Bu dünyanın Rəşidi
Böyük
müğənnimiz Rəşid Behbudovun anadan olmasının
95 illiyinə
Tanınmış publisist Fazil Rəhmanzadə ölməz sənət korifeyi Rəşid Behbudov haqqında yeni kitab üzərində işləyir. Böyük müğənninin anadan olmasının 95 illiyi ilə əlaqədar müəllifin yeni əsərindən kiçik bir parçanı təqdim edirik.
Oxu!
Gözlərində sonsuz kainat,
Oxu!
Dilə gəlsin nəğməndə həyat,
Oxu, Rəşid, oxu, Rəşid!..
Müğənninin lacivərd mahnılarından hörülmüş musiqi çələngi məgər hər bir dinləyicidə beləcə xoş hisslər oyatmırmı ?!
“Qızıl səsli” müğənni... Bir çox xarici ölkədə onu belə adlandırmışlar. Şəksizdir ki, təbiətin ona bəxş etdiyi əsas nemətlər sırasında – istedadı, zahiri görünüşü, misilsiz ifa texnikasından öncə “qızıl səsi” önəm kəsb edir...
Rəşid Behbudov tenor idi. Fəqət Tanrının heç də hər tenora qismət etmədiyi belkanto da buna əlavədir. Belkanto səsi əsasən böyük italyan müğənnilərində olur.
Əlbəttə, Rəşid Behbudov təkcə mahnıların əla təfsirçisi olsaydı sənətin belə yüksək zirvəsinə qalxmazdı. Melodiyanı duymaq, onun incə nöqtələrinə varmaq, bəstəkar və şair fikrini ifa ilə uzlaşdırıb dinləyiciyə çatdırmaq, hər hansı bir əsəri ağlın süzgəcindən keçirib kamilləşdirmək, el nəğmələrini, peşəkar bəstəkarlarımızın əsərlərini, dünya xalqlarının mahnılarını özünəməxsus tərzdə səliqə-sahmanla canlandırmaq, nəhayət əla impovizatorlul keyfiyyəti, gözəl virtuozluq Rəşid Behbudovun sənətini səciyyələndirən, ona minlərlə pərəstişkar qazandıran başlıca məziyyət idi.
1968-ci ilin yanvarında Azərbaycan Dövlət Mahnı Teatrının ilk tamaşası respublikamızın mədəni həyatında böyük hadisəyə çevrildi. Belə bir teatrın yaradılması bir də ona görə fərəhli idi ki, kollektivin bədii rəhbəri, əsas solisti adı bütün planeti dolaşan, milyonların sevimlisi Rəşid Behbudov idi.
“Bu, ilk təcrübədir. Hələ tamamlamadığımız nöqtələr, yerini tapmadığımız nüanslar, qabarıq verə bilmədiyimiz cəhətlər yəqin ki, var. Ancaq axtarışdayıq...”
O zaman mənimlə söhbəti zamanı müğənni ilk tamaşa-konsert barədə fikrini belə ifadə etmişdi.
Teatrın yeni proqramı ilə tanışlıqdan sonra qətiyyətlə söyləyə bilərik ki, həmin axtarışlar öz bəhrəsini verdi.
Burada hər şey bütünlükdə vahid məqsədə xidmət edirdi. Kollektivin geniş yaradıcılıq yollarında atdığı addımlar uğurluydu. Mahnı Teatrını adi estrada kollektivlərindən fərqləndirən cəhətlər çoxdu; bu, forma bütövlüyündə, Azərbaycanın müasir musiqi və ifaçılıq mədəniyyəti ilə dinləyici-tamaşaçını dolğun tanış etmək cəhdində, xalq xanəndəliyi ənənələrini indiki ifaçılıq tərzi ilə uzlaşdırmaq bacarığında özünü qabarıq göstərirdi.
