Etibar
Babayevlə bir saat üz-üzə
“OLA
BİLƏCƏKLƏR BARƏDƏ
DÜŞÜNMƏYƏ ÜSTÜNLÜK VERİRƏM,
KEÇMİŞDƏ OLANLARA
TƏƏSSÜFLƏNMƏYƏ ADƏT
ETMƏMİŞƏM”
Bu günlərdə Azərbaycan Televiziyasının
bazasında yeni yaradılan ilk Teleradio Akademiyasının
rektoru, dəyərli publisist, BSU-nun jurnalistika
fakültəsinin müəllimi Etibar Babayevin 60 yaşı
tamam olub. Uzun illərdir, ömrünü
televiziya ilə bağlayan Etibar müəllim hazırda da bu
sahədə fəaliyyətini davam etdirir. Yubiley
münasibətilə “525-ci qəzet”ə müsahibə
verən Etibar Babayev geriyə baxmağı
xoşlamadığını, irəlidə ola
biləcəklər barədə düşünməyə
üstünlük verdiyini deyir.
– 60 yaşda özünüzü necə hiss edirsiniz?
– Kənardan baxan adam kimi, siz bunu daha
yaxşı görərsiz. Mənim
özümə gəlincə, əminəm ki, altmış
yaş insan üçün son dayanacaq deyil. İçimdə yaşamaq, yaratmaq həvəsi,
sabaha inam hələ sönməyib. Odur
ki, həyatım eyni ritmdə davam edir. Yəni,
həmişəki kimi, səhər erkən oyanıb
işə, axşamlar da evə tələsirəm. Ürəyimdə olan arzularımı həyata
keçirməyə imkan axtarıram. Bu
günlərdə yeni kitabım çıxacaq. Ora publisistik məqalələrim və “Tarix –
ibrət alanlar üçün dərsdir” silsiləsindən
növbəti jurnalist araşdırmalarım daxildır.
Tarixi mövzuda yeni sənədli film
üzərində də işləyirəm. Nəvələrimlə gəzintiyə
çıxmağa da vaxt tapıram.
– Geridə buraxdığınız illərə
nəzər salanda daha çox nəyə
təəssüflənirsiniz?
– Mən geriyə baxmağı xoşlamıram,
irəlidə ola biləcəklər
barədə düşünməyə üstünlük
verirəm, keçmişdə olanlara
təəssüflənməyə adət
etməmişəm. Bu hiss insanı bədbinləşdirir,
bədguman edir. Əslinə baxsan, geridə
qalan altmış ilimdə təəssüflənəsi
elə bir ciddi şey yoxdur. Həyatda
olanlar olur, amma izsiz-tozsuz keçmir. Ötən
günləri hərdən yada salmaq lazımdır, yenidən
yaşamaqsa mümkün deyil.
– Yəni,
həqiqətən hər hansı bir xoşbəxt anı
yenidən yaşamaq istəməzdiz?
– Xeyr. Təkrarlanmaq nəyə lazım?
Hər anın da, hər yaşın da öz
gözəlliyi var. Lap tutaq ki, hansısa anı yenidən
yaşamaq istədim. Məgər, bu
mümkünmü? Zamanı geriyə
qaytarmaq insan oğlu üçün imkansız işdir.
Müdriklər deyib ki, bir çaya iki
dəfə girmək olmaz. Ona görə ki, hər
şey axır, dəyişir...
– Siz televiziya ekranlarında çox erkən
görünməyə başlamısız. Səhv
etmirəmsə, yetmişinci illərin əvvəlində
“Tələbə klubu”, “Yeddinci qitə” verilişlərinin
müəlliflərindən biri və daimi aparıcısı
olmusuz...
– Elədir ki, var. Bu verilişlər gənclər
arasında çox populyar idi. “Tələbə
klubu” Azərbaycan televiziyasında studiyadan kənar efirə
çıxan ilk canlı verilişlərdən olub.
