Siyasi islam
Hazırda islamın siyasi rolu
nədən ibarətdir? O, hansı istiqamətdə
inkişaf edir – mənfi, yoxsa müsbət? Dünyada islama
olan münasibəti kim müəyyənləşdirir –
Qərb, yoxsa Şərq?
İslamın
siyasiləşdirilməsi problemi bu gün də öz
aktuallığını itirməyib. Əksinə,
təxminən altı-yeddi il bundan əvvəl baş
vermiş Kosovo, eləcə də Əfqanıstan (yeni,
dünyada sayca dördüncü islam dövlətinin
yarandığı vaxt) hadisələri ilə əlaqədar
olaraq, islam hərəkatlarının, blok və partiyalarının İraqdakı siyasi
proseslərə daha çox cəlb olunması sözügedən
problemi daha da aktuallaşdırdı. Göstərilən
halda, biz təhlilə başlamadan və “bu,
yaxşıdır, yoxsa pis?” sualını vermədən,
faktı təsdiqləyirik.
Lakin biz digər ciddi sualları da
verməyə bilmərik: bütün bunlar necə baş verir?
Bir sıra Qərb ölkələrinin
Şərq cəmiyyətlərinin
“islamlaşdırılmasının sona çatması”
prosesində, yəni müsəlman ölkələrinin islam
dövlətlərinə (bu gün cəmi dörd islam
dövləti var – İran, Pakistan, Mavritaniya və
Əfqanıstan) çevrilməsi və onların
Əfqanıstan və İraq kimi müsəlman
ölkələrində idarə olunan müstəqil siyasi
qüvvə səviyyəsinə
çatdırılmasındakı rolu və məqsədi
nədən ibarətdir?
Qoyulan suallara cavab olaraq biz bir
məsələni aydınlaşdırmağa
çalışa bilərik ki, Qərb ölkələri,
lazım gələrsə, müsəlman cəmiyyətinin
sadə liberal və ekstremist hissələri arasındakı
sərhəddin keçdiyi xətti
müəyyənləşdirərək, şərq
cəmiyyətlərində islamın təsirinin
azaldılması prosesinə nəzarət edə
biləcəkmi? Çünki
əvvəllər, yəni XX əsrin ortalarında Qərb
Misir və Fələstində “Müsəlman
qardaşları”, Pakistan və Əfqanıstanda isə
məşhur Bin Laden hərəkatı kimi radikal islam
cərəyanının yaranması ilə və ya daha
doğrusu, təşəkkülünə dəstək
verməklə kifayətlənirdi. Həmin hərəkatlar
artıq iyirmi ildən çoxdur ki, Qərb tərəfindən
idarə oluna bilmir və biz bunun acı nəticələrinin
şahidiyik.
Qərbin ayrı-ayrı
ölkələrinin xarici siyasətində din amilindən
istifadə ideyası yeni deyil: yenisi odur ki, bu prosesə
rəhbərlik etmək indi daha da çətindir,
vəziyyətə nəzarət etmək isə hər zaman
mümkün olmur. Həm Şərqdə, həm də
Qərbdə başlamış dini hərəkatların
radikallaşması ümumdünya qloballaşmasının
artan təsiri altında sürətlənərək, milli
hərəkat və partiyaları kölgədə qoyur.
Bütün dünyada məşhur olan bir din kimi islamın bu
proseslərdəki rolunu, ümumiyyətlə, dinin
siyasətdəki təsir gücünün tərkib
hissəsi kimi dəyərləndirmək olar.
Bu gün beynəlxalq terrorizmin
mövcudluğu faktı heç kim tərəfindən ciddi
şəkildə inkar edilmir. XXI əsrdə bu
hadisəni necə başa düşmək olar? Nə
üçün məhz indi terrorizm intensivləşdirilir?