Aydın məsələdir ki, hər hansı musiqi əsəri həyatın tələbi ilə yarandıqda onun ifadə vasitələri də zənginləşir, elə yeni rənglər, elə yeni ahəng, elə yeni forma orijinallığı yaranır ki, bütün bunlar daha yüksək zirvəyə aparan yola gur işıq salır. Məhz bu baxımdan mahnı teatrının yaradılması ideyası özünü tam mənası ilə doğrultdu. Bu işdə əlbəttə, Rəşid Behbudovun əməyi çox yüksək idi.
Rəşid haqqında söhbət açmaq min-min ürəkdə özünə yer tapan Azərbaycan musiqisinin, gözəl mahnılarımızın böyük təbliğatcısından danışmaq deməkdir. Bəstəkarlarımızın yaradıcılıq məhsulları olan mahnılarımızın ümumdünya şöhrəti qazanmasında Rəşid Behbudov qədər xidmət göstərən ikinci bir müğənni tapmaq çətindir.
Yeri gəlmişkən, kiçik bir haşiyə çıxmaq istəyirəm, ikinci dünya müharibəsi 1945-ci ildə başa çatdı. Avropa xalqları, xüsusən bu müharibədə 20 milyondan çox adam itirən Sovet İttifaqında yaşayan xalqlar hədsiz yorulmuş, usanmış, üzülmüş haldaydılar. Elə bu zaman Bakı kinostudiyasında “Arşın mal alan” filminin çəkilişinə qərar verildi və qısa zaman kəsiyində əsər tamamlanıb ekranlara çıxdı.
Az vaxt ərzində həmin musiqili film o qədər uğur qazandı ki, mütəmadi olaraq 2-3 ay ekranlardan düşmədi. Rəşid Behbudovun Əsgəri, onun ecazkar mahnıları, ariyaları dillər əzbəri idi. Həmin çağlarda dünyanın möhtəşəm şəhərlərinin küçələrində ağızlarda “arşınmalçı”nın nəğmələrini tez-tez eşitmək olardı. “Azərbaycan”, “Rəşid Behbudov”, “Bakı” sözləri məhəbbətlə dilə gətirilirdi. Mərhum akademik Mustafa bəy Topçubaşov belə danışırdı ki; “Avropanın hər hansı bir şəhərində tanış olduğum dünya şöhrətli cərrahlar sanki sözləşmişlər kimi, Azərbaycandan olduğumu bilcək dərhal Rəşid Behbudovu soruşur, “Arşın mal alan”dan sevgi ilə danışır, Azərbaycana istəklərini səmimi ifadə edirdilər...
Yeri gəlmişkən, “Arşın mal alan”ın ölkə üçün həmin ağır məqamda qısa müddətdə çəkilib ekranlara buraxılması xüsusi bir məsələ ilə bağlıdır. Görkəmli rejissorumuz Şəmsi Bədəlbəyli bu barədə vaxtıilə bu sətirlərin müəllifinə belə açıqlama vermişdi:
“İkinci dünya müharibəsi zamanı Sovet qoşunları tərkibində İranda idik. Bir gün Tehran küçələrinə vurulmuş afişalardan məlum oldu ki, ermənilər Amerika Birləşmiş Ştatlarında Üzeyir bəyin eyniadlı operettası əsasında musiqili film çəkiblər. Həmin film bu dəfə Tehranda nümayiş etdirilir. Dəhşətli o idi ki, Üzeyir Hacıbəyli əvəzinə əsərin müəllifi kimi bir erməni adı yazılmışdı. Bu bizi çox qəzəbləndirdi. Bakıya gəlib həmin məsələ barədə respublika rəhbərliyinə rəsmi məktubla müraciət etdik, qəti etirazımızı bildirdik. Rəhbərlik də öz növbəsində Moskvanı məlumatlandırdı. Beləliklə də İ.Stalinin qəti göstərişi ilə “Arşın mal alan” çəkilib ekranlara çıxdı”. Ancaq ermənilərin Azərbaycan musiqisinə, mahnılarına milli çalğı alətlərimizə təcavüzü bu günədək də davam etməkdədir... Nə isə...
