Çıxıram qəlblərin səyahətinə...”,

YAXUD 30 İL YOL GƏLƏN KİTAB  

 

Günlər keçəcək,

Şeirlərin gəzəcək dodaq-dodaq sənsiz,

Məhəbbətin gəzəcək

Ürək-ürək sənsiz

Rəsul Rza

 

Neçə ilin söhbətidir. Qələm dostum, tədqiqatçı jurnalist, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudov mənə dedi ki, qardaşı şair Zaminlə birlikdə Əliağa Kürçaylı haqqında kitab hazırlayır. Bu məqsədlə mərhum şairin dünyaya göz açdığı Salyanda, Kürqaraqaşlı kəndində dəfələrlə olublar, Kürçaylının həmyerliləri, yeniyetməlik, gənclik illərinin dostları, poeziyasının pərəstişkarları ilə görüşüb söhbət ediblər, maraqlı faktlar aşkara çıxarıblar. Mahmud müəllim mənə həmyerlimiz barədə xatirə yazmağı təklif etdi...

Bənzərsiz şairimiz, xeyirxahlığını heç vaxt unutmadığım Əliağa Kürçaylı haqqında xatirələr məni uzaq, unudulmaz tələbəlik illərinə apardı. O vaxt qayğıkeş müəllimlərimingörkəmli tədqiqatçı jurnalistlər Nurəddin Babayevin Nəriman Zeynalovun köməyi, xeyir-duası ilə mətbuata təzə ayaq açırdım, ara-sıra qəzetlərdə yazılarım dərc olunur, efirdən səsim gəlirdi.

Bir dəfə qış imtahan sessiyasından sonra rayona gedəndə fürsətdən istifadə edib yazı hazırlamaqdan ötrü Salyan pambıqtəmizləmə zavodunda oldum. Sexləri gəzib qeydlərimi götürəndən sonra direktor Mikayıl Hüseynovla kabinetində görüşdüm. O, Salyanda sayılıb-seçilən, sanballı, xeyirxah bir insan, səriştəli təşkilatçı kimi böyük hörmət sahibi idi. Cəbhədə həlak olan atamın etibarlı dostu kimi təhsilimlə maraqlandı. Biləndə ki, əlaçı təqaüdü alıram, yazılarımın qonorarını da üstünə gələndə evdən ehtiyacım olmur, gözləri güldü. fikirləşdisə:

Sənə bir tapşıracağam, – dedi, – Yazıçılar İttiafaqına get, Əliağa Kürçaylı ilə görüş, tanış ol, həm mənim salamımı ona yetir. Bax ha, yadından çıxmasın.

İki gündən sonra köhnə kişilərin dostluğunun, haqq-salamının nəyə qadir olduğunu gördüm. Onda bildim ki, Mikayıl kişi məni niyə məhz Əliağa Kürçaylının yanına göndərib. Böyük hörmət bəslədiyi dostunun adını eşidən şair məni sorğu-suala tutdu. Universitetin jurnalistika şöbəsində oxuduğumu, “yazıb-pozduğumusöylədim. O, cəld ayağa qalxdı, bir qədər kənarda dayanan yazıçı dostları ilə tələm-tələsik sağollaşıb mənə sarı döndü: “Getdik!”. “QAZ-24”ün sükanı arxasına keçib o vaxtkı Radio Televiziya Komitəsinə sürdü. Sədrin müavini, şair dostu Ənvər Əlibəyli ilə çox səmimi görüşüb, məni ona tapşırdı. Ənvər müəllim daxili telefonla baş redaktor Hacı Hacıyevi çağırıb mənimlə tanış etdi. Çox keçmədi ki, Azərbaycan Radiosunun ştatdankənar müxbiri kimi vəsiqə aldım, efirdə reportajlarım, lent yazılarım səsləndi.... Tale elə gətirdi ki, universiteti bitirib bir müddət rayon qəzetində çalışandan sonra Azərbaycan radiosunun ştatdankənar müxbiri olduğum redaksiyasında redaktor vəzifəsində işə başladım, oradan da televiziyanınGənclərşöbəsinə müdir təyin edildim...

