə hər kəs üçün vacib şərt idi. Məsələn, o dövrdə valideyn məktəbə gələrdi, əgər uşaq müəllimlə valideynin söhbətinə qarışıb, ondan əvvəl danışardısa, bu çox pis hal sayılardı. Çünki belə görmüşük ki, hər zaman birinci söz valideynindir, müəllimindir. Bu anlayışla böyümüşük biz.

 

BİZİM NƏSLİN NÜMAYƏNDƏLƏRİ YÜKSƏK BİR TƏRBİYƏ MƏKTƏBİ KEÇİBLƏR.

 

Mən bu gün Ramiz Quliyev olaraq övladlarımın, ailəmin qarşısında sayılıb-seçilirəmsə, sevilib, hörmətli tutuluramsa, bunu ilk növbədə valideynlərimə və doğulub-böyüdüyüm bölgənin mühitinə borcluyam. Gəncin də, ailədə dünayaya yeni gələn körpənin də qanı ilə gələnlərlə bərabər, gözü ilə gördükləri və götürdükləri də var. İnsanın gördüklərindən çox şey asılıdır. Ata-ana evdə necədirsə, uşaq da o cür formalaşır. Məsələn, ata səhər yuxudan duranda həyat yoldaşına “sabahın xeyir” deyirsə, övlad bunu eşidir və nəticə çıxarır. Süfrəyə oturmamışdan əvvəl əllərini yuyursa, yeməkdən əvvəl “bismillah”, yeməkdən sonra “əlhəmdülillah” deyirsə, övlad bunları görür, onda müəyyən fikir formalaşır. Bunları görən uşaq sağlam tərbiyə sistemi ilə inkişaf edir. Ancaq əks münasibət və davranışların içində böyüyən uşaq nadir hallarda normal tərbiyəyə malik olur. Biz anadan olandan Ağdam rayonunda həmişə musiqi sədaları eşitmişik və o musiqilərlə böyümüşük. Mən hər zaman deyirəm ki, tarı, musiqini tanıyana qədər gərək atanı yaxşı tanıyasan. Biləsən ki, atan, nəslin kim olub. Mənim atam Hacıqulu bəylərindəndir. Nəslimiz Seyid nəslidir. Seyid Baba Ağanın, Seyid Əsədin törəmələriyik. Atam ailədə elə davranardı ki, biz elə bilərdik, evimiz bir ziyarətgahdır. Evimizə ətraf rayonlardan insanlar gəlirdilər ki, atamla görüşsünlər. Atamın əlini öpüb, alınlarına qoyardılar. Atam da onların alnından öpərdi.

 

ATAMIN ADI ƏYYUB İDİ, ANCAQ HAMI ONA AĞA DEYƏRDİ.

 

Biz də atamıza Ağa demişik. Atamgil çox zəngin bir nəsil olublar. Karvansaraları, qədim gümbəz hamamları, mağazaları olan bu insanlar heç vaxt təkəbbürlü olmayıblar. Sovet vaxtı atamgilin bütün var-dövlətini müsadirə ediblər. Ancaq tərcümeyi-hallarını, tərbiyələrini müsadirə edə bilməzdilər axı. Bax, biz həmin ənənələrlə, o tərbiyə və tərcümeyi-hal üzərində böyümüşük. Mənim anam da çox böyük nəslin nümayəndəsi olub. Dayılarımın biri o dövrdə Sovet sədri, biri Kolxoz sədri olub. O qədər yüksək tərbiyəyə malik, böyük-kiçiyə hörmətcil insanlar olublar ki, bu gün də hamı onlara rəhmət oxuyur. Yəni nəslimiz bu gün də bizim tərcümeyi-halımıza şərəf gətirir. Onlar bizə hər zaman nümunə olublar və bu gün həmin tərbiyə mənim övladlarıma keçib. Bayaq da şahidi oldunuz: Oğlum Əyyub içəri girəndə qapını döydü. Öz atasının iş otağına icazəsiz daxil olmadı. Özü də bu otaqda dərs deyir. Bu

 

ƏDƏB-ƏRKAN, ÖLÇÜ HİSSİ BİZİM EVDƏ, AİLƏDƏ DAİMA QORUNUR.

