Zaman onu tanıyır

ŞAİR VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİLƏ BAĞLI TƏƏSSÜRAT

 

Peşəm can hərləmək, boş xəlbirəm ki,

Dəftərim, qələmim, dilim-Allahın...

Sözlərdən nərdivan düzəldirəm ki,

Yetsin ətəyinə əlim Allahın –

Mən belə yazıram şeirlərimi.

Vaqif Bəhmənli

“Həmişə, hər yerdə heyranlıq yaradan gözəl insan” (Vidadi Xəlilli, professor); “Son dərəcə səmimi, duru insan” (Nahid Hacızadə, yazıçı-publisist, dramaturq), hamı üçün istəkli insan və şair – Oqtay Rza, son zamanlar atributuna çevrilən, içi həmişə müxtəlif yazılar və kitablarla dolu olan qara çantası ilə Salyanda, Heydər Əliyev parkında təyin etdiyimiz görüş yerinə çatar-çatmaz, uzaqdan özünəməxsus pafosla məni səslədi:

– Qulam müəllim, kömək elə, yüküm ağırdır.

Mən dərhal yerimdən qalxıb ona tərəf yeridim. Görüşməzdən əvvəl uşaq kimi (75 yaşı olmasına baxmayaraq) sevinə-sevinə:

– Vaqif Bəhmən (o, adəti üzrə soy sonluğunun son hecasını demədi) sənə kitablar göndərib.

Sonra Oqtay Rza sanki öz kitablarını təqdim edirmiş kimi Vaqif Bəhmənlinin kitablarını mənə verdi...

Məsələ burasında idi ki, mən Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında III kurs tələbələrinə “Müasir ədəbi proses” kursunu tədris edirəm. Ona görə də Oqtay Rzadan xahiş etmişdim ki, Bakıda olarkən müasir ədəbiyyatımızın tanınmış nümayəndələrinin əsərlərini mümkün olarsa, müəlliflərdən alıb gətirsin ki, seminar məşğələlərində tələbələrə tədris edim. Oqtay müəllim Vaqif Bəhmənlinin kitablarını məhz bu səbəbdən gətirmişdi.

Onu da deyim ki, Vaqif Bəhmənlinin kitabları gəlib çatana qədər Oqtay müəllim xasiyyətinə xas olan səmimiliklə ayrı-ayrı yazıçılarla görüşmüş, Aqil Abbasın, Əjdər Olun, Rəşad Məcidin, Vaqif Yusiflinin, Elçin Hüseynbəylinin, Çingiz Abdullayevin kitablarını gətirmişdi, mən də öz növbəmdə oxuyub fikirlərini bildirmək üçün həmin kitabları tələbələrə paylamışdım.

Lakin Vaqif Bəhmənli məsələyə bir qədər də ciddi yanaşaraq ürək genişliyi ilə “Poeziya” adlanan üçcildliyini, “Səndən özgə” və “Can dəftəri” şeir və poemalardan ibarət olan kitablarını göndərmiş, hələ tanış olmadığı rayon müəllifi üçün avtoqraf da yazmışdı. Ürəyimdə minnətdarlıq hissi və doyumsuz bir oxucu marağı ilə kitabları nəzərdən keçirirəm. Dedim axı, Vaqif Bəhmənli ilə, bu həqiqətən də qüdrətli şairlə çəxsən tanış deyiləm. Üçcildlikdən doğma, xeyirxah bir üz, mərhəmətlə işıq saçan şair gözləri mənə baxır. Özüm də təəcüblənirəm: bu çağa qədər hələ heç görmədiyim üzü haradan tanıyıram. Axı, Vaqif Bəhmənli imkanı ola-ola, səhər-axşam telekanallardakı verilişlərə can atan şairlərdən deyil. Bəs haradan tanıyıram bu simanı? Sualıma və təəccübümə özüm cavab tapıram: əsl şairin, lirik şairin, duyğusal insanın üzü elə belə də olmalıdır. Vaqif Bəhmənlinin üzü mənə xəyallarımdan tanışdır.

Bir anlığa indicə kitabları mənə verən, bir addımlığımda dayanmış Oqtay Rzanı unudub, Qulu Ağsəsin “Poeziya” üçcildliyinə yazdığı ön sözü gözlərimlə su kimi içirəm:

“Vaqif Bəhmənli ÜZÜNDƏN OXUNAN şairdir. Üzündən oxunur onun şairliyi. Hansı şeirini axtarsan üzündə taparsan. Bu üzdə nəniki Bəhmənlinin şeirləri, hətta mənim bu şeirlər haqda fikirlərim də yazılıb. Qısası-kəsəsi, mən bu sətirləri özüm yazmıram, Vaqif Bəhmənlinin ÜZÜNDƏN KÖÇÜRÜRƏM”.

