İlklərə imza atan dost
Azərbaycan
türkologiyasının görkəmli nümayəndəsi,
filologiya elmləri doktoru, professor Rüfət Əşrəf
oğlu Rüstəmovun bu yaxınlarda 65 yaşı tamam oldu.
Rüfət müəllim
deyəndə, ağla ilk gələn söz elə “ilk”
kəlməsinin özüdür. Rüfət
müəllimə münasibətdə bu sözün sayı
və çaları o qədərdir ki, adamı isti, xoş,
səmimi ovqat bürüyür, insanın
çevrəsində müsbət haləli aura yaranır: Respublikamızdan Türkiyəyə
işləmək üçün uzunmüddətli
ezamiyyətə gedən ilk mütərcimlərdən biri
(1973); Türk dili ixtisası üzrə (burada Türkiyə
türkcəsi nəzərdə tutulur) Respublikamızda ilk iki
elmlər namizədindən biri (1980); Azərbaycanda
nəşr olunmuş ilk “Türk dili” dərsliyinin
müəlliflərindən biri (1989); Bakı
Dövlət Universitetində 1957-ci ildə
açılmış Yaxın şərq dilləri və
Yaxın Şərq xalqları ədəbiyyatı tarixi
kafedralarının bazası əsasında təşkil
edilmiş Türk filologiyası kafedrasının ilk və
bugünə qədərki müdiri (1991); Respublikamızda
türk dili ixtisası üzrə ilk elmlər doktoru (1996);
Türk dilinin qrammatikasını bütöv
şəkildə əhatə edən ilk müstəqil
“Türk dilinin morfologiyası” (2007) və “Türk dilinin
sintaksisi” (2009) kitablarının müəllifi. Rüfət müəllim 1 noyabr 1945-ci ildə
Gədəbəyin Şınıx mahalının dağlar
qoynundakı Düzrəsullu kəndində dünyaya göz
açıb. Əşrəf kişi və Tavat ananın 6
qardaş 1 bacı övladlarının sonbeşiyidir.
Özü tez-tez vurğulamağı xoşlayır ki, biz
altı qardaş bir bacıyıq, bacımın isə
altı qızı, bir oğlu var. (Mən Rüfət
müəllimin doğulduğu, ortasından kiçik
çay axan o cənnətməkan kənddə qonaq olmuş,
həmin o bacıoğlunun toy mərasimində iştirak
eləmişəm). Rüfət müəllim
1952-1963-cü illərdə Düzrəsullu və
Çayrəsullu orta məktəblərində oxuyub.
1963-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Şərqşünaslıq fakültəsinin
Türk dili şöbəsində təhsil alıb.
1964-1967-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1973-cü ildən hal-hazıra qədər doğma
Universitetimizdə elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Arada iki dəfə – 70-ci və 80-ci illərin ortalarında
Türkiyədə uzunmüddətli ezamiyyətdə olub,
mütərcim işləyib. Ailəlidir, dörd
övladı, beş nəvəsi var. İlk baxışdan
ensiklopedik məlumatı xatırladan bu sətirlərin
arxasında böyük bir ziyalının çətin
və mənalı ömür yolu dayanır. Mən
təxminən son 40 ildə həmin yola şahidlik
eləmişəm.