 

Mən cəmiyyətimizdə, gənc ailələrimizdə, bax, bu münasibəti görmək istəyirəm. Təəssüflər olsun ki, indiki ailələrin bir çoxunda gənclər bu etik normalardan uzaqdadırlar. Bu məni çox narahat edir”.

Azərbaycanda artıq nümunəvi ailələrin azalmaqda olduğunu qeyd edən Ramiz Quliyev bunun əsas səbəbini sürətlə inkişaf edən texnologiyada, televiziya kanallarında yetərincə tərbiyəvi verilişlər olmamasında görür: “Azərbaycanın bütün bölgələrində hər zaman nümunə göstəriləcək ailələr olub. İndi də belə ailələr var, ancaq əvvəlki dövrlərlə qarşılaşdıranda, xeyli azalıb. Müasir dövrün informasiya bolluğu, texnologiyanın sürətlə inkişaf etməsi də bu məsələyə ciddi təsir göstərir. Mən çox təəssüflənirəm ki, bu gün televiziya kanallarımızda, xüsusilə də özəl kanallarda tərbiyəvi mövzularda, intellektual səviyyəli verilişlər olduqca azdır. Təzə verilişlər meydana gəlib: televiziya vasitəsilə ailə qururlar. Bir də görürsən, 20-25 yaşında qız çıxıb özünə oğlan axtarır. Bu mənim ürəyimi ağrıdır. Məncə, indi Azərbaycanın iki böyük problemi var: biri Qarabağın işğaldan azad olunması, biri də televiziyaların normallaşdırılması. Televiziyada tərbiyəvi verilişlərin az olması cəmiyyətə mənfi təsir göstərir. Bir müddət əvvəl məni çox sevindirən bir məqalə oxudum. Həmin məqalədə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev televiziyalırımızın peşəkarlıq və mənəvi səviyyə problemlərini qaldırmışdı. O məqaləni oxuyandan sonra mənə bir təskinlik gəldi, dedim, yəqin bundan sonra televiziyada köklü bir dəyişiklik olacaq. Həqiqətən, o məqalənin təsirilə bir neçə ay efirdə maraqlı, məzmunlu verilişlər göründü, milli dəyərlərə zidd proqramlar yığışdırıldı. Ancaq çox təəssüf ki, sonra yenə əvvəlki vəziyyət yaranmağa başladı və indi də davam edir”.

Uşaqlığının İkinci Dünya Müharibəsindən bir müddət sonrakı ağır dövrə təsadüf etdiyini vurğulayan Ramiz Quliyev çörək, kitab aclığı çəkdiyi illərdə ona ən böyük dəstəyi ailəsinin, valideynlərinin verdiyini, həmin mənəvi kömək sayəsində Quliyevlər ailəsində böyüyən yeddi uşağın hamısının ali təhsil aldığını deyir: “Mən anadan olanda müharibə təzə bitmişdi. Ancaq o müharibənin gətirdiyi çətinliklər uzun müddət davam etdi. Yadımdadı, bir dəfə çörək növbəsinə duranda məni necə itələmişdilərsə, yerə çırpılmışdım. İki ay xəstə yatdım. Çox çətin günlərimiz olurdu. Günlərlə isti xörək yeməzdik. Yeməklə bərabər, kitab aclığı da çəkirdik biz. Evdə yeddi uşaq idik. Hamıya kitab almağa imkanımız yox idi. Bütün bu çətinliklərin öhdəsindən ancaq ailəmizin mənəvi dəstəyi nəticəsində gələ bildik. Çünki möhkəm təməlli tərbiyəmiz vardı. Həmin tərbiyə bizləri şəxsiyyət kimi formalaşdırmışdı.

 

AİLƏNİN MƏNƏVİ ZƏNGİNLİYİ ƏN MÜHÜM CƏHƏTDİR.

