Baş nazirin xanımı
(Əvvəli ötən
şənbə sayımızda)
Rusiyanı bürüyən inqilab hərəkatı nəticəsində bir çox ali təhsil müəssisələri kimi Novorossiysk universiteti də fəaliyyətini dayandırmışdı. Ona görə də Nəsib bəy Yusifbəyli Birinci rus inqilabından sonrakı illərdə əsasən Bağçasarayda yaşamışdı. Burada bir tərəfdən “Tərcüman”ın işində yaxından iştirak etmiş, o biri tərəfdən isə teatr və maarifçilik sahəsində çalışaraq Azərbaycan və Krım türklərini daha da yaxınlaşdırmaq istiqamətində bəzi təşəbbüslər göstərmişdi.
Gənc ailəni birləşdirən ümumi cəhətlərdən biri mətbuata maraq idi. Şəfiqə xanımın qəzetçilik işinə 1903-cü ildən qoşulmuşdu. İlk yazısının mövzusu gələcək fəaliyyətinin əsas istiqamətlərindən olan qadın azadlığı məsələsi ilə bağlı idi. “Qələm təcrübələrimin başlanğıcında ilk olaraq qadınlara aid bir məqaləm “Tərcüman”da çap edildi. Yaxşı qarşılandı. Cəsarətləndim və Yaltada rusca çıxan qəzetdə bir rus mühərririn tatar qadınlarının geriliyi və bunun dinlə əlaqəsi haqqındakı yazısına silsilə məqalələrlə cavab verdim”. Xatirələrindən götürülmüş bu sətirlər Şəfiqə xanımın hələ 17 yaşlı gənc bir qız ikən mətbuat aləminə və ictimai mübarizə meydanına atıldığını göstərir.
Lakin yaradıcılığa və ictimai fəaliyyətə maraq yalnız qəzetçiliklə məhdudlaşmamışdı. İlk müəllimi, Krıma sürgün edilmiş polyak inqilabçısı Olqa Dyalakovskanın təşviqi ilə gənc tatar qızı həmvətənlərinin nağıllarını, atalar sözlərini, xalq mahnılarını toplamağa başlamışdı.
Nəsib bəylə tanışlıq isə tezliklə ilk birgə layihənin reallaşmasına təkan vermişdi. 1906-cı ilin əvvəlində 20 yaşlı Şəfiqə xanımın redaktorluğu ilə Rusiya imperiyasındakı türklərin ilk qadın dərgisi sayılan “Aləmi-nisvan” (“Qadın dünyası” –V.Q.) jurnalı nəşrə başlamışdı. “Müslimələrə məxsus ədəbi və tədrisi həftəlik məcmuə” kimi təqdim olunan nəşrin “sahibi-imtiyazı İsmayıl Qasprinski, müdirəsi isə Şəfiqə Yusifbəyova” kimi idi. “Aləmi-nisvan” Bağçasarayda, “Tərcüman” qəzetinin mətbəəsində çap olunurdu.
Uşaqların tərbiyəsi, xəstələrə ilkin tibbi yardım, əl işləri haqqında bilgilər və s. bu tipli materiallar məcmuənin fəaliyyətinin praktiki tərəfini təşkil edirdi. Türk-tatarlar və başqa millətlər arasında qadın hüquqları ilə bağlı məsələlərin işıqlandırılması da gündəlik həyatla sıx bağlı olduğundan müəyyən mənada əməli vəzifələr sırasına daxil idi. Elm, ədəbiyyat, dövlət idarəçiliyi və siyasət sahəsində çalışan məşhur qadınların şəkilli bioqrafiyalarının, davranış və əxlaq məsələləri ilə bağlı yazıların, şeir və hekayələrin, tarixi araşdırma və səyahət qeydlərinin çapı isə “müsəlman qadınlarının” oxu mədəniyyətini yüksəltmək, onların çağdaş dünya haqqındakı təsəvürlərini genişləndirmək məqsədi daşıyırdı.
