"Madonna qar üstündə" qalıb...

 

Lap “Ağ gəmi” hekayətinin başlanğıcında olduğu kimi: onun çoxlu nağılı var, biri özünündü- bundan heç kimin xəbəri yoxdu, o biriləri isə özü yaradıb. Sonradan bütün nağıllar əfsanəyə çevrildi. Elə söhbət də bu haqdadır...

...Göy siçan, mənə söz ver! Söz ver ki, bu böyük dumandan çıxım, çıxa bilim. Söz ver ki, bu böyük susuzluq içimi qovurmasın, söz ver ki, bu böyük dumanın adını deyə bilim...

Mən o dumana ilk düşəndə yəqin elə o böyük okeanda özünü tapan balaca Kirisk boydaydım. Dünyanın böyüklüyü mənim üçün oxuduğum kitabların sayından asılı idi. İlk dəfə onda Ağ Gəmilərin varlığı ilə qarşılaşdım-elə bildim nağıldı. ilk dəfə onda Əmrayın ulduzunu gördüm, elə bildim balaca, mənim boyda bir uşağın ölmək bilməyən ümididi.

Mən onu çox sonralar, bilmirəm neçənci oxunuşdan sonra başa düşməyə başladım. Hələ də sona qədər başa düşmüş deyiləm.

Başa düşdüm ki, şəkillərində gülümsəyərək obyektivə baxan yazıçı haqqında papa bir zamanlar, mənə onun kitablarını oxumağa verəndə elə-belə, sadəcə məni maraqlandırmaq üçün demirdi ki, “böyük yazıçıdı.” Mən çox sonralar başa düşdüm ki, böyük yazıçı olmaq üçün hekayələrinin qəhrəmanlarının adları həmişə xarici adlar olmalı deyil. Mən hələ indicə başa düşdüm ki, əslində Nobel o qədər də önəmli deyil.

Əsas odu ki, özünə qədərki bütün əsatir, əfsanə, mifləri toplaya biləsən, sanki onlar ovcunun içində imiş və sən də əkməyə sağlam dən seçirmiş kimi onları seçib, ən gözəllərini üzə çıxarda biləsən.

O bunu bacardı. Bütün bildikləri ilə o əfsanələri sintez edərək böyüklər üçün ən gözəl nağılları yarada bilirdi. Ona görə böyüklər üçün ki, qəhrəmanlar bəzən uşaqlar belə olsa o kədərin ağırlığını balacalar qaldıra bilməzlər. Elə buna görə də uşaqlıqda oxuduğum kitabların içində ən çox sevdiyim və ən çox yadımda qalan onun bu kitabıdır: “Ağ gəmi”- kiril əlifbası, solğun səhifələri və maraqlı arxaik ətri ilə o kitab hələ də hardasa qabağıma çıxanda sadəcə donub baxa-baxa qalıram. Bir şeylər xatırlayıram, o vaxtlardan, ancaq o dəqiqə də özüm istəmədən unuduram.

1986-cı ildə onu Uşaq Gülüş ordeni ilə təltif etmişdilər – bu gülümsəyən günəş şəkilli ordenin əsl özəlliyi burasındadı ki, onun kimə veriləcəyini uşaqlar özləri seçirdilər. Bilmirəm, o hansı “uşaqlar”dı- bəlkə də ordenin verilmə səbəbi o vaxtkı siyasi oyunlardı, bəl kə də elə deyil. Ancaq mən əminəm ki, uşaq yaşında onu oxuyanlar və onun uşaq qəhrəmanlarında özlərini görənlər olub.

Onun uşaq qəhrəmanları öz nağıl-həqiqətləri olan, öz dünyaları və inamları olan, təmiz qəlbli, ağlamağı sevməyən, ancaq kövrək və inamları ilə özlərinə belə qalib gələn balaca insanlardılar. O uşaqlar inandıqları nağılları həyata keçirəcək qədər inamlı olurdular. Ən çox da o balaca insanları buna görə sevirdim.

İndi düşünürəm ki, Tanrı ona Yerdə ola-ola Göydən, yuxarıdan, kosmosdan baxma bacarığı vermişdi, sanki Tanrı gözlərini ona vermişdi: tatar yazıçısı Ravil Buxarayev onun haqqında əsassız halda demirdi ki, onun sahibi olduğu mülk onun özünün də içində olduğu dünyadır- orda qırğız dağlarının mifologiyası, folkloru və bir də .. kosmos var. Həqiqətən də 300 səhifəlik romanlarla oxucu könlünə yol tapa bilməyən yazıçılar qarşısında böyük bir təvazökarlıqla 90 səhifəlik povestinə bütün dünyanı sanki kağız arasına bükür, hələ üstünün ədvasını- soğanını, istiotunu, duzunu da unutmur. Bir sözlə bu yaşıma qədər tanıdığım ən məharətli aşbazdır. Onun hazırladığı yeməklər insanda elə toxluq yaradır ki, bir də həftələrlə heç kimi və heç nəyi oxumaq istəmirsən, çünki içində onu oxuyandan sonra baş qaldıran yanğın ondan sonra təqdim olunan hər şeyi yandırıb külə döndərir.

