8-indən
8-inə kimi teatral marafon
(vəl müsliminən vəl müslimat)
Teatr ilahi
sənətdir. Çünki Allahın
özü əzəl gündən bizimlə teatr-teatr
oynayır. Yəni fələk qovur, mən
qaçıram, Allah da göydən tamaşa eləyib
həzz aparır: gah gülümsəyir, gah qəmə
batır, gah da öz düşüncələri
içində “əriyib”, formasızlaşıb efir kimi
kosmosa yayılır. Mən cahanın
mədəniyyət mülkündə elə bir panteon
tanımıram ki, orada tanrılar rəqs edib
əylənməsinlər, qiyafələrini dəyişib
oyunbazlığa könül verməsinlər,
yaratdıqları məxluqlara sataşmasınlar, onları
şirnikdirib aldatmasınlar, aldadıb
cəzalandırmasınlar. Ona görə
də mən fikirləşirəm ki, teatr məhz panteondan, ya
da məbəddən çıxıb meydana gəlib.
Amma tərsinə də ola bilir:
mümkün ki, meydanda təsdiqlənmiş
əyləncə tərzini, əyləncə üslubunu
məbəd adamları cilalayıb öz ritualları
çərçivəsinə sonradan daxil ediblər. Hərçənd tarix dışının
həqiqəti haqqında yalnız müəyyən
gümanlar qurmaq olar. Heç kəsə
heç nə dəqiq məlum deyil. O ki qaldı
bugünün Azərbaycan teatrına... bax, bu başqa məsələ.
İndi mən bir-bir yazım, Siz də bir-bir
oxuyun. Onsuz da çoxdandı ki, “teatr” adına
heç nə yazmamışam.
Teatr həmişə
kübar kimsələrə, zadəganlara, varlı adamlara,
onların zövqünə, fikirlərinə möhtac olub,
ancaq hər bir vaxt sadə insanlara sarı meyllənib,
kasıb-kusubun tərəfini saxlayıb, sosial dünyanın
iki qütbü arasında bir ötürücü, bir
körpü missiyasını reallaşdırıb. Nədən ki,
sənətçilər (rəssamlar, musiqiçilər,
aktyorlar) toplumun həm “yuxarı”, həm də
“aşağı” təbəqələrinə
həmişə eyni dərəcədə yaxın olublar,
onun ovqatını, yaşantısını buna, bunun
ovqatını, yaşantısını da ona
çatdırıblar. XXI əsrdə isə teatrın “sosial
körpücük” fəaliyyətinə heç bir ehtiyac
yox: hamıya hər şey bəlli, cəmiyyət də
açıq; mass və elektron media durmadan dünyaya
dalğa-dalğa xəbər sızdırır, şou-biznes
isə baş qatmaq, göz oğramaq, pul qopartmaq
üçün yanıb yaxılır, sürmə kimi
həll olur, telekanallardan və bütün mümkün
kanalizasiya dəliklərindən oxuya-oxuya, qoxuya-qoxuya, meyxana
deyə-deyə, əlində şar, üstündə konfetti
evlərə baxımlı-baxımlı axır. Artıq
elə bir zaman gəlib çatıb ki, müasir teatr
gerçəklikdən, ətrafından daha çox
özünü anlamalıdır, özünü dərk
etməlidir: özünü dərk etməlidir ki,
çağdaş ictimai-sosial ilişkilər və
bədii-estetik konsepsiyalar sitəsində öz yerini tapa bilsin;
başa düşsün və ya özü üçün
tam aydınlaşdırsın ki, o kimə lazımdır
və niyə lazımdır. Hələ ki Azərbaycan
teatrı bu sualları cavablaya bilmir və haradasa 30 ilə
yaxın bir müddətdə o təhər yaşayır ki,
sanki boynu dar ağacının ilgəyi içindədir, ayaq
barmaqlarının ucu isə toxunduğu kətildən, bax,
elə indicə ayrılacaq.