Məcmuəni tədqiq edən türk müəllifləri Şəngül və Nəcib Həbləmitoğlunun yazdıqlarına görə “Aləmi-nisvan”ın “mövcud kolleksiyasına nəzər yetirdikdə heç bir yazı, yaxud xəbərin təsadüfi səciyyə daşımadığı, hər birinin “bilgiləndirmə”, “aydınlatma”, “təşviq və istiqamətləndirmə”, nəhayət “təşkilatlandırma” məqsədinə xidmət etdiyi ortaya çıxır”.
“Aləmi-nisvan” 1906-cı sənənin ilk ayında intişar etdi,-deyə Şəfiqə xanım xatirələrində yazırdı. –Müdir və yazarı məndən başqa zövcim (ərim, Nəsib bəy nəzərdə tutulur-V.Q.) idi. İstanbuldan gəncəli Abdulla Sur (tələbə) yazırdı. Krım, Qafqaz və Şimal qadınlarından da dərdlərlə dolu məqalə və məktublar gəlir, basılırdı. Bir sənə davam etdi məcmuə. Lisanı “Tərcüman” lisanıydı”.
Qırxa yaxın sayı işıq üzü görən jurnalda Azərbaycanla bağlı məsələlər də mütəmadi diqqət mərkəzində saxlanmışdı. Məsələn, 1907-ci ilin dördüncü sayında Şəfiqə xanımın Gəncə təəssüratlarını əks etdirən məqaləsi çap olunmuşdu. Müəllif ötən il bir ay ərzində ərinin vətəni Gəncədə qalmağından bəhs edirdi. Milli zəmindəki qarşıdurma nəticəsində şəhərin yarısından çoxunun ermənilər tərəfindən yandırılıb-dağıdılmasından və talan edilməsindən ürək ağrısı ilə söz açılırdı. Amma Şəfiqə xanımın nəzərində bundan da böyük faciə avamlıq və cahilliyin tüğyan etməsi, təhsilin, xüsusən də qadın təhsilinin bərbad vəziyyətdə olması idi. Çünki yandırılan binaların yerində yeniləri tikiləcəkdi. Cahillik ortadan qaldırılmayınca isə insanlar öz vətənlərinin həqiqi sahibi ola bilməyəcəkdilər.
“Bakıda qadınlar cəmiyyəti” adlı başqa bir yazıda oxuyuruq: “Bu son vaxtda Bakıda müsəlman qadınlar “Elm və həyat” adlı bir cəmiyyət təşkil etmişlər. Məzkur cəmiyyət indən sonra qızlar arasında elm və maarifi yayacaqmış. Toplanan paraları Gəncədəki ac və fəqirlərə yollamışlar. Belə cəmiyyətlərin təşkili bizim müsəlman qadınların ağıl və zəkalarının işıqlandığını göstərir”.
İmzasız çap olunmuş məqalədə Bakıdakı qadınlarının xeyirxah təşəbbüsü digər müsəlmanlara da örnək göstərilirdi: “Belə bir cəmiyyət bütün Rusiya müslimələri arasında birinci olmaqdan başqa onun mislinin Türkiyədə də, Misirdə də, başqa müsəlman məmləkətlərində də bulunmadığı məlumdur. Bu kimi işlərə iqdam etmək üçün elm və maarif nuru ilə münəvvər olmaq və milliyyətçilik duyğularına sahiblənmək dəxi lazımdır”.
“Molla Nəsrəddin məcmuəsi” adlı başqa bir məqalədə (1906, N 35) isə bütün başqa məsələlərdə olduğu kimi qadın azadlığı mövzusunda da ən cəsarətli fikirlərin “Molla Nəsrəddin”də söyləndiyinə diqqət çəkilirdi: “Bu axır vaxtlarda mətbuatımızda biz biçarə qadınların halına və məişətinə dair az-çox məqalələr və mülahizələr gözə görünməkdədir. Bu xüsusda Tiflis şəhərində nəşr olunan “Molla Nəsrəddin” hər bir məsələdə məharət göstərdiyi kimi biz məzlumələrin məişətinə dair tərsim etdiyi lövhələrdə və yazdığı məqalələrdə də məsələyə ciddi nəzər ilə baxaraq qələmindən alimanə bir tərzdə istifadə edir”.
