Hüseynbala Mirələmovun “Qırxıncı
otaq” kitabının təqdimatı olub
Dünən Atatürk Mərkəzində yazıçı-publisist, ictimai-siyasi xadim, millət vəkili Hüseynbala Mirələmovun “Qırxıncı otaq” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri kitabın redaktoru Reyhan Mirzəzadə açaraq, müəllifin yaradıcılığından danışıb, tədbir iştirakçılarını romanın qısa xülasəsi ilə tanış edib. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxışında H.Mirələmovun Azərbaycan ədəbiyyatında öz bədii fəlsəfəsini yaratdığını bildirib: “Bu kitab Hüseynbala Mirələmovun yaradıcılığında çox böyük əhəmiyyət kəsb edən bir topludur. Kitabda müəllifin iki üslubu müşahidə olunur: sərt realist və romantik üslub. Yazıçının ən böyük uğuru odur ki, cəmiyyətdə olan eybəcərlikləri bəzəksiz, boyasız yaza bilsin. Mənim fikrimcə, Hüseynbala Mirələmov bu uğura nail olub”. Millət vəkili Eldar İbrahimov Hüseynbala Mirələmovun təkcə məhəbbət mövzusunda yox, eyni zamanda görkəmli ictimai-siyasi xadimlər, Qarabağ haqqında da gözəl əsərlər müəllifi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu yaxınlarda H.Mirələmovun ümummilli lider Heydər Əliyev haqqında kitabı özbək dilinə tərcümə olunub. Millət vəkili Hadı Rəcəbli sosial məzmunlu, qadınlara qarşı zoraklığa etiraz ifadəsi olan dəyərli əsər yazıb ərsəyə gətirdiyi üçün müəllifə minnətdarlığını bildirib. O, insanların sosial-psixoloji durumlarının yaxşılaşması baxımından bu cür əsərlərin vacibliyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid H.Mirələmovun maraqlı və məhsuldar yaradıcılıq fəaliyyətindən söz açaraq, “Qırxıncı otaq” romanı haqqında fikirlərini bölüşüb. Rəşad Məcid kitabın, ədəbiyyatın təbliğinin əhəmiyyətini vurğulayaraq, keçirilən tədbirin bu baxımdan da önəmli olduğunu qeyd edib. Yazıçı-darmaturq Nahid Hacızadənin çıxışında bu fikir xüsusilə diqqəti çəkib: “Təqdim olunan bu kitabın əsas özəlliyi ondadır ki, ələ alanda əlin, baxanda gözün, vərəqləyəndə ürəyin sevinir. Hüseynbala Mirələmov kitaba daxil etdiyi hər üç əsərdə qadınlarımızı müdafiə edib. Qadın zorakılığının çoxaldığı bir zamanda bu cür əsərlərin yazılması vacib təbliğati məqsəd daşıyır”. Tədbirdə şərqşünas Xuraman Ağayeva, Ana və Uşaqlar Birliyinin sədri Dünya Əliyeva, tanınmış teleaparıcı Natəvan Hacıyeva, şairə-publisist Firuzə Məmmədli və digər qonaqlar H.Mirələmovun yeni kitabının əhəmiyyətindən danışıb, aktual mövzulara toxunduğuna görə müəllifə təşəkkür ediblər.
GÜNEL
525-ci
qəzet.- 2010.- 16 dekabr.- S.7.