Məhz Azərbaycan teatrının bu durumunda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 2007-ci ildə “Azərbaycanda teatr sənətinin
inkişaf etdirilməsi haqqında” qərar qəbul eləyir,
bu tarixdən cəmi ikicə il ötüşüncə
isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramını təsdiqləyən bir
sərəncam imzalayır. Bununla da faktiki olaraq cənab
Prezident Azərbaycan teatrının “əlindən tutub” onu
normal gəlişmə müstəvisinə
çıxarır, Mədəniyyət və Turizm
Nazirliyinə bu yöndə daha aktiv fəaliyyət
göstərməyi tapşırır. Nəticə göz
önündədir: çox qısa zaman hüdudlarında Bakının
və bölgələrin teatr binaları yetərincə
mükəmməl təmir olunur (proses davamlıdır,
hələ yekunlaşmayıb), çöldən və
içəridən yaraşıqlı müasir formalar
dizaynı ilə görkəmə salınır, onların
maddi-texniki bazası Avropa standartlarına
uyğunlaşdırılır. Nə gözəl, nə
gözəl, nə gözəl... Prerzident
sərəncamına əlüstü, çaparaq reaksiya kimi
Mədəniyyət və Turizm Nazirliyinin Teatr şöbəsi
də festival marafonuna başlayır. Öncə
Gəncəyə toplaşırıq: “Yeni teatr” adı
altında gerçəkləşən dram teatrlarının
festivalına... Ad, daha doğru olar, desəm
“deviz”, Mədəniyyət və Turizm Nazirliyinin
məramını tam ifadə edir. Di
gəl ki, məzmun köhnədir, masştablı,
diqqətəlayiq heç nə yoxdur. Bizsə
pisin içindən yaxşını tapıb
həməncə sevinməyə adət etmişik. Yəni “dəymə, ufaqdır uşağım”.
Təbii ki, özümü də bu sıradan
kənarlaşdırmıram. Odur ki, Bakıya
dönən kimi festival hərəkatını
dəstəkləmək niyyətilə iri bir məqalə
yazıram: “Azərbaycan teatrı festival
müstəvisində” (“Mədəniyyət” qəzeti, 8 iyun
2009-cu il) və bu məqalə
içində əməllicə əsaslandırıram ki,
festival ənənəsi Azərbaycan teatrı
üçün hava və su kimi gərəklidir.
Mədəniyyət və
Turizm Nazirliyi də elə bunu dəstəkləyir. Odur ki, 2010-cu ilin 8
fevralında Milli Teatr Festivalına start verilir və bu festival
üç mərhələdə gerçəkləşib
8 dekabrda yekunlaşır. Əgər
Gəncə festivalı bir həftə çəkdisə,
Bakı festivalı bir illik teatr marafonuna çevrildi,
Gəncə festivalının geniş miqyaslı
təkrarı oldu. Azərbaycanın nə
ki bölgə teatrı vardı, onların hamısı
(istisnasız) öz seçmə tamaşalarını
paytaxta gətirdilər. Hələ bu
harasıdır? Milli Teatr
Festivalının II mərhələsi bitincə 2010-cu ilin
iyun ayında Qax şəhərində II Respublika Kukla
Teatrları Həftəsi başladı. Bu
“Həftə” beşcə gün intervalına
sığışıb Bakının və bölgə
kukla teatrlarının bədii-estetik səviyyəsini
olduğu kimi güzgülədi. Üstündən
iki ay nə qədərsə ötmüşdü ki,
Mədəniyyət və Turizm Nazirliyinin Teatr
şöbəsi bizi bir yerə toplayıb Sumqayıt
şəhərinə 138-ci Teatr Mövsümünün
açılışına apardı. Onda
məndən müsahibə aldılar ki, bəs yeni teatr
mövsümü barədə fikirləriniz? Dedim ki, 138
1 üstəgəl 3 üstəgəl 8 anlamına gəlir:
bu da bərabərdir 12-yə. 12 isə qutlu rəqəmdir,
silsilənin tamamıdır, uğurlu ola
bilir. Hərçənd həmin gün mən gördüm
ki, Sumqayıtda düzənlənmiş “Teatr
Mövsümünün Açılışı”
tədbirində bir C.Cabbarlı adına
Azərbaycan Dövlət Teatr Muzeyinin məxsusi bu olay
üçün hazırladığı sərgisi öz
mündəricəsinə görə qədərincə
effektlidir, bir də Nazirliyin Teatr şöbəsinin
təşkilat çabaları hörmətə layiqdir. O ki
qaldı səhnədən gördüklərimizə və
eşitdiklərimizə... görüb eşitməsəydik
ondan yaxşı idi. Nədən ki, aparıcı
mətnləri, teatrların öz repertuarları ilə
bağlı təqdim etdikləri çıxışlar
yıpranmış qəliblər üzrə qurulmuşdu,
solğun, deklarariv xarakter daşıyırdı və
mahiyyət etibarı ilə çoxdan köhnəlmişdi:
yəni Azərbaycan teatrlarında mövcud
yaradıcılıq çarəsizliyini və ya
çarəsiz yaradıcılığı
sərgiləyirdi. Hiss olunurdu ki, Bakı teatrlarının
kollektivləri mövsümün təntənəli
açılış mərasiminə heç
hazırlaşmayıblar, bu məsələni özləri
üçün önəmli saymayıblar: qısası,
tədbirin keçirilməsində maraqlı olmayıblar,
gözdən pərdə asmaq
təşəbbüsündə bulunublar. Əgər
belədirsə, onda kimi və nə üçün
aldadırıq? Nəyi gizlədirik,
nəyi demirik? Bəlkə
tənbəllik, etinasızlıq, macalsızlıq? Olurmu, yahu? Axı Azərbaycan Dövləti
teatrlara sərmayə yatırır, teatrı
mədəniyyət siyasətinin prioritetlərindən hesab
eləyir! Gərçi belə olmasaydı,
Mədəniyyət və Turizm Nazirliyinin Teatr
şöbəsi teatr sənətilə əlaqədar
tədbirləri bu sayaq intensiv şəkildə bir-birinə
calamazdı ki?