“Cəhrə xala” təxəllüsü ilə yazan müəllif daha sonra “Molla Nəsrəddin”in ayrı-ayrı saylarında qadınların vəziyyəti ilə bağlı məqalə və felyetonlara münasibətini bildirir. Həm də bu zaman jurnalın bədii üslubundan, satira və yumor ünsürlərindən məharətlə istifadə olunur. Qadın azadlığı barəsindəki bir sıra yazılar isə sadəcə Cəlil Məmmədquluzadənin nəşrindən iqtibas edilərək müəyyən ixtisarlarla “Aləmi-nisvan” jurnalında verilmişdir.
Rusiya türklərinin ilk qadın jurnalında Azərbaycan həyatının müxtəlif yönləri ilə işıqlandırılmasında şəksiz, Nəsib bəyin məsləhət və yardımları olmuşdur. Daha diqqətli müşahidə və araşdırmalar bu məqalələrin bəzilərinin bilavasitə onun zəhmətinin bəhrəsi olduğunu ortaya qoya bilər.
Fin qadınlarının parlamentə seçmək və seçilmək hüququ qazanmaları, Vıborq şəhərində mindən çox qadının iştirakı ilə mitinq keçirilməsi, ali təhsilli bolqar qadınlarının tədricən məktəblərdə aparıcı qüvvəyə çevrilmələri, Londonda ingilis qadınlarının seçki hüququ tələbi ilə Parlamentə doğru yürüş etmələri kimi xəbərlər “Aləmi-nisvan”ın siyasi məsələlərdən də kənardan qalmadığını göstərməkdədir. Təbii ki, jurnalın siyasi mündəricəsinin formalaşmasında da Nəsib bəyin xidməti və təsiri yox deyildi.
Sonralar onun hökumət başçısı olduğu dövrdə Azərbaycan Cümhuriyyəti dünyanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlarla kişilərlin hüququnu bərabərləşdirmiş, qadınlara seçmək və seçilmək hüququ vermişdi.
lll
1906-cı ildən əsasən Bağçasarayda yaşayan Nəsib bəy Yusifbəyli Krım tatarlarının ictimai və mədəni həyatında yaxından iştirak edirdi. Ona yerli əhali, xüsusən də gənclər arasında nüfuz qazandıran yalnız İsmayıl Qaspralı kimi hamı tərəfindən qəbul edilən bir şəxsiyyətin qohumu, kürəkəni olması deyildi. Burada qohumluq əlaqələrindən daha çox şəxsi amil-onun özünün açıqfikirliliyi, ağlı və cəsarəti həlledici rol oynayırdı.
Tədqiqatçılar bu məsələni ətraflı araşdırmasalar da, Nəsib bəyin Krıma, Bağçasaraya köçməsindən sonra “Tərcüman” qəzeti əslində onun, habelə Rüfət və Şəfiqə Qaspralıların, habelə ümumi rəhbərliyi altında çıxmağa başlamışdı. Övladlarının və kürəkəninin simasında qəzetçilik işinin layiqli davamçılarını görən İsmayıl Qaspralı bu dövrdə daha çox Rusiya müsəlmanlarının II və III qurultaylarının hazırlanıb keçirilməsi, “İttifaqi-müslimin” partiyasının yaradılması, Dövlət Dumasına seçkilər, “üsuli-cədid” məktəblərinin təşkili, “Kitab şirkətinin” təsisi və s. məsələlərlə məşğul olurdu. Nəsib bəy Yusifbəylinin “Tərcüman” səhifələrindəki çoxsaylı məqalələrinin toplanması və tədqiqi Azərbaycan Cümhuriyyəti qurucularından birinin indiyə qədər yetərincə araşdırılmamış bioqrafiyasının və ictimai-siyasi fəaliyyətinin daha əsaslı şəkildə öyrənilməsinə xidmət edə bilərdi.
Şəfiqə xanım xatirələrində birgə həyatlarının həmin dövründən bəhs edərək yazırdı: “1906-cı ildən Nəsib “Tərcüman” qəzetində çalışmağa başladı. Bu çalışma fasilələrlə 1912-ci ilə qədər davam etdi. Həmin dövrdə Gəncə bələdiyyə idarəsi məclisinin üzvü seçilməsi onun şəhərdən ayrılmasını mümkünsüz etmişdi. Yeni vəzifəsi ona ictimai və milli işlərdə daha çox çalışmaq fürsəti verirdi. Birinci Cahan hərbindən sonra yaranmış vəziyyət illərcə aparılan hazırlıq işlərinin, ümid və çalışmaların boşa getmədiyini göstərdi. Nəsib bəy 1917-ci il inqilabına qədərki bu illəri şəhər işləri, məktəb, kitabxana və s. arasında çalışmaqla keçirmişdi”.