Rəşid Behbudov bütün həyatını sevdiyi sənətə verərək peşəkar ifaçılıq tərzini, musiqi mədəniyyətimizi xarici ölkələrdə ləyaqətlə təmsil edirdi. Klassik vokal məktəbi sənətkarlığını, estrada ifaçılığını və xalq xanəndələrinin zəngin təcrübəsini birləşdirən müğənni hər hansı bir mahnını özününküləşdirəndən sonra oxuyurdu. Böyük müğənninin ifaçılığı onun oxuduğu hər hansı bir mahnının ilk xalından, ilk zənguləsindən duyulurdu. Bu mahnıları ancaq o, belə lətif, bu cür ürəyəyatan səpkidə dinləyiciyə bəxş edə bilirdi. Vokal texnikası və milli kolorit onun ifaçılığında bir-birini tamamlayır və üzvi vəhdət təşkil edirdi.
Mahnı teatrınadək
Rəşid Behbudovun sənət aləmində keçdiyi
yol ibrətli və şərəfli bir yaradıcılıq
yolu, sənətkarın xalqa xidmət etməsinin ən
gözəl nümunəsidir. Azərbaycan Dövlət
Mahnı Teatrı Rəşid Behbudovun sənət
zirvəsindən dərib doğma xalqına
bağışladığı musiqi cəhəngidir. Mübaliğəsiz
demək olar ki, Rəşidin Mahnı Teatrının hər
bir çıxışı istər Bakıda, istərsə
də başqa şəhərlərdə sənətsevərlərin
böyük bayramına çevrilirdi. Moskva, Kiyev, Daşkənd,
Rəşid Behbudovla məni
sıx yaradıcılıq əlaqələri
birləşdirirdi. Tez-tez görüşürdük. Hər dəfə də qəzetdə verdiyim
yazıları razılıqla qarşılayırdı.
Bir dəfə iş telefonuma zəng vurub:
– Kukla teatrında məşq edirik. Vaxtın
olsa yolunu bu tərəfə sal. Söhbət
edək. Çay da içək - dedi.
Açığı,
böyük sənətçinin zəngi
gözlənilməzliyi qədər də mənə xoş
oldu. Bilirdim ki, o, çox ağır təbiətlidir.
Həm evində, həm də yaradıcı
kollektivində tələbkardır, ötkəmdir. Redaksiyalara, jurnalistlərə tez-tez zəng
vurmağı xoşlamazdı, “mənəm-mənəm”
deməzdi. Ümumiyyətlə, bu, o
dövrün sənətkarlarına xas bir xüsusiyyətidi.
Özlərini reklam etməyi sevməzdilər.
Nə isə,
görüşdük. Yaradıcılıq söhbətimiz
səmimi oldu. Fotomüxbir Fuad Rzazadə
də yanımdaydı. Ustad dedi:
– Əla çay
dəmləmişəm. Qoy bir stəkanlara süzüm,
içək. Sonra söhbətimizə
davam edərik. Birdən Fuada müraciətlə dedi:
– Oğlum, sən də öz işində ol. Aparatını cıqqıldat. Elə
– beləcə, çay süzən yerdə çək.
Qoy görsünlər ki, haqqımda tez-tez yazan
bu cavan jurnalistə necə ehtiram göstərirəm.
Xalqımızın dünya
şöhrətli bu övladı barədə vaxtı
ilə müxtəlif yaradıcı sənət
adamlarının xatirələrini cib dəftərimə qeyd
etmişəm.
İstərdim ki, bunların bəzisini oxuculara
çatdırım.
Qara Qarayev:
“Bir gün Rəşidi
Mərkəzi Komitəyə çağırıb ona
mədəniyyət naziri vəzifəsini təklif ediblər. Rəşid
isə qətiyyətlə bildirib ki, qoyun mən öz sevdiyim
işimlə məşğul olum. Məni
səhnədən ayırsanız üç gündən
çox dözmərəm”...