Qayıdaq yenidən festival
marafonuna. Milli Teatr Festivalının sonuncu mərhələsi
əvvəlcədən planlaşdırılmış iki
möhtəşəm teatr hadisəsi ilə
tarixiləşdi. Bunlardan birincisi o oldu ki, Bakıda ilk
dəfə iki günlük Bakı Beynəlxalq Teatr
Konfransı (BBTK) keçirildi: və burada müxtəlif
ölkələrdən təşrifi-mübarək
buyurmuş teatr sənətinin müxtəlif
təmsilçiləri fərqli-fərqli
çıxışlar yapdılar. Konfrans sanki not
partiturası üzrə təşkil olunmuşdu: ciddi iş
rejimi bolluca yemək-içməklə və komfort
istirahətlə əvəzlənirdi. Etiraf edim
ki, bu qədər əcnəbi teatr mütəxəssisini
Azərbaycanda görmək xoş oldu.
Hərçənd mən bu olayı daha çox siyasi aksiya
kimi dəyərləndirdim: həm yeni Azərbaycan, yeni
Bakı haqqında dünya ilə canlı ünsiyyət
zamanı paylaşmaq vasitəsi kimi, həm də İrəvan,
Qarabağ,
Konfrans bitər-bitməz dünyalarca məşhur və
dünyalarca sevimli A.P.Çexov adına
Beynəlxalq Teatr Festivalının “İpək yolu”
mərhələsi Bakıda reallaşdı və bir
neçə gün ard-arda seyrçiləri müasir teatrla
üzləşdirdi. Mən bu tamaşalara baxıb
həməncə çağdaş teatr üçün
ən önəmli tendensiyaları
müəyyənləşdirdim: romantik ovqat, sadəlik,
minimal söz, bütün varlığa, kainata sakit,
fəlsəfi münasibət, tükənməyən sevgi,
sevgi, sevgi və stilizə olunmuş formalarda meydan teatrı
estetikasına qayıdış, sirkin alicənab primitivliyi
üzərində qurulan səhnə oyunbazlığı
kollajı. Qəribədir, bu şou-tamaşa-performanslar
mənim on il bundan öncə
nəzəri aspektdə işlədiyim metateatr ideyası
ilə səsləşirdi, total teatr estetikasından
faydalanırdı. Təbii ki,
gördüklərimdən sonra bir daha Milli Teatr Festivalı
çərçivəsində göstərilıən
tamaşalara baxmaq dözülməz bir əzaba çevrildi.
Mən başa düşdüm ki, Azərbaycan
teatrında islahatlar qaçılmazdır və
mütləqdir. Çünki teatr artıq belə
yaşaya bilməz: bu cür tamaşalar oynamaq isə,
sadəcə, ayıbdır. Və
əslində, bu islahatları hamıdan öncə
Azərbaycan Respublikasının Prezidenti başlayıb,
öz sərəncamları ilə Azərbaycan teatrını
aktiv yeniləşmə istiqamətinə yönləndirib.
Hələ bir neçə il bundan öncə
Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyeva da
rejissor Andron Mixalkov-Konçalovskinin qədərincə
mübahisəli, ancaq fantastik şəkildə
səliqəli, orijinal yozuma malik “Qağayı”
komediyasının Bakı səhnəsində
oynanılması üçün şərait
yaratmışdı və bununla da öz teatr
zövqünü nümayiş etdirmişdi, Azərbaycan teatr
mühitinə mesaj-eyham göndərmişdi. Mən
“Üns” Yaradıcılıq Mərkəzinin
fəaliyyətini də bu aspektdən
qiymətləndirirəm. Həqiqətən,
Azərbaycan teatr aləmində hər şey
köhnədən də köhnədir və Ədil
İskəndərov teatrının
tör-töküntülərini xatırladır. Daha bəsdir, gözdən pərdə asmaq yox,
yeniləşmək vaxtıdır, müasirliyə, müasir
düşüncəyə adekvat olmaq vaxtıdır. Milli Teatr Festivalı bir daha çoxdan bəlli
həqiqəti ortaya qoydu ki, Azərbaycanda seyrçi
tamaşalara gəlmir, və gəlmək də istəmir.