Sonradan Gəncədə və Azərbaycan miqyasında həyata keçiriləcək işlərin binası isə Bağçasarayda qoyulmuşdu. Şəfiqə xanım 1954-cü ilin yanvarında yazdığı kiçik bir qeyddə göstərirdi ki, əri universitet təhsilinin başlanğıcında sosialist görüşlərinə daha böyük üstünlük verirdi. Hətta Odessadakı tələbə mitinqlərinin birində körpü üstündə dayanaraq inqilabi mahiyyətli nitq də söyləmişdi: “Əməlli-başlı solçu idi. Bağçasarayda atamın təsiri altında 2-3 il ərzində qatı bir millətçi oldu”.
Nəsib bəyin təşəbbüsü ilə 1906-cı ilin yayında çarın iradəsi ilə razılaşmayan Duma deputatlarının Peterburq yaxınlığındakı Vıborq şəhərində imzaladıqları və tarixə “Vıborq bəyannaməsi” adı ilə daxil olan sənəd gizli şəkildə “Tərcüman” mətbəəsində çap edilmiş və Krım əhalisi arasında yayılmışdı. Çox güman ki, Nəsib bəyi bu addımı atmağa vadar edən bir tərəfdən solçu görüşləri, o biri tərəfdən isə sənədə Duma deputatları olan həmvətənləri Ə.Topçubaşovla İ.Ziyadxanovun da qoşulmaları idi. Nəsib bəylə həmfikirlərinin polisin gözündən yayınaraq həyata keçirdikləri həmin təşəbbüs sonradan qəzetə qarşı müəyyən təqiblərə səbəb olsa da, nəticə etibarı ilə mütləqiyyətin yürütdüyü antimilli siyasətə etirazın forması kimi Dumanın Müsəlman fraksiyası üzvlərinin diqqətini çəkmişdi.
Krım tatarlarının Ankarada çıxan “Əməl” dərgisinin 1957-ci il sentyabr-dekabr saylarında Şəfiqə xanım “Nə şiş yandı, nə kabab” başlıqlı xatiratında Nəsib bəyin eserlərlə əməkdaşlıq şəraitində “Vıborq bəyannaməsi”ni çap edib yaymasının təfərrüatlı tarixçəsini açıqlamışdı.
Sosial-demokratların əksər nümayəndələri kimi azərbaycanlı gənc də başlanğıc mərhələdə ümumrus inqilabı ideyasına üstünlük verirdi. Zaman isə milli tələblərin ön plana çəkilməsini tələb edirdi. Başqa milli azlıqlarla müqayisədə hüquqları daha çox tapdanan türk-müsəlmanlar üçün isə bu ikiqat vacib idi.
Amma sosial-demokratiya ideyalarından milli mücadiləyə keçid prosesi asanlıqla baş verməmişdi. İsmayıl Qaspralıya böyük hörmət bəsləsə də Nəsib bəy ilkin mərhələdə öz fikirlərinin müdafiəsinə, baxışlarının əsaslandırılmasına çalışırdı. “Nəsib “Tərcüman” qəzetində çalışarkən atamla mübahisə edərdi.-deyə Şəfiqə xanım xatırlayırdı. –Atamdan fərqli görüqşləri vardı. Aralarında fikir ayrılıqları olurdu. Lakin bu yalnız bir-iki il çəkdi. Sonradan tamamilə birləşdilər. Bir dəfə Gəncədən döndüyündə hətta özü də “Artıq ağlım başıma gəldi” – demişdi”.