Rüfət müəllimi ilk
dəfə Şərqşünaslıq
fakültəsində bizdən üç kurs yuxarı oxuyan
tələbə kimi görəndə
heyrətlənmişdim, ürəyimdə fikirləşmişdim
ki, bu yaşda da tələbə olar? (Halbuki, o zaman Rüfət müəllimin vur-tut 28
yaşı vardı!). Qısa bir müddət
sonra o, məzun oldu, Türkiyəyə mütərcim kimi
işləməyə gedib qayıtdı, fakültədə
baş laborant kimi işə başladı və bizim 694 ¹-li
qrupa sonuncu kursda bir neçə saat praktik türk dili
dərsi dedi (O, bunu hər zaman fəxrlə deyir və mən də qürurla təsdiq edirəm ki,
Rüfət müəllim mənə dərs deyib!). Dostluğumuz isə Rüfət müəllimin
fakültəmizin dekan müavini işlədiyi dövrdən
başladı. O, mənim və tələbə
yoldaşlarım tovuzlu Mayıl, lerikli Səfər
(dünyadan, çox təəssüf ki, tez getdi, Allah ona
rəhmət eləsin!), qazaxlı Rauf, cəlilabadlı Lətif,
ağdamlı İlham və adlarını
saymadığım neçə-neçə “kimsəsizin
kimsəsi” oldu, çətin anlarımızda bizlərə
“dayı”lıq elədi, bizimlə duz-çörək (bu
sözü sosiska, şor yumurta və turşu kimi də oxuya
bilərsiniz!) kəsdi. Türkiyə türklərində bir
deyim var: ”Bir qəhvənin 40 il xatiri var”, o
duz-çörək düz çörək olduğu
üçün xətir-hörməti də 40 ildir ki,
səngimədən davam eləyir. Bu 40 il ərzində
Rüfət müəllimlə uzaq səfərlərdə
yol yoldaşı olmuşuq. Gədəbəyə
maşınla, Tbilisiyə qatarla, Moskvaya təyyarə ilə
getmişik. Şübhəsiz ki, bu səfərlərin ən
uzunu və şirini Bakı küçələrində,
Universitet-“Vosmoy” – Əhmədli marşrutu ilə 92-96 AQU
dövlət nömrə nişanlı, Rüfət
müəllimin “sarı maydan” dediyi “Moskviç”lə
illərboyu gedilənidir.
Rüfət
müəllimin dostluğu kimi, səfər
yoldaşlığı da, məclisliyi də bir başqa
aləmdir. O, 40 ildir ki, kasıb
süfrələrimizin də, bol nemətli
stollarımızın da yaraşığı və
əvəzolunmaz masabəyidir. Rüfət müəllim
“Müasir türk dilində nidalar” mövzusunda namizədlik
dissertasiyasını 1980-ci il idə o zamanlar Zaqafqaziyada bu
ixtisas üzrə yeganə Dissertasiya Şurasının
olduğu Tbilisi Dövlət Universitetində müdafiə
eləyib. Mən həmin müdafiədə iştirak və
çıxış etmişəm. Gürcüstanın
görkəmli şərqşünas və türkoloqları
Puturidze, Cikiya, Canaşiya, Mamuliya və başqalarının
həm dissertasiya, həm dissertant, həm də onun elmi
rəhbəri, görkəmli türkoloq alim Fərhad Zeynalov,
birinci rəsmi opponenti tanınmış dialektoloq-dilçi
akademik Məmmədağa Şirəliyev haqqında
xoş sözlərini, ürəkdolusu təriflərini
eşidəndə iftixar hissi keçirmişəm.
Rüfət müəllimin 1996-ci ildə BDU nəzdindəki
Dissertasiya Şurasında “Türk dilində
köməkçi nitq hissələri. Keçid
prosesi” mövzusunda doktorluq dissertasiyasının
müdafiəsində eyni qürur hissini yenidən
yaşamışam. 1980-ci ildə mən BDU-da işə
başladıqdan sonrakı ilk dövrlərdə Universitetin
onlarla müəllimi ilə yaxından tanış və dost
olmağımda Rüfət müəllimin danılmaz
xidmətləri var. Bu təhsil
ocağının geniş və abad həyətində,
səliqəli uzun dəhlizlərində yanaşı
addımlayarkən, qarşılaşdığımız
elə bir həmkar olmur ki, Rüfət müəllim onunla
görüşməsin, qucaqlaşıb
öpüşməsin, hal-əhval tutmasın və elə o
andaca özü qədər təbii olan
ləhcəsində təzə bir lətifə
danışıb, müsahibi ilə birgə ürəkdolusu
qəh-qəhə çəkməsin. Bir az aralı
keçənlərə isə əlini yelləyib, uca
səslə “öpürəm!” deməsi də
məşhurdur. Və təbii ki, hər
görüşdüyü ilə məni də tanış
eləyir, qucaqlaşdırır, öpüşdürür.