Çünki festival marafonunda günlər olurdu ki,
tamaşaçıları təşkil etmək problemi
aktuallaşırdı: Ağdam Dövlət Dram
Teatrının tamaşasına Bakıda yaşayan
ağdamlılar, Naxçıvan Dövlət Musiqili Dram
Teatrının tamaşasına naxçıvanlılar
“sifariş” olunurdu. Və məsələnin bu
vəziyyətə gəlib çatmasında
seyrçiləri günahlandırmağa heç bir lüzum
yox. Nədən ki, məhz
azərbaycanlı seyrçilər Çexov
festivalının “İpək yolu” mərhələsində
göstərilən tamaşaları azından 5-7
dəqiqə ayaq üstə dayanıb alqışladılar.
Müştəri kimi seyrçi də
həmişə haqlıdır. Tamam
boş, cəfəng bir sözdür ki, seyrçi mənim
tamaşamı başa düşməsə də olar;
əsas mən özüməm, mənim məşqimdir.
Yəni “teatr teatr üçündür” şüarı
abrakadabradır: belə ki, tamaşa zamanla birlikdə axıb
gedir, zamanla birlikdə öz seyrçisini də itirir və
onu mumiyalamaq heç bir vəchlə mümkün olmur. Seyrçisiz tamaşa ölü doğulmuş
tamaşadır.
Amma oturub gözləmək
ki, Qodo adlı bir sənətçi haradansa gəlib
Azərbaycan teatrını xilas edəcək, absurdun bir
ayrı təzahürüdür. Çünki teatr
lokal məkanın hadisəsidir. Həmin
məkanda yaşayan insanlar hansı teatrı “sifariş”
versələr, yəni istəsələr, o teatr da
yaşayacaq. Milli Teatr Festivalı
çərçivəsində mən Füzuli Dövlət
Dram Teatrının “Bəndalı bəndə
düşüb” adlı bir “kasıb teatr” estetikasında
qurulmuş tamaşasını gördüm. Boynuma alım ki, Səttar Axundov (1914-1948) ismində
bir dramaturqu heç tanımırdım da, onun
“Düşərgədə nişan” komediyasından da
xəbərim yoxdu. Amma tamaşaya baxanda
gördüm ki, S.Axundovun mətni Sabit Rəhman, Süleyman
Rüstəm komediyalarının daha zəif
variantıdır. Mövzu da maraqsız idi: XX əsrin
40-cı illərində kolxoz məişətinin
problemlərini gündəmə gətirirdi. Amma
bununla belə səhnədə iki-üç komik amplua
aktyoru hüdudsuz improvizə əsasında elə səmimi,
dinamik, coşqulu oyun sərgiləyirdi ki, seyrçi
gözünü onlardan ayıra bilmirdi. Çünki
Horadizdən gəlmiş bu insanlar iddiasız-filansız
özlərini oynayırdılar və necə vardılarsa,
eləcə də səhnədən
görünürdülər: sanki onlar məzələrini,
zarafatlarını gündəlik həyatlarından, Füzuli
camaatından alıb həməncə səhnəyə
gətirmişdilər. Mən bunu niyə
xatırladım və məqalədə onun haqqında nə
üçün xüsusi danışdım?
Fikirləşirəm ki, bütün bölgə teatrları
öz bölgə camaatına görə
işləməlidir və Akademik Milli Dram Teatrını
imitasiya etmək həvəsindən birdəfəlik yaxa
qurtarmalıdır; başqa sözlə, hər bir
bölgə teatrı öz bölgəsinə
oxşamalıdır, bölgənin milli koloritini, milli, etnik
təkrarolunmazlığını təmsil etməlidir,
konkret məkana bağlı olmalıdır. Biz
yalnız o zaman bir-birimiz üçün maraq kəsb edə
bilərik. Əlbəttə ki, hesabat xarakterli bu
məqalədə nə Mədəniyyət və Turizm
Nazirliyinin Teatr şöbəsinin il boyu
fövqəladə işinin bütün spektlərini
əhatə etmək, nə də Milli Teatr Festivalının
bütün səciyyələrini təhlilə
çəkmək mümkündür. Sonucda isə
sözümün canı budur ki, Beynəlxalq Teatr
Festivalları da əladır, Beynəlxalq Teatr Konfransları
da superdir, ancaq Azərbaycan teatrını əvvəlcə
azərbaycanlılara, sonra isə dünyaya sevdirmək bizim
öz işimizdir.
Aydın
TALIBZADƏ
525-ci
qəzet.- 2010.- 18 dekabr.- S.20.