Hər dəfə bir ali
məktəbdən hazırlanardı. Gülşən
Əkbərova ilə birlikdə iki saata yaxın efirdə
olardıq. Tələbə
həyatının bütün problemlərinə,
uğurlarına toxunardıq. O zaman üçün
“Tələbə klubu” teleməkanda yenilik idi. Televiziyanın
Gənclik baş redaksiyasının baş redaktoru Yusif
Kərimovun, rejissor Solmaz Həmzəyevanın bu işdə
xüsusi əməyini qeyd etməyi özümə borc
bilirəm. Gülşən xanımın
və mənim televiziyada qazandığımız ilk
uğurlarda onların əməyi böyükdür.
– Amma bildiyimə görə, 1975-ci ildən sonra siz uzun
müddət komsomol-partiya işində rəhbər vəzifələrdə
çalışmısınız. Düzdür,
yenə kütləvi-informasiya vasitələri ilə
əlaqələriniz möhkəm olub, mətbuatda, televiziyada
tez-tez çıxışlarınız səslənib.
O illərdə daha çox partiya funksioneri kimi mediada
adınız çəkilib. 18 illik
fasilədən sonra yenidən Az.TV-yə
qayıtmağınız necə oldu?
– 1988-ci ildə Vəzirov respublikaya rəhbər
təyin olunandan az sonra Bakı
Komitəsinin tərkibi tamamən dəyişdi. Mən də
bir çox iş yoldaşım kimi,
vəzifədən kənarlaşdırıldım. İş vəd edən çox idi, amma hamı
rəhbərliyin reaksiyasından ehtiyatlanırdı. Az TV-nin sədri Elşad Quliyev bunu
biləndə mənə baş redaktor vəzifəsini
təklif etdi. Tezliklə yeni iş yerimdə yeni
həvəslə fəaliyyətə başladım.
Haşiyə:
Mən Etibar Babayevlə
müsahibəyə hazırlaşarkən “525-ci
qəzet” də onun haqqında əvvəllər
yazılanlarla
“ ...1988-ci
ilin axırlarında Vəzirovun göstərişi ilə
Etibar Babayev işdən çıxarıldı.
İşdən çıxandan bir həftə sonra Etibar
Babayev mənə zəng edib dedi ki, Elşad müəllim,
mənə beş nəfər işə
götürəcəyi ilə bağlı söz verib, amma
hamısı sözünün arxasından qaçır, siz
məni işlə təmin edə bilərsinizmi? Dərhal ona
dedim ki, bizdə “Azərbaycantelefilm”in baş redaktoru
vəzifəsi boşdur. Əgər
istəyirsənsə, buyur, işə çıx. O,
böyük məmnuniyyətlə razı oldu və
səhəri günü sənədlərini alıb
əmrini verdim. Əmrdən bir saat
keçməmiş Mərkəzi Komitənin katibi Rafiq
Zeynalov mənə dövlət telefonuyla zəng etdi.
Dedi ki, sən kimi işə götürmüsən? Dedim
Etibar Babayevi. O ağzı alovlu surətdə sual verdi ki, sən bilmirsən o kimin
adamıdır? Mən də suala sualla cavab
verdim ki, kimin adamıdı? Cavab qısa oldu: Heydər
Əliyevin. Dedim, vallah, onun kimin adamı
olub-olmadığını bilmirəm, amma onu bilirəm ki,
telejurnalist Etibar Babayevi işə götürmüşəm
və onun səviyyəsindən,
peşəkarlığından çox razıyam. Rafiq
Zeynalovun bundan sonra cavabı belə oldu: “Neynək, onda sən
Vəzirova cavab verməli olacaqsan”. Doğrudan da
yarım saat keçməmiş Vəzirov zəng vurdu.