 

Atamız heç vaxt bizə əl qaldırmazdı. Həmişə işdən gələndə evə yaxınlaşıb astadan öskürərdi. Yəni, “ay oğlum, ay qızım, özünüzü yığışdırın”. Həmin hərəkəti bu gün mən də edirəm, mənim qardaşlarım da edir. Genlə gələn bir tərbiyədir bu. Atam içəri girəndə hamımız ayağa dururduq. Hörmət, çəkinmək vardı. İndiki ailələrdə heç valideyndən qorxmaq da qalmayıb. Elə bir zəmanəyə gəlmişik ki, ata övladdan qorxur. Bu, ailənin, cəmiyyətin, bütövlükdə millətin faciəsidir. Bir də görürdün ki, elə bir vaxt olurdu, nəsə bir şuluqluq eləyirdik. Onda anam deyərdi ki, bax, axşam Ağan gələndə deyəcəm. Həmin söz bizə kifayət edirdi. Anamızdan artıqlaması ilə üzr istəyirdik. Atamın bizə tərs-tərs baxması döyülməkdən betər olurdu bizim üçün, özümüzü yığışdırırdıq. Həmin münasibət indi övladlarımla mənim aramda da var. Çox təəssüf ki,

 

AZƏRBAYCANLI AİLƏLƏRİNDƏ MƏNƏVİ ZƏİFLİK, DÖZÜMSÜZLÜK ARTIB.

 

Bir çoxları çətin günlər görmədən, həyatda bərkimədən, rahat bir yol keçiblər, ona görə də yaxşını pisdən ayıra bilmirlər, tərbiyənin, ailə ənənələrinin dəyərini anlamaqda acizdirlər. Mən, Konservatoriyada oxuya-oxuya, bir il Qarayev adına neftayırma zavodunda işləmişəm, dəzgahların tozunu silmişəm. Bir kostyum geyərdim. Ondan yağ-mazut iyi gələrdi. Həmin kostyumla Konservatoriyaya gedib, oxuyurdum. Zəhmət vardı, zəhmətkeşlik vardı, həyatın hər üzünü görmək və öyrənmək vardı. Cəmisi 40 manat pul alırdım. Mən o 40 manata yaşayırdım, oxuyurdum. Sabaha böyük ümidlə baxırdım. İndi elə ailələr var ki, bəlkə də nəvə-nəticəsinə çatacaq qədər pul yığıb, amma mənəviyyatdan, əxlaqdan və tərbiyədən xəbərsizdi”.

Müasir Azərbaycan ailələrində gəlmə elementlərin, yad xüsusiyyətlərin yayılması görkəmli sənətkarı dərindən narahat edir: “Mən yenə deyirəm, nümunəvi azərbaycanlı ailələri bu gün də var. Şükür ki, tamamilə yolunu azan ailələr hələ çoxluq təşkil etmir. Təsir altına düşən, zəif ailə tərbiyəsi görmüş ailələr var ki, onlar uzun müddət bir ailə kimi inkişaf edə bilmirlər. Azərbaycanın gənc ailələri milli adət-ənənələrimizə uyğun olmayan, Avropanın artıq çürümüş adətlərinə meyl edirlər. Geyimlərində, danışıq tərzlərində, cəmiyyət arasında özlərini aparmaqda çox məyusluq verən yol tuturlar. Böyük-kiçik yeri bilmirlər. Ata-ana ilə əl- qolla danışırlar. Valideynlər övladlarına düzgün tərbiyə vermirlər. Bunun nəticəsində də

 

CƏMİYYƏTİMİZDƏ MƏNƏVİ CƏHƏTDƏN XƏSTƏ NƏSİLLƏR FORMALAŞIR.

 

Bu məni çox düşündürür və narahat edir”.