Onun yaratdığı sürətlər insanların yaddaşında elə bir iz qoyub ki, hələ də onu bircə dəfə oxuyanlar bu təsirdən çıxa bilmirlər.

...O gün o yeni bir söz, yeni bir obraz, yeni fəlsəfə, yeni düşüncə yaratmaq üçün gəzməyə çıxmışdı. Yəqin əynində ağappaq bir flaş vardı və gözləri parkın plitələrinin arasında gəzən qarışqaların hərəkət sürətini tutur, beyni onların yaşam hekayəsinin xəritəsini cızırdı. O gün təsadüfən onun yanında keçən xanımlardan biri, birdən böyük yazıçını görüb dayanır, sürətlə ona yaxınlaşaraq sakitcə onun qulağına iki kəlmə pıçıldayaraq, sürətlə də keçib gedir...

Onda Çingiz Aytmatov dayanaraq bir neçə dəqiqə o qadının arxası ilə baxa-baxa qalmışı. Çünki hər yazıçıya özü yaratdığı qəhrəmanı canlı olaraq qarşısında görmək nəsib olmur. “Mən Akbarayam” demişdi qadın və getmişdi- onun “Qiyamət” və ya “Edam kötüyü” romanın baş qəhrəmanı olan dişi canavar.

İxtisasça zooloq olması belə onun romanındakı canavarların həyatını belə dəhşətli dərəcədə dəqiq yazmasına bəraət vermir- onu bir öncəki həyatında canavar olduğunu iddia edənlər var və hətta özü də bunun həqiqət ola biləcəyini inkar etmir.

Dünyada Qırğızıstanın mənəvi vizit kartı kimi tanınan Çingiz Aytmatov əslində Tanrının yerə enişlərinin bir ilahi sübutudu. Onu oxuduqca hiss edirsən ki, Tanrı var və hətta nəinki təkcə varlığı, qanunları, savabı, günahı- hətta onun yazan əli, danışan dili və düşünən beyni də var. Və ən əsası, 2008-ci ilin mart ayında heç bir səbəb olmadan Qırğızıstanın Avropa ölkələrində səfiri postundan alınmasına baxmayaraq, onu məhz bu postdan hələ inanmıram ki, ala bilən olsun. Yox- gözəl, səliqəli, dəqiq, geniş, möhtəşəm olan bir çox yazarlar onunla eyni zamanda yaşayıb, dünyaya adını onunla yanaşı diqtə ediblər- ancaq onun kimi yazılarından məhz Tanrının baxdığı yazar yoxdu. O həyatı insan gözü ilə yox, ilahi bir baxışla və vəhylə yazırdı. Müsahibəsində dediyi bu cümlə onu artıq ələ verir: “Mən ümumiyyətlə həyatı faciə kimi dərk edirəm.”

Həyatı ümumilikdə- bütün sevincləri və kədərləri ilə birgə faciə kimi anlayan, başa düşən bir adam sizcə bizim kimi bütün günü şənlənməyə bəhanə axtaran adamlarla eyni təfəkkürlə düşünürmü? Məncə yox.

Hələ üstəlik, təvazökarlığı və sadəliyi ilə həmişə məni heyrətə salan, Avropanın bir çox dillərinə tərcümə olunan, Nobelə namizəd olan yazıçının dediklərinə baxın ( ay yazdıqlarına ölümündən sonra qiymət veriləcəyini iddia edən yazarlar, gözünüzə su verin ): “Mən həm dostlarımın həm də oxucuların fikri ilə çox maraqlanıram, onlardan həmişə soruşuram- “bu maraqlıdırmı?”

Fransız yazıçı və şair Lui Araqon onun “Cəmilə” hekayəsini ən gözəl sevgi hekayəti adlandırıb. Niyə? Bilmək istəyənlər sadəcə oxusunlar, kifayətdi.

...Sən, Aqukuk, sən, sən də yol göstər. Bayquşların ən iti gözlüsü, uçub keç başımın üstündən, materikdən adaya, adadan materikə, fərq etməz, əsas odu ki, bir quru yer tapaq, bir torpaq tapaq. Görmürsənmi, Luvr ördəyi yorulub yenə, yenə yuva salmağa bu gen dünyada yer tapmır, yenə yumurtasını qoymağa quru yoxdu. Yenə də istədiyimi deyə bilmirəm. Bax sözüm bitib. Elə bil manqurt olmuşam, onun digər romanlarını, hekayətlərini unutmuşam. Danışa bilmirəm...

