Tanınmış alim və şair
Valeh Hacılar yad edilib
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Borçalı İctimai Birliyinin təşkilatçılığı ilə dəyərli alim, şair və pedaqoq Valeh Hacıların anım günü keçirilib. Tədbiri AYB-nin katibi Arif Əmrahoğlu açaraq, Valeh Hacıların şərəfli ömür yolundan, alimin yaradıcılığından, milli folklor nümunələrimizin tədqiqi sahəsində gördüyü işlərdən bəhs edib. Sonra məclisi idarə etmək üçün söz Şahbaz Şamıoğluna verilib. O, V.Hacıların istər ədəbi əlaqələr, folklorun tədqiqi, istərsə də Borçalı-Qarayazı və Axısqa-Cavaxetin türkdilli ədəbi örnəklərinin toplanması, tədqiqi, nəşri, istərsə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanıb, tərcümə olunması sahəsində gördüyü işlərdən danışıb. Ş.Şamıoğlu bildirib ki, V.Hacıların anım gününün keçirilməsi bütövlükdə türk mədəniyyətinə verilən dəyərdir. Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli tədbirin əhəmiyyətindən danışıb, Valeh Hacların həyat və fəaliyyətinin Türkiyə alimlərinin də diqqət mərkəzində olduğunu, Atatürk Universitetində S.Ali Yılmazın bu mövzuda doktorluq dissertasiyası yazdığını qeyd edib. “Qərb-Şərq” tədqiqat mərkəzinin əməkdaşı Asif Bayramlı V.Hacıların Gürcüstanda və Azərbaycanda tanınan fəal ədəbiyyat və elm adamı, həmçinin ictimai xadim olduğunu deyib. Bildirib ki, V.Hacılar Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının və daha bir neçə qurumun üzvü olduğunu bildirib. Tədbirdə Elbəyi Cəlaloğlu, Abbas Abdulla, Fazil Məmmədli, alimin yaxınları və dostları V.Hacıların çoxşaxəli yaradıcılıq fəaliyyətindən, maraqlı şəxsiyyətindən söhbət açıblar.
GÜNEL
525-ci
qəzet.- 2010.- 17 dekabr.- S.7.