Canlı və cansız təbiətin vurğunu

 

Azərbaycanın elm xəzinəsinə bəxş etdiyi yüzlərlə dahilərdən biri də Xudu Surxay oğlu Məmmədovdur.

Professor Xudu Məmmədov xarakterinə, səmimiyyətinə, insanpərvərliyinə, əxlaqına... ən nəhayət, elminə görə böyük insanlardan biridir.

“İnsanlar kəhkəşanlar içində bir cılız yolçuya bənzəyir. O kiminsə xeyirxahlığına, köməyinə möhtacdır. Yazıq və miskin bir varlıq olan insan dünyanın intəhasız sarsıntılarına necə davam gətirməlidir? Elə ona görə də onun həyatı səhvlər və büdrəmələrlə, yanlışlıqlarla və fanatizmlə dolu olur. İnsan öz həyatının çox hissəsini bu səhvlər məngənəsində çırpınmaqla, çox az, cüzi bir hissəsini isə bu səhvlərin həlli, onun təsiri və düzəldilməsi yolunda sərf edir. Bəzən bu səhvlər o qədər şirin, aldadıcı olur ki, insan son günlərini, o səhvləri xatırlamaqla onun təsirindən xumarlanmış halda xəyallara dalmaqla yaşayır”.

Ancaq Xudu Məmmədov ömrünün son günlərinə qədər heç bir səhvə yol verməyib desəm, yəqin ki, yanılmaram. Onun qısa ömür yolunda insanı paklığı, mənəvi cəhətdən təmizliyə, yüksək əməllər uğrunda mübarizəyə çağıran fikir və mülahizələri həddindən çox olduğu üçün əlbəttə ki, tanrı ona ömür versəydi o, ancaq yaxşı əməllərini xatırlayardı. Belələri xalqın çətin anlarında çox işlər görüb. Onların elədiklərini zərgər dəqiqliyi ilə araşdırıb gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər birimizin borcudur.

Xudu müəllim Allah adamı idi, son dərəcə insaflı, səmimi və mülayim idi.

Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə naxışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Qarabağ mahalında, Ağdamın Mərzili kəndində ziyalı ailəsində anadan olmuşdur.

1946-cı ildə Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olaraq, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu borosilikat-aksinit mineralının quruluşunun təyini olur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.

1953-cü ildə Londonda III Beynəlxalq sement simpoziumu keçirildi. Simpoziumda Dünya sülh şurasının sədri olmuş, görkəmli fizik və kristalloqraf Con Bernal çıxışında: “Sementin bağlayıcılıq və bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”, dedi. Con Bernalın simpoziumda dediyi bu sözlərdən sonra dünyanın bir çox görkəmli alimləri və dövrünün müasir cihazları ilə zəngin elmi-tədqiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün sanki yarışa çıxmışdı. Məhz belə bir məqamda Xudu Məmmədovun elmi rəhbəri akademik N.V.Belov bu “sement sehrinin” açarını tapmağı çoxsaylı tələbələri arasında gənc Xuduya həvalə edir.

Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məmmədov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sahəsində böyük qələbə və böyük elmi nailiyyət idi.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.

1956-cı ildə Moskva şəhərində Beynəlxalq Sülh Konfransına gələn Con Bernal ixtirası ilə forumlardan tanış olduğu Xudu Məmmədovla görüşür. Kristalloqrafiya İnstitutunda görüşdən və elmi söhbətlərdən sonra onu Londona “Sement silikatlarının quruluşunun tədqiqi” elmi mərkəzinə dəvət edir.

Bu tanışlıqdan sonra Xudu Məmmədov bir neçə dəfə Con Bornalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Con Bernal da, öz növbəsində Bakıda Xudu müəllimin qonağı olub. Ona bağışladığı Elm haqqında kitabında belə avtoqraf yazmışdı: “Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova”.

Beləliklə, silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edən, böyük şöhrət qazanmış Xudu Məmmədovu Moskva və Leninqradın bir çox elmi-tədqiqat institutları və ali məktəbləri işə dəvət edirlər. Ancaq Vətənə məhəbbət, nailiyyətlərini, xalqının adı ilə bağlamaq, müasir və yeni elmi istiqamətlərinin doğma Azərbaycanda məktəbini yaratmaq arzusu onu Bakıya Kimya İnstitutuna qaytardı.

Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq 1960-cı ildə “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır. Sement silikatlarının quruluşuna dair monoqrafiyanın yazılmasına London nəşirlərindən sifariş olsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dilimizdə yazdı. Bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöhrəti qazanmış gənc türk alimi Xudu Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq “Mənim ilk oxucum öz millətim olmalıdır” kəlamları bu insan haqqında çox söz deyirdi.

Xudu Məmmədovun kitabı haqqında görkəmli fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov belə yazırdı: “Təbiətdəki hər şey öz ahəngi, öz nizamı ilə onu, doğrudan, heyran etmiş və indi də heyran edir. O, uzun-uzadı bu nizamın sirləri barədə düşünməkdən yorulmur. Xudu Məmmədovu təbiət şairi adlandırsaq səhv etmərik, onun həssas qəlbi gur qaynayan lirika çeşməsidir. Buna görə də onun sənət məsələlərinə belə maraq göstərməsi, elmlə sənətin əlaqəsinə xüsusi bir əsər yazması çox təbii idi”.

Xudu Məmmədovun Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu “Elm və həyat” verilişi neçə-neçə gəncin elmə marağının formalaşmasında böyük rol oynayıb. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək baxımından bu gün də TV kanalları üçün bir örnək, ən gözəl nümunədir.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsinə aiddir.

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə edərək, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.

1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.

Onun yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri olub. “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilib. Böyük alimin zəhmətini qiymətləndirən rəhbərliyimiz onun adının əbədiləşdirilməsi üçün paytaxtımızın ən böyük küçələrindən birinə də Xudu Məmmədovun adını verib. Lakin bu, görkəmli Azərbaycan alimi və ilk elmşünaslarımızdan biri Xudu Məmmədovun bu xalq üçün elədiklərinin bir qismidir. Bütün bunlarla yanaşı, Xudu Məmmədov həm rəssam, həm musiqiçi, həm jurnalist, həm də şair idi. O, “Naxışların yaddaşı”, “Qoşa qanad” kimi məşhur kitabların müəllifidir. Onun Ağdam şəhərinin mərkəzində yerləşən məşhur çay evinin ideya və layihəsi də bu böyük insanın hərtərəfli sənətkar olmasına bir sübutdur. Elə yazımızı da onun bir bənd şeiri ilə tamamlayaq.

Əlim köməyim olsun,

Dilim köməyim olsun.

Kiməsə möhtac olsam,

Ölüm köməyim olsun.

Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə (61 yaşında) Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

Haşiyə:

Mən tələbə olanda dayımgildə qalırdım. Dayım Azər Əliyev Azərbaycanın sayılıb-seçilən ziyalılarından idi. Xudu müəllimin bacısı Şövkət xanım isə bizimlə qonşu idi. Xudu müəllim tez-tez bacısına, onun ailəsinə baş çəkməyə gələrdi. Hərdən isə bizə dönüb dayımla görüşüb söhbətləşərdilər. Mən isə çay süfrəsi arxasındakı bu iki ziyalının söhbətlərinə qulaq asmaqdan doymazdım. Ən əsası isə onlardan çox şey öyrənərdim.

 

Məleykə Qasım qızı

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.4.