“Səməd
Vurğun təsviri sənətdə” fotoalbomunun
təqdimatı keçirilib
“Qız Qalası” qalereyasında “Səməd Vurğun təsviri sənətdə” adlı sərginin açılış mərasimi və eyni adda fotoalbomun təqdimatı olub. APA-nın məlumatına görə, sərgi Səməd Vurğunun Ev-Muzeyinin yaradılmasının 35 illiyinə həsr edilib. Ev-Muzeyin direktoru Aygün Vəkilova bildirib ki, ekspozisiyada Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin, Tahir Salahovun, Kamil Xanlarovun, Elmira Şahtaxtinskayanın, Asəf Cəfərovun, Nadir Əbdürrəhmanovun və digər görkəmli Azərbaycan rəssamlarının 50-dən çox sənət nümunəsi nümayiş etdirilir: “Bu əsərlər arasında yağlı boya ilə işlənmiş rəsm, qrafika əsərləri, xalçalar üstünlük təşkil edir. Onu da bildirmək istərdim ki, Səməd Vurğunun 2011-ci ildə keçiriləcək 105 illiyi ərəfəsində muzeyin fondlarında qorunan eksponatlar bərpa və konservasiya edilərək çərçivələnib”. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi Arif Hüseynov, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və başqaları Səməd Vurğun yaradıcılığına nəzər salıb və onunla bağlı xatirələrini bölüşüblər. Sərgidə Yusif Səmədoğlunun 15 yaşında ikən atasına həsr etdiyi yağlı boya ilə işlənmiş portreti də nümayiş etdirilib.
525-ci qəzet.-
2010.- 15 dekabr.- S.7.