“Cavad xan” Budapeştdə

 

2010-cu ilin oktyabr ayında Azərbaycanın Budapeştdəki Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Avropada ilk dəfə olaraq Budapeştin mərkəzindəki “Örökmozqo” kinoteatrında Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Cavad xanın həyatı haqqında film göstərilib. Hələ 2009-cu ildə Bakıda ilk nümayiş zamanı film böyük uğur qazanıb və Rusiya imperiyasının Gəncəyə hücumu zamanı Cavad xanın mübarizəsini layiqli bədii səviyyədə təqdim etdiyinə görə ölkə ictimaiyyəti və kinosevərlər tərəfindən yüksək qiymətə layiq görülüb.

Əsərin macar tamaşaçılarına daha yaxşı təqdim olunmasında filmin yaradıcı heyətinin iştirakı mühüm rol oynayıb. Yaradıcı heyətin üzvləri sırasında ssenari müəllifi, xalq şairi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, Cavad xan rolunun ifaçısı, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, “Ulus” film studiyasının direktoru Gəray Əlibəyli təqdimat mərasimində iştirak ediblər. Təəssüf ki, filmin rejissoru Rövşən Almuradlı Macarıstana gələ bilməyib.

 Çoxsaylı macar tamaşaçılarından, Azərbaycan diasporunun üzvlərindən və Budapeştdəki diplomatik korpusun təmsilçilərindən ibarət auditoriya qarşısında çıxış edən Azərbaycanın Macarıstan Respublikasındakı səfiri Vilayət Quliyev Cavad xan haqqında film çəkilməsinin labüdlüyündən və həmin filmin Budapeştdə göstərilməsinin zəruriliyindən bəhs edib. Səfirin fikrincə, macar və Azərbaycan xalqlarının tarixi talelərindəki oxşar cəhətlər bu filmin daha yaxşı anlaşılmasına və sevilməsinə təkan verəcək. Vilayət Quliyev Azərbaycan Səfirliyinin bundan sonra da konfranslar, film nümayişləri, konsertlər və teatr tamaşaları, kitab nəşrləri vasitəsi ilə öz ölkəsinin tarixinin və mədəniyyətinin geniş təbliğ olunacağına dair vəd verib. Filmin yaranmasında özünün həm elmi-bədii, həm də ictimai-siyasi nüfuzu ilə böyük rol oynayan Sabir Rüstəmxanlı tanınmış şair olmaqla yanaşı Milli Məclisin (Azərbaycan Parlamenti) türkdilli xalqların qardaşlığının möhkəmləndirilməsinə daim diqqəti çəkən fəal üzvlərindən biridir. 2009-cu ilin oktyabr ayında Moskvada filmin rus tamaşaçılarına ilk təqdimatından sonra Rusiya mətbuatına verdiyi müsahibəsində o, anlaşılmazlıqları aradan qaldırmaq üçün müasir dövrdə Rusiya – Azərbaycan münasibətlərini və iki xalqın ümumi tarixini əks etdirən obyektiv tarixi filmlərin zəruriliyi haqda fikirləri ilə bölüşüb.

 “Cavad xan” son dövrlərdə Macarıstanda göstərilən ilk Azərbaycan filmi olmasına baxmayaraq, Səfirliyin macar ictimaiyyəti arasında apardığı iş sayəsində zalda qətiyyən boş yer qalmayıb. Filmin Azərbaycan dilində, ingilis subtitrləri ilə nümayiş etdirilməsi, nəhayət, oktyabrın əvvəli üçün Budapeştə xas olmayan soyuq və yağışlı hava da tamaşaçı marağını azaltmayıb. Açılış mərasimində çıxış edən S.Rüstəmxanlı macar və Azərbaycan xalqlarının tarixi talelərindəki bir sıra oxşar məqamlara toxunub, 1956-cı ilin oktyabrında Budapeştdə, 1990-cı ilin yanvarında Bakıda sovet rejiminin əli ilə törədilmiş qanlı faciələr arasında maraqlı paralellər aparıb. Onun fikrincə, hər iki xalqın imperiya təzyiqləri qarşısında diz çökməmələrinin onların tarixlərinin milli qürur və qəhrəmanlıq səhifələri ilə bağlıdır.