Gələcək baş nazirin liderlik xüsusiyyətlərinin meydana çıxmasında içərisində yetişdiyi Krım-Bağçasaray mühitinin mühüm polu olmuşdu. Bu proseslə bağlı səhih məlumatı da Şəfiqə xanımın xatirələrindən öyrənmək mümkündür. O, yazırdı: “Bağçasarayın gənc münəvvərləri və yarımünəvvər gəncləri ilə Nəsib çox tez tanış oldu, birləşdi. Təbii ki, özünü onlara sevdirmişdi. Teatra maraq burada da özünü göstərdi. Nəsib bir truppa təşkil edərək müsamirə və tamaşalar verməyə başladı. Bəzi gənclərin sağa, yaxud sola meyllənmələrini Nəsib məharətlə yoluna qoyurdu. Beynəlmiləlçilikdən bəhs açanları milliyyətçilik yoluna çəkməkdə tərəddüd göstərmirdi. Atamla birlikdə qəhvəxanalara, toylara, cəmiyyət toplantılarına gedir, musiqimizdən, oyunlarımızdan çox xoşlanırdı. Bir çox toylarda “toy ağası” seçilir və səhərə qədər məclisi idarə edirdi”.
Krım-tatar gəncliyinin Nəsib bəy Yusifbəyliyə böyük etimadı və sevgisi haqqında başqa bir etibarlı qaynaqdan-Krım milli hərəkatının liderlərindən olan Cəfər Seyidəhməd Krımərin xatirələrindən də məlumat almaq mümkündür.
1909-cu ildə Krım-tatar icmasının dəvəti ilə İstambula gedən İsmayıl Qaspralı bu səfərə kürəkəni Nəsib bəylə birlikdə yollanmışdı. Onlar Osmanlı paytaxtında çoxsaylı siyasi və mədəni-ictimai tədbirlərə qatılmışdılar. Üzv yazıldıqları “Türk dərnəyi”nin toplantısında iştirak etmişdilər. Maraqlı, həyəcanlı görüşlərdən biri isə İstanbulda təhsil alan Krım-tatar gəncliyi ilə olmuşdu.
“Bizim İsmayıl bəylə dərdləşməyimiz Mahmudpaşadakı Sühulet otelinin böyük bir zalında baş tutmuşdu, – deyə həmin dövrdə özü də tələbə olan Cəfər Seyidəhməd yazırdı. – Cəmiyyətimizin mühüm əzaları orada toplaşmış, soracağımız sualları öncədən qərarlaşdırmışdıq. İsmayıl bəylə birlikdə Yusif bəy Akçura və İsmayıl bəyin damadı, azərbaycanlı Nəsib bəy Yusifbəyli də gəlmişdilər”.
Artıq oyanmaqda olan türk dünyasının iki ünlü siması ilə müqayisədə Nəsib bəy gənclərə daha maraqlı və cəlbedici görünmüşdü. Bu məqama diqqəti çəkən Cəfər Seyidəhməd yazırdı: “Biz bu toplantıda Nəsib bəylə anlaşmış və ona candan bağlanmışdıq. İsmayıl bəy ciddi, mübahisə qəbul etməyən bir əda ilə bizə elmə sahib olmağı tövsiyə edir, elmi və siyasi əndişələrimizə cavab verməyə isə lüzum belə görmürdü. Yusif bəy də təxminən eyni fikirləri müdafiə edirdi. Nəsib bəy isə biz gənclərdə gördüyü imandan, fədakarlıq hisslərimizdən, xüsusən də inqilab atəşində yanmağımızdan, bütün əməllərimizi xalqımızı xilas etməyə və onun adını ucaltmağa səfərbər etməyimizdən çox sevindiyini söylədi və tutduğumuz yola sadiq qalaraq bu əməl uğrunda hazırlanmağa təşviq etdi. Nəsib bəy hər şeydən ziyadə xarakterimizin sağlam, doğru, ciddi olmasına diqqət yetirməyimizi hərarətlə tövsiyə elədi. Nəsib bəyin sözləri bizi o qədər təsiri altına almışdı ki, hətta İsmayıl bəyə olan hörmətimizi də yaddan çıxararaq Nəsib bəyi ürəkdən alqışlamışdıq. Biz ruhən Nəsib bəyə bağlanmışdıq”.
1908-ci ildə Nəsib bəy və Şəfiqə xanımın fəal iştirakı ilə “Tərcüman” qəzetinin 25 illiyi qeyd edilmişdi. Bu münasibətlə Azərbaycan mətbuatında yubiley məqalələri çap olunmuş, Bakı, Gəncə, Şəki və digər şəhərlərdən çoxsaylı təbrik teleqramları göndərilmişdi.