Vaqif Bəhmənliyə xəyalən, Oqtay Rzaya real olaraq minnətdarlığımı bildirib, kitabları əziz bir yadigar kimi çantama qoyuram.

* * *

Ertəsi gün kitabları tələbələrə paylayıb tapşırdım ki, növbəti seminar üçün hər kəs ürəyinə yaxın şeiri əzbərləsin. Adətən seminarlarda həvəssiz olan tələbələr bu dəfə əzbərlədikləri şeirləri söyləmək üçün bir-birinə macal vermirdilər. Seminar bir növ elan olunmamış müsabiqəyə çevrilmişdi. Məşğələnin qurtardığını bildirən zəng vurulduqdan sonra növbə mənə də çatır. Mən də öz payımı oxuyuram! Lakin bütöv şeir yox, seçmələr oxuyuram. Təsəvvür edin, içindən aşağıdakı misraları seçdiyim “Sənsiz keçən gecələr”, “İki pəri”, “Qapımı döy” şeirlərini Vaqif Bəhmənli 18-20 yaşlarında olarkən yazıb. Bu şeirlər ruhla, həyatla, sevgi ilə doludur.

Tək-tənhayam otaqda,

İsinmir yer-yataq da...

Bu görkəmdə məni bir

Qəm Allahı seçələr –

Sənsiz keçən gecələr...

(“Sənsiz keçən gecələr”)

Yer də yoxdur durmağa,

Titrədi, dizim əsdi.

Dədəmə od vurmağa

Bunun biri də bəsdi –

İkisi birdən gəlir...

(“İki pəri”)

Vaqif ki, div deyilmiş,

Sənsiz qəddi əyilmiş!

Ay qapısı döyülmüş,

Qapımı döy, qapımı!..

(“Qapımı döy”)

Ramiz Rövşənin belə bir sözünü oxumuşam: hər bir şair öz ölkəsi üçün yeni torpaqlar fəth etməlidir. Şairimizdən icazə alaraq, bu fikri bu biçimdə ifadə etmək istəyirəm: Vaqif Bəhmənli itirilmiş Qarabağ torpaqlarının yetirmələrindən olsa da insanların ürəyini fəth etməyə qadir bir söz və düşüncə ordusuna sahib olan sənətkardır. Bu şeirlər od vurub yandırmağı da, yanan ovqatlara su çiləyib sərinlətməyə də qadirdir. Məsələn, bax belə:

Həsrətin zəhəri gülləymiş demə,

Bu təmiz ürəyim nişangah imiş...

yaxud dövranın günahı ucbatından sevdiyi başqasına qismət olan insanın iztirabını bundan dəqiq ifadə etmək mümkündürmü? –

Ovur ürəyimi min ağrı-giley,

Qəm yüküm dəyirman daşı boydadı...

Gör necə kiçilib gözümdə hər şey,

Yer üzü üzüyün qaşı boydadı.

Şeirin Allahı (dahi alman şairi Höte) Nizaminin fikrincə, şeir meyxanalarda əyləncə vasitəsi deyil, o “könül meyvəsidir” – yəni mənəvi sərvətdir. Buna görə də söz, kəlmə meydanında şeirin ayrıca dəyəri olmalıdır. Şeirin dəyərini isə artıran birinci növbədə onu yaradanlardır – şairlərdir. Mübaliğə etmədən demək olar ki, Vaqif Bəhmənli müasir poeziyamızda şair babamızın, Şeyx Nizaminin bu vəsiyyətinə əməl edənlər içərisində birincilərdəndir. Mən indi əlim altında olan, böyük maraq və heyrət içində varaqladığım bu kitablardakı şeirlərin yaranma xronologiyasını izləyirəm və görürəm ki, Vaqif Bəhmənli nə zamansa beş-on şeir yazıb, illərboyu özünüreklam orbitində fırlanan şairlərdən fərqli olaraq poeziyanın inkişafına ardıcıl yanaşıb, ara vermədən axtarışlar apararaq heç kimə bənzəməyən, həqiqi poetik enerjiyə malik obrazlı düşüncə sistemi yaratmışdır. Onun şeirləri oxucunun heyrətləndirə və sarsıda bilir, çünki bu misralar sarsıntı və heyrətdən mayalanmışdır.

