Bədii fikir xəritəsi, təfəkkür xəzinəsi
Hörmətli Afaq xanım!
Adətən belə görmüşük, belə eşitmişik ki, təbrik məktubunu qısa yazarlar. Mən də çox əlləşdim ki, bu şərtə əməl edim, özümlə bacara bilmədim. Altmış illik ömrümün qırx ilini Bakıda yaşamışam. Bu ömrün iyirmi ili ərzində könül dostuma çevrilən, dünyanın mənəvi qapılarını üzümə taybatay açan, hər nömrəsini həsrətlə gözlədiyim, hər cümləsinə əllərimin istisi hopan, mənim balaca dünyamı böyük dünyalara qovuşduran, Xəzərimin adını daşıyan bir sevginin və sevincin ifadəsini bir təbrik məktubuna necə sığışdırım?! Bu iyirmi ildə oxuduğum əsərlərin müəlliflərinin təkcə adını və əsərini sıralamaq lazım gəlsə yəqin ki, bir qəzet səhifəsinə sığışmaz. Bu fikir kimlərəsə mübaliğəli görünə bilər. Həqiqət ondan ibarətdir ki, mən bu müddət ərzində oxuduğum əsərlərdən götürdüyüm qeydlər əsasında “Düşüncənin simfoniyası” adlı kitabımı nəşrə hazırlayıram. Başqa əsərlərlə bir yerdə “Xəzər”dən götürülən qeydlər də bu kitabın ən işıqlı səhifələri olacaq. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq təkcə 2006-2007-ci illərdə oxuduğum əsərlərin müəlliflərinin adlarını göstərirəm. Paulo Koelyo, Joze Saramaqo, Alber Kamyu, Varqas Lyosa, Folkner, Manuel Puiq, Allen Kinzberq, Çeslav Miloş, Bunin, Çexov, Roman Brandştet, Vislava Simborska, Lui-Ferdinand Selin, Budda, Xuan Pulfo, Vidia Naupolin, Dmitri Merejkovski, Tarey Vesos, Patrisiya Hemol, Mixail Çernik, İmam Qəzali, Andrey Platonov, Xulio Kartasar, Kiçik İsgəndər, Migel de Unamino, Emil Verxarn, Henrix Böll, Qarsia Lorka, Pablo Heruda, Vasili Şuksin, Oldos Haksli, Knut Hamsun, Artur Miller, Kendzaburo Oe, Matilde Urrutia, Cəlaləddin Rumi, Tomas Eliot, İngersoll, Bernard Sou, Çingiz Aytmatov, Sadiq Haray, Susanna Tamaro və başqaları...
Əgər “Xəzər”dən iki ildə oxuduğum əsərlər bu sayda müəllifləri əhatə edirsə, görün iyirmi ildə “Xəzər” mənə nələr verib. Heç bir jurnal redaktorunun xətrinə dəyməsin, içərimdən gələn həqiqəti deyirəm. İstər tərcümə, istər orijinal jurnalların heç biri mənə “Xəzər” qədər əziz və doğma olmayıb. Əksəriyyəti orijinaldan olan tərcümələr, romanlar, povestlər, hekayələr, esselər, şeirlər, tərcümeyi-hallar, yazıçıların şəxsi taleləri ilə bağlı maraqlı fikirlər, xatirələr, Nobel mükafatı alanların maraqlı nitqləri, əsərlərindən parçalar, müasir dünyanın ədəbi mənzərəsini çox rəngarəng şəkildə bizə təqdim edir. Bu əsərlərdən çıxan məntiqi nəticələr çağdaş dövrümüzün poetik, bədii, fəlsəfi, psixoloji, dini, əxlaqi, siyasi durumunu çox gözəl əks etdirir. Bu jurnalda nəşr olunan əsərlərin müəlliflərinin doğulduğu yerlərin adlarını burda sıralasaq görərik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, “Xəzər” öz səhifələrində ona yer verməsin. “Xəzər” mənim üçün dünyanın bədii fikir xəritəsi, təfəkkür xəzinəsidir. “Xəzər”in Azərbaycan mənəviyyatı qarşısında ən dəyərli və əvəzolunmaz xidməti ondan ibarətdir ki, iyirmi il ərzində öz səhifələrində xarici dilləri gözəl bilən, intellektual səviyyəsi yüksək olan, bədii təfəkkürü qərblə də, şərqlə də ayaqlaşan, dilini, ədəbiyyatını, millətini sevən savadlı, istedadlı yazıçılar, şairlər, tərcüməçilər, nasirlər nəsli yetişdirib. Bu ədəbi nəsil maddi cəhətdən müəyyən çətinliklərlə qarşılaşsa da, mənəvi cəhətdən heç vaxt sınmayıb, romantik duyğularını, potensial imkanlarını həmişə formada saxlamağı bacarıb.