N.Yusifbəylinin, bir müddət sonra isə Y.V.Çəmənzəminlinin Krım və Azərbaycan türkləri arasında qurduğu əlaqələr hər iki xalqın öz milli müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizəyə qalxdığı 1918-ci ildə daha geniş vüsət almışdı.
lll
Əvvəldə də qeyd olunduğu kimi, 1906-1911-ci illərdə əsasən Bağçasarayda yaşamasına və qəzetçilik fəaliyyəti ilə məşğul olmasına baxmayaraq Nəsib bəy Azərbaycanla, ilk növbədə Gəncə ilə əlaqələrini heç zaman üzməmişdi. Əksinə, Krımda və Türkiyədə yaratdığı münasibətlərdən vətəninin xeyrinə yararlanmağa çalışmışdı. Gənc ailə ilin bir neçə ayını Azərbaycanda keçirirdi.
“Nəsib universitetdə ikən Gəncədəki “Mədrəseyi-ruhaniyyə” ətrafında böyük fəaliyyətə girişdi, – deyə Şəfiqə xanım xatirələrində ərinin doğma vətənində gördüyü və görmək istədiyi işlərdən bəhs etmişdi. – Mədrəsənin islahı məsələsini öz əlinə aldı. Axund mərhum Mirzə Ağası və Mirzə Məhəmməd Pişnamazzadə ilə birlikdə xeyli işlər gördülər. İlk olaraq Türkiyədən müəllim cəlb olundu. Bu işdə tale Nəsibə yar oldu. Odessada onun önünə Akif bəyi çıxardı. Sonralar yenə Akif bəy kimi Əbdülhəmid rejiminin təqiblərindən qaçaraq Türkiyəni tərk edənlərdən Faiq, Riza və Zəki bəylər meydana çıxdılar. Beləliklə, müəllim məsələsi qismən həll olundu. Həmin türklərə İran pasportları alındı, onlar rəsmən mədrəsədə çalışmağa başladılar. Nəsib bəy özü də mədrəsədə fasilələrlə bir il rus dili müəllimliyi etdi. Tədris kitabları Türkiyədən gətirilirdi”.
Həyatının Bağçasaray-Gəncə dönəmində Nəsib bəyin doğma şəhəri üçün gördüyü digər mühüm iş 1907-ci ildə ilk növbədə milli və siyasi biliklərin yayılmasına xidmət edən kitab dükanının açılması idi. Şəfiqə xanımın da yazdığı kimi, bu dükan “bir fikir yayımı ocağı, bir təşkilat mərkəzi idi. Hər gün Gəncənin münəvvər gəncləri dükanı ziyarət edirdi. Bura tədricən siyasi klub halını alırdı. Nəsib bu vəziyyətdən çox məmnun idi. İdarəçilik işləri böyük qardaşının əlində olsa da, özü də imkan tapan kimi dükana baş çəkirdi. Bu arada gənclik Nəsibin ətrafında daha sıx birləşir, toplantılart dükandan evlərə köçür, Türk Adəmi-Mərkəziyyət Xalq Firqəsi yaratmaq fikri təşəkkül tapmağa başlayırdı”.
Artıq iki uşaq anası olmasına, ailə qayğıları ilə yüklənməsinə baxmayaraq Şəfiqə xanım ərinin və dostlarının Gəncədəki maarifçilik fəaliyyətindən kənarda qalmamağa çalışırdı. 1954-cü ildə qələmə alınmış və daha geniş xatirələr üçün eskiz təsiri bağışlayan qısa qeydləri də bunu göstərməkdədir: “Gəncədə gizli toplantılar. Evimizdə iki dəfə axtarış. Hökumət qərarlarını “içəridən” əvvəlcədən öyrənirdik. Nəsib olmayanda işləri mən idarə edirdim”.
Daim ciddi konspirasiya tədbirləri görülsə də polis Yusifbəyli qardaşlarının izinə düşə bilmişdi. Nəticədə Nəsib bəyin xatirələrdə adı çəkilməyən böyük qardaşı göz altına alınaraq sürgün edilmişdi. Bir müddət Bağçasaray və İstanbulda yaşamağa məcbur olmuşdu. Yalnız 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə ümumi əfv elan edildikdən sonra vətənə qayıda bilmişdi.
