Sözün işığında
Şair sözü bütün dövrlərdə xalqların güvənc yeri olub. İnsanlar ən ağır, ən məsuliyyətli anlarda şair sözünə, şair məsləhətinə ehtiyac duyublar. Hər bir fərd də ayrı-ayrılıqda, həyatının ən dərdli, ən ağır məqamlarında təsəlli üçün şair sözü eşitmək istəyib. Əlbəttə ki, nəzmlə, şeirlə deyilən sözü. Azərbaycanda isə şair sözünə ehtiram həmişə xüsusi olub. Əbəs yerə bizi şair xalq adlandırmayıblar ki. Şair xalqın şairi olmaq isə ikiqat məsuliyyətdi. Amma nə yaxşı ki, dünən olduğu kimi bu gün də özünü, ömrünü bu ağır yükün altına könüllü verən, bu missiyanı şərəflə daşıyan şairlərimiz var. İmzası tələbkar oxuculara yaxşı tanış olan istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyid Əsgər Müzəffəroğlu məhz belə şairlərimizdəndir. O, bir yazar, şair olmaqla bərabər həqiqi ziyalı, xeyirxah insan kimi də camaat arasında nüfuz və hörmət sahibidir. Yaradıcılığına və şəxsiyyətinə yaxından bələd olan bir şəxs kimi onun haqqında bu sözləri deməyi özümə borc hesab bilirəm.
Yaradıcılığa erkən yaşlarından başlayan şairin şeirləri respublikanın müxtəlif mətbu orqanlarında müntəzəm dərc edilib. Onun ayrı-ayrı illərdə işıq üzü görmüş “Vətən, əymə başını!”, “Dağlar dağımdır mənim”, “Allah, bizə kərəm eylə”, “Söz sinəmdə qalaq-qalaq” adlı kitabları maraqla qarşılanıb.
Sözügedən dərgilərdə toplanmış bədii nümunələr poetik biçimi, orijinal ifadə tərzi, mövzu rəngarəngliyi, dilin sadəliyi və axarlığı ilə diqqət çəkir. Bu lirik parçalar real həyat lövhəsi ilə zəngin olmaqla yanaşı, nostalji hisslərdən də xali deyil:
“Kaş qayıdıb o illərə,
Gəncliyimə dönəm bir də.
İlk eşqimlə bulaq üstə
Pıçıltıyla dinəm bir də...
S.Ə.Müzəffəroğlu üçün mövzu qıtlığı, fikir məhdudiyyəti yoxdur. O, hansı mövzuya toxunursa toxunsun, nədən yazırsa yazsın, onu özünəməxsus tərzdə, xüsusi poetik ovqatla, cəsarətli vətəndaş mövqeyi ilə ifadə etməyi, zövqlə “bəzəməyi” bacarır.
Bu, şairin kənd mövzusu, elat həyatı, adət-ənənələrimizlə bağlı şeirlərində daha qabarıq görünür. Təbiidir ki, həmin bədii nümunələrdə torpağa, vətənə, el-obaya bağlılıq ruhu çox güclüdür.
O Yayçı yolundan aşaydım kəndə,
Yağışda islanıb, azaydım çəndə.
Qismət olacaqmı, belə bir gündə
Qolumu boynuna salaydım, dağlar.
Müəllif bütün yaradıcılığı boyu öz mövqeyinə sadiq qalır desək, yanılmarıq. Onu müstəqillik dövründə xalqımızın başına gətirilən müsibətlər, torpaqlarımızın erməni faşistləri tərəfindən işğalı, doğma ev-eşiyindən didərgin salınmış köçkünlərin keşməkeşli həyatı çox narahat edir, düşündürür. Bununla heç vəchlə razılaşmayan şair qələmini süngüyə çevirərək, xalqı mübarizəyə, işğalçılara qarşı döyüşlərə səsləyir, qələbələrə ruhlandırır.
Sənətkarın qənaətinə görə, bunu bizdən düşmənə əsir düşən dağlarımız, meşələrimiz, obalarımız, hər qarış torpağımız uğrunda canlarını fəda edən şəhidlərimizin müqəddəs ruhları tələb edir.
Zənnimizcə, bu coşğun misralar qəlbində vətən eşqi çağlayan hər bir azərbaycanlının duyğu və düşüncəsi ilə səsləşir, hər kəsin ürəyindən xəbər verir, istəyini əks etdirir.
Müəllifin “Allah, bizə kərəm eylə” kitabında həmin səpkidən olan şeirlər daha çoxdur. Adıçəkilən topluda dərc edilmiş “Görünür”, “Oluruq”, “Bilmərik”, “Gəlir” və s. kimi bədii nümunələrdə əxlaqımıza, milli-mənəvi dəyərlərimizə yabançı olan cəhətlər, ətalət, biganəlik kimi mənfi hallar tənqid hədəfinə çevrilir.
Qeyd etmək lazımdır ki, S.Ə.Müzəffəroğlu yaradıcılığında öyüd- nəsihət səciyyəli əsərlər də xüsusi yer tutur. Həmin əsərlər əsasən, müəllifin son dövrlərdə qələmə aldığı bədii nümunələrin payına düşür. Onların bir qismi şeirlərdən, digər qismi isə aforizm və yozumlardan ibarətdir.
Şübhəsiz ki, bu yanaşma sənətkarın yaşından, həyatda qazandığı zəngin təcrübədən irəli gəlir. Əlbəttə, sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin tüğyan etdiyi bir zəmanədə insanlara, xüsusilə, gənclərə ağsaqqal nəsihəti, məsləhəti olduqca gərəklidir.
Bu zəruriyyəti dərk edən müəllif üzünü oxuculara tutub deyir:
Haqqı olan haqqı danmaz,
Yağsız piltə sönər, yanmaz.
Üfürməklə alovlanmaz,
Kül qalacaq köz yerində.
İnamla demək olar ki, Seyid Əsgər Müzəffəroğlu yaradıcılığının ən kamil və məhsuldar bir mərhələsinə qədəm qoyub. O, daim axtarışdadır, gənclik həvəsi, həyat eşqi ilə yazıb-yaradır. Biz ona bu şərəfli yolda daha böyük uğurlar, nailiyyətlər arzulayırıq.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.-
2010.- 18 dekabr.- S.28.