Dilimizdə tez-tez işlətdiyimiz bir ifadə var – “Dünya ədəbiyyatı”. Bu dünyanı, bu ədəbiyyatı dərindən bilmək üçün kitablardan əlavə bu ədəbiyyatı sənin evinə gətirən jurnallar olmalıdır. Bu tipli jurnallara bu gün daha çox ehtiyac var. Hələlik o ehtiyacı “Xəzər” jurnalı ödəyə bilir. Az zəhmət haqqı və ağır zəhmət hesabına başa gələn bu jurnalın cəfakeş, fədakar müəllifləri hər cür yüksək ada, maddi və mənəvi təminata layiqdir.
Hörmətli Afaq xanım başda olmaqla “Xəzər”in bütün əməkdaşları ilə dostluq, yaradıcılıq əlaqələrim var. Ona görə çox gözəl bilirəm bu jurnal hansı çətinliklər, əzablar bahasına başa gəlir. Biz dünyanın ədəbi mənzərəsini daha güclü səviyyədə canlandırmaq istəyiriksə, əsas gücümüzü “Xəzər”ə verməliyik. Çünki bu jurnalın 20 illik yaradıcılıq təcrübəsi var. O təcrübədən ağıllı və səmərəli şəkildə istifadə edə bilsək çox şey qazanarıq.
Mən bugünkü Tərcümə Mərkəzini yaxın gələcəkdə Tərcümə Universiteti, Tərcümə Akademiyası səviyyəsində görmək istəyirəm. “Xəzər”in dünyaya gəlməsində xüsusi xidmətləri olmuş Aydın Məmmədova, Natiq Səfərova Allahdan rəhmət diləyir, yaradıcı kollektivə yeni-yeni zirvələr, yeni müəlliflər, yeni əsərlər kəşf etmək hünəri arzulayıram.
Əzizim, Afaq xanım!
Siz ədəbi nəsil şəcərəsi xalqımıza doğma olan bir nəslin övladısınız. Yazıçı nəfəsiylə, alim işığıyla böyümüsünüz. İstedadlı bir qələm sahibi kimi çox gözəl bilirsiniz yaddaşlardan itən nədir, yaddaşlarda bitən nədir. Ədəbiyyata ciddi və məsuliyyətli münasibətiniz bu jurnalın səhifələrinə qeyri-ciddi, mənasız yazıların girməsinə imkan vermədi. Jurnal halal zəhmətin, halal müəlliflərin bəhrəsi kimi öz ucalığını, nəfsini, nəfəsini qoruyub saxlaya bildi. İndiki dövrdə bu məsələ əsl qəhrəmanlıq sayılmalıdır. Bu qəhrəmanlığı 20 ildə siz və sizin qeyrətli əməkdaşlarınız ucalarda saxladı.
Dünya ucsuz-bucaqsız bir səhraya, ədəbiyyat o səhrada yükü söz olan qocaman bir dəvə karvanına bənzəyir. Ağır və ləngərli yerişlə aylarla, illərlə ellərdən-ellərə, ölkələrdən-ölkələrə, könüllərdən-könüllərə insan oğlunun yaratdığı mənəvi sərvət yükünü daşımaqla məşğul olur. Yol nə qədər uzun, yük nə qədər ağır olsa da, karvanın sarvanı o xəzinəni mənzil başına sağ-salamat, itkisiz və zədəsiz çatdıra bilir. İnanıram ki, sarvanı siz olduğunuz, sizin və bizim “Xəzər” adlı ədəbiyyat karvanı öz dözümlü və təmkinli yerişiylə hələ çox-çox uzaqlara gedəcək, getdiyi yerlərə söz adlı işıq, işıq adlı söz aparacaq, neçə-neçə iyirmi illəri arxada qoyub, uzaq gələcəyə doğru gedəcək. Bu uzun, əzablı və şərəfli yollarda Sizə uğurlar olsun!
Sizin Zəlimxan Yaqub.
Zəlimxan Yaqub Xalq şairi
525-ci qəzet.-
2010.- 18 dekabr.- S.16.