Mən onunla razıyam ki, terrorizm,
narkomafiya və mütəşəkkil
cinayətkarlığın digər formalarının
geniş beynəlxalq şəbəkəsi mövcuddur. Onlardan hansının daha dəhşətli
olduğu hələ müəyyənləşdirilməyib,
lakin bu gün bir şey aydındır: 2001-ci ilin sentyabr
ayından başlayaraq, terrorizm ilə mübarizə
mövzusu dünya dövlətləri liderlərinin
nitqində mühüm yer tutur.
Əslində, terrorizm
təhlükəsi mövcuddur, lakin bu hadisənin
qiymətləndirilməsi məsələsi
mürəkkəb və sona qədər aydın deyil.
Tarix göstərir ki, hər halda,
ən qorxunc kabuslar dünyanın güclü
siyasətçiləri tərəfindən yaradılır. Beynəlxalq
terror kabusuna gəlincə, o da, ola bilsin ki, daha çox
məhz bu səbəbdən göylərdə uçur. Onun gözdən itməsi və ya, Allah
eləməsin, yoxa çıxması “böyük adamları”
(nüfuzlu siyasətçilər demək istəyirdim.
Amma utandım) qəzəbləndirə bilər. Zənnimcə, məhz bu onları bu
tükürpədici kabusu bir qədər yuxarıda
saxlamağa, istədikləri vaxt və istədikləri
yerə gətirməyə vadar edir. Əgər biz Bin Ladenin
“Əl-Cəzirə” yayımlarındakı hər bir
çıxışını və planetdə paralel olaraq
baş verən hadisələri xatırlasaq, asanlıqla
əmin ola bilərik ki, onu sehrli lampadakı cin kimi lazım
olan vaxtda və lazım olan yerdə buraxırlar. Sonuncudan
əvvəlki dəfə o, ABŞ-dakı seçkilər
ərəfəsində üzə çıxdı, sonra
isə gizli şəkildə itdi. Təxminən bir ay
əvvəl kütləvi informasiya vasitələrində
Almaniyanın paytaxtında böyük terror aktlarının
hazırlanmasına dair yanlış məlumatlar yayaraq,
vətəndaşları bir ay təşvişdə
saxladılar.
Ona
görə də bu gün beynəlxalq terrorizm
görünməz, lakin hər yerdə mövcud olan Bin
Ladenlə əlaqələndirilir. Lakin son zamanlar
beynəlxalq həyatda baş verən arasıkəsilməz
hadisələrə görə, “ehtiyat” variantlar da
mövcuddur, necə deyərlər, dubl bir, dubl iki...
Onların konturlarını ABŞ-ın bir sıra
ölkələrə münasibətində görmək
çətin deyil. Bu, əlbəttə ki, dünya
ictimaiyyətini narahat etməyə bilməz. Elə
təəssürat yaranır ki, dünya heç vaxt bu
dəhşətli kabusdan yaxa qurtara bilməyəcək.
Təəssüflər olsun ki, o, bir çox
ölkələrin xarici siyasətinin ayrılmaz
hissəsinə çevrilib.
Cəmiyyətdəki destruktiv
sektaların rolu barədə nə demək olar? Onlar
Azərbaycan Respublikasında varmı? Əgər varsa,
onların yaranmasının ilkin şərtləri
hansılardır?
İnsanın mənəvi
inkişafı həm mahiyyətcə, həm də
məzmunca çox vacibdir. Sirr deyil ki, bəzən
mənəviyyat hər birimizin həyatında mühüm yer
tutur. Bizim hamımıza ideallar, həyat istiqamətləri,
yaxşı gələcəyə ümid lazımdır.
Lakin insan, ilk növbədə, canlı varlıqdır. Ona,
hər şeydən əlavə, qida, yaşayış yeri,
geyim və sağlamlıq lazımdır. Bu
səbəbdən, təəccüblü deyil ki, çox
vaxt onun üçün bir boşqab şorba minlərlə
kitabdan və ya rəsmiləşdirilmiş söz
azadlığından, eləcə də hansı dinə
sitayiş edib, hara – məscidə, kilsəyə, sinaqoqa
və ya digər ibadət evinə getməkdən daha vacibdir.