İllər keçdikcə müxtəlif ictimai işlərdə, məsul vəzifələrdə çalışsam da, hələ tələbə ikən qolumdan tutub mənə dayaq olan, xeyir-dua verən Əliağa Kürçaylının yaxşılığını unutmadım, onun xeyirxahlığa, insanpərvərliyə səsləyən, “Vətən övladını sorğu-suala tutanpoeziyası ömrüm boyu yol yoldaşım, sirdaşım oldu...

... “O uzaq illərin xatirəsi”ni Mahmud müəllimə verdim. Kitabın nəşri isə xeyli ləngidi. Nəhayət, Zamin Mahmud MahmudovlarınÇıxıram qəlblərin səyahətinə...” kitabı nəfis şəkildə işıq üzü gördü.

Beş bölmədən ibarət 530 səhifəlik zövqlə tərtib edilən kitabı böyük maraq həyəcanla oxudum. Hiss etdim ki, ibrətamiz həyat yaradıcılıq yolu keçmiş müqtədir şairimiz Əliağa Kürçaylı, onun qüdrətli poeziyası, dramaturgiyası, bədii publisistikası barəsində kitabın redaktoru Nazilə xanım Rafiqin təbirincə desək, təsəvvürüm, bildiklərim yetərincə deyilmiş, bilmədiklərim, öyrənilməsi zəruri olanlar isə çox imiş.

Mənim qənaətim belədir ki, Sevda ƏliyevanınƏ.Kürçaylının poetik dünyası”, Əmirxan XəlilovunKürçaylı”, Sadıq MurtuzayevinƏliağa Kürçaylının zarafat dünyası”ndan sonra işıq üzü görənÇıxıram qəlblərin səyahətinə...” kitabı böyük şairin xatirəsini əziz tutan söz-sənət adamlarına, çoxsaylı oxuculara layiqli töhfədir. Bununla bağlı öz təəssüratımı Mahmud müəllimə bildirəndə onun cavabı qısa oldu: “Bu kitab 30 ildir yol gəlir”.

Uzun müddət gərgin zəhmətin, Kürçaylı yaradıcılığına şəxsiyyətinə böyük məhəbbətin bəhrəsi olan kitabı təkrar-təkrar vərəqləyib oxuyuram. Cəmi 52 il ömür sürən, yaradıcılığının ən kamil məhsuldar dövründə bütün varlığı ilə sevdiyi, vəsf etdiyi həyata vida edən Azərbaycanın şair oğlunun bənzərsiz obrazı bütün əzəmətilə gözlərim önündə canlanır. Onun mübariz, insana qürur hissi aşılayan poeziyası qulaqlarımda səslənir

Kitabın birinci bölməsindəÜrək dolmasa qələmboşalmazsərlövhəli çox əhatəli, dərin məzmunlu məqaləsində Mahmud müəllim yazır: “İstedadın qüdrəti təkcə yaradıcılıq sahəsində özünü büruzə vermir, təbiətinin böyüklüyündə, adi insani münasibətlərdə üzə çıxır. Bu cəhətdən Səməd Vurğun alicənablığı bizə həmişə həyat dərsliyi, məktəb təsiri bağışlayır. Şair ilk tanışlıqdan ta ömrünün sonuna kimi Əliağa Kürçaylının yaradıcılığını diqqətlə izləmiş, qiymətli məsləhət tövsiyələrini gənc həmkarından əsirgəməmişdi”.

Akademik Bəkir Nəbiyevin çox haqlı olaraq yazdığı kimi, “böyük şairin vaxtilə öz gənc həmkarı haqqında məhz Səməd Vurğuna məxsus geniş ürəklə dediyi sözlər əsl xeyir-dua kimi səslənmiş müstəcəb olmuşdur. Əliağa Kürçaylı şeir, sənət aləmində ustadının layiqli davamçısı kimi şöhrət qazanmış, öz sələfinin adına layiq gözəl əsərlər yazıb-yaratmış, poeziyada olduğu kimi dramaturgiya, nəsr, tənqid, bədii publisistika tərcümə sahəsində diqqtəlayiq uğurlara imza atmışdır”.