Tofiq Quliyev:
“Rəşidin Moskvada, digər
şəhərlərdə küçədə
görünməsi mümkün deyildi, cavan qızlar
dəstə ilə tökülüşürdülər onun
üstünə, dostları ondan xahiş edirdilər ki,
özün istəmirsən istəmə, heç olmasa bu
gözəlləri bizə sarı ötürsən dünya
dağılmaz ki?. Rəşid Behbudov
Hindistanda qastrol səfərində olarkən Rac Kapurla
görüşüb dostlaşması bir yana,
dul qadın ömrü yaşayan baş nazir İndira Qandinin
də xüsusi rəğbətini qazanıbmış. Qadın bir könüldən min könülə
ona aşiq olubmuş. Rəşidin
axırıncı konsertindən sonra baş nazir səhnə
arxasına keçərək kövrək sözlərlə
ona müraciət edib bir daha Hindistana qonaq gəlməsini, əgər
istəsə burada daimi yaşamasını arzu
şəklində Rəşidə bildirmişdi. “Mən həyatımda ilk dəfə kişi
müğənnini təbrik etmək üçün
səhnə arxasına gəlirəm. Yəqin
ki, bu mənim son gəlişim olacaq. Çünki
xəyalımda ikinci bir Rəşid Behbudovu
təsəvvür edə bilmirəm”- demişdi. Gözlərindən
məhəbbət alovu püskürən xanımı
yalnız ləyaqət hissini uca tutub ürəyini sonacan
açıqlamamışdı”.
Mirzə İbrahimov:
“... Bir dəfə
Rəşid Behbudovun Kiyevdə konserti olmalıydı.
Həmin çağlarda Ukrayna paytaxtındaydım. Konsert
axşamı canlı şahid oldum ki, böyük insan
axını Şevçenko adına teatra üz tutub,
dərhal Daxili İşlər Nazirliyinin milislərini iri
dəstələr halında bura tökdülər. Bu da
kömək etmədi. Məcbur olub hərbi
dəstələr çağırdılar. Demək,
teatrın önündə birinci sırada milis, ikinci
sırada isə hərbi qoşun dəstələrindən
ibarət keşikçilər durmuşlar. Yerli
qəzetlər yazırdılar ki, son yüz il ərzində
belə bir hal Ukraynada birinici dəfə baş verib.
Rəşid belə Rəşid idi”...
Rəşid Behbudov yalnız Azərbaycan xalqının övladı deyildi, belə böyük insanlar bütün bəşəriyyətə məxsus olurlar. Bu baxımdan böyük sənətkarı planetimizin bütün guşələrində öz doğmaları kimi qarşılayırdılar. Azərbaycan dedikdə dərhal Rəşid Behbudov, Rəşid Behbudov dedikdə isə Azərbaycan təsəvvürlərdə canlanırdı. O, xalqımızın mənəvi güzgüsüydü...
1995-ci ildə korifey sənətkarın anadan olmasının 80 illik yubileyi tamamlanırdı.
Başqa bir böyük müğənnimiz Müslüm Maqomayev unudulmaz müəlliminin xatirəsini əziz tutaraq bütün yaradıcı və təşkilati işlərin yükünü çiyninə götürdü və həmin ilin dekabrında şəxsi təşəbbüsü ilə Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada qeyd edilməsinə nail oldu.
Mario Lantsa, Mario Del Monako, Karuzo kimi korifeylərlə yanaşı duran Rəşid Behbudovun 85, 90 illik yubileyləri də təntənəli surətdə qeyd olunmadı.
Azərbaycanı dünyaya tanıdan, ölməz müğənnimiz Rəşid Behbudovun bənzərsiz ömür kitabını vərəqlədikcə bir daha əmin olursan ki, dahilər əbədiyaşar statusa malikdirlər. Hər dəfə mahnılarını eşidəndə, “Arşın mal alan”, “Bəxtiyar” filmlərinə baxanda dərhal ürəklərin ən dərin qatlarından hiss və duyğularımızın əks-sədasını eşidirik: “Sən həmişə bizimləsən, Rəşid!”..
Fazil RƏHMANZADƏ
525-ci qəzet.- 2010.- 15 dekabr.-
S.7.