Şuşa şəhərinin 260 illik
yubileyi qeyd olunub
“ŞUŞANI GÖRMƏYƏN
ŞAGİRDLƏRİN ÖZ DOĞMA YURD-YUVALARINA
BAĞLILIĞI İNSANDA FƏRƏH HİSSİ OYADIR”
Dünən Şuşa
şəhərinin əsasının
qoyulmasının 260 illiyi
və dahi Üzeyir bəy Hacıbəylinin 125 illik yubileyilə bağlı tədbir keçirilib. Şuşa şəhəri
9 saylı orta məktəbin direktoru Qədim Abdullayev tədbirin rəhbərlik
etdiyi təhsil ocağının təşkilatçılığı ilə keçirildiyini bildirib:
“Bütün dünyaya bəllidir
ki, Qarabağ Azərbaycanın əzəli
və əbədi torpaqlarıdır. Qarabağın
mərkəzi kimi Şuşa həm siyasi, həm də mədəni baxımdan tarixdə iz qoyan şəhərlərdəndir.
Qarabağ xanı Pənahəli xanın
1750-ci ildə əsası
qoyduğu Şuşa
şəhəri bu gün işğal altındadır. Amma biz əminik ki, bütün işğal edilmiş torpaqlarımız, o cümlədən Şuşa
tezliklə işğaldan
azad olunacaq”.
Q.Abdullayev bildirib ki, Şuşa Azərbaycan
mədəniyyətinə dahi şəxsiyyətlər bəxş
edib: “Onlardan biri olan Üzeyir bəyin 125 illiyi respublika səviyyəsində
qeyd olunub. Amma Şuşanı təmsil edən bir təhsil
ocağı olaraq, dahi bəstəkarı yad etmək mənəvi
borcumuzdur. Məktəbin müəllim heyətinin əməyi
və şagirdlərin səyi ilə həm
Şuşanın 260 illik, həm də Üzeyir bəy
Hacıbəylinin 125 illik yubileyi ilə bağlı ədəbi-bədii
kompozisiya hazırlanıb. Şuşanı görməyən
şagirdlərin öz doğma yurd-yuvalarına
bağlılığı insanda fərəh hissi oyadır”. Tədbirdə Şuşanın
tarixini, mədəniyyətini
və işğaldan sonrakı görüntülərini
əks etdirən videoçarx nümayiş
etdirilib. Məktəblilərin
iştirakı ilə
Şuşaya həsr edilən ədəbi-bədii
kompozisiya nümayiş
olunub. Həmçinin
şagirdlərin iştirakı
ilə Ü.Hacıbəylinin
“Arşın mal alan” operattasından parçalar oynanılıb.
Şuşa rayon təhsil şöbəsinin
nümayəndəsi Əyyub Əbdüləzimov şagirdlərin
əməyini yüksək qiymətləndirərək, belə
tədbirlərin mühüm əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırıb. Onun sözlərinə
görə, işğal olunmuş rayonların tarixinə, mədəniyyətinə
aid keçirilən kütləvi tədbirlər gənc nəslin
vətənpərvər ruhda yetişməsində
böyük rol oynayır: “Çox təəssüf hissi ilə
qeyd etməliyəm ki, işğaldan sonra dünayaya gələn
və yeniyetmə yaşlarına çatan məktəblilərimiz
öz dədə-baba torpaqlarını görməyiblər. Amma biz əminik
ki, öz evimizə, ocağımıza
geri dönəcəyik.
Azərbaycan dövlətinin
beynəlxalq arenada apardığı uğurlu
siyasət bunu deməyə əsas verir”.
Əməkdar müəllim Sevil
Babayeva bildirib ki, işğal edilmiş rayonların təhsil
ocaqlarına dövlət tərəfindən hər zaman
xüsusi diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, Şuşa rayonuna məxsus orta məktəblərdə
hər zaman vətənpərvərlik ruhunda
tədbirlər keçirilir:
“Bu gün şagirdlərin
hazırladıqları bu
ədəbi-bədii kompozisiya
məni bir anlığa Şuşaya
apardı. Orada yaşadığım illərə
aid gözəl xatirələr kino lenti kimi gözümün
önündən keçdi.
Tədbir iştirakçılarına
belə duyğular yaşatdıqları üçün
tədbirdə əməyi
olan müəllim həmkarlarıma və şagirdlərə təşəkkürümü
bildirirəm”.
Tədbirdə iştirak edən
Şuşa rayon təhsil şöbəsinin əməkdaşları
Zülfiyyə Həsənova, Gülşən Məmmədova,
Rəsmiyyə Məmmədova və rayonun digər orta məktəblərinin
rəhbərləri Qütabə Məmmədova,
Şükür Nəsirov, eləcə də başqaları
məktəblərdə kütləvi tədbirlərin
keçirilməsinin şagirdlərin şəxsiyyət kimi
yetişməsində böyük əhəmiyyətini qeyd
ediblər.
BƏXTİYAR
525-ci qəzet.-
2010.- 15 dekabr.- S.7.