 Filmin yaradıcıları Cavad xanın tarixi baxımdan düzgün və həqiqi obrazının təsvirinə xüsusi əhəmiyyət veriblər. Cavad xan heç bir xalqın hüququna qəsd etmək, onun tarixi torpaqlarına nəzarət altına almaq istəmir. Onun yeganə amalı öz yurdunda xalqının dinc həyatını təmin etmək, yadelli işğalçıların ayağını vətənindən kəsməkdir. Böyük bir imperiya qarşısında dayanmasına baxmayaraq onun gücü haqq işinə inanmasındadır.

 Bu baxımdan Cavad xan obrazı bir sıra macar tarixi şəxsiyyətlərinə bənzəyir. Təsadüfi deyil ki, filmin təqdimatından sonra aparılan fikir mübadiləsi zamanı rəylərini öyrənə bildiyim bir sıra macar tamaşaçıları Cavad xanı macar tarixinin tanınmış simalarından biri olan kral Matiasla müqayisə edirdilər. Çünki kral Matias da öz ölkəsində ədaləti təmin etmək üçün çarpışır, xalqının həqiqi fikirlərini və gerçək həyat şəraitini öyrənmək üçün bəzən sadə paltarda camaata qarışıb onlarla birlikdə olmaqdan çəkinmirdi. Cavad xan kimi kral Matias da 20 il ərzində macarların müstəqilliyi və yadelli işğalçıların hökmü altına düşməməsi üçün mübarizə aparıb, bu yolda özünün və yaxınlarının həyatını təhlükəyə qoymaqdan da çəkinməyib.

Budapeştdəki “Örökmozqo” kinoteatrının qarşısında “Cavad xan” və 1968-ci ildə Zoltan Varkony tərəfindən çəkilmiş “Eger ulduzları” (tanınmış macar yazıçısı Geza Qardoninin ibtidai məktəblərdə icbari tədris olunan romanı əsasında) filmlərinin afişaları bəlkə də adi bir təsadüf nəticəsində yan-yana asılıb. Əslində isə bu təsadüfün özündə çox qəribə bir qanunauyğunluq var. Çünki sadəcə filmlərin afişaları macar tamaşaçısının təsəvvüründə bir sıra analogiyalar oyadıb. Oxşar döyüş səhnələri, hətta biri-birinə bənzəyən kostyumlar və Gəncə qalasının qanlı işğalı macarlara Varkoninin filmini xatırladıb.

Gəncə hökmdarı Cavad xan haqqındakı həyəcanlı film bizi bir daha inandırdı ki, Qafqaz xalqlarının tarixi olduqca maraqlı və mürəkkəbdir. Bu regionda müxtəlif xalqlar, nəsillər, mədəniyyət və dinlər bir-birinə qarışmış, əsrlər boyu bu heterogen mühit böyük siyasi qüvvələrin maraqları və rəqabət aparan nəsillərin iqtisadi və diplomatik münasibətləri ilə daha da mürəkkəbləşmişdir. Digər tərəfdən, dini müştərəklikdən çıxış edərək bölgədəki rus hegemonluğuna dəstək verən qüvvələr, ilk növbədə isə rus silahının köməyi ilə Azərbaycan torpaqlarında öz dövlətini yaratmaq istəyən ermənilər münaqişələrin daha qanlı xarakter almasına yardım göstərmişdilər. Bu baxımdan müvafiq tarixi biliklər olmadan macarlar üçün filmdəki bütün işarə və paralelləri anlamaq çətindir. Lakin ənənəvi Azərbaycan və macar mənəvi dəyərləri arasındakı oxşarlığı hər hansı tarixi bilik olmadan da anlamaq mümkündür. Qürur, cəsarət, özünü qurban vermə, ədalət, ailə birliyi, səmimiyyət, dininə, dilinə və torpağına bağlılıq kimi cəhətlər Cavad xan haqqındakı təsirli kino-lenti macarlar üçün tam anlaşıqlı etmişdir.