Telefonu götürən kimi yüksək ton səslə eyni
sualı verdi ki, bəs niyə Etibar
Babayevi işə götürmüsən? Məgər
bilmirsən o kimin adamıdır? Yenə
də Rafiq Zeynalova verdiyim cavabı təkrarladım ki, mən
telejurnalist Etibar Babayevi işə götürmüşəm
və hesab edirəm ki, o istedadlı jurnalist kimi işlə
təmin olunmalıdır. Sonda isə
Vəzirova belə bir sual verdim ki, siz istəyirsiniz ki,
tanınmış jurnalist, istedadlı və
təcrübəli bir şəxs indi düşüb
meydanlarda sizə “istefa” deyənlərə qoşulsun?
Hesab edirəm ki, mən sizin xeyrinizə iş
görmüşəm. Deyəsən, fənd
baş tutdu və Vəzirov nə fikirləşdisə,
razılaşdı. Adi qaydada söyüş leksikonundan
bir-iki sətir xərcləməklə telefonu qapadı... ”
– Səksəninci illərdə efirə
çıxan
“Sözlü-nəğməli İstanbul” adlı
silsilə verilişlər sizin yeni yaradıcılıq imkanlarınızı
üzə çıxardı, ictimaiyyətə daha yaxından tanıtdı. Aradan xeyli zaman
ötməsinə baxmayaraq, tamaşaçılar indi də o
xoş təəssüratı unutmayıblar. Türkiyədən hazırladığınız
verilişlər də Azərbaycan televiziyası
üçün həm mövzu, həm forma baxımından
yenilik idi. Maraqlıdır, bu ideya necə
yarandı?
– Mən ilk dəfə Türkiyəyə Bakı
Şəhər Partiya Komitəsinin
təbliğat-təşviqat şöbəsinin müdiri
olarkən rəsmi nümayəndə heyətinin tərkibində
səfər etmişəm. O illərdə rəhbərlik
etdiyim şöbə, həm də beynəlxalq
əlaqələrlə məşğul idi. Sovet
dövləti dünyada geniş yayılan
qardaşlaşmış şəhərlər
hərəkatında fəal iştirak edirdi. Bakının uzaq-yaxın xeyli qardaşı
vardı. Məsələn, Hyuston (ABŞ), Bordo (Fransa),
Neapol (İtaliya), Bəsrə (İraq), Maynts (Almaniya), Dakar
(Seneqal) və s. Qardaşlar arasında bizə ən doğma və
yaxın İzmir olsa da, ən zəif əlaqə də bu
şəhərlə saxlanılardı. SSRİ
dövründə belə münasibətin siyasi-ideoloji
əsasları hamıya məlumdur, deyə geniş
danışmaq istəmirəm. 1985-ci ildə
əlaqələri möhkəmlətmək üçün
Bakı şəhər Partiya Komitəsinin birinci katibi,
SSRİ Ali Sovetinin deputatı Fuad Musayev, “Vətən”
cəmiyyətinin sədri yazıçı Elçin,
Bakı Şəhər Soveti İcraiyyə Komitəsi
sədrinin birinci müavini Ədalət Əzizov və
mən Türkiyəyə səfər etdik. O zaman Bakıdan
Ankaraya gedən yollar mütləq qaydada Moskvadan keçərdi. “Şeremetyev” hava limanından birbaş Ankaraya
uçduq. Səfər proqramına
uyğun olaraq paytaxtda, eləcə də İstanbulda,
İzmirdə, Bursada işgüzar görüşlər
keçirdik. Nəzərdə tutulan birgə
tədbirlər planını müzakirə etdik. Az sonra Bakıda İzmir, İzmirdə isə
Bakı günləri keçirildi. “Neftçi”
komandası ilə İzmir futbolçularının
yoldaşlıq görüşü baş tutdu. Rəşid Behbudov İzmir stadionuna toplaşan
pərəstişkarlar qarşısında
çıxış etdi. Sərgilər
təşkil olundu. Mən jurnalist olaraq
İzmir bələdiyyə başqanı Burhan Özfatura
ilə müsahibə hazırladım. Türkiyəyə
ikinci səfərim 1989-ci ildə oldu. Görkəmli
rəssam Kamil Əliyevin
–İndi də kanalların
birində “İstanuldan salamlar” adlı veriliş gedir. Bu sizin
layihənin davamıdır?