Manqurt demişkən- ilk dəfə Çingiz Aytmatovun işlətdiyi bu söz bütün dünyada indi yaddaşını, özünü, mənəviyyatını itirmiş, ya da qəsdən itirməyə məhkum edilmiş adamlar haqqında deyilir. Maraqlıdı, qloballaşmağa doğru gedən dünyada, özü də kosmopolit olduğunu etiraf edə-edə Çingiz Aytmatov Manqurtdan yazırdı!

Mən manqurt sözünü tamam başqa mənada başa düşürəm- elə bil manqurt əslində nələrisə unutmuş sadə adam deyil, elə bil manqurt dedikdə o ümumilikdə Bəşərdən danışırdı- hardan gəldiyini, necə gəldiyini, niyə gəldiyini,kim olduğunu bilməyən Adəm və onun hələ də bu sualların cavabını tapa bilməyən, əvəzində başqa kəşflər və ixtiralar tapan övladları.

İndi Çingiz Aytmatovun ad günündən düz altı gün keçir. Yaşasaydı, 82 yaşında canlı əfsanə idi.

Onun yaradıcılığını şərti olaraq üç dövrə bölmək olar. İlk əsərləri ilə sanki Pamir və Tyan-Şanın zirvələrindən kiçik vətəninə bir nəzər atır: “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Ana tarla”, “Əlvida gülsarı”, “Ağ gəmi”. Sonra coğrafiya böyüyür- Rusiya, Qazaxıstan: “Dəniz kənarıyla qaçan alabaş” “Əsrdən uzun gün”, “Edam kötüyü”. Son romanlarında isə o artıq hardansa, qeyri müəyyən bir yerdən, bizim anlayacağımız qədərilə kosmosdan baxır: realist yazıçının əsərlərinə fantastika gəlir.

O çox yavaş-yavaş böyüdü: kiçik hekayətlərdən romanlara, milliyətdən bəşəriyyətrə, yavaş-yavaş, pillə-pillə yüksəldi. Onun sonuncu əsərlərinin qəhrəmanları artıq bəşər övladları idi. Səbəbi?

“Bütün humanist dəyərlər böhran yaşayır. Eşitmişəm ki, detektiv romanlar yazarı bir qadın hansısa bir “Cek-patraşitel” romanına görə 9 milyon dollar avans alır – bax, budur bizim zamanın həqiqəti. İndi artıq ilahiyyat da sərtləşib. Ruhani baxışların krizisi – mənim üçün fərq etməz islam, xristianlıq və ya başqası- artıq başlayıb. Mən buna keçən il əmin oldum. Bir kənddə İslamdan başqa dinə keçmiş adamı qəbiristanlığa aparırdılar və qəzəbli müsəlmanlar ölünü aparan karvanın yolunu kəsdi. Ölünü yüzlərlə kilometr aralı aparmalı oldular. Əgər biz qəbiristanlığın qapısında da bir-birimizə yol vemiriksə, daha həyatdan nə danışaq ki?”

Bax, bu yerdə nədənsə onun “Köçəri quşun göz yaşları” hekayəsinin sonu düşdü yadıma, son cümlələr: “Allah saxlasın sizi, ey insanlar, insan olmayanların bəlasından- sönməyən yanğınlardan, qarşısıalınmazların qanlı davasından, düzəlməyən işlərdən, Allah qorusun sizi, ey insanlar, insan olmayanların bəlasından...”

Və sonda: Salam, ustad. Sənə çox uzaqdan yazıram – o qədər uzaqdan ki, heç bu sözlərin sənə yetişib-yetişməyəcəyini belə bilmirəm. Bəlkə də o qədər uzaq deyilsən, ancaq bizim məntiqimiz hələ ki belə işləyir. Hələ ki səni belə xatırlaya bilirik, hələ ki biz insanlar ətrafımızdakı hər şeyi illərə, aylara, günlərə bölə bilirik – əlimizdən başqa heç nə gəlmir.

Ən çox maraqlandığım sual: Orda da yazırsanmı?

Neçə ildi papa məndən sənin “Madonna qar üstündə” əsərini soruşur: axtarırdım, axtarırdım, tapa bilmirdim. Dünən müsahibələrinin birində gördüm, demisən ki, o povesti tamamlamamış bir hissəsini dərc etdirməyin uğursuzluq gətirib, ardını yaza bilməmisən. Yazırsansa, o hekayəti tamamla. Nəinki papam, heç kim onu oxuya bilməsə də, mən inanıram ki, ən azından bunu hiss edəcəyik: Müqəddəs Ana hələ də, özün dediyin kimi, qarın üstündə qalıb və ona soyuqdu...

 

Zərdüşt ŞƏFİ

525-ci qəzet.- 2010.- 18 edekabr.- S.23.