 Bu film Azərbaycan tarixinin bir sıra mürəkkəb hadisələrini yenidən, həm də daha aydın mövqedən göz önündə canlandırılmasına yardım göstərir. Cavad xan Gəncə xanlığını 1786 – 1804 –cü illərdə idarə etmişdir. Xüsusi ilə 1804 –cü ildə Rusiya-İran müharibəsi zamanı Gəncə şəhəri özünün güclü qalasına görə strateji əhəmiyyətə malik idi. Müstəqil bir dövlət qurumu kimi öz mövcudluğunu qoruyub saxlamağa çalışan Gəncə xanlığı Rusiyanı narahat edirdi. Çünki ruslar İrana qarşı mübarizədə Cavad xanın bitərəf qalacağına inanmırdılar. (Təqribən 200 il əvvəl rus və fars hakimiyyətləri Azərbaycan torpaqlarını iki hissəyə ayırmışdı. Hətta indi də İranda Azərbaycan Respublikasında olduğundan bir neçə dəfə çox etnik azərbaycanlı yaşamaqdadır). Rusiya çar generalı və Moskvaya loyal münasibəti ilə seçilən Gürcüstan əsilzadəsi Pavel Sisianovun (Sisişvili) vasitəsi ilə bir neçə dəfə Cavad xanı təslim olmağa çağırmışdı. Lakin imperiyanın ədalətsiz təklifləri hər zaman qətiyyətlə rədd edilmişdir. Filmdə də inandırıcı səhnələrlə göstərildiyi kimi özlərinin Cavad xan kimi qorxmaz və ədalətli hökmdarlarına inanan azərbaycanlılar heç vaxt təslim olmaq haqqında düşünməmişdilər. Öz növbəsində Cavad xan da inanırdı ki, əgər Azərbaycan ərazilərindəki 20 türk xanlığı sözü bir yerə qoyub Rusiyaya qarşı mübarizədə birləşsə, müstəqilliklərini və azadlıqlarını qoruyub saxlaya bilərlər. Lakin Cavad xanın bütün səylərini baxmayaraq öz maraqlarını güdən xanları milli birlik ideyası əsasında birləşdirmək mümkün olmamışdı. Bu isə nəticə etibarı ilə Azərbaycanın bu gün də davam edən faciələrinin mənbəyinə çevrilmişdi.

XVII əsrin ortalarından etibarən Osmanlı imperiyasının zəifləməsi Rusiyanın Qafqaz regionunda əl-qol açmasına imkan yaratmışdı. Tbilisini (müasir Gürcüstanın paytaxtı həmin dövrdə Tiflis adlanırdı) ələ keçirdikdən sonra Rusiya qoşunları 1803-cü ilin noyabrında Gəncə üzərinə hərəkət etmiş və şəhəri mühasirəyə almışdılar. 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə sonra Sisianov son hücum əmrini verdi. Cavad xan digər xanlıqlardan heç bir yardım almamasına baxmayaraq son hücuma atılmaqdan çəkinməmişdi. Düşmən həqiqətən də onun cəsədi üzərindən keçib şəhərə daxil olmuşdu. Xalq artisti Nurəddin Mehdixanlı istər zahiri görünüşü, istərsə də həssas, ifadəli oyunu ilə qəhrəmanının inamını və faciəsini, qürurunu və tənhalığını göz önündə canlandırır.

 “Cavad xan” filmi hələ də bir sıra problemləri olan, torpaqlarının beşdə biri işğal altında qalan azərbaycanlılara Vətən üçün necə mübarizə aparmağı, lazım gələrsə, tərəddüd etmədən həyatını qurban verməyi öyrədir. Qəhrəman Cavad xanın Gəncədəki məqbərəsi bu gün dünyadakı bütün azərbaycanlılar üçün bir simvola çevrilməli və onlara birlikdə olmağın zəruriliyini aşılamalıdır. Bütün müsəlman dünyasında ilk demokratik respublikanın ilk paytaxtının Gəncə olması da son dərəcə rəmzi mahiyyət daşıyır. Sanki Azərbaycan insanları aradan yüz il keçəndən sonra yenidən bu şəhərdə uyuyan Cavad xanın sarsılmaz mübarizəsini xatırlamış, onun ruhundan ilham alaraq özünün azadlıq uğrunda son və həlledici mübarizəsinə atılmışdı.

Cavad xan haqqındakı bu uğurlu film həm də bütün dünya azərbaycanlılarına bir müraciətdir: onlar Azərbaycanda, yaxud dünyanın hər hansı başqa bir guşəsində yaşamalarından asılı olmayaraq ümumi maraqlar naminə öz səylərini birləşdirməli, inamsızlıq və rəqabətə üstün gəlməlidir. Çünki vətənin qorunmasına, torpaqların azadlığına gedən yol yalnız birlikdən keçir.

 

Yeva L ENART Korvinus Universitetinin (Budapeşt) doktorantı

525-ci qəzet.- 2010.- 16 dekabr.- S.5.