–Xeyr, o proqrama mənim heç bir aidiyyətim yoxdur. O da
eyni mövzuya sonralar müraciət edən başqa bir
jurnalistin yaradıcılıq axtarışlarının
məhsuludur. Mən o layihəni 2000-ci ildə
dayandırdım. Çünki, peyk
yayımından sonra bütün Türk kanallarını
rahat izləmək olurdu. Bu səpkili verilişlərə
nə ehtiyac qalmışdı, nə də mənim asudə
vaxtım. Onda mən Türkiyənin “RAKS”
şirkəti ilə birgə Azərbilk dəfə ən
müasir səsyazma studiyası yaratmışdım və
bəstəkarlarımızın, müğənnilərimizin
ilk musiqi albomlarını istehsalına rəhbərlik edirdim.
Rəşid Behbudovun, Qara Qarayevin, Rauf Hacıyevin, Emin
Sabitoğlunun, Cavanşir Quliyevin, Vaqif Gərayzadənin,
İlhamənin, “Qaya”,“Rast” qruplarının, “Dan ulduzu”
kollektivinin, Brilyant Dadaşovanın, Aygün Kazımovanın,
Ramiz Quliyevin və başqalarının ilk albomlarının bizim
şirkət istehsal etdi.
– Sizin verilişləri həm də Türkiyə
ilə Azərbaycan arasında ilk telekörpü adlandırmaq
olar...
– Özü də bu körpüdə hərəkət
ikitərəfli idi. Yəni, mən
Türkiyəni tanıtdığım kimi, verilişimin
qəhrəmanları da Azərbaycanın təbliğatçılarına
çevrilirdi. Bu sahədə ən
böyük xidmət Barış Mançonun idi.
– “Space”
teleradio şirkətinə sizin rəhbərlik etdiyiniz
dövr tamaşaçıların yaddaşında bir
çox yeniliklərlə yadda qalıb. Yalnız
Abşerona yayınlanan televiziyanın verilişlərinə
tezliklə respublika əhalisi də baxa bildi. Sizin bir qədər öncə
yaratdığınız Radio 104 FM dalğasında
“Space”lə müştərək fəaliyyətə
başladı. Şirkətin maddi-texniki
bazası xeyli gücləndi, verilişlərin sayı və
səviyyəsi artdı. Kanal
dövlətçilik xəttinə xidmət göstərməyə
davam etməklə bərabər, tolerantlığı,
plüralizmi, müstəqil mövqeyi ilə daha çox
diqqəti cəlb etdi. Bütün bunlar
hamıya yaxşı məlumdur və cəmiyyətdə
yüksək qiymətləndirilir. Bəs
daha nələri əlavə etmək olar?
– Nə gərəksə, siz hamısını dediniz. Əlavəyə ehtiyac yoxdur. Bircə
onu deyim ki, “Space” şirkətinin yaranması və mənim
ora prezident təyin olunmam həyatımda mühüm
hadisədir. Ən xoş və unudulmaz
xatirələrlə bağlıdır. “Space”
mənə hər zaman doğma olacaq. Çünki,
bu layihə vaxtilə hörmətli Sevil xanım Əliyeva
ilə birgə arzularımızın, əməyimizin
nəticəsidir.
– Siz qismətə inanırsız?
– İnanıram.
– Az.TV Qapalı Səhmdar
Cəmiyyətinin bazasında yeni yaradılan ilk Teleradio
Akademiyasına rektor təyin edilmənizlə doğma
kollektivinizə üçüncü dəfə qayıtmağınızı
alın yazısı, qismət payı
sayırsınızmı?