Təsəvvür edin ki, bu illər ərzində Universitetdə
neçə tanışı, dostu, yoldaşı bu
vəsilə ilə qazanmışam. Rüfət
müəllimlə bu yaxınlıq və doğmalıq
sözlə ifadə olunmayacaq bir hissdir. Mən
fərəhlənirəm ki, belə bir dostum və
həmkarım var. Bir böyük qardaş kimi onlarla
adamın əlindən tutub, bir çox imkansıza
himayədarlıq edib. O, qapısına gələni
əliboş geri qaytarmayıb. Gücü nəyə
çatıbsa, onu da edib. Mən özüm bunun
dəfələrlə şahidi olmuşam,
çoxlarının dilindən də onun mərdliyi
haqqında eşitmişəm. Rüfət
müəllimin müsahibinə bəzən qaba təsir
bağışlayan danışığının,
bəzən qırıcı, incidici olan sözlərinin,
saymazyana kimi görünən hərəkət və
tövrlərinin arxasında heç bir pis niyət,
şər-şəbədə, bədxahlıq yoxdur. O,
özünəinamlı və qürurlu insandır, şax
yerişi də, duruşu da kimsəyə
əyilməməyin ifadəsidir. Sinəsində son
dərəcə kövrək bir ürək
döyünür. Beş-altı il əvvəl bir az
şıltaqlıq edən o ürək indi daha da yuxalıb,
kövrəkləşib. Yadımdadır, Kardioloji
xəstəxanada onu yoluxmağa getmişdim. Palatada bir az
söhbət etdikdən sonra əyilib öpdüm və hiss
etdirmədən əlimi balıncının altına
saldım. Həkimə, tibb bacılarına, dava-dərmana
lazım olar deyə... Doluxsundu, “Ehtiyac yoxdur, səndən
əvvəl Nizami Cəfərov gəlmişdi, sağ olsun, o
da əlini balıncın altına salıb getdi”, – dedi.
Rüfət
müəllimdən neçə illər sonra onun
Türkiyədə vaxtilə işlədiyi, o zamanlar
SSRİ-nin köməyi ilə tikilməkdə olan İzmir
Əliağa Neftayırma Zavodu və İskəndərun
Metallurgiya Kombinatını gəzib görmək imkanım
olmuşdu. Rüfət
müəllimi tanıyan, onunla bir yerdə işləyən
mütəxəssislərin hamısından ancaq təqdiredici
sözlər, müsbət fikirlər, xoş
təəssüratlar eşitmişdim. Türklər aradan bir
çox illər keçməsinə baxmayaraq onu son
dərəcə səmimi hisslərlə
xatırlayırdılar. Rüfət müəllimin fenomenal
dil qabiliyyəti var. O, istənilən bir əcnəbi
dildə bu dilin daşıyıcıları ilə xeyli
söhbət edə bilir. Məsələn,
mən dəfələrlə şahidi olmuşam ki, o,
Ərəb filologiyası, İran filologiyası və
İngilis dili kafedralarından olan həmkarlarımızla
onların öz “dilində” – ərəbcə, farsca,
ingiliscə danışır və işin maraqlı
cəhəti burasındadır ki, onlar da Rüfət
müəllimi elə bu dildəcə başa
düşürlər. Rüfət
müəllim Şərqşünaslıq fakültəsi
tələbələrinə “Türk dili”, “Ümumi və türk
dilçiliyi”, “Türk dilinin nəzəri qrammatikası”,
“Mənbəşünaslıq”, “Türk dilinin
müqayisəli qrammatikası” və s. fənlərindən
dərs deyir. Onun oxuduğu mühazirələr,
apardığı seminarlar fakültənin elmi-metodiki
şurası, bakalavr və magistrantları
tərəfindən böyük rəğbətlə
qarşılanır. O, kafedra üzrə ixtisaslaşan
tələbələrin buraxılış və dissertasiya
işlərinə uğurla rəhbərlik edir. Qırx il
ərzində Rüfət müəllimin 10-dan artıq
kitabı, monoqrafiyası, dərsliyi, dərs və metodiki
vəsaiti, Respublikamızda və xaricdə 100-ə
qədər elmi məqaləsi dərc olunmuşdur. O,
çox sayda fənn proqramının tərtibçisidir.