Həsrətə çırpılıb əzilmişəm mən,

Ağrı qatar-qatar əzikdən keçər.

Soyulub qatbaqat nazilmişəm mən,

Varlığım sap kimi üzükdən keçər...

Misraların qeyri-adi cazibəsindən təsirlənir və düşünürəm heç insafdan deyil ki, həm həyatda, həm də yaradıcılığında sadə və təvazökar olan Vaqif Bəhmənli haqqında niyə, nə səbəbə az yazılır, az danışılır. Ancaq həddən artıq qısa şərhlər belə onun istedadı, poeziyamızdakı yeri haqda çox şey deyir:

“Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, bənzərsiz bədii obrazlar və qeyri-adi ahəngdar duyğular şairi Vaqif Bəhmənli...”

“XX yüzilliyin ikinci yarısında meydana qoyulan milli poeziyanın öncüllərindən olan şair – publisist Vaqif Bəhmənli...”

“Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən və çağdaş şeirimizin daşıyıcılarından olan Vaqif Bəhmənli...”

“Kitabdakı şeir və poemaların obrazlar sistemi, şairin bənzərsiz üslubu həqiqətən heyrət doğurur, çağdaş şeirimizin ən dəyərli örnəkləri misalında görünür”.

Şair haqqında söylənmiş belə misraların sayını xeyli artırmaq da olar.

Vaqif Bəhmənli kimin üçün yazır?

“Can dəftəri” kitabına yazılan annotasiyada bu suala dəqiq cavab verilib: “Bu kitabdakı şeirlər üçün yaşın fərqi yoxdur, gənc oxusa sevəcək, yaşlı oxusa... o da sevəcək. Çünki bu kitaba sevilən söz ustalarından biri – Vaqif Bəhmənlinin bir çox yaddaşlarda əzbər qalan könül nəğmələri toplanıb”.

Vaxtilə ustad qələm sahibi Lev Tolstoy deyərmiş: “Yazıçılar şəxsi həyatlarında yaxşı nə varsa, yaradıcılıqlarına sərf edirlər”. İndi baxın, Vaqif Bəhmənlinin həyatı nə qədər zəngin olmuşdur ki, yaradıcılığına bu qədər yaxşı cəhətlərini, insani yaşantılarını səpələdikdən sonra da, özünə gen-bol şəxsiyyət və vətəndaş zənginliyi qalmışdır.

“Söyüddən asılan beşik” şeirinə yazdığı kiçik şərhdə şair təəsüf hissi ilə qeyd edir ki, qapımızda iri qollu-budaqlı bir tut ağacı qalmışdı. Bir yay gecəsi göy guruldayıb aləm bir-birinə qarışanda və ildırım o tut ağacını yenicə kəsilmiş heyvan kimi iki şaqqa eləyəndə rəhmətlik Dilbər nənəm bizə ürək-dirək verib söylədi ki, şükür, o şah tut qapımızda olub, yoxsa ildırım evimizin üstünə düşərdi və biz hamımız yanıb kül olardıq.

Bəli, dünya yaxşı kişilərin, mərd kişilərin, ər kişilərin çiynində dayanıb.

Dostum və ağsaqqalım Oqtay Rza arabir mənə deyir ki, bir şairin yanında başqa şairin şeirini oxumaq etika baxımından doğru deyil. Vaqif Bəhmənlinin şair ürəyi o qədər genişdir ki, mən ondan icazə almadan başqa bir gözəl şairimizin, Nəriman Həsənzadənin yerinə düşən bir beytini xatırlamaq istəyirəm:

Bir insan ömrünü girova qoymuşam

Bir şair ömrünü yaşatmaq üçün.

Ədəbiyyat aləmində belə bir deyim var: şairlər haqq sözü demək üçün insanlarla görüşməyə, Adəm peyğəmbərin günahını bölüşməyə gəliblər.

Vaqif Bəhmənli insanlığın günahlarını bölüşməyə hazır şairdir, özü də ən sərt və qəti şəkildə.

Belə ocaq, belə yurd olar?

Yəqin ki, yəqin ki, çatar dözümüm,

Allahın altında bir şah tut ola,

Canlı qanadından asam özümü!