Şəfiqə xanım 26-27 yaşlarında artıq təkcə Qaspralılar deyil, Yusifbəylilər ailəsinin də bir sıra ağırlıqlarını öz üzərinə götürmüşdü. Lakin qayğı və çətinlikləri çox olsa da yenə özünü xoşbəxt sayırdı. 1908-ci ildə anasının adını verdiyi qızı Zöhrə, bir il sonra oğlu Niyazi dünyaya gəlmişdi. Əri Nəsib bəy nisbətən gənc olsa da, millətinin öncüllərindən sayılırdı. Məşhur ifadədə deyildiyi kimi, yeganə qayğıları sanki yaşamaq və sevinmək idi.
lll
Gənc ailənin başı üzərindəki buludlar 1912-ci ildə qatılaşmağa başladı. Həmin ilin başlanğıcında Nəsib bəy vətənində ictimai-siyasi fəaliyyəti üçün daha böyük zərurət və imkan yarandığını görüb Gəncəyə dönmüşdü. Şəhər bələdiyyəsinin məclis üzvü kimi çalışır, eyni zamanda mütərəqqi qüvvələrlə sıx əlaqədə milli mübarizəyə öz töhfələrini vermək üçün əlindən gələni edirdi.
Şəfiqə xanım da hər zaman olduğu kimi əri ilə birlikdə idi. Doğrudur, ürəyinin yarısı Krımda, atasının yanında qalmışdı. İsmayıl bəy xəstəydi. Qayğıya, diqqətə həmişəkindən daha çox ehtiyacı vardı. Sevimli qızının onunla birlikdə olması çox müşküllərini asanlaşdıra bilərdi. Amma gənclərin biri-birindən ayrı düşməsini istəmirdi. Heç nəyə baxmadan həmişəki kimi işinin başında idi. Yeni planlarla yaşayırdı. Nəsib bəyə 14 sentyabr 1912-ci il tarixli məktubunda gələn ildən etibarən “Tərcüman”ı gündəlik qəzetə çevirmək niyyətindən söz açırdı. Kürəkəninə sayğı və ehtiramını bildirirdi.
Zərbə isə həmişə olduğu kimi gözlənilməyən yerdən dəydi. Nəsib bəyin ailə xəyanəti üzə çıxdı. Sən demə, Gəncə ilə Bağçasaray arasında gedib-gəldiyi dövrdə doğma şəhərində Eynülhəyat xanım adlı gənc, gözəl və ziyalı bir qadınla imam nikahı əsasında yaşayırmış. Həmin qadını Şəfiqə xanım da tanıyır, hətta dostluq edirdi. Bəlkə də dövrün və şəriətin tələbləri baxımından bu elə də böyük qəbahət sayılmırdı. Bəlkə də İsmayıl Qaspralının ailəsində böyümüş Şəfiqə xanımın yerinə başqa qadın olsaydı “kişilərin ipinin üstünə odun yığmaq müşkül məsələdir” – deyib minlərlə fəlakətzadə bacıları kimi ərinin bu əməlinə göz yumardı.
Lakin Şəfiqə xanım Nəsib bəyi nə qədər çox sevsə də, onun əksər kişilərə xas zəifliyinin bağışlamaq niyyətində deyildi. Bu təkcə heysiyyətinə, izzəti-nəfsinə yox, altı illik birgə həyatlarının bütün məqsədinə, məramına vurulan ağır zərbə idi. Hadisədən xəbər tutduğu ilk gündən qəti qərara gəlmişdi: belə yaşamayacaq. Eyni zamanda atasına heç nəyi açıb-ağartmayacaq, onun dərdinin üstünə əlavə dərd gətirməyəcək. Odur ki, İsmayıl bəyi Bağçasaraya dönəcəyi ilə bağlı əvvəlcədən hazırlamağa başlamışdı. Bəhanə ailə münasibətlərinin özü qədər qədim idi: qaynanası onu yola vermir, ona görə də ata evinə qayıtması istisna edilməməlidir.