Əgər onun mədəsi boşdursa, bu onun
beynində öz əksini tapır. Əlbəttə, bu
həyati əhəmiyyətli müddəaya qarşı
bəzən etiraz edə və hətta, bizi kobud materialistlər
adlandıra bilərlər, lakin bu, heç də problemin
mahiyyətini dəyişmir. Bütün dünyada, o cümlədən
bizdə, Azərbaycanda mövcud olan dini missioner
təşkilatlarının fəaliyyətinin təhlili bu
fikrin doğruluğunu isbat edir. Din hamıya, xüsusən
də ona həm maddi, həm də mənəvi
cəhətdən kəskin ehtiyacı olanlara lazımdır.
Missionerlər bu cür psixoloji bölgünü
nəzərə alır və bu səbəbdən də
mənəviyyatın maddi cəhətdən
möhkəmləndirilməsini unutmurlar: onların uğuru
böyük ehtimalla bundan asılıdır. Yüz il bundan
öncə də belə idi, indi də belədir. Buna
görə də destruktiv sektalar hər zaman dövlət,
cəmiyyət və yaxınlarından daha çox
digərlərindən diqqət və qayğı
görənləri axtarırlar: korları, əlilləri,
yetimləri, evsizləri və s. Bu həmçinin
Afrikanın imkansız təbəqələrinə,
Asiyanın yoxsul ölkələrinə və MDB
dövlətlərinə aiddir. Sosial problemlərin, silahlı
qarşıdurma və müharibələrin hakim olduğu
regionlar totalitar sektaların, bu cür missionerlərin artan
diqqət mərkəzində olan zonalardır. Bununla
əlaqədar olaraq, bizdə təriqətçiliyin
yayılmasının xeyrinə olan dəlillərdən biri
də əhalinin müəyyən bir hissəsinin sosial
cəhətdən təmin olunmaması problemidir. Bunun
müxtəlif səbəbləri var: SSRİ-nin süqutu,
təcavüzkar etnik separatistlərlə müharibə, yeni
ictimai münasibətlərin qurulması, əksər
ölkə vətəndaşları tərəfindən
qəbul edilmiş əsas ideologiyanın yeniliyi və s.
Düşünürəm ki, göstərilən
problemlərin həlli vaxt keçdikcə bu vəziyyətin
kəskinliyini azaldacaq, lakin onun izləri hələ uzun
müddət qalacaq. Onda məsələnin digər
tərəfi özünü göstərəcək:
vətəndaşların şüurunda kök salmış
fikir tez bir zamanda yoxa çıxa bilməz. Bunun
üçün yeni nəslin gəlməsi lazımdır.
10-15 il sonra necə olacağını isə heç kim
proqnozlaşdıra bilməz. İnkişaf və
dəyişikliklərin sürəti olduqca yüksəkdir.
Göstərilən mövzular
barədə səmimi söhbət nəyə
lazımdır? Bunun arxasında nə durur – insanın
xarakteri, yoxsa başqa bir şey?
Çox ehtimal ki, bu,
insanın xarakteridir. Şəxsən mən öz
müdafiə reaksiyamı süni şəkildə
dayandırmaq istəməzdim. Çünki, zənnimcə,
o, obyektiv və əsaslandırılmış müdafiə
və tənqid deməkdir. Bunlar, eyni zamanda,
ümumiyyətlə, cəmiyyətin inkişafına,
xüsusilə də vətəndaşların bütün
dünyada baş verənlərə münasibətinə dair
vaxtında söylənmiş fikir və ideyalardır.