Ailə həyatı qurmaqda tələsməmiş, düşünüb-daşınaraq, sağlam təməlli bir ailə qurmuş Ramiz Quliyev, böyüklərinə nə qədər ehtiramla yanaşsa da, evlilik seçimində öz rəyinə üstünlük verib. Seçimində də yanılmayıb, bütün nəsli sevindirən bir ailə qurub. Bu gün artıq 34 illik gözəl bir ailə həyatı təcrübəsinə malikdir: “Mən bacımla Bakıda kirayə qalırdım. Bacım Universitetdə oxuyurdu, biologiya fakültəsində. Mən Konservatoriyada müəllim işləyirdim, 28 yaşım vardı. Hələ ailə qurmaq fikrində deyildim. Çətinliklərim vardı. Evim, yaxşı gəlirli işim yox idi. Mehrimi ancaq tara salmışdım. Dünya aləm mənim üçün tar idi. Atam dəfələrlə anama demişdi ki, bəs oğlana denən, vaxt keçir, evlənsin. Anam da biz bir yerdə oturanda başı ilə atamı göstərib, mənə işarə etdi. Yəni ağana nə cavab verim. Onu da deyim ki, ata ilə oğul arasındakı o abır-həya pərdəsi də indi, demək olar ki, çoxlarında qalmayıb. Bizim aramızda o dərəcədə dərin bir hörmət vardı. Sonra atam görəndə ki, anam bu işi bacarmır, xalam oğluna demişdi ki, Ramizə denən, bir dostum var, ağdamlıdı, gedib onun qızına baxsın. Küçənin nömrəsini, kişinin adını demişdi, amma qızın adını deməmişdi. Dedim, xalaoğlu, qızın adı nədi, dedi, bilmirəm, amma kişinin elə bircə qızı var, çox hörmətli ailədirlər. Bir dəfə Ağdama gedəndə gördüm, atam qaşlarını çatıb oturub. O saat bildim ki, nəsə var. Xalam oğlu sakitcə dedi ki, kişi mənə bu günlük vaxt verib, gərək bu gün ona bir cavab bildirək. Mən qalmışdım mat-məəttəl: qızı görməmişəm, tanımıram, xasiyyətini bilmirəm. Nə isə, bu iş uzandı. Qayıtdım Bakıya, amma narahat idim, əl-ayağa düşmüşdüm. Bacım da dedi ki, bax ha, Ağam yaman hirslənib. Başladım ailə qurmaq haqqında davamlı düşünməyə. Həyat yoldaşımla tanışlığım təsadüf nəticəsində oldu. Bacımla bir yerdə qalırdıq. O da bacımın yanına gəlirdi, tələbə yoldaşı idi. Gördüm, uzun saçlı, qəşəng bir qızdı, çox nəzakətli, mehriban, tərbiyəlidir. Gedəndən sonra bacımdan soruşdum ki, bu necə qızdır, necə oxuyur, dedi ki, çox yaxşı qızdır, özü də əlaçıdır. Sonra yavaş-yavaş bu qız mənim Filarmoniyadakı konsertlərimə gəlirdi. Görürdüm ki, onun da məndən xoşu gəlir. Evimizdən başlanan, səhnədəki baxışlarla davam eləyən, güclənən münasibətin nəticəsi bizim ailə qurmağımız oldu.

 

AİLƏMİZİN ƏSAS DAYAQLARI MEHRİBANÇILIQ, SƏMİMİYYƏT, QARŞILIQLI HÖRMƏTDİR.

 

İki övladımız var. Onların gözəl tərbiyə olunmasında, insan kimi yetişməsində həyat yoldaşımın xüsusi rolu, zəhməti olub”.

Ramiz Quliyev sənətdə də, ailə həyatında da uğur qazanmasının əsas səbəblərini zəhmətsevərliyində, dürüstlüyündə görür. Deyir ki, sənətlə ailə həyatı arasındakı tarazlığı qorumaq üçün gərək sənətkar da, onun sevib-seçdiyi həyat yoldaşı da çətinliklərə dözümlü olsunlar: “Tar çox qısqanc bir alətdir, sənət aləmində də insan çox zəngin bir qısqanclıq mühitilə əhatə olunur. Mənim üçün hər zaman iki ən önəmli varlıqdan biri tarım olub, biri yarım. Gecə-gündüz mehrimi salmışam tara, ifaçılığa. Ancaq həyat yoldaşım hər zaman mənə qarşı çox anlayışlı davranıb. Əlbəttə, açığını desək, həyat yoldaşımın bir qadın kimi bəzən mənimlə bağlı qısqanclıqları da olub, amma bunlar problem həddinə çatmayıb. Ömrüm boyu çalışmışam ki, ailəmlə sənətimi qoşa qanad kimi yüksəkdə tutum, taraz saxlayım. Bu isə ağıl, iradə, güc və mübarizlik tələb edir. Elə bilirəm ki, buna nail olduğum üçün bu gün gözəl ailəsi və bəyənilən bir sənəti olan Ramiz Quliyevəm”.