– Tanrının alnıma nələr
yazdığından xəbərim yoxdur. Qismətim
olub olmadığını da dəqiq deyə bilmərəm.
Amma mənə nəsib olduğuna görə
taleyimdən məmnunam. Çünki, bu
təyinat mənim teleradio mütəxəssisi və
təşkilatçı kimi professional keyfiyyətlərimin
yüksək qiymətləndirilməsi deməkdir. Eyni zamanda, üzərimə qoyulan çox
məsuliyyətli vəzifədir. Öhdəsindən
gəlmək üçün əlimdən gələni
əsirgəməyəcəm.
– Siz şanslı insansınız?
– Bəli. Şans hamıya verilir. Bəzən dəfələrlə. Kimi bu fürsəti qaçırır, ya da
yanından ötəndə belə heç görmür.
Yerində oturub yalnız şans
gözləmək olmaz, gərək daim
işləyəsən, çalışasan, axtarışda
olasan.
– Yubileyinizi necə qeyd etdiniz?
– 2003-cü ilin 15 dekabrından sonra məlum səbəbdən
ad günümü həmin gün yox, bir həftə sonra
qeyd edirəm. Yaxın dostlarımla, qohumlarımla, iş
yoldaşlarımla birgə. Bu dəfə
də, yəqin elə olacaq.
– Ad gününüzdə hansı hədiyyəni
almağı xoşlayırsınız?
– Səmimiyyətlə, məhəbbətlə
təqdim olunan hər nə olsa, məni sevindirər. Bu bir
qələm də ola bilər,
ürəkdən gələn arzu-dilək də,
mənalı baxış da.
– Siz gözəl şairimiz Adil Babayevin ailəsində
dünyaya gəlmisiniz. Onun ilk
övladısınız. Bu məqamın
həyatınızda nə kimi rolu olub?
– İnsan dünyaya göz açanda valideynlərinin kimliyindən bixəbər olur. Böyüdükcə hansı mühitə düşdüyünü dəyərləndirir. Bu mənada mən şanslıyam ki, şair ailəsində dünyaya göz açmışam. O vaxt yazıçıların, sənət adamlarının arasında səmimiyyət, ünsiyyət daha çox idi. Ailəlikcə dostluq edərdilər. Mən Süleyman Rüstəm, Məmməd Rahim, Mir Mehdi Seyidzadə, Bəxtiyar Vahabzadə, Ənvər Əlibəyli, Nəbi Xəzri, İslam Səfərli kimi böyük şairlərimizin, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə kimi nasirlərimizin əsərlərindən əvvəl özləri ilə tanış olmuşam. Atam Dram teatrında ədəbi hissə müdiri idi. Adil İsgəndərov, Məmməd Hüseyn Təhmasib, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Məlik Dadaşov, Mehdi Məmmədov, Tofiq Kazımov, İsmayil Osmanlı, Mustafa Mərdanov, Mövsüm Sənani, Barat Şəkinskaya, Rza Əfqanlı, kimi teatr xadimlərinin mənim bir ziyalı kimi yetişməyimdə əvəzsiz xidmətləri var. Evimizə tez-tez gələn qonaqlar arasında Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Cəlal Qaryağdı da olardı. Bu görüşləri, xatirələri unutmaqmı olar?
...Beləcə Etibar Babayevlə bir saatlıq söhbətimiz yekunlaşır. Həmsöhbətim o qədər maraqlı danışırdı ki, vaxtın necə keçdiyini də hiss etmədim. Dəftərimdə bir neçə yazılıq qeydlərim var. Sağlıq olsun, yəqin ki, nə vaxtsa bu maraqlı insandan eşitdiklərimi, öyrəndiklərimi qələmə alacam. Ad gününüz bir daha mübarək, Etibar müəllim!
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2010.- 18 dekabr.-
S.18.