Şairlik həyatı sözə sədaqətdən başlanır. Dünyanın yaranması haqqında dini əfsanəyə görə hər şeydən əvvəl söz vardı. Tanrı “kon-ol!” – dedi və külli-aləm yarandı. Anca necə oldusa Allahın “kon-ol!” deyəndən sonra deyəcəyi növbəti söz itdi və Allah şair tayfasını yaratdı ki, o sözü tapsın. Allahın itmiş sözünü axtaran şairdir Vaqif Bəhmənli – desək, nə səhv edərik, nə də mübaliğə.

Bir oxucu kimi, sözlə nəfəs alan sadə bir qələm sahibi kimi məni razı salan odur ki, Vaqif Bəhmənlinin demək istədiyini yalnız Vaqif Bəhmənli deyə bilər. Məsələn daha bu dünyada olmayan anaya hansı oğul belə ərk eləyə bilər?

Gəldim çox qapılar sayıb,

Kim açıb, kimlər açmayıb...

Necə ki, yuxum qaçmayıb,

Ana, mənim yerimi sal.

Bostandasan, bazardasan,

Ayağa dur, hər hardasan,

Nə olsun ki, məzardasan,

Ana, mənim yerimi sal.

Nə vermişdin verdim yelə,

Cəsədimdi gələn ələ...

Torpağımı yumşaq elə,

Yerimi yerdən sal, ana,

Böyründə yer elə mənə,

Ana, mənim yerimi sal.

Vaqif Bəhmənlinin kitablarını oxuyub qurtarandan sonra bu vaxta qədər yaşamadığım hissləri yaşadım, məndə qəribə fikirlər yarandı:

– Kainat bir sevgi şeiri kimi yaradılıb, dünya onun qafiyəsidir.

– Allahdan yuxarı heç nə yoxdur. Allahdan aşağı isə əvvəl peyğəmbərlər, sonra isə şairlər gəlir.

– Sənətkar əsərini ana öz körpəsini bətnində hiss edən kimi hiss etməlidir. Şeir yalnız bundan sonra kağıza köçürülməlidir.

– Ruha iki şey ən yaxındır: şeir və musiqi.

– Söz ruhun bostanının ən gözəl meyvəsidir. Şairlər bu gözəl meyvəni insanlara paylayırlar.

Vaxtilə Nizami Gəncəvi deyib ki, kim məni tanımaq istəsə, əsərlərimi oxusun. Vaqif Bəhmənlinin əsərlərini diqqətlə oxudum. Bu əsərlər olduqca zəngindir. Burada poema da var, bayatı da, qoşma da var, gəraylı da, nağıl da var, hekayə də, dostluq şarjları da... İnsanı yandıran lirik şeirlərlə yanaşı, insanı donduran kəskin satirik şeirlər də... 25-ə qədər kitab... Bu kitablar 40 il ara vermədən qələmə sarılıb özünü ifadə edən, poeziyanın Vaqif Bəhmənli adlı işığını yaradan parlaq istedada malik bir şairin cəmiyyətimizə yaradıcılıq hesabatının yekunudur.

Vaqif Bəhmənli nəfəs dərməyə yer qoymadan, oxucunu daim böyütmək, ucaltmaq qüdrətində və belə bir gücə malik olmasına baxmayaraq, hər misrada iddiasız şairdir. Məncə, o şairliyi insanlıq və vəzifə borcu sayır. Ədəbiyyat onun missiyasıdır.

Biz rəssama portretimizi çəkdirə bilərik, fotoqrafa onlarla şəkil çəkdirə bilərik, həyat isə şəklimizi bircə dəfə çəkir. Qalan da elə o olur:

Qızıl sərvət camıyam,

Qədim məbəd damıyam;

Min ilin adamıyam –

Zaman məni tanıyır.

Vaqif Bəhmənlinin “Səndən özgə” adlı hələlik sonuncu poetik toplusu Azərbaycan şeirinin ən yaxın mərhələlərindən birini yekunlaşdırır. Bu kitab yalnız onun deyil, milli poeziyamızın uğurudur. Xüsusilə “Diaqnoz” əsəri, əslində sərt şeirlər silsiləsi heca, sərbəst vəznlər, ənənəvi deyim tərzi içərisində novatorluğun mümkünlüyünü sübut edən ədəbi örnəkdir.

 

Hacı Qulam SADİQ,

Azərbaycan Müəllimlər İnstitutu Salyan Filialının müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

525-ci qəzet.- 2010.- 18 dekabr.- S.22.