Ustad sənətkarın fikrincə,

 

AİLƏ NAMİNƏ FƏDAKARLIQ ƏN MÜHÜM KEYFİYYƏTLƏRDƏNDİR.

 

Fədakarlıq hissi olmadan həm ailədə, həm də sənətdə uğur qazanmaq müşkül məsələdir: “Yeni ailə həyatı qurduğumuz vaxtlarda dolanışıq üzündən toylara gedirdim. Ancaq bir neçə il çalışdım ki, bunu ailədə bilən olmasın. Onlardan ötrü bu işə qatlaşdığımı bilmələrini, ailəmin mənə görə narahatlıq keçirməsini istəmirdim. Rayon toylarına gedirdim, gecə saat 4-5-də gəlirdim evə. Müxtəlif inandırıcı bəhanələr deyirdim, fikri yayındırmağa çalışırdım. Əlbəttə, toy adət-ənənələrimiz çox dəyərlidir. Ancaq bəzi xoşagəlməz cəhətlər vardı ki, sənət adamına pis təsir eləyir, mənəvi zərbə vururdu, mən də bunları qəbul edə bilmirdim. Amma yenə də ailəmi dolandırmaq, şərait qurmaq üçün dözməliydim, buna görə, xoşuma gəlməsə də, toylara getməli olurdum. Bütün bu çətinliklərə həyat yoldaşım da mənimlə bərabər qatlaşıb. Ancaq indiki gənc ailələr, təəssüflər olsun ki, xırda çətinliklərə də tab gətirmirlər, heç nə üzündən ailə dağılır. Maddiyyata daha çox əhəmiyyət verirlər, bu da ailə həyatını korlayır. Ümumiyyətlə, indiki gənclərin ailə həyatında maddi amillərin üstün tutulması acınacaqlı haldır. Maddi imkan yaxşıdırsa, ailədə, süni də olsa, bir balaca xoşbəxtlik hiss olunur. Yox, imkan aşağıdırsa, münaqişə başlayır, tezliklə də ayrılmaq yolunu seçirlər.

AİLƏ QURMAQ KİMİ MƏSULİYYƏTLİ İŞƏ GƏNCLƏRİMİZİN BİR ÇOXU BAŞDANSOVDU YANAŞIR.

Bu gün kimisə görüblərsə, sabah nişan qoyub, o biri gün də evlənmək istəyirlər. Sonra da ən xırda problemlərə görə, ən əsası da maddi çətinliklər üzündən ailəni dağıdırlar. Çünki belə ailələrin təməli möhkəm olmur, maddi maraq xətrinə evlənirlər, bir müddət dolanışıq babat olur, yaşayırlar, çətinlik ortaya çıxan kimi hərə üzünü bir yana tutur. Demirəm ki, ehtiyac içində yaşamaq yaxşıdır. Yox, ailənin normal dolanışığı olmalıdır. Amma bunun üçün əl-ələ verib çalışmaq, güzəran qurmaq, övladları birgə böyütmək, onlara yaxşı tərbiyə vermək lazımdır. Belə olanda ailənin dolanışığı da düzəlir, orda rahatlıq, xoşbəxtlik də yaranır. Əgər bir ailə sağlam təməllər, mənəvi zənginlik üzərində qurulmayıbsa, maddi imkanın, var-dövlətin xeyri yoxdur, o ailə gec-tez dağılacaq”.

 

Günel CABİRQIZI

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.6.