Əvvəlcə uşaqları Bağçasaraya göndərmişdi. Vəziyyətin ciddiliyindən xəbəri olmayan İsmayıl bəy buna yalnız sevinmişdi. Sevinc hissi qızına göndərdiyi məktubdan da sezilir: “Cocuqlar təsəvvür edə bilməyəcəyin dərəcədə sağlam və nəşəlidirlər. Hər səhər otağıma gəlib aləmi qarışdırırlar. Onları qovana qədər oturub işləməyimə imkan vermirlər. Niyazi günortalar iki saat yatır. Zöhrə isə heç uyumur”. Məktubun sonunda İsmayıl bəy “Cadu qarıya salamlar!” – deyə zarafatından da qalmır, qaynana-gəlin münasibətlərinin düzələcəyinə ümidini itirmirdi. Amma məsələ onun düşündüyü dərəcədə sadə deyildi.
1912-ci ilin sonunda Şəfiqə xanım həmişəlik Krıma döndü. Keçirdiyi sarsıntılar boşuna keçməmişdi. Həm fiziki, həm də mənəvi cəhətdən üzgün vəziyyətə düşmüşdü. İlk əlamətləri özünü hələ 1910-cu ilin yayında, Hacıkənddə göstərən xəstəliyi daha da şiddətlənmişdi. Dəfələrlə kumısla müalicə almaq üçün Rusiyanın daxili quberniyalarına, Saratova və Aksyonovkaya getmişdi. Xəstə atası, körpə övladları ona iradəsini ələ almağa yardımçı olmuşdu.
İsmayıl Qaspralıya gəldikdə isə deyəsən, həyatının sonuna qədər qızının ailə dramından, qəlbində yaşanan sarsıntılardan tam xəbərdar olmamışdı. Nəsib bəylə Şəfiqə xanım rəsmən boşanmadıqlarından bəlkə də bütün olub-keçənləri ər-arvad arasındakı müvəqqəti anlaşılmazlıq kimi dəyərləndirmişdi.
Qaynatasının ölüm ayağında olduğunu eşidən Nəsib bəy isə xanımım ata yurdunda necə soyuq, bəlkə də etinasız və laqeydliklə dolu münasibətlə qarşılanacağının fərqinə varmadan özünü Bağçasaraya çatdırmışdı. Oğulları ilə birlikdə həyatının son günlərini yaşayan İsmayıl bəyin yatağı başında dayanmışdı. Və görünür, Şəfiqə xanımın nəzərində olmasa da, qaynatasının nəzərində əvvəlki ehtiram və etimadı bərpa edə bilmişdi. 1914-cü il sentyabrın 11-də həyata gözlərini yuman İsmayıl bəy son vəsiyyətində “Tərcümana” sahiblik hüququnu övladlarına və damadına verdiyini bildirmişdi.
İsmayıl Qaspralının dəfn mərasimi zamanı çəkilmiş bir neçə foto-şəkil var. Bu şəkillərdən biri xüsusi ilə diqqəti cəlb edir. Üzərinə əklillər qalaqlanmış məzarın baş tərəfində Nəsib bəy Yusifbəyli, ayaq tərəfində isə Rüfət Qaspralı çömələrək oturublar. Arxada tərəfdə geyim və görkəmlərindən Krımın mötəbər adamları olduqları hiss edilən bir qrup şəxs dayanmışdır. Bu şəkil Nəsib bəyin ailə ierarxiyasında hələ də öz mövqeyini saxladığının daha bir sübutudur.
Lakin nə İsmayıl bəyin vəsiyyəti, nə də Qaspralılar ailəsinin ehtiramı onunla Şəfiqə xanımın münasibətlərində ciddi bir dəyişiklik yarada bildi. Bəzən böyük kədər insanlara keçmişi, aralarındakı nifaq və münaqişəni unutdursa da, bu dəfə belə olmadı. Nəsib bəy Gəncəyə tək dönməli oldu. Bütün təkidlərə baxmayaraq Şəfiqə xanım fikrindən daşınmamışdı. Hətta neçə ildən bəri fəxrlə daşıdığı “Yusifbəyova” soyadından da imtina etmişdi.
(Ardı gələn
şənbə sayımızda)
Vilayət QULİYEV
525-ci qəzet.- 2010.- 18 dekabr.-
S.24-25.