Rüfət müəllimin
“Türkcə-rusca-azərbaycanca,
Azərbaycanca-türkcə-rusca,
Rusca-türkcə-azərbaycanca dilçilik terminləri
lüğəti”(həmmüəllifli, 2010), “Türk dilinin
sintaksisi”(2009), “Türkçe Oku
Kitabı”(həmmüəllifli, 2008), “Türk dili”
(həmmüəllifli, 2007), “Türk dilinin
morfologiyası”(2007), “Müasir türk dilində təqlidi
sözlər”(1998), “Müasir türk dilində
köməkçi nitq hissələri”(1996),
“Türkcə-rusca-azərbaycanca sözlük”(həmmüəllifli,
1994) və s. kitabları şərqşünaslıq
fakültəsi tələbələrinin, türkoloq və
filoloq mütəxəssislərin minnətdarlıqla faydalandıqları
əsərlərdir. Rüfət
müəllimin kitabları elmi ictimaiyyət
tərəfindən və mətbuatda yüksək
dəyərləndirilmişdir. O, həm Respublikamızda
keçirilən simpoziumlarda, həm də xarici
ölkələrdə (Türkiyə, Şimali Kipr Türk
Respublikası və s.) türk dilinə dair
məruzələr etmişdir. Rüfət müəllim
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
nəzdindəki Dissertasiya Şurasının
üzvüdür. Onun rəhbərliyilə 20
nəfərə yaxın iddiaçı dissertasiya
müdafiə edib alimlik dərəcəsi almışdır.
30-dan artıq tədqiqatçının doktorluq və
namizədlik işinə rəsmi opponent olmuşdur. O, xeyli
kitabın elmi redaktoru, rəyçisi və ön söz
müəllifi kimi çıxış etmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan
Rüfət müəllim müxtəlif fərman və
mükafatlara layiq görülüb. Bugün
Rüfət müəllimin rəhbərlik etdiyi Türk
filologiyası kafedrasında 3 elmlər doktoru – professor, 10-dan
artıq fəlsəfə doktoru, elə bir o qədər
də dosent, baş müəllim və müəllim, 3
nəfər baş laborant elmi-pedaqoji fəaliyyətlə
məşğuldur. Yuxarıda
sadaladığımız zahirən bir-birindən fərqli
görünən keyfiyyət və əlamətlərin,
əslində, çox yaxın əlaqəsi var. Bütün
bu məziyyətlər bir ömrün dilimləridir, bir
bütövün tamamlanmasına xidmət edən
parçalardır.
Rüfət müəllim necə
varsa, elədir – olduğu kimi görünür. Onun elmi fəaliyyəti
şəxsiyyətinin, şəxsiyyəti də
müəllimliyinin birbaşa davamıdır. Mən
öz dostumu və həmkarımı 65 illik yubileyi
münasibətilə ürəkdən təbrik edir, ona
cansağlığı, elmi-pedaqoji fəaliyyətində
uğurlar, şirini acısından, sevinci əzabından
qat-qat çox olan uzun ömür və ailə həyatı
arzulayır, yeni ilklərə imza atmasını
diləyirəm.
Əsgər
RƏSULOV,
filologiya
elmləri doktoru,
BDU-nun
professoru
525-ci
qəzet.- 2010.- 16 dekabr.- S.7.