Hər bir canlı varlığa
təbiətən doğma yaşayış yerini
mühafizə etmək instinkti verilib. İnsan
üçün bu, ölkə, Vətən, ailədir. Yuxarıda
adları çəkilənlərin hamısı birlikdə
təbii müdafiə sistemini, yəni
özünümüdafiə instinktini təşkil edir. Bunsuz
nəinki yaşamaq, özünü yad olmadığın
cəmiyyətin vicdanlı üzvü hesab etmək də
çətin olardı.
Mən hər zaman deyirəm:
mənim ailəm – mənim qalamdır. Əgər
onun divarları Vətən sərhədlərinə kimi
genişləndirilsə, bu qalaya atılmış hər bir
“daşa” göstərdiyim mənfi reaksiyamı daha
yaxşı anlamaq olar. Əmin edə bilərəm ki, tez-tez
və aydın səbəb olmadan qalamıza hücum
edənlərin olduqca açıq və heç də hər
zaman yaxşı olmayan məqsədləri var. Buna
görə də hər birimizin borcu imkanımız
daxilində atılan “daşı” öz sahibinə
qaytarmaqdır.
Əgər öz fikrimizi
bildirməsək, yaxşı, faydalı ideyaların
“yükündən” qurtulmasaq, onlar mənəvi
rahatlığımızı əlimizdən alaraq və
əlbəttə ki, yeni fikirlərin meydana
gəlməsinə mane olaraq, bizi təqib etməyə
başlaya bilərlər. Ən azından buna
görə, ətrafımızdakı insanlarla daima
ünsiyyətdə olmaq lazımdır: kütləvi
informasiya vasitələri ilə, ictimai müzakirə və
söhbətlərdə iştirak etməklə olsa belə.
Düşünürəm ki,
hər bir insanın inkişafı yeni ideyaların
axtarışına başlamaq üçün lazımi
ideyaları cəmiyyətə bu yolla
çatdırmağı tələb edir. Zənnimcə,
həyatın özü, daimi yenilik axtarışı,
köhnə fikir və rəylərin cilalanması məhz
elə budur. Bir şeyi deyə bilərəm: mənim
üçün yeni ideyasız bir gün, demək olar ki,
itirilmiş gündür. Yəqin, bir çoxlarınızda
da belə olur və mən istisna deyiləm. Hər kəs
ünsiyyət forma və üsullarını özü
müəyyən edir. Mən məqsədəuyğun
səmimiliyin, açıq söhbətin tərəfdarıyam.
Cəmiyyətə maraqlı ola biləcəkləri
danışmaqdan söhbət gedir. Çünki
nəticədə, məhz cəmiyyət bizim
əməllərimizə qiymət verir.
Ağıllı məxluq olan insan
bir çox şeyləri görə, eşidə və hiss
edə bilər. Lakin bütün bunlar haqqında
danışmaq ciddi məsələdir. Mən
bir fikirlə razıyam ki, özünü həqiqəti
sevən kimi göstərməklə və hətta, ehtiyac
olmadıqda belə, fikirlərini açıq
şəkildə bildirməklə, insan özünə
böyük ziyan vura və geniş ictimaiyyətin
hörmətindən məhrum ola bilər. Bu isə
cəmiyyətin hər bir üzvü üçün
çox ağır hökmdür. İnsanlararası
qarşılıqlı münasibətlər tarixi
əsrlər boyunca sübut edib ki, ictimai nifrət ən
iyrənc həbsxanadan da pisdir.
Buna görə də söylənmiş, o cümlədən çap edilmiş hər bir söz və ya fikir ölçülüb-biçilməli və ən vacibi, toxunulan mövzunun kəskinliyinə uyğun olmalıdır. Necə deyərlər, burada şəxsi heç nə olmamalıdır. Bu, əsrlər boyunca yazanlar və danışanlar üçün müqəddəslik statusuna qaldırılması mümkün olan yazılmamış qanunlardır.
Rafiq
ƏLİYEV
fəlsəfə
elmləri doktoru,
professor
525-ci
qəzet.- 2010.- 17 dekabr.- S.5.