Xeyirxahlıq mücəssəməsi olan Səməd Vurğunun davamçısı olaraq, Əliağa Kürçaylı gözəl insani keyfiyyətləri müdrik sələfindən estafet kimi qəbul etmişdi. Bu gün bir çox qələm sahibinin onu böyük minnətdarlıqla, iftixarla yad etməsi təsadüfi deyil. Onlar Əliağa Kürçaylının ürək genişliyindən, xeyirxahlığından söz açırlar. Bu barədə müəlliflər kitabda çox maraqlı, geniş oxucu kütləsinə məlum olmayan faktlar açıqlayırlar.

Kitabın müəllifləri şairin zəngin yaradıcılığından söz açaraq qeyd edirlər ki, o, lirik şeirləri, həmçinin sonralar müstəqil poema kimi nəşr olunanAdsız şeirlər”i, “İlham övladları”, “Aktyor dostumun söhbətlərindən”, “Daşlarsilsiləsindən olan şeirləri ilə, bir-birindən gözəl nəğmə romanslarıyla da ədəbiyyat tariximizdə yaşaya bilərdi. Ancaq Əliağa Kürçaylı eyni zamanda epik janrın böyük ustadıdır. Yaradıcılığının ilk illərindən epik poeziyaya meyl göstərən şair ömrünün axırlarına qədər 25 poemaya imza atmışdır: “Muğan axşamları”, “Durnalar cənuba uçur”, “Sınaq”, “Nargindən əsən külək”, “Daş hasar”, “Məhəbbət”, “Ana”, “Zamanın hökmü”...

Mərhum xalq şairi Bəxtiyar Vahabzadə qələm dostu Kürçaylınışeirimizin döyüşkən əsgərisaymış, onun uğurlarına ürəkdən sevinmiş, “Bütövlükkitabını şairin mənəvi böyüklüyünün, bütövlüyünün, mübarizliyinin rəmzi kimi qiymətləndirmişdi.

Ə.Kürçaylı 30 illik yaradıcılığının qayəsini təcəssüm etdirən bu kitabında oxucularını düzlüyə, paklığa, böyük hərflərlə yazılası BÜTÖVLÜYƏ səsləmiş, özü qartal kimi göylərə ucalanlardanolmuşdur. Ədəbi tənqid şairin yaradıcılığının ildən-ilə kamilləşdiyini, poeziyamızın gözəl nümunələrini yaratdığını qeyd edirdi. O, əməkdar incəsənət xadimi fəxri adını almışdı, “Bütövlükkitabı Dövlət Mükafatına təqdim olunmuşdu. Ancaq... həmin mükafata layiq görüləndə özü bundan xəbər tutmadı...

Kitabda çox maraqlı xatirələr, şairin qələm dostlarının ona həsr edilmiş şeirləri toplanılmışdır.

Bu sırada, xüsusilə, ustad Məmməd Arazı həyəcansız oxumaq olmur:

 

Sinəsində od soyudan,

Buz əridən gücü vardı.

Baxışları üfüqlərin

O üzünü oxuyardı.

 

Nəğməsində Kür harayı,

Nəfəsində Muğan düzü

Ömrü boyu oxuduğu

Kitab idi Muğan düzü.

 

Söz yolunda fəhlə idi,

Əli qabar, çiyni qabar.

Şum yerindən yığılmışdı

Misraları damar-damar...

 

Ürəyində itirdiyi

Səsi gəzdi son anında,

Əridi səs, qeyb oldu səs

Ürəyinin vulkanında...

 

 Əlövsət BƏŞİRLİ

525-ci qəzet.- 2010.- 18 dekabr.- S.21.