Azərbaycanlı rəssamın əsərləri
Varşavada açılan
“Gecə-Gündüz” sərgisində
Varşava şəhərindəki “Apteka Ştuki” sərgi salonunda ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, fotoqraf Həmid İbadullayevin rəsm əsərlərindən ibarət “Gecə-Gündüz” adlı sərgi keçirilib. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat veriblər. Sərginin açılış mərasimində Polşanın müxtəlif dövlət qurumlarının və yerli ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov sərgini giriş sözü ilə açaraq, Azərbaycan mədəniyyətinə, rəssamlıq ənənələrinə, qədim tarixinə dair ətraflı məlumat verib. Sərginin açılış mərasimində “Azərbaycan mənzərələri” adlı videoçarx göstərilib. Tədbir Vaqif Mustafazadənin musiqisinin sədaları altında davam edib. Sonda polyak musiqiçi Voytek Kvapinskinin milli musiqi alətimiz tarda ifasından ibarət kiçik konsert proqramı təqdim olunub.
525-ci qəzet.-
2010.